Həzrət Zəhranın (s.ə.) mövludu və Qadınlar Günü ərəfəsində[1]

Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Həzrət Siddiqqeyi-Tahirənin (s.ə.) mübarək mövludu münasibətilə təbrik edirəm. Şadam, Allaha şükürlər olsun ki, bu il də bu tədbir təşkil olundu. Mənim fikrimcə, bu tədbir hüseyniyyədə keçirilən ən gözəl və özəl tədbirlərdən biridir. Əziz qadın və qızlarımızın bu böyük əzəmətdə iştirakının, habelə onların çoşqu dolu hisslərinin, eləcə də hörmətli natiqlərin və xanımların söylədiyi çox dəyərli fikirlərinin əks olunduğu bu tədbir, doğrudan da, unudulmaz bir tədbirdir.

Çox yaxşı məsələlər dilə gətirildi. Elə bu yerdən öz ofisimdəki məsul şəxslərə, xüsusilə tədqiqat şöbəsinə tapşırıram ki, bu xanımların irəli sürdüyü məsələlərə ciddi yanaşsınlar. Bəziləri birbaşa mənim və ya ofisimizin üzərinə düşən işlərdir. Əksəriyyəti isə dövlət orqanları və digər qurumlara aiddir. Bizim üzərimizə düşən məsələlər icra olunmalı, digər qurumlara aid olan məsələlərin icrası isə izlənilməlidir.

Müzakirələrdə “Üçüncü qadın nümunəsi”kimi qeyd olunan bu qadın İslam inqilabının müsəlman qadınıdır, eləcə də virtual məkanda ailə məsələləri mövzuzu da çox dəqiq və düzgün şəkildə izah edildi. Digər bir xanımın ailə qurumları vasitəsilə əhali problemlərinin həlli ilə bağlı söylədiyi fikirlər çox önəmlidir. O, uşaq doğumunun sayının artımı və əhalinin sayının çoxalması məsələlərinə də işarə etdi. Təbii ki, özü də iki övlad sahibi olduğunu qeyd etdi və bunun özü də azdır.[2] Həmçinin sənət, xüsusilə kino və İran ssenariləri ilə bağlı bir xanımın dedikləri də diqqətəlayiqdir. Evlilik proseslərinin asanlaşdırılması məsələsi də olduqca mühüm mövzudur. Doğrudan da, bizim indiki problemlərimizdən biri budur. Bir gənc xanımın dedikləri də çox dəyərli idi və bu məsələlərin ardınca getmək lazımdır, çünki bunlar mühüm mövzulardır. Mən xanım Aidə Süruru daha əvvəl də burada görmüşdüm. Həmin gün onların ikinci övladının şəhid olduğu xəbəri onlara çatdırılmışdı. Hüseyniyyədə keçirilən bir tədbirdə həmin xanımı gördüm. Onu bu ruhiyəsinə görə təbrik edir və övladlarını itirdiyinə görə başsağlığı verirəm.

Burada bəzi mövzular hazırlamışam və vaxt çatdığı qədər bunları sizinlə bölüşəcəyəm. Əvvəlcə, bir neçə cümlə Həzrət Siddiqqeyi-Kübranın (s.ə.) haqqında, daha sonra iki-üç mətləb bu gün dünya miqyasında mühüm bir bəşəri və insani mövzu olan qadın məsələsi haqqında İslam baxımından bir neçə məqama toxunacağam. Sonda isə bölgəmizdə baş verən hadisələrlə bağlı bir neçə cümlə qeyd edəcəyəm.

Mənim Həzrət Fatimeyi-Zəhra (s.ə.) haqqında deyə biləcəyim budur ki, bu böyük şəxsiyyət, bu gənc xanım yaradılışın heyrətamiz varlıqlarından biridir. Əgər insan Fatimeyi-Zəhranın (s.ə.) varlıq xüsusiyyətlərini əhatəli şəkildə anlaya və dərk edə bilsə, bu şəxsiyyətin dünyanın yaradılışında heyrətamiz bir şəxsiyyət olduğuna tam əmin olar. O Həzrət belə bir varlıqdır.

Bir gənc xanım gəncliyinin əvvəlində İlahi əzəmət və məlakuti dərəcə baxımından o qədər uca bir mərtəbəyə çatmışdır ki, onun qəzəbi Allahın qəzəbinə, razılığı isə Allahın razılığına səbəb olur. Bəzi hədislərə görə o Həzrət 18 yaşında şəhid olub, digər hədislərdə isə 20, 22 və bu kimi yaşlarda. Hər halda bu şəxsiyyət haqqında Peyğəmbərdən (s) və başqalarından nəql edilənlərin hamısı 17-18 yaşlı bir gənc qıza aiddir. Bu hədis həm şiə, həm də sünni mənbələrində mövcuddur. Şiə kitablarında bu şəkildə nəql olunur:

اِنَّ اللهَ یَغضَبُ لِغَضَبِ فاطِمَةَ وَ یَرضیٰ لِرِضاها

“Allah Fatimənin qəzəbinə görə qəzəblənər və onun razılığına görə razı qalar.”[3]

Sünni mənbələrində isə bu, birbaşa Peyğəmbərin (s) Həzrət Fatiməyə müraciəti kimi nəql edilir:

یا فاطِمَةُ! اِنَّ اللهَ لَیَغضَبُ لِغَضَبِکِ وَ یَرضیٰ لِرِضاک

“Ey Fatimə! Allah sənin qəzəbinə görə qəzəblənir və razılığına görə razı qalır.”[4]

Bu, çox heyrətamiz bir məsələdir! Belə deyil ki, deyək o yüksək məqama sahib olan bəndə harada Allah qəzəblənərsə, o da qəzəblənər, xeyr, məsələ əksinədir. Yəni, harada o qəzəblənərsə, orada Allah da qəzəblənər. Əzəmətə baxın!

O, çətinliklərdə Peyğəmbərin (s) dərd ortağı idi. Cihadlarda Əmirəlmöminin Əlinin (ə) yanında idi. İbadətdə mələkləri heyrətləndirən bir məqamda idi. Siyasətdə isə fəsahətli,  bəlağətli və atəşin xütbələr söyləyirdi. Fatimeyi-Zəhranın (s.ə.) xütbələrində (istər məsciddə mühacir və ənsar qarşısında, istərsə də Mədinənin qadınları arasında söylədiyi xütbələrdə) siyasət, maarif, şikayət və mədh vardır. Bu xütbələr hər cəhətdən fövqəladədir, həm də ən mükəmməl və ən ali ifadələri özündə ehtiva edir. Eynilə “Nəhcül-Bəlağə” xütbələri kimi. O, İmam Həsəni (ə) tərbiyə etmiş, Hüseyn ibn Əlini (ə) yetişdirmişdir, Zeynəbin (s.ə.) tərbiyəçisi olmuşdur. Elə ki bu xüsusiyyətlər bir araya gəldi, insafla desək, həqiqətdə insan yaradılış aləminin əzəmətli bir varlığını müşahidə edir. Onun uşaqlıq dövranı, gəncliyi, ailə həyatı, həyat tərzi–bütün bunlar müsəlman qadın üçün ən yüksək nümunələr sayılır. Bu, zirvədir. İslam müsəlman qadınları, ümumiyyətlə, bütün qadınları bu zirvəyə doğru irəliləməyə dəvət edir. Hamının oraya çatması mümkün olmasa da, bu istiqamətdə hərəkət edə bilərlər. Eyni zamanda bu, müsəlman qadın nümunəsi haqqında ən gözəl, ən bəlağətli və ən açıq ifadədir. Bu gün burada olan xanımlar bunu “Üçüncü nümunə” adlandırdılar. Fatimeyi-Zəhra (s.ə.) bir nümunədir. Bu, Həzrət Siddiqqeyi-Tahirə (s.ə.) haqqında qısa bir qeyd idi.

Qadın məsələsinə gəlincə, bu gün dünyada qadın məsələsi müxtəlif cəhətlərdən müzakirə olunur. Dünyanın müxtəlif yerlərində hər bir qrup müxtəlif maraq və yanaşmalarla bu məsələ haqqında danışır. Bu qadın məsələsində də dünya kapitalistləri və siyasətçiləri, yəni hətta siyasətçilər də həmin kapitalistlərə söykənərək bütün həyat tərzi məsələlərində olduğu kimi, buna da müdaxilə edirlər. Keçmişdə olduğu kimi, bu gün də dünyada müstəmləkəçiliyə səbəb olan dünya kapitalistləri və siyasətçiləri bəşəriyyətin həyat tərzinə aid olan bütün sahələrə qarışırlar. Onların mediası var, dünyanın ən təsirli media vasitələri onların ixtiyarındadır və medianın dilini də yaxşı bilirlər.

Dünya sərmayədarları və müstəmləkəçilərinin qadın məsələsinə müdaxilə maraqları nəzəri və ya fəlsəfi bir baxışa görə deyil. Belə deyil ki, onların qadın haqqında yaymaq istədikləri fəlsəfi bir nəzəriyyələri olmuş olsun. Onların bu yanaşması insanlıq hisslərinin təzahürü də deyil. Bu, onların zənn etdiyi kimi deyil ki, qadının dünyada müəyyən hallarda zəif duruma düşdüyünü düşünərək onu müdafiə etmək istəyirlər, yəni insani hissləri coşur deyə bunu edirlər, xeyr, bu da deyil. Bu, heç bir ictimai və ya xalq müqabilində məsuliyyəti yerinə yetirmək məqsədi də daşımır. Bunlar siyasətçilər və müstəmləkəçilərin müdaxiləsinə səbəb olan maraqlar deyil. Bəs maraq nədir? Maraq siyasi və müstəmləkəçi müdaxilədir. Onlar daha çox müdaxilə etmək, daha geniş şəkildə nüfuz dairələrini artırmaq və bunun üçün bir fəaliyyət adı altında zəmin yaratmaq məqsədilə bu işə daxil olurlar. Bu həqiqətdə cinayətkarcasına olan və fəsad doğuran marağı bir fəlsəfi, nəzəri və insanpərvər fikir adı altında gizlədirlər. Bu, Qərbin və bu gün dünyaya hakim olan Qərb sərmayədarlarının sədaqətsizliyidir. Bu sədaqəsizlik müxtəlif məsələlərdə müşahidə olunub. Onların bu sədaqətsizliyi, yalanı və riyakarlığını müxtəlif məsələlərdə, Qərbin siyasi və iqtisadi fəallarının işlərində görmüşük.

Bir nümunə olaraq təxminən bir əsr öncə qadın azadlığı və qadının maliyyə müstəqilliyi məsələsini gündəmə gətirdilər ki, qadınlar maliyyə baxımından müstəqil və ya azadlığa sahib olmalıdırlar. Zahirdə yaxşı idi, amma işin batini nə idi? İşin batini bu idi ki, onların sahib olduqları fabriklərin işçi qüvvəsinə ehtiyacı var idi, kişilər kifayət etmirdi, ona görə də qadınları işçi kimi gətirmək istəyirdilər, həm də kişilərdən daha aşağı maaşla. Bu, məsələnin əsl mahiyyəti idi. Bu, daha çox Avropada və Qərb mühitində baş verdi, yalnız Amerikaya aid deyildi. Onlar bunu bir zahiri işin kölgəsində və insanpərvərlik adı altında gizlədərək qadınların maliyyə müstəqilliyinə və azadlığına nail olması, evdən çıxıb işləməsi üçün etdilər. Bəşəriyyət bu etibarsızlığı və sədaqətsizliyi orada da gördü.

Artıq qadın məsələsi ilə bağlı olmayan başqa bir nümunə də Amerikada köləliyin ləğvi məsələsidir. XIX əsrin sonlarında, təxminən 1860-cı illərdə ABŞ Prezidenti, Respublikaçılar Partiyasından olan Abraham Linkoln kölələrin azadlığı şüarını verdi. Zahirdə məsələ bu idi ki, kölələr azad olmalı idi. Onlar bu işə kömək edir, cənubdan kölələri qaçaq yollarla Amerikanın şimalına aparırdılar, çünki şimal ilə cənub arasında müharibə gedirdi. Amma işin əsli bu deyildi. Əsl məqsəd bu idi ki, cənublular kənd təsərrüfatında üstünlüyə malik idilər, orada əkin sahələri vardı və kölələr həmin ərazilərdə pulsuz işləyirdilər, maaşları isə ölməyəcəkləri həddə yeməkdən ibarət idi. Şimalda isə təzəcə sənaye işlərinə başlamışdılar və işçi qüvvəsinə ehtiyac vardı. Lazımi sayda işçi olmadığı üçün onlar kölələri sənaye sahələrində işçi kimi istifadə etmək istəyirdilər. Yolu da bu idi ki, desinlər, siz azadsınız, gəlin fabriklərdə işləyin! Əslində, onları kənd təsərrüfatı köləliyindən sənaye köləliyinə çəkib gətirdilər. İşin əsli bu idi. Bu, Qərbin sədaqətsizliyidir.

Bu gün də vəziyyət belədir. Dünyada qadın məsələsi ilə bağlı hazırkı feminizm, qadın hüquqları, qadın azadlığı məsələlərindəki cəncəllər işin zahiri tərəfidir, amma bunların arxasında siyasi məqsədlər və sağlam olmayan maraqlar durur. İndi həmin maraqların bir qisminin nə olduğunu bilirik, bir qismini isə gələcəkdə anlayacağıq, sonradan üzə çıxacaq. Amma o maraqlar insani və bəşəri deyil. Bu sədaqətsizlik bu gün də mövcuddur. Maraqlar sırf siyasi və müstəmləkəçi xarakter daşıyır və nüfuz vasitəsidir. Bununla bağlı müzakirə hazırkı görüşümüzün mövzusuna aid deyil.

İndi biz dünyada belə bir vəziyyətlə qarşı-qarşıyayıq ki, bəziləri qadın məsələsini müzakirə edir, amma bu müzakirələrində sadiq deyillər. Biz müsəlman olaraq qadın məsələsi haqqında danışmaq, müzakirə etmək, məntiq ortaya qoymaq, həmin məntiqi öz aramızda möhkəmləndirmək və ona uyğun hərəkət etmək istəyirik. Bu bizim vəzifəmizdir və bu gün bu işi görməliyik. Təbii ki, inqilabın əvvəlindən bu iş görülməli idi və bir çox işlər də görülüb, amma iş sona çatdırılmalı və kamil şəkildə tamamlanmalıdır. Mən bu mövzuda bir neçə məqamı qeyd etmək istəyirəm.

Əgər biz qadın haqqında İslam baxışlarını əhatə edən bir nizamnamə tərtib etmək istəsək və bu nizamnamədə bəzi maddələr olsa, mənim fikrimcə, bu nizamnamədə ilk mövzu “cütlük” (zövciyyət) məsələsi olmalıdır. Bu nə deməkdir? Yəni qadın və kişi bir-birinin tamamlayıcısıdır, qadın və kişi bir-biri üçün yaradılmışdır. Bu, Quranda açıq şəkildə bəyan edilib:

“Allah sizin üçün özünüzdən zövcələr qərar verdi.”[5]

Buradakı “Sizin üçün qərar verdi” ifadəsi kişilərə deyil, bəşərə ünvanlanıb, həm qadına, həm də kişiyə!

“Allah sizin üçün özünüzdən zövcələr yaratdı”.

Yəni ey bəşər övladı! Allah sizin cinsinizdən sizin üçün zövcələr qərar verdi. Burada “zövc” (çütlük) yalnız kişiyə aid deyil. Quranda “zövc” sözü həm kişi, həm də qadın üçün işlənib. Mən həmin ayəni qeyd etmişəm. Qadın haqqında “zövc” işlənmiş bir ayə:

“Ey Adəm! Sən və zövcən cənnətdə sakin olun.”[6]

Burada “zövc” qadın üçün işlənib. Başqa bir yerdə buyurur:

“(Ey Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi.”[7]

Burada isə “zövc” kişi üçün işlənib. Deməli, “zövc” həm kişi, həm qadın üçün istifadə olunur. Allah sizin cinsinizdən sizin üçün zövc yaratdı. Bu yalnız insanlara aid deyil. Mən bunu mövzudan kənar qeyd edirəm ki, mövzunun əhli bu mövzunu araşdırsın.

İslamda İslam nəzəriyyəsinə əsasən, xilqət aləmi, insan və aləm tarixinin quruluşu uyğunlaşma, evlilik və bağlılıq üzərində qurulub. Bu, Hegel, Marks və bu kimi şəxslərin dialektik nəzəriyyəsində irəli sürdüyü "Kainatın quruluşunun ziddiyyətlər üzərində qurulduğu" fikrinin tam əksidir. Onlar deyirlər ki, bir şey yaranır, onun ziddi meydana gəlir, bu ziddiyyətdən üçüncü bir şey yaranır və bu üçüncü şeyin də bir ziddi yaranır və bu minvalla axıra qədər belə gedir və beləcə, atrix bu formada davam edir. İslam isə bunun əksini deyir. Bir şey yaranır, onunla birgə olmaq və birləşmək üçün başqa bir şey yaranır. Bu iki şeyin uyğunlaşması, birləşməsi və cütlük təşkil etməsi nəticəsində üçüncü bir şey yaranır. Tarix bu cür davam edir. Əlbəttə, dediyim kimi, bunu düşünmək və araşdırmaq, bu mövzunu izləmək bu sahənin mütəxəssislərinə aiddir. Bu, çox mühüm bir məsələdir.

Buna əsaslanaraq, Allah qadını və kişini "cütlük" olaraq yaratmışdır, yəni bir-birini tamamlayırlar. Cütlüyün mənası və zəruriliyi budur ki, bir vəhdət meydana gəlsin. Əks halda cütlükdən söz gedə bilməz. İki fərd bir araya gəlir, bir-biri ilə vəhdət və ittifaq yaradır, nəticədə üçüncü bir ünsür vücuda gəlir ki, bu da ailədir. Ailə İslamda bu cür fikri təməllərə malikdir. Ailə bir İlahi qaydadır, yaradılışın bir qanunudur. Bir kişi və qadının sadəcə bir-birinə salam- əleyk və ya bundan daha çox təmasda olması cütlük olmaq mənasında deyil. Cütlük yeni bir ünsürün, yəni ailənin yaranması deməkdir. Bu, cütlük anlayışının mənasıdır. Əlbəttə ki, İslam ailəyə çox önəm verir, xoşbəxtlikdən İranda ənənəvi ailə sistemi İran xalqının mədəni gücünün və dərinliyinin mühüm əlamətlərindən biridir. Deməli, İslam baxışından hazırlanan bir nizamnamənin ilk maddəsi ailənin qurulması məsələsi, cütlük və qadınla kişinin bir-birini tamamlaması məsələsidir.

İkinci məsələ isə budur ki, bu cütlük, bu iki şəxs insan yaradılışının məqsədi olan “Həyati–təyyibə”yə (pak və xoşbəxt həyata) çatmaq üçün aralarında heç bir fərq yoxdur və biri digərindən üstün deyil. Əlbəttə, insanlar eyni deyillər. Qadınlar arasında, kişilər arasında bəziləri daha çox bacarıqlıdır, bəziləri daha az. Amma qadın və kişi qadın və kişi olmaq baxımından, Həyati– təyyibəyə çatmaqda heç bir fərqə malik deyillər. Bu, Quranda da mövcuddur:

"Kim saleh əməl edərsə, istər kişi olsun, istər qadın, iman gətirmiş olsa, şübhəsiz, biz onu pak həyatla yaşadarıq."[8]

Əgər qadın və kişi saleh iş görsələr və iman sahibi olsalar, bərabər olarlar. Bu, “Nəhl” sürəsindədir. Yaxud da qadınların cəmində bir neçə dəfə oxuduğum “Əhzab” surəsindəki ayə:

"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını qoruyan kişilər və namuslarını qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar..."

Kişi və qadın arasında on xüsusiyyət var. Allaha, pak həyata, insanın mənəvi yüksəlişinə, mələkut aləmlərinə və ali tövhidi, ruhani və mənəvi aləmlərə doğru yüksəlişdə kişi və qadın arasında heç bir fərq yoxdur. Bu da bu nizamnaməyə daxil edilməli olan digər bir prinsipdir.

Növbəti mövzu budur ki, qadın və kişi fiziki baxımdan və zahirən fərqlənirlər, məsələn, kişinin boyu daha hündürdür, səsi daha qalındır, lakin fikri və ruhi qabiliyyətlər baxımından hər iki cinsdə sonsuz istedadlar mövcuddur və bir-birindən fərqlənmirlər. Yəni elm sahəsində qadın və kişi hər ikisi yarışa bilərlər. Elə deyil ki, kişilər qadınlardan daha alim olalar. Xeyr, tarixdə elmi baxımdan böyük məqam və üstün dərəcələrə yüksəlmiş tanınmış və əzəmətli qadınlar olmuşdur. Bu gün isə, əlbəttə, bu, yüzlərlə dəfə daha artıqdır. Həm universitetdə, həm də elmi hövzələrdə belə qadınlar vardırlar. Elm, incəsənət, fikri və əməli yeniliklər, ictimai, fikri və siyasi təsir qüvvəsinə malik, iqtisadi fəaliyyətlərdə bu qabiliyyətlər hər iki cinsdə, həm qadında, həm də kişidə mövcuddur. Bu səbəbdən qadın bu sahələrə daxil ola bilər və bəzi hallarda daxil olmalıdır da. Bəzi yerlərdə bu sahələrə daxil olması zəruri və vacibdir. Siyasət, iqtisadiyyat, beynəlxalq məsələlər, elmi, mədəni və incəsənət– bütün bu sahələrin hamısında qadın iştirak edə bilər. Bu, İslamın qadınlarla bağlı nizamnaməsində, mütləq, mövcud olan bir mövzudur.

Növbəti mövzu budur ki, qadın və kişi ailə mühitində fərqli rollara sahibdirlər. Bu isə üstünlük səbəbi deyil. Məsələn, ailənin xərclərini təmin etmək kişinin öhdəsinə düşür. Bu, üstünlük sayıla bilməz. Övlad dünyaya gətirmək qadının vəzifəsidir. Bu da üstünlük səbəbi deyil. Bunların hər biri bir imtiyazdır. Qadın və kişinin malik olduqları bir imtiyazdır. Qadın və kişinin hüquqları bu əsaslarla hesablanmır, onların bərabər hüquqları var. Bu da Quranda var:

"Kişilərin qadınlar üzərində haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır."[9]

Ailədə qadın və kişinin hüquqları bərabərdir. Yəni ailəyə hüquqi baxımdan baxdıqda, hüquq baxımından bərabər olan iki insanın birlikdə yaşadığını görürük və onlar bir-birini tamamlayırlar. Əlbəttə, qadın duyğu baxımdan müəyyən xüsusiyyətlərə sahibdir. Peyğəmbər qadınlar haqqında buyurmuşdur:

"Qadın güldür, xidmətçi deyil".[10]

Evdə qadınla güllə davranıldığı kimi davranılmalıdır. Gülü qorumaq lazımdır, onun təravətindən istifadə etməli və gözəl ətri ilə ev mühitini ətirləndirmək lazımdır. Bu, duyğu baxımdan belədir. Ancaq hüquqlar baxımından bərabərdirlər. Bu da nizamnamədə qeyd olunacaq bir başqa məqamdır.

Nizamnamədəki digər bir məqam budur ki, qadın və kişi ictimai münasibətlərdə müəyyən məhdudiyyətlərə malikdirlər. Bu, İslamın üzərində dayandığı xüsusiyyətlərdən biridir. Əlbəttə, Qərbdə bu gün mövcud olan bu pozğunluqlar həmişə mövcud olmayıb. Bunlar indiki əsrə aiddir. Ola bilsin, iki-üç əsr əvvəl belə deyildi. İnsan XVIII-XIX əsrlərə aid bəzi kitabları və romanları oxuyanda, Avropa qadınının vəsfini görəndə anlayır ki, o dövrlərdə çoxlu məhdudiyyətlər mövcud idi, artıq bugünkü qərblilər arasında bunlar qalmayıb. İslam bu məhdudiyyətlər üzərində dayanır. İslam hicab, iffət və baxış məsələlərinə xüsusi əhəmiyyət verir. Bu da nizamnamədə yer alacaq digər xüsusiyyətlərdən biridir.

Çox mühüm bir məsələ “Analığ”ın mənəvi dəyəridir. Analıq bir iftixardır. Bu gün mən görürəm ki, bəziləri dediyim kimi, yəni sərmayədarların, müstəmləkəçilərin və müstəqil cəmiyyətlərə, xüsusən də bizim cəmiyyətimizə düşmən olanların siyasətlərinə uyğun olaraq analığı pis şəkildə təqdim edirlər. Əgər kimsə desə ki, uşaq dünyaya gətirmək ailələr üçün lazımlı bir işdir, tənə vurub istehza ilə deyirlər ki, “Siz qadını uşaq dünyaya gətirmək üçün istəyirsiniz”. Analıq bir iftixardır. Bir insanı həm öz daxilinizdə (bətninizdə), həm də özünüzdən çöldə həyatının ilk illərində böyük zəhmətlə böyütmək, onun çətinliklərinə dözmək və onu bir şəxsiyyət olaraq yetişdirmək kiçik bir iftixardır?  Bu çox əhəmiyyətli və çox dəyərlidir. Buna görə də İslamda “Ana»ya böyük diqqət yetirilir.

 Bir nəfər gəlib Peyğəmbərdən (ə) belə soruşur: “Kimə yaxşılıq edim?” Kimə yaxşılıq edim, kimə xeyir verim, bu zəmində kimi tərcih edim?” Həzrət (s) “Anana” deyə cavab verir. Yenə soruşur: “Sonra kimə?” Həzrət (s) yenədə anana, deyə cavab verir. Üçüncü dəfə soruşur: “Sonra kimə?” Peyğəmbər yenə də anana, deyə cavab verir. Üç dəfə anana deyə cavab verir. Yenə soruşur: “Sonra kimə?” Həzrət (s) “Atana” deyə cavab verir.[11] Yəni ata dördüncü yerdədir. Yaxud da birisi gəlir və cihada getmək istədiyini deyir. Əlbəttə, bu cihad zamanı kifayət qədər hərbi qüvvə var idi. Həmin şəxs deyir ki, anam razı deyil. Peyğəmbər ona belə buyurdu: “Ananın xidmətində dur, bu cihaddan daha böyük savabdır”.[12] Yenə qeyd edirəm ki, bu o zaman baş verir ki, kifayət qədər hərbi qüvvə mövcud idi. “Analıq” məsələsi belədir.

Bir hədisdə deyilir:

“Cənnət anaların ayaqları altındadır”.[13]

 “Ayaqları altı» ifadəsi məcazi bir ifadədir. “Cənnət ananın ayaqları altındadır”, bu o deməkdir ki, yəni cənnət anaların əlindədir. Siz cənnət istəyirsinizsə, ananızın sorağına gedin, o sizə cənnəti verəcək. Ona sevgiylə yanaşın, ona mehribanlıq, xidmət, itaət və hörmət edin, o sizə cənnəti verəcək. Bu da başqa bir məsələdir.

İndi isə qadın və İslamda qadına olan baxış haqqında bir neçə məqam. Əlbəttə, əgər kimsə bu nizamnaməni hazırlamaq istəsə, bəlkə də otuz, qırx mühüm maddələr bunda yer alacaq ki, mən bəzilərini söylədim.

Ölkəmizdə bu baxışa əsaslanaraq, şükürlər olsun ki, inqilabdan bu günə qədər imanlı, bilikli və fəal qadınların artmasına şahid olmuşuq. Əlbəttə, mübarizələrin son dövrlərində, yəni son aylarında və ya son ilində qadınların iştirakı təyinedici rol oynayıb. Buna görə də İmam (rəhmətullahi əleyh) heç vaxt bu məsələdə geri çəkilmədi. Bəziləri qadınların yürüşlərdə iştirak etməsinə qarşıydılar, amma İmam bu düşüncəni və baxışı qəti şəkildə rədd etdi. Qadınların iştirakı çox təsirli idi. Həqiqətən də, təsirli idi. Qadınlar meydana daxil olmağa başlayanda kişilər, hətta o etinasızlıq edənlər də hiss etdilər ki, onlar da meydana daxil olmalıdırlar. Qadınlar meydana daxil olduqda, həyat yoldaşları və gənc övladları da daxil olmaq məcburiyyətində olduqlarını hiss etdilər. Bir mənada inqilabı qadınlar qələbəyə çatdırdılar.

İnqilabın qələbəsindən sonra və İslam Respublikasının qurulmasından sonra qadınlar müxtəlif sahələrdə meydana girdilər. İndi bu qadınlar çox məntiqli, dəqiq, görkəm və düşünülmüş fikirlər söylədilər. Şübhəsiz ki, bu cəmin içərisində yüzlərlə və ya daha çox bu qəbildən olan düşüncə sahibləri var və ölkədə, mütləq, çox sayda qadın elmi, fikri, yenilik gətirən, yeni ideallar təqdim edən və ictihad edənlər parlayırlar. Yəni, həqiqətən, iş görülüb. İranlı qadın öz ölkəsinin kimliyini və mədəniyyətini qorudu. Ölkəsinin tarixi və əsil sünnətlərini (qayda-qanunlarını) öz mətanəti, həyası və iffəti ilə qoruyub saxlamağı bacardı. Universitetə daxil oldu, siyasi və beynəlxalq fəaliyyətlərə qatıldı, amma fasid olmadı. Bu, çox mühümdür. Bu günümüzdə bir çox Qərb ölkələrində qadınların rastlaşdığı problemlərə məruz qalmadı. İranlı qadın indiyə qədər bu şəkildə hərəkət etdi və inşallah, bundan sonra da bu şəkildə davam edəcək. Bizim qadınlarımız böyük hadisələrdə, hərəm müdafiəsində, siyasi mübarizələrdə, tədqiqat mərkəzlərində, universitetlərdə və elmi hövzələrdə parladılar. O dövrlərdə Elmiyyə Hövzəsində olduğum vaxtlar, xatırlamıram ki, bir qadın ictihad dərəcəsinə çatmış olsun, amma bu gün şükürlər olsun ki, ictihad dərəcəsinə çatmış xanımlar az deyillər. Mən, hətta inanıram ki, qadınlar məhz qadınları əhatə edən və kişilərin mövzusunu doğru-düzgün müəyyən edə bilmədikləri məsələlərdə mütləq qadın müctəhidlərə təqlid etməlidirlər. Buna görə də inqilab dövründə qadınların ölkəmizdəki inkişafı çox yaxşıdır. Bizdə bu qədər alim qadın və qadın universitet müəllimi heç vaxt olmamışdı. Bu qədər şair, yazıçı, sənətkar bununla yanaşı həm də imanlı heç vaxt olmamışdı. Bu gün xoşbəxtlikdən, bunların hamısını əldə etmişik. Amma düşmənin də boş dayanmadığını, düşmənin də planlar qurduğunu unutmayaq.

İslam Respublikasının düşmənləri çox tez başa düşdülər ki, sərt güclə inqilabı məğlub etmək olmaz, ona görə də yumşaq gücə əl atdılar. Anladılar ki, müharibə, bombardman və fitnəkar qüvvələr və irqçilik kimi şeylərlə İran İslam Respublikasını məğlub etmək mümkün deyil, bunlarla onu diz çökdürə bilməzlər. Ona görə də yumşaq üsullara keçdilər. Yumşaq üsullar isə reklam, vəsvəsələr, insanın onların şüarlarında müşahidə etdiyi qeyri-sadiqlikdir. Ad qoyurlar, məsələn, qadın müdafiəsi adı altında, qadınların, bir qrup qadının və ya hətta bir qadının müdafiəsi adı altında bir ölkədə iğtişaş yaradırlar. Yumşaq üsullardan istifadə edirlər. Qızlarımız, qadınlarımız, müəllimlərimiz, tələbələrimiz, bütün qadın cəmiyyəti bu sahədə özlərini məsuliyyətli hesab etməlidirlər. Burada bir qadın dedi:

“Kim səhəri açsa və müsəlmanların işləri ilə maraqlanmazsa, o, müsəlman deyil”.[14]

Bu yalnız kişilər üçün deyil, bu məsələ qadınları da əhatə edir. Tamamilə doğrudur. Müsəlmanların diqqət yetirməli olduğu məsələlərdən biri də məhz bu vəsvəsələr, hiyləgər planlar və düşmənçiliyin yumşaq üsulları, yəni dəyərləri sapdırmaqdan ötrü tətbiq olunan yumşaq müharibə metodlarıdır. Bu, xüsusilə qadınlarla bağlı bir çox məsələdə özünü göstərir və buna diqqətli olmaq lazımdır. Bu da qadın haqqında bir neçə söz!

Bir kəlmə də region məsələsindən danışım. Regionda Suriyada baş verənlər, İsrail rejiminin və Amerikanın etdiyi cinayətlər və başqalarının onlara verdiyi dəstəklərlə elə düşünürlər ki, müqavimət qurtardı, amma onlar çox yanılırlar. Seyid Həsən Nəsrullah və Sinvarın ruhu diridir. Şəhadət bunları varlıq ərsəsindən silməyib. Onların bədəni getdi, amma ruhları və fikirləri qaldı, yolları davam edir. Görürsünüz ki, hər gün Qəzzaya hücum edilir və şəhidlər verilir, özü də hər gün! Ancaq, yenə də dayanıblar, yenə də müqavimət göstərirlər. Livan müqavimət göstərir. Əlbəttə, İsrail rejimi xam xəyalları ilə Suriya vasitəsilə Hizbullahı mühasirəyə alıb köklərini kəsmək istəyir, amma kökü kəsiləcək olan elə İsrailin özüdür. Biz Fələstin mübarizlərinin və Allah yolunda mücahidlik edən Hizbullahın yanında dayanmışıq və onlara dəstək veririk. Bacardığımız qədər onlara kömək edirik və ümidvarıq, inşallah, bunlar xəbis düşmənləri olan sionist rejimin öz ayaqları altında əzildiyi günü görəcəklər.

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun.

 

  

[1] Bu görüşün əvvəlində, qadın sahəsində fəaliyyət göstərən altı nəfər fəal xanımlar öz fikirlərini və baxışlarını bəyan etdilər. Həmçinin, xanım Aidə Sürur (Livan Hizbullahının üzvü olan iki şəhidin anası), müqavimət cəbhəsi qadınları adından, müqavimətin davamı və zəfəri haqqında fikirlərini ifadə etdi.