(Əziz İslam peyğəmbərinin Allah tərəfindən peyğəmbərliyə təyin edildiyi gün) münasibətilə çıxış
Bağışlayan və Mehriban Allahın adı ilə
Həmd-səna olsun aləmlərin rəbbinə, salam və salavat olsun Məhəmməd (s) və onun pak Əhli-beytinə (ə), xüsusi ilə Allahın yer üzündəki höccəti İmam Mehdiyə (əc).
Böyük İslam ümmətini, əziz İran xalqını və dünyanın bütün azad insanlarını çox əzəmətli və mübarək Məbəs bayramı münasibətilə təbrik edirəm. Məbəs bayramı varlıq aləminin ən böyük hədiyyəsinin Allahın ən üstün bəndəsi olan əziz İslam peyğəmbərinə (s) əta edildiyi gündür. Bu hədiyyə Məbəs gecəsinin duasında “əzəmətli təcəlla və cilvələnmə” kimi ifadə edilmişdir.
Əlbəttə, İslam peyğəmbərinin (ə) besəti də (peyğəmbərliyə çatması) bütün bəşəriyyət üçün bir hədiyyədir. İslam dininin çoxsaylı və silsiləvi dəyərləri arasında (bu dəyərlər toplusu çox genişdir) yalnız dinin iki ən çox vurğuladığı, daha çox gözə çarpan “təfəkkürün və əxlaqın inkişafı” dəyərini nəzərə alsaq, İslamın bəşəriyyətə ən ali hədiyyə və xöşbəxtlik vasitəsi əta etdiyini təsdiqləyəcəyik.
İslamın düşünmək və onun inkişaf etdirilməsinə dəvət məsələsi çox önəmli məsələdir. Qurani-Kərimdə onlarla, bəlkə də yüz dəfəyə yaxın Allah-təala müxtəlif ifadələrlə, o cümlədən “düşünmə”, “təfəkkür etmə”, “ağıl sahibləri”, “tədəbbür” (daha dərin düşüncə növü) sözləri ilə xitab etdiyi şəxsləri və bütün insanları təfəkkür, düşüncə və ağılla hərəkət etməyə dəvət etmişdir.
Əxlaqi dəyərlərin aşılanma və inkişaf etdirilməsi barədə bunu demək kifayətdir ki, Quranın bir neçə yerində besətin ümdə hədəfləri ünvanında əxlaq və nəfsin saflığı qeyd edilmişdir.
“Ayələrini onlara oxumaq və onları pak etmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir peyğəmbər seçən odur” (Cümə/2). Ayədən görsəndiyi kimi birinci nəfsin paklaşdırılması məsələsi gəlir. Eləcə də digər ayələrdə: “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər”. Başqa bir neçə ayələrdə də peyğəmbərin (s) besətinin hədəfi “nəfslərin paklanması” kimi göstərilib. Deməli, besətin hədəflərinin başında nəfslərin saflaşdırılması dayanır. Bu baxımdan İslam dini bu iki ali və bənzərsiz hədiyyəni bəşəriyyətə bəxş etmiş, onlara qarşı maraq oyadaraq Allaha inanan iman sahiblərini və onların timsalında dünyanın bütün insanlarını düşüncə, təfəkkür, paklanmağa və s. dəvət etmişdir. Bu İslam dininin bəşəriyyət üçün verə biləcəyi və verdiyi ən böyük töhfədir.
İndi müxtəsər olaraq besət barədə, sonra isə hal hazırda gündəmdə olan hadisələr barədə bir məsələyə toxunacam.
Besət barədə olan məsələ bundan ibarətdir ki, İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsi inanılmaz və imkansız sayılan bir məsələni gerçəkləşdirdi. Bu məsələ nə idi? Məsələ Ərəbistan yarımadasının cahiliyyət dövründəki insanlarından (bu dövrün xüsusiyyətləri barədə danışacam) peyğəmbərin dövründəki İslam ümməti kimi üstün bir ümmətin təşkil edilməsi idi. Bu adi halda mümkün olmayan bir iş kimi nəzərə gəlirdi. Peyğəmbərin (s) besətindən öncə, cahiliyyət dövründə olan Ərəbistan camaatının bir sıra xüsusiyyətləri var idi. Onların bəzisi “Nəhcül-bəlağə” kitabında, bəziləri isə tarixdə qeyd edilmişdir. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir: Azğınlıq, çaşqınlıq, hədəfsizlik, həddindən artıq nadanlıq, böyük fitnələrə düçar olmaq (güclü təəssüb və cahillikdən doğan fitnələr). Sadaladığım bütün bu sifətlərlə yanaşı, həddindən artıq təkəbbürlü, çox qaba, haqqı qəbul etməyən və inadcıl idilər. Bunlar, Ərəbistan əhalisinin xüsusiyyətləri idi. Məkkə və başqa şəhərlərin əhalisi böyükdən kiçiyə, başçıdan əlaltılara kimi bu xüsusiyyətlərə malik idilər. Əziz İslam peyğəmbəri (s) həmin bu camaatı (qeyd edəcəyimiz) qısa müddət ərzində bir araya gətirərək fəzilətli, güzəşt əhli, fədakar və ən uca əxlaqi xüsusiyyətlərə malik bir millətə çevirdi. Peyğəmbərin (s) zamanında olan müsəlmanlara nəzər salsaq, istər Mədinədə məhdud sayda olduqları zaman, istərsə də qol-budaq ataraq Məkkə, Taif və digər şəhərlərdə yerləşdikləri dövrdə peyğəmbərin vasitəsilə (s) qeyd etdiyimiz ali dəyərlərə malik və yüksək xüsusiyyətli insanlara çevrildilər. Bu qeyri-mümkün bir iş hesab olunurdu və belə bir camaatın qısa müddət ərzində üstün xüsusiyyətlərə malik cəmiyyətə çevrilməsi heç bir hesablamalarla mümkün deyildi. Bundan əlavə iyirmi ildən az bir müddət ərzində sədaları dünyaya yayıldı. Qeyd olunan rəzil əxlaqi xüsusiyyətlərə malik olan bir xalq İslam dinini qəbul etdikdən sonra 20 il keçməmiş dünyada şan-şöhrət qazandı, Şərq və Qərbdə öz fikir, düşüncə və üstünlüklərini yaymağı bacardı. Müasir dillə desək, həm hərbi sahədə, həm də yumşaq mübarizə sahəsində inkişaf etdilər. Bu, İslam dininin sayəsində baş verən və mümkün olmayan bir iş idi. İmkansız nəzərə gələn bu işi İslam dini, peyğəmbərin (s) besəti gerçəkləşdirdi.
Düzdür, bu, tarixdə baş vermiş bir hadisədir. Ancaq biz olduğumuz zamanda da bu hadisədən bəhrələnə bilərik, yəni besətin bütün dövrlərdə olan müsəlmanlara müjdəsi (mesajı) budur ki, əgər insanların iradə və əzmi Allahın iradəsi ilə eyni xətdə qərar tutsa (üst-üstə düşsə) və ilahi iradəyə tabe olsa, insanlar, hətta mümkünsüz görünən işləri bacarar, normal düşüncə və hesablamalara görə əlçatmayan hədəflərə çata bilərlər. Bu məsələ həmişə belədir. Əziz Peyğəmbərimizin (s) təcrübəsini tarix boyu təkrarlamaq olar. Əgər insanlar Peyğəmbərin (yuxarıda qeyd edilən) təyin etdiyi xətdə özlərinə yer tapsalar, adi və normal düşüncə və hesablamalara görə mümkünsüz olan ali hədəflərə nail ola bilərlər.
Bu təcrübə (əlbəttə, fərqli olaraq) İran xalqı üçün də baş vermişdir. Allah-təala lütf edib İran millətinə bu təcrübəni yaşatmışdır. Mütəal Allah bu təcrübənin tövfiqini (uğurunu) İran millətinə göstərdi. Həmin tövfiq mənəviyyatdan əsər-əlaməti olmayan, qədim tarixə sahib olan, eyni zamanda maddi qüdrətlərə söykənərək zülm edən şah və monarxiya hakimiyyətinin devrilərək aradan aparılması idi. Dediyim hadisə ölkəmizdə baş verdi, halbuki bu şah hökümətinin arxa-dayağı Amerika və dünyanın digər hegemon qüdrətləri idi. Amerika, İngiltərə, axır zamanlar isə keçmiş Sovetlər Birliyi (SSSR) hamısı birlikdə Pəhləvi hökümətini himayə edirdilər. Ancaq İran milləti mümkünsüz görünən bir işi, (həqiqətən, bu iş imkansız görünürdü) yəni həmin höküməti devirərək aradan aparmaq məsələsini reallaşdırdı. İmam Xomeyninin (r) ixlaslı rəhbərliyi, millətin çalışma və fədakarlığı nəticəsində bu iş baş tutdu. Biz meydanda idik və bu hadisələrdən xəbərimiz var idi. Həmin günlər bizlərdən birinə belə bir işin mümkünlüyü deyilsəydi, çox da inandırıcı olmazdı. Ancaq bu hadisə baş verdi. Nəticədə bu inqilab milləti süstlükdən çıxardı, hərəkətə gətirdi və sevinc bəxş etdi. Bu inqilab öz əzəmətini dünyaya göstərməkdən əlavə, İran millətini də əzəmətli etdi, İran İslam Respublikasını dünyanın gözündə əzəmətli etdi. Bu, birinci məsələdir. Belə ki, əgər besət xəttində hərəkət etsək, imkansız nəzərə çarpan işləri mümkün edəcəyik, yetişilməsi ağlabatmaz olan hədəflərə çata biləcəyik.
Sonuncu Peyğəmbərin (s) besət hadisəsində başqa bir məsələ də var. Bu məsələ Peyğəmbərin hədəfinin pik nöqtəsi olan İslam höküməti təşkil etməsi idi. Peyğəmbərin bu işi dini tam olaraq həyatın siyasi, idarəçilik arenalarından ayrı hesab edərək tanıtdıranların fikirlərinin (sekulyarizm) əksinədir. Hal hazırda da müxtəlif təbəqələr bu sahədə (sekulyarizm sahəsində) işlər görürlər və bu məsələ qədimdən də var idi. Amma inqilabi fəaliyyətlərlə bu çalışmalar zərərsizləşdirildi. Ancaq yenə də müşahidə edilir, bəziləri yazmaq, danışmaq və bunun kimi işlərlə yenidən bu məsələni zümzümə etməyə başlayıblar. Peyğəmbər (s) özü şəxsən İslam hökuməti qurulması üçün hazırlıq işləri edərək şərait yaratdı və İslam dininin barəsində eşidib hadisənin gedişatından xəbərdar olmaq istəyən Mədinə böyükləri ilə söhbət etdi, onlar öhdəçilik götürdülər və razılaşma əldə edildi. Yəsribin (əlbəttə, o günlər hələ bu şəhərin adı Mədinə deyildi, Yəsrib idi) böyük şəxsiyyətləri buna şərait yaratdılar. Daha sonra əziz Peyğəmbər (s) təəccüb doğuran (çətin) bir vəziyyətlə hicrətini başladı, ardınca müsəlmanlar hicrət etdilər və tədricən mühacirlər gəldilər. Hicrətdən öncə Peyğəmbər (s) Musəb ibn Ümeyri camaata Quran ayələrini oxumaq üçün nümayəndə qismində ora göndərdi. Bu müqəddimə işlərindən sonra O həzrətin (s) özü də Yəsribə hicrət etdi və orada İslam hökuməti qurdu. Bu, Peyğəmbərin başladığı hərəkatın pik nöqtəsi idi. Əlbəttə, əziz İslam peğəmbəri yalnız hökuməti quraraq insanları idarə etməklə də kifayətlənmədi, xeyr. Düşmənlə hərtərəfli mübarizəyə də başladı. Sözsüz, düşmənlərin müsəlmanlardan belə asanlıqla əl çəkmək fikirləri yox idi. Buna görə də müsəlmanlar ordu yaratdılar, döyüş təchizatları hazırladılar və düşmənlərinə hücum etdilər. Bəzi vaxtlar müdafiə olundular, bəzi vaxtlar da hücum etdilər. Hər iki növü var idi. Bəziləri Peyğəmbərin (s) müharibələrinin yalnız müdafiə xarakterli olduğunu deyirdilər, xeyr (belə deyil), bəziləri müdafiə xarakterli idi, bəziləri isə hücum, şəraitlər fərqli idi. Daha sonra isə şirk qərargahı olan Məkkəni ələ keçirdilər. Məkkə şəhərini fəth etdilər və Allah evi İslam və müsəlmanların ixtiyarına keçdi. İslam hökumətini möhkəmləndirdilər. Bu, İslam hərəkatının ən həyəcanlı və ruhlandırıcı hissəsidir. (Bütün bunları bilə-bilə) İslam və dini hansı əsasla siyasətdən ayırmağa çalışmaq istəyirlər?
“Besət” barədə növbəti məsələ cahiliyyət ilə mübarizə idi. Dəyərli Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsində ən önəmli şüarı və tutduğu istiqamət bu idi. Cahiliyyət Quranda dəfələrlə pislənmişdir. Cahiliyyət ifadəsi (bu ifadənin mənası barədə izah verəcəm) dəfələrlə Qurani-Kərimdə məzəmmət edilmişdir. Maidə surəsində buyurulur: “Yaxşı, onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər?” (Maidə/50). Əhzab surəsində: “Ey Peyğəmbərin xanımları, ilkin cahiliyyət dövründəki (qadınlar) kimi cəmiyyət arasına çıxmayın”,- deyə buyurulur. (Əhzab/33). Həmçinin Fəth surəsinin 26-cı ayəsində buyurulur: “(Yada sal) O zaman ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər”. Başqa ayələrdə də cahiliyyət ifadəsi işlənmişdir. Yadımda olan bu üç ayəni burda qeyd etdim. Deməli, cahiliyyət məzəmmət edilmişdir. Bu cahiliyyət nədir? Bu cahillik yalnız savadsızlıq və nadanlıq deyil. Sözsüz ki, bu cahiliyyətdə savadsızlıq anlayışının da olmasına baxmayaraq, onun daha geniş mənası var. Öncə qeyd etdiyim rəzil əxlaqlar da bu cahiliyyətə aiddir. İnsanların vəhşi rəftarları, o cümlədən adam öldürmək, oğurluq, təcavüz, haqsızlıq etmək, zəifi əzmək də bura aiddir. Ərəbistan yarımadasında camaat arasında qüvvədə olan bütün bu xüsusiyyətlər həmin cahiliyyətin bir hissəsi hesab edilir. Cinsi azğınlıq, əxlaqi dəyərlərin yoxluğu, insanlar arasında həyanın olmaması cahiliyyətin tərkib hissələri idi. Besət bütün bunlarla mübarizəyə qalxdı. Bu, Əhzab surəsinin 53-cü ayəsində işarə olunan və nadanlıq, savadsızlıq, cəhalət, əxlaqsızlıq, zülm, ayrıseçkilik, haqsızlıq, zəifi əzmək, cinsi azğınlıq, özbaşınalıq, əxlaqi hərc-mərclikdən ibarət olan bir cahiliyyət idi. Əziz İslam peyğəmbəri məhz belə bir cahiliyyətlə mübarizə apardı.
Hazırda ən mühüm (narahat edici) məsələ bundan ibarətdir ki, o dövrdə Məkkədə, Ərəbistan yarımadasında yayılmış və Peyğəmbərin (s) mübarizə apardığı əxlaqi rəzilliklərin bir çoxu “sivilizasialı Qərbdə” sistematik, şiddətli və daha geniş formada özünü göstərir.
Bu gün Qərb sivilizasiyasında həyat tamah, hərislik və acgözlük üzərində qurulub. Həqiqətdə, Qərb sivilizasiyasında həyatın əsasını tamah və hərislik təşkil edir. Bu gün bütün Qərb dəyərlərinin əsasını pul və kapital təşkil edir, hər şey pulla, malla ölçülür. Əxlaq, mənəviyyat-bütün bunlar pulla ölçülür. Meyarlar budur. Dövrümüzün bütün hökumətləri ayrıseçkilik əsasında idarəçilik edərək nəhəng şirkətlərin və kartellərin şişməsinə xidmət edirlər. Bu günümüzdə işlər belə gedir.
Elm və texnologiya insanları məhv etməyə xidmət edir. Bir tərəfdən elmdən, məsələn, bir qrup insanlara nicat verən peyvənd və ya dərman istehsalı üçün istifadə edirlər, başqa bir tərəfdən də yüzlərlə dəfə çox insanı qətlə yetirməkdən ötrü eyni elmdən kütləvi qırğın, kimyəvi və nüvə silahları üçün istifadə edirlər. Belə hallar dünyada olub və indi də təkrarlanır. Müasir dünyada zəif ölkələrin talan edilməsi əxlaqsızlıq, mənəvi boşluq həddən ziyadə çoxdur. İnsanın dilinə gətirməyə belə utandığı homoseksuallıq və bu kimi qeyri-adi cinsi azğınlıqlar dünyada baş alıb gedir. Bunlar, o vaxtlar olub, bu gün də var. Amma o zaman məhdud idi, bu gün isə geniş yayılaraq sistemli şəkilə düşüb. Bu fitnə-fəsadların çoxunun arxasında saxta məntiqlər dayanıb, yəni bunun üçün məntiq, fikri zəminələr, nəzəriyyələr yaradıb bəşəriyyətə təqdim edirlər.
Deməli, qeyd olunan cahiliyyət bu gün də mövcuddur. Belə ki, əgər kimsə bugünkü Qərb sivilizasiyasını “Modern cahiliyyət” adlandırırsa (necə ki, adlandırıblar və çoxları onun müasir cahiliyyət olduğunu söyləyirlər), doğru söyləmiş olar. Cahiliyyət həqiqətən də, həmin cahiliyyətdir, lakin bu gün dünyada o, özünü yenilənmiş və modern formada biruzə verir.
Bəs nə etməliyik? Besətin bizə verdiyi dərsləri nəzərdən keçirməliyik. Peyğəmbəri-Əkrəmin (s) o cəhalət qarşısında gördüyü işi bu gün də bu cahiliyyət qarşısında görmək bizim öhdəmizdədir. Bu bizim borcumuzdur.
İlk növbədə, imanı gücləndirmək lazımdır. Bizim və dünyada insanlara ürək yandıran hər bir kəsin ən mühüm vəzifələrindən biri dini inancın gücləndirilməsi, dünyanın hər yerində mömin müqavimət qruplarını, ali hədəflərə malik, imanlı, müqavimət əhli, iş görən, çalışqan insanları inkişaf etdirərək saylarını artırmaqdır.
İslam sisteminin iqtidar və qüdrətini daha da gücləndirin. İndi Allahın lütfü ilə İran İslam Respublikasında İslam bayrağı altında bir hökumət sistemi formalaşıb. Gərək onu gücləndirək, bünövrəsini bərkidərək bəhrələrini və təsirlərini hər nə qədər mümkündür, genişləndirək.
Bundan əlavə, ağıla söykənən və müdrikcəsinə hazırlanmış planlara ehtiyac var. Bu meydan insanın başını aşağı salıb kor-koranə hücum edəcəyi meydanlardan deyil. Tədqiq edərək müdrikcəsinə hazırlanmış plan ortaya qoyulmalıdır və bu məsələ ilə (modern cahiliyyətlə mübarizə) ehtiyatlı şəkildə rəftar etməliyik. Bu proqramı hazırlamaq üçün cahiliyyətin xüsusiyyətlərini ətraflı şəkildə öyrənnməliyik. Cəhalətin xüsusiyyətlərini düzgün bilməsək, ona qarşı çıxa, onunla mübarizə apara bilmərik.
Təbii ki, biz bu böyük işlərdə öz məqsəd və hədəflərimizə tam şəkildə çatmağımızı iddia edə bilmərik. Xeyr, atdığımız mühüm və böyük addımlara baxmayaraq, hələ yolun yarısındayıq. Buna heç bir şübhə yoxdur. Təbii ki, bəzi işlər görülüb, biz irəliləmişik Allaha şükürlər olsun, amma hələlik yolun yarısındayıq, hədəfə çatmaqdan hələ çox uzağıq. Bununla belə İslam inqilabı və İslam Respublikası modeli dünya xalqları və ya ən azı dünya müsəlmanları üçün cəlbedici bir modeldir. Diqqət edin, Tehrandan bir neçə min kilometr aralıqda- başqa bir ölkədə bizim əziz şəhidimiz Qasim Süleymaninin şəkili təhqir olunduqda bunu görən həmin ölkənin xalqı etiraz edir və şəkili təhqir edən polis özü xalqdan üzr istəmək, onların istəklərinə uyğun hərəkət etmək məcburiyyətində qalır və nəticədə yenə də (Hacı Qasimin) şəkillərini şəhərin müxtəlif yerlərində asırlar. Buradan məlum olur ki, bu nümunə (İslam Respublikası) hələlik yolun yarısında olsa belə, cəlbedici və əhatəli bir nümunədir. Əgər biz bu yolu yaxşı davam etdirə, inam və qətiyyətlə irəliləyə bilsək, dünyada çox cəlbedici və sürətlə hərəkət edən bir model yaranacaq və xalqlar təbii olaraq, ona doğru hərəkət edəcəklər.
Bizim qarşımızda belə bir cəhalət var. Təbii ki, bu modern cəhalət dünyanın hər yerində eyni səviyyədə deyil. Mənim nəzərimcə, ABŞ modern cəhalətin ən bariz və kamil nümunəsidir. Bu cəhalət orada dünyanın hər yerindən daha şiddətli və qorxuludur. Bu, sözün əsl mənasında belədir. Amerika əxlaqsızlığın təbliğ olunduğu bir rejimdir. Orada ayrıseçkilik, millətçilik günü-gündən artır. Milli sərvət getdikcə daha çox varlılaraın və imkanlıların ixtiyarına keçir. ABŞ kimi zəngin ölkə elə bir vəziyyətdədir ki, azacıq soyuq düşəndə və istilər şiddətlənəndə bəzi insanlar küçələrdə ölürlər. Niyə belədir? Bunlar nə deməkdir? Bu gün dünyada modern cəhalətin, ayrıseçkiliyin, zülmün və böhran yaratmağın təzahürü Amerikadır. ABŞ rejimi mahiyyətcə böhranlı və böhran yaradan bir rejimdir. Böhran yaratmaqla qidalanır, böhranla yaşayır. Dünyanın müxtəlif bölgələrindəki böhranlarla qidalanırlar. Amerikanın belə bir siyasəti var.
ABŞ daxilindəki mafioz güc şəbəkələri dünyada baş verən böhranlardan qidalanır, istifadə edirlər. Amerika əsasən mafiya rejimidir. Bu, siyasi, iqtisadi və silah istehsalı mafiyası rejimidir. Bu ölkənin siyasətini idarə edən, yönləndirən, öz əllərində saxlayan, bir sözlə, ölkəni idarə edən mafiyadır. Onlar, hökumətlərin arxasında iş görür, bəzi insanları işə gətirir, bəzilərini isə işdən uzaqlaşdırırlar. Mafiyalar prezidentləri iş başına gətirirlər. Bu qruplaşmalara dünyanın hər yerində böhranlı məntəqələrin olması lazımdır, ona görə də böhran mərkəzləri yaradırlar. Görün, Qərbi Asiya regionunda nə qədər böhran yaratdılar. İŞİD kimi öz əlləri ilə əhliləşdirdikləri terrorçu qruplaşma yaratmağa ehtiyac duydular. Hansı ki, açıq aşkar şəkildə videoya çəkərək insanların başlarını kəsir, diri-diri yandırır, yaxud suda boğulmağını lentə alıb filmini dünyaya nümayiş etdirirdilər. Bu, Amerika tərəfindən yaradılmışdır. Özləri də etiraf ediblər. Özləri etiraf etdilər ki, bunları özləri yaradıblar. Bunlar əgər böhran yarada bilməsələr, silah zavodları öz mənafelərinə tam şəkildə yetişə bilməyəcək. Deməli, mafiyaların maraqlarını maksimum şəkildə təmin etmək üçün dünyada böhran yaratmalıdırlar.
Bu gün, məncə, Ukrayna da bu siyasətin qurbanıdır. Bu gün Ukrayna məsələsi Amerikanın siyasəti ilə bağlıdır. Məhz ABŞ Ukraynanı bu vəziyyətə gətirib çıxarıbdır. O, ölkənin daxili işlərinə qarışaraq mərkəzi hakimiyyətə qarşı mitinqlər keçirmək, məxməli hərəkatlar yaratmaq, rəngli çevrilişlər etmək, amerikalı senatorların müxalif qruplara nüfuzu ilə bir hökuməti səhnədən çıxarıb yerinə başqa bir hökümət qoymaqla ölkəni bu vəziyyətə salıb. Butün bu işlərin gedişatı təbii olaraq, hadisələri gətirib bu yerə çıxarır.
Təbii ki, biz dünyanın hər yerində müharibə və dağıntıya qarşıyıq və bu bizim dəyişməz mövqeyimizdir. Biz insanların öldürülməsinə, ölkələrin infrastrukturlarının dağıdılmasına qarşıyıq və dünyanın heç bir yerində bu işləri təsdiq etmirik. Bu, bizim daimi mövqeyimizdir. Biz qərblilər kimi deyilik ki, Əfqanıstanda toy karvanının başına bomba yağdırıb, toyu matəm halına salaq və sonra da bu işimizə haqq qazandıraraq “bu terrorla mübarizədir, cinayət deyil”,-deyək. Onların məntiqi belədir. ABŞ Əfqanıstanda, İraqda, Suriyanın şərqində nə edir? Suriya neftini niyə talan edir, Əfqanıstanın pulunu, milli sərvətlərini niyə qəsb edir? Sionistlərin Qərbi Asiya regionunda gecə-gündüz törətdikləri cinayətləri niyə müdafiə edir? Bunlar, böhran yaratmaqdır və bütün bunları insan haqlarını müdafiə etmək və sair adlar ilə edirlər!
Biz onların etdiyi kimi bir yerdə maraq dairəmizə daxil olan hadisə baş verəndə ona bir cür yanaşaraq, digər regionda isə başqa cür yanaşma etmirik. Yəmən xalqı səkkiz ildir ki, bombardman altındadır. Qərb bunu nəinki pisləmir, əksinə, media vasitəsilə bu işləri himayət edir. Onlar, belədirlər. Biz, təbii ki, Ukraynada atəşkəsin tərəfdarıyıq, müharibənin orada bitməsini istəyirik. Lakin hər hansı bir böhranın müalicəsi ancaq böhranın əsas səbəbini tapmaqla mümkündür. Ukraynadakı böhranın kökü Amerika və Qərbin siyasətləridir. Bunlar, böhranın kökləridir. Bunları tanımaq və onların əsasında fikir yürütmək, hərəkət etmək lazımdır. Hər hansı bir addım atmalı olsaq, bunun əsasında atmalıyıq.
Ukraynadan söhbət etmişkən, qeyd etməliyəm ki, Ukrayna hadisəsində müşahidə olunan bəzi ibrətlər var. Bu ibrətlərdən bəzilərinə işarə edilib. Amma mən bunlardan ikisini qeyd etmək istəyirəm. Biri budur ki, Qərb dövlətləri öz əlləri ilə hakimiyyətə gətirdikləri hökumətlərə heç vaxt arxa-dayaq olmurlar. Bütün hökumətlər bunu bilsin. ABŞ və Avropaya güvənən hökumətlər Ukrayna və Əfqanıstandakı vəziyyətə baxmalıdırlar. Bir neçə gün əvvəl həm Ukrayna prezidenti, həm də bir müddət əvvəl Əfqanıstanı qoyub qaçmış ölkə prezidentinin "Biz Amerikaya və Qərb hökumətlərinə güvənirik, amma onlar bizi tək qoyublar, bunlara etibar etmək olmaz",-deyə dediklərinin şahidi olduq. Bu, ilk ibrətdir. İndi İslam Respublikasının izzət və istiqlal sədası bütün dünyanı bürümüşdür. Lakin ABŞ-a arxalananlar isə bu haldadır. Bundan dərs, ibrət götürməli və başa düşməlidirlər.
İkinci dərs isə ondan ibarətdir ki, xalq hökumətlərin ən mühüm dayağıdır. Əgər Ukraynadakı insanlar meydana girsəydilər, Ukrayna hökumətinin və Ukrayna xalqının vəziyyəti bu cür olmazdı. Xalq hökuməti qəbul etmədiyi üçün meydana girmədi. Necə ki, ABŞ Səddamın dövründə İraqı işğal edəndə xalq onu müdafiə etmədi, geri çəkildi, ABŞ da (İraqı) ələ keçirdi. Amma elə həmin İraqda İŞİD hücum edəndə insanlar meydanlara daxil oldular, çox böyük təhlükə olan İŞİD-i geri oturtdular və məğlub etməyi bacardılar. Ölkələrin müstəqilliyinin əsas amili xalqdır. Biz bunu yaşadıq. Müqəddəs Müdafiə zamanı (Səddamın İrana hücum etdiyi illər) xalq meydana daxil oldu. Bütün dünya güclərinin Səddamı dəstəkləməsinə və ona kömək etməsinə baxmayaraq, İslam Respublikası xalqın köməyi ilə qələbə çalıb düşmənə qalib gələ bildi və onu nakam qoydu. Bu da öz növbəsində başqa bir ibrətdir.
Ümid edirəm, hamımız diqqətli olacaq, düzgün düşünəcək, düzgün hərəkət edəcək və bu böyük dərslərdən ibrət ala biləcəyik.
Allah bizə bu dərsləri öyrədən və bizi bu yolda hərəkətə gətirən dünyadan köçmüş böyük şəxsiyyət İmam Xomeyninin (r) dərəcəsini artırsın. Allah dünyada başımızı uca edən şəhidlərin pak ruhlarını, Allahın rəsulunun (s) pak ruhuna qovuşdursun (məhşur etsin). Bir daha təbrik edirəm və Həzrət Bəqiyyətullaha (İmam Zaman əleyhissəlam, ruhlarımız ona fəda) salamlarımı çatdırıram.
Allahın rəhmət, bərəkət və salamı üzərinizə olsun!