İslam İnqilabının Ali Rəhbəri minlərlə qadın və qızla görüşdə Həzrət Fatimeyi-Zəhranı (s.ə) yaradılışın heyrətamiz varlıqlarından biri adlandıraraq İslamın qadına dair əsas prinsiplərini açıqladı və vurğuladı:
“İslamda qadın və kişi bir-birini tamamlayır və “Həyati-təyyibə”yə (pak və layiqli həyata) çatmaq, elmi, mədəni, bədii, ictimai-siyasi təsir imkanları, iqtisadi fəaliyyət və beynəlxalq məsələlərdə düşüncə və ruhi qabiliyyətlərini inkişaf etdirmək sahələrində aralarında heç bir fərq yoxdur”.

 

Həzrət Ayətullah Xamenei həmçinin sionist rejim və Amerikanın bölgədə törətdiyi cinayətlərin davam etməsinə və bəzi tərəflərin onlara yardım etməsinə toxunaraq dedi:
“Sionist rejim xam xəyalları ilə Suriya vasitəsilə Hizbullahı mühasirəyə almaq üçün özünü hazır edir, lakin kökü kəsiləcək olan elə İsrailin özüdür”.

İnqilab Rəhbəri Həzrət Fatimeyi-Zəhranı (s.ə) yaradılış aləminin heyrətamiz bir varlığı kimi dəyərləndirdi və buyurdu:
“Gənc bir qadın mənəvi, mələkut və İlahi əzəmət cəhətdən elə bir məqama çatıb ki, şiə və sünni rəvayətlərinə əsasən, onun qəzəbi Allahın qəzəbi, onun razılığı isə Allahın razılığına səbəb olur, və bu, olduqca əzəmətli və heyrətamizdir”.

Ayətullah Xamenei Həzrət Fatimə (s.ə) haqqında “Peyğəmbərlə çətinliklərdə onun kədərini bölüşmək, Əmirəlmömininlə cihadda birlikdə olmaq, ibadətilə mələklərin gözlərini heyrətə salmaq, fəsahətli, bəlağətli və atəşli xütbələr söyləmək, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəbin (s.ə) tərbiyəsi kimi bənzərsiz xüsusiyyətləri qeyd edərək əlavə etdi:
“O Həzrət uşaqlığında, gəncliyində, evliliyində və həyat tərzində ən yüksək, ən gözəl və ən təsirli müsəlman qadın nümunəsidir”.

İnqilab Rəhbəri dürüstlükdən uzaqlıq və riyakarlığı Qərbin istismarçıları və kapitalistlərinin daim istifadə etdiyi bir üsul kimi dəyərləndirərək, qadınları onların azadlığı və müstəqilliyi adı altında az maaşla işləyən fəhlələr təmin etmək məqsədilə fabriklərə cəlb etməklərini bu riyakarlığın bir nümunəsi olaraq qeyd etdi.

Həzrət Ayətullah Xamenei təxminən iki əsr əvvəl irəli sürülən “Amerika qullarının azadlığı” şüarı altında gizli məqsədini cənubdakı əkin sahələrindən şimaldakı fabriklərə qul gətirmək kimi dəyərləndirdi və qeyd dedi:
“Bu gün də feminizm, qadın azadlığı və hüquqları şüarları adı altında və bəziləri artıq məlum, bəziləri isə sonradan üzə çıxacaq olan insanlıq əleyhinə və siyasi məqsədlər gizlənir”.

İnqilab Rəhbəri daha sonra sözlərinə belə davam etdi:
“Biz İslamın qadınlarla bağlı prinsiplərini izah edən təlimlər toplusu məntiqini cəmiyyətə qəbul etdirməliyik və ona əsasən fəaliyyət göstərməliyik, təbii ki, inqilabdan sonra bu sahədə çox işlər görülüb”.

İnqilab Rəhbəri evlilik məsələsini İslamda qadınla bağlı nizamnamənin ilk əsas prinsipi olaraq dəyərləndirdi:
“Quranın müxtəlif ayələrinə əsasən, qadın və kişi bir-biriylə eyni cinsdən, həyat yoldaşı və bir-birini tamamlayandır”.

Həzrət Ayətullah Xamenei qadın və kişinin həyat yoldaşı olması və bir-birini tamamlamasının zəruriliyini “Ailə” adlı üçüncü bir anlayışın formalaşması ilə əlaqələndirərək buyurdu:
“Buna əsasən, ailənin qurulması yaradılışın İlahi sünnətidir və xoşbəxtlikdən İran mədəniyyətində də ailəyə bağlılıq xalqın mədəni dərinliyinin və gücünün mühüm göstəricilərindən biridir”.

İnqilab Rəhbəri İslamın qadın haqqında digər bir prinsipinin “qadın və kişinin mənəvi inkişafda, insani yüksəlişdə və pak həyat əldə etməkdə heç bir fərqinin olmaması kimi dəyərləndirərək vurğuladı:
“İslam baxımından qadın və kişi fiziki fərqliliklərinə baxmayaraq, hər ikisi fikri və əməli potensiala, eyni zamanda sonsuz yaradıcı istedadlara sahibdirlər. Bu səbəbdən qadın da kişi kimi müxtəlif elmi, siyasi, ictimai, iqtisadi, beynəlxalq, mədəni və incəsənət sahələrində rol oynaya bilər və bəzi hallarda bu sahələrdə fəaliyyət göstərməsi vacibdir”.

O Həzrət İslam baxımından qadın və kişinin ailədəki fərqli rollarının birinin digərindən üstünlüyü anlamına gəlmədiyini vurğulayaraq qeyd etdi:
“Qadın və kişi ailədə bərabər hüquqlara malikdirlər. Lakin İslam hiss baxımından qadını bir gül kimi görür ki, onun təravəti və ətrindən ailədə qayğı ilə istifadə edilməli və qorunmalıdır”.

İslam baxımından vurğulanan digər bir məsələ də qadın və kişi arasındakı ünsiyyət və münasibətlərdəki məhdudiyyətlərdir. Bu barədə İnqilab Rəhbəri belə qeyd etdi:
“İslam hicab, iffət və baxış məsələsində xüsusi vurğu və ehtiyatlara malikdir. Əlbəttə, bu gün Qərbdəki əxlaqi pozğunluqlar da nisbətən yenidir. Avropa qadınının iki-üç əsr əvvəlki ədəbi əsərlərdəki təsvirləri göstərir ki, Qərbdə də qadın məsələsinə dair çoxlu qaydalar və məhdudiyyətlər mövcud olub.”

Həzrət Ayətullah Xamenei qadınların universitetlərdə və elmi hövzələrdəki parlaq elmi və tədqiqat fəaliyyətlərinə işarə edərək bildirdi:
“Bu gün müctəhid qadınların sayı az deyil və hətta inanırıq ki, kişilərin düzgün və dəqiq dəyərləndirə bilmədiyi bir çox qadın məsələlərində xanımlar qadın müctəhidlərə təqlid etməlidirlər”.

Ayətullah Xamenei alim, universitet müəllimi, yazıçı, şair və sənətkar qadınların dini dəyərlərə sadiq qalaraq inkişafını inqilabdan əvvəlki dövrlə müqayisə edilməz hesab edərək buyurdu:
“Əlbəttə, düşmən də boş dayanmır və planlar qurur. Çünki onlar tez başa düşdülər ki, sərt metodlarla, məsələn, müharibə, bombardman, millətçilik və fitnəçi qüvvələrlə inqilabı məğlub etmək və diz çökdürmək mümkün deyil. Buna görə də, onlar yumşaq metodlara, yəni təbliğat, vəsvəsə və sədaqətdən uzaq şüarlara əl atıblar”.

İnqilab Rəhbəri düşmənin müqavimət barədə yanıldığını vurğuladı:
“Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar”.

Daha sonra o Həzrət Nəsrullah və Sinvarın ruhunun diri olduğunu bildirdi:
“Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir”.

Ayətullah Xamenei kökü kəsiləcək olanın İsrail rejiminin özü olacağını buyurdu:
“Sionist rejim xam xəyalları ilə Suriya vasitəsilə Hizbullahı mühasirəyə almaq üçün özünü hazır edir, lakin kökü kəsiləcək olan elə İsrailin özüdür”.

İranın müqavimətə kömək edəcəyini bildirən o Həzrət belə buyurdu:
“Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik”.

Sonda Ayətullah Xamenei öz duasında belə qeyd etdi:
“Ümidvarıq ki, Fələstin və Hizbullah mübarizləri düşmənləri olan sionist rejimin öz ayaqları altında əzildiyi günü görəcəklər, inşallah”.