Sual 52: Siyasi, ictimai və mədəni məsələlərdə vəliyyi-fəqihin (müsəlmanların rəhbəri) fətvası ilə mərcəyi-təqlidin fətvası bir-birinə zidd olduqda, müsəlmanların şəri vəzifəsi nədir? Elə bir meyar vardırmı ki, onun əsasında hansı məsələdə vəliyyi-fəqihin və hansı məsələdə mərcəyi-təqlidin verdiyi hökmə əməl edəcəyimizi bilək? Məsələn, əgər musiqi məsələsində mərcəyi-təqlidin nəzəri ilə vəliyyi-fəqihin nəzəri bir-birinə zidd olarsa, kimin nəzərinə əməl etmək vacibdir və kifayət edir? Ümumiyyətlə, vəliyyi-fəqihin nəzəri mərcəyi-təqlidin nəzərindən önəmli olduğu hökumət əmrləri hansılardır?

Cavab: İslam ölkəsinin idarə edilməsinə və bütün müsəlmanlara aid olan məsələlərdə vəliyyi-fəqihin nəzərinə əməl olunmalıdır. Amma sırf fərdi məsələlərdə hər bir mükəlləf[1] öz mərcəyi-təqlidinin fətvasına əməl etməlidir.

                                                                                                                                  

Sual 53: Bildiyiniz kimi, “Usuli-fiqh” elmində “mutəcəzzi ictihad”[2] adlı bir məsələdən bəhs olunur. İmam Xomeyninin (r.ə) mərcəiyyəti rəhbərlikdən ayırması, “mutəcəzzi ictihad” məsələsinə aiddirmi?

Cavab: Vəliyyi-fəqihin rəhbərliyi ilə mərcəyi-təqlidin mərcəiyyətinin bir-birindən ayrılmasının, “mutəcəzzi ictihad” məsələsinə aidiyyatı yoxdur[3].

                                                                                                                                  

Sual 54: Əgər mən mərcəyi-təqlidlərdən birinə təqlid edirəmsə və bu halda vəliyyi-fəqih zalım kafirlərə qarşı müharibə və ya cihad əmri verərsə, lakin mənim mərcəyi-təqlidim müharibədə iştirak etməyə icazə vermirsə, mən mərcəyi-təqlidimin nəzərinə əməl etməliyəmmi?

Cavab: İslam cəmiyyətinin ümumi məsələlərində (belə ki, bu məsələlərdən biri kafirlər və təcavüzkar hegemonlar qarşısında İslamı və müsəlmanları müdafiə etməkdir) vəliyy-fəqihin hökmünə əməl etmək vacibdir.

                                                                                                                                  

Sual 55: Vəliyyi-fəqihin hökmü və ya fətvasını hansı həddə yerinə yetirmək mümkündür? Əgər vəliyyi-fəqihin nəzəri ilə ələm mərcəyi-təqlidin nəzəri bir-birinə zidd olsa, kimin nəzəri önəmlidir?

Cavab: Vəliyyi-fəqihin hökmünə əməl etmək hamıya vacibdir və mərcəyi-təqlidin fətvası vəliyyi-fəqihin hökmü ilə müxalifət edə bilməz.

                                                                                                                                  

[1] Şəri hökümlərə əməl etmək vəzifəsi olan şəxs mükəlləf adlanır.

[2] Yəni fiqhin müəyyən bir bölümündə və ya bölümlərində ictihada çatmaq.

[3] Yəni İmam Xomeyninin vəliyyi-fəqihin mərcə olmasını şərt bilməməsi ilə fiqhin müxtəlif bölmələrində ictihada çatmaq məsələsi tamam fərqli məsələlərdir.