Həzrət Fatimeyi-Zəhranın (salamullahi əleyha) mövludu ildönümündə.

Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Aləmlərin xanımlarının seyidəsi və sonuncu Peyğəmbərin (s) seçilmiş qızı olan Həzrət Zəhranın (salamullahi əleyha) mübarək mövludunu təbrik edirəm. Bu gün bizim məclisimiz olduqca nurani, mənəvi və şirin keçdi. Həm siz əziz qardaş və bacılar, dinləyicilər, həm də aparıcı və surud oxuyanlar, həqiqətən və insafla desək, hamımızın ehtiyac duyduğu bu günün mənəvi halını təmin etdiniz. Allah sizi qorusun və müvəffəq etsin. Həzrət Zəhra (salamullahi əleyha) barədə qısa bir cümlə, məddahlıq və məddahlarla bağlı bir qeyd, eləcə də gündəlik məsələlər haqqında bir neçə məqamı sizinlə bölüşmək istəyirəm.

Allah-təala kişili-qadınlı bütün insanların hamısı üçün iki qadını nümunə olaraq göstərmişdir: “Allah iman gətirənlər üçün Fironun zövcəsini misal çəkdi” və daha sonra “və İmranın qızı Məryəmi”. Allah-təala bu iki qadını yalnız qadınlar üçün deyil, bütün bəşəriyyət üçün, istər kişi, istərsə də qadın üçün nümunə olaraq təqdim edib. Həm şiə, həm də sünni mənbələrindən müxtəlif yollarla rəvayət edilən bir hədisdə Peyğəmbər (s) buyurur: “Mənim Zəhramın üstünlüyü bu iki qadının üstünlüyündən daha çoxdur”. Bunu nəzərə alın ki, bu qadınların nümunə olması yalnız fəzilət baxımından deyil, onlar həm də örnək və zirvədirlər. Ola bilər ki, biz o zirvəyə çata bilməyək və əlbəttə ki, çatmarıq, amma həmin zirvəyə doğru irəliləməliyik. Həzrət Fatimeyi-Zəhranın (salamullahi əleyha) qısa ömründə, Peyğəmbərin (s) vəfatından sonra cəmi iki-üç ay ərzində (rəvayətlərdə fərqli olaraq göstərilir) hamının gördüyü və o alicənabda zahir olan bütün xüsusiyyətlər yalnız müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün bir nümunə ola bilər.

Bir tək və gənc qadının böyük bir cəmiyyət, güclü bir hökumətin qarşısında dayanması, haqqı müdafiə etməsi, şücaət göstərməsi, öz məntiqi ilə bütün məntiqli insanları özünə inandırması, işi yarımçıq qoymaması və Mədinə qadınlarının onun ziyarətinə gəldiyi həyatının son günlərinə qədər olan vaxtlarda belə həmin həqiqətləri və dinin möhkəm əsaslarını bəyan etməsi yalnız Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) kimi bənzərsiz və seçilmiş bir şəxsiyyətə xasdır. Ancaq bu xüsusiyyətlərin hər biri bir nümunədir: haqq uğrunda qiyam etmək, şücaət, sözü açıq-aşkar demək, güclü məntiq və müqavimət. Bu elə Allah-təalanın Quranda buyurduğu məsələdir: “Allaha xatir iki-iki, bir-bir qiyam edin...” (“Səba”, 46). İki nəfər olsanız da, Allah yolunda və onun əmrinə zidd olanlara qarşı durun və qiyam edin, əgər iki nəfər də olmasanız, yalnız olsanız belə, yenə də qiyam edin. Bu ayənin ən real nümunəsi Fatimeyi-Zəhradır (salamullahi əleyha).

Sünni alimlərindən biri olan Xarəzmi bir hədisi nəql edir. (Bildiyiniz kimi) Salman da birinci dərəcəli səhabələrdəndir. Rəsulullah (sallallahu əleyhi və alihi) Salmana belə buyurmuşdu: “Ey Salman, Fatimənin məhəbbəti yüz yerdə sənə fayda verəcəkdir.” Yəni Fatiməmə olan məhəbbətiniz yüz yerdə dərdinizə dəyər, yəni bu yüz yer dünya həyatından sonrakı mərhələlərə aiddir. Ardınca belə buyurur: “Ən yüngül yer isə ölüm və qəbirdir”. Yəni Peyğəmbər bu hədisi özünün ən yaxın səhabəsinə deyib. Fatimənin məhəbbətinin sizə fayda verəcəyi bu yüz yerin ən asanı ölüm halında və qəbirdədir. Bu hədis Fatimeyi-Zəhranın (salamullahi əleyha) məhəbbəti haqqındadır. İlk baxışda bu hədisin mənası budur ki, əgər siz Fatimeyi-Zəhraya (salamullahi əleyha) məhəbbət bəsləsəniz, bu fəzilət sizə məxsus olacaqdır. Bu doğru bir anlamdır və heç bir iradı yoxdur. Sizin Fatimeyi-Zəhraya məhəbbətinizin yüz yerdə dərdinizə dəymək xüsusiyyəti var. Lakin diqqət etdikdə bu mənanın kənarında başqa bir məna da var və o da budur ki, “Fatimeyi-Zəhranın insana olan məhəbbəti” də həmin faydanı verir. Bu məna da bizim dilimizdə istifadə olunur. Məsələn, bir şəxsə deyirlər: “Filankəsin səninlə olan dostluğu sənin işinə yarayacaq”. Bu nə deməkdir? Yəni onun səninlə olan dostluğu mənasına gəlir. Beləliklə, bu ikinci məna mühüm və eyni zamanda da çətindir. Birinci məna asandır. Hər kəs bu günəşi, nur saçan ayı, parlaq ulduzu və o fəzilətləri görsə, təbii ki, məhəbbəti yaranar. Amma bu ikinci məna, yəni çətin olan hissə onun sizə məhəbbət bəsləməsidir.

Bu (deyilən) sözlərin bir hissəsi məddahların məclisinə uyğundur: Fatimeyi-Zəhra (salamullahi əleyha) o kəsə məhəbbət bəsləyir ki, həmin xüsusiyyətləri öz həyatında nümunə götürsün. Bu xüsusiyyətlərdən biri də “Təbyin”dir. Həzrət Zəhra (salamullahi əleyha) ilk andan etibarən təbyinə başladı, həqiqətləri bilməyənlərə və ya bilib də gözardı edənlərə, ya da bilib unudanlara göstərdi. “Təbyin” Fatimeyi-Zəhranın (salamullahi əleyha) ən mühüm işidir.

“Məddahlıq” təbyində Fatimeyi-Zəhraya tabe olmaqdır. Mən burada haşiyə olaraq qeyd etmək istəyirəm ki, bu gün bu cənabların həyata keçirdikləri proqramlar təbyin idi, yəni Əhli-beytə (əleyhimussalam) olan duyğu, eşq və məhəbbəti ifadə etməklə yanaşı, həqiqətləri təbyin və günün həqiqətlərini bəyan etdilər. Fatimeyi-Zəhra da günün həqiqətlərini bəyan edirdi, o zamana aid günün hadisəsini və günün məsələləri olan məsələləri açıqlayırdı. Günün məsələlərinin açıqlanması çox mühüm bir vəzifədir. Buna görə də Peyğəmbərin hədisində deyilir: “Mömin canı, qılıncı və dili ilə cihad edir”: mömin bəzən canı ilə cihad edir, yəni cəbhəyə gedir, bəzən qılıncı ilə, yəni silahdan istifadə edir və bəzən də dili ilə. Dil ilə cihad cihadın mühüm növlərindən biridir və bəzən can ilə cihaddan da təsirli və əhəmiyyətlidir. Bu məclisdə olan siz məddah qardaşlar və bütün ölkə üzrə məddahlar bu sözün müxatəbidirlər: (bu deyilənlər) dil ilə cihadı (barəsində idi).

Yaxşı, bu cihadın vəsaitləri sizin ixtiyarınızdadır, sizdə tərkib olmuş bir sənət var. Məddahlıq tərkibi bir sənətdir, həm forma, həm məzmun, hər ikisi sənətdir, yəni həm söz sənətdir, həm məna. Yəni burada bir neçə sənət bir araya gəlib və məddahlığı meydana gətirib. İstədiyim budur ki, məddahlığın qədrini bilək, həm biz bilək, həm də özləri bilsinlər. Məddahlıq bir neçə sənətin tərkibidir; səs sənəti, musiqi, şeir, kütləni idarəetmə sənəti ki bu özü də böyük bir sənətdir, camaatla üzbəüz olmaq sənəti. Siz sosial şəbəkələrdə insanlarla üzbəüz olmursunuz, amma həqiqi məclisdə, real həyatda insanlarla danışırsınız, üz-üzə gəlirsiniz. Bunun özü də mühüm bir sənətdir. Beləliklə də məddahlıq hərtərəfli bir mediadır. Çünki bir mediadır, buna görə də təbyin vasitəsi ola bilər, özü də mühüm təbyin vasitəsi.

Bizim bu gün təbyinə ehtiyacımız var. Bu gün düşmənin əsas işlərindən biri şübhə yaratmaqdır. Onlar plan cızırlar, bəziləri sizin aşkar xəbərlərdə gördüyünüzdür, bir miqdarı isə aşkar xəbərlərdə görünmür, amma bizim məlumatımız var. Onlar zehnləri həqiqətdən uzaqlaşdırmaqdan ötrü plan cızır və pul xərcləyirlər. Kim cavab verməlidir? Kim bu əyri xətti düzəltməlidir? Kim təbyin etməlidir? Siz bu böyük işi görə bilənlərdənsiniz.

Əgər bu məddahlıq hərəkətiniz agahlıq verici olarsa, əlbəttə, əvvəlcə agahlıq, sonra ümidverici olarsa, yəni məyus edici olmazsa və hərəkətverici təsir bağışlarsa, o zaman siz çox böyük və əsaslı bir iş görmüş olarsınız ki, bu məqsəd bir çox danışıq və təbliğat vasitələri ilə əldə edilmir. Düşmənin əsas işlərindən biri qorxu yaratmaq və insanları hürkütməkdir. Siz düşmənin qorxu yayması, ixtilaf salması və ümidsizlik yaratması ilə mübarizə apara bilərsiniz. Diqqət edin! Dediklərimin hər biri əsas bir ünsürdür, o cümlədən cəmiyyətin dirçəlişi və burada verdiyiniz bu şüarlar “Biz geri çəkilmərik”, “Biz İslam bayrağını Colanda dalğalandırarıq”, “Biz Şamın müqəddəs ziyarətgahını müdafiə edərik” və bu kimi şeylər bu ünsürlərdən asılıdır, yəni düşmənin qorxu yayması, ixtilaf və ümidsizlik yaratması ilə mübarizə aparmaq lazımdır. Düşmənin əsas vasitəsi qorxu yaymaq və hürkütməkdir. Siz güclüsünüz, amma o sizin zəifliyinizi təbliğ edir ki, sizi qorxutsun. Sizin əlinizdə yetərincə imkan var, amma o sizin əlinizdə bir şey olmadığını təbliğ edir ki, sizi naümid etsin. Bu məqamlara diqqət yetirməlisiniz.

İslamın ilk dövrlərində Ühüd döyüşündə müsəlmanlar ciddi zərbə yedilər. Həmzə Seyidüş-Şühəda kimi bir şəxsiyyət şəhid oldu, Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhissalam) kimi bir şəxsiyyət başdan-ayağa yaralandı, hətta Peyğəmbəri-Əkrəm (s) şəxsən zərər gördü, bir qisimi şəhid oldu. Mədinəyə qayıtdıqda münafiqlər yaranmış vəziyyətdən təbliğat məqsədilə yararlanmaq üçün vəsvəsə etməkdə fürsət gördülər və vəsvəsəyə başladılar və dedilər: “İnsanlar sizə qarşı birləşiblər, onlardan qorxun!” (Ali-İmran, 173). Dedilər ki, hamı sizin əleyhinizə əl-ələ verib birləşiblər, onlardan qorxun. Başladılar belə sözlər danışmağa. Aallah-təala bu hadisəyə görə vəhy göndərdi. Qurani-Kərim buyurur: “Bu yalnız şeytandır ki, öz dostlarını qorxudur, əgər möminsinizsə, onlardan qorxmayın!” (“Ali-İmran”, 175). Beləliklə, Quranın möhkəm yumruğu münafiqlərin vəsvəsə edici ağzının üstünə dəydi. Bu gün bu “Bu yalnız şeytandır ki,...” siz deməlisiniz. Ədəbiyyat, şeir və düşüncə sahibləri bir araya gəlib oturub düşünsünlər. Müxatəb üçün məntiqli və cazibədar bir yol tapıb şeir formasında, məddahlıq avazıyla və Əhli-Beytin (ə) mötəbər məddahlığı vasitəsilə xalqa çatdırmaq lazımdır. Bu da “Bu yalnız şeytandır ki, öz dostlarını qorxudur,...” barədə.

Bu gün bölgəmizdəki xəbərlərin əsas mövzusu Suriya məsələləridir. Mən bu barədə təhlil etmək istəmirəm. Qoy başqaları təhlil etsinlər. Amma mənim bu barədə deyəcəyim bir neçə məqam var.

Birinci məqam budur. Bir qrup iğtişaşçı xarici dövlətlərin dəstəyi, onların planları və ssenariləri ilə Suriyanın daxili zəifliklərindən istifadə edərək ölkəni qeyri-sabitliyə və hərc-mərcliyə sürüklədilər. Mən təxminən iki-üç həftə əvvəl burada bir çıxışımda dedim ki, Amerikanın ölkələrə hakim kəsilmək strategiyası iki variantdan birinə əsaslanır: ya bir şəxsin idarə etdiyi avtoritar hökumət yaratmaq və belə olan halda onlar həmin hökumətlə əməkdaşlıq edir, danışığa gedir və ölkənin sərvətlərini aralarında bölüşdürürlər, ya da bu mümkün olmadıqda hərc-mərclik və iğtişaş yaratmaq. Suriyada vəziyyət iğtişaşla nəticələndi və hərc-mərclik yaratdılar. İndi isə amerikalılar, sionist rejim və onların müttəfiqləri özlərini qalib hiss edirlər. Onlar hesab edirlər ki, qələbə qazanıblar və buna görə də boşboğazlığa yol verirlər. Şeytan əhlinin xüsusiyyəti də budur ki, özlərini qalib hiss etdikdə dillərinə nəzarəti itirir, boşboğazlıq edir və mənasız sözlər deyirlər. Bu gün onlar belə boşboğazlığa düçar olublar. Bir amerikalı rəsmisinin boşboğazlıqlarından biri budur: “İranda hər kim iğtişaş törətsə, biz ona kömək edəcəyik.” Onun sözünün məzmunu budur, bunu açıq şəkildə demir, amma sözü budur. Dediyini üstüörtülü ifadələrlə söyləyir, amma tam aydın şəkildə bu mənanı verir. Bu axmaqların burnuna kəbabın iyi gəlib! Birinci məqam budur ki, İran xalqı bu məsələdə Amerikanın muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir.

İkinci məqam gəldikdə isə, sionist ünsür özünü qələbə çalmış kimi göstərir, qalib insanların simasını özündə əks etdirir və gəlib boşboğazlıq edir və rəcəz oxuyur. Bədbəxt! Siz harada qalib oldunuz? Qəzzada qalib oldunuz? İnsan qırx mindən çox qadını, uşağı və körpəni bombalarla qətlə yetirərək, əvvəlcə elan etdiyi hədəflərdən birini belə reallaşdıra bilmirsə, qalib sayılır? Siz HƏMAS-ı məhv etdiniz? Siz Qəzzada əsirlərinizin azad edilməsinə nail oldunuz? Siz deyirdiniz ki, Hizbullahı məhv edəcəksiniz, amma siz Seyid Həsən Nəsrullah kimi əzəmətli bir şəxsiyyəti şəhid etdiniz, bununla belə Hizbullahı məhv edə bildinizmi? Hizbullah diridir, Fələstin müqaviməti, HƏMAS və Fələstin İslami Cihad Hərəkatı diridir, siz isə qalib deyilsiniz, məğlub olmusunuz. Bəli, Suriyada qarşınızda heç bir maneə yox idi. Əlisilahlı bir əsgər də qarşınızda yox idi, buna görə də bir neçə kilometr tank və hərbi texnika ilə irəliləyə bildiniz, [amma] bu, qələbə deyil. Qarşınızda heç bir maneə yox idi, bu, qələbə sayılmaz. Əlbəttə, qeyrətli və şücaətli suriyalı gənclər sizi, şübhəsiz ki, buradan çıxaracaqlar.

Amma üçüncü məqam. Müxtəlif təbliğatlarda, xüsusilə də qarşılarında İran İslam Respublikası olduğu üçün davamlı olaraq deyirlər ki, İslam Respublikası bölgədə öz niyabəti qüvvələrini itirdi. Bu da başqa bir yanlış. İslam Respublikasının niyabəti qüvvələri yoxdur. Yəmən mübarizə aparır, çünki iman sahibidir, Hizbullah mübarizə aparır, çünki iman gücü onu döyüş meydanına gətirir, HƏMAS və İslami Cihad mübarizə aparır, çünki etiqadları onları bu işə sövq edir. Onlar bizi niyabət etmirlər. Biz bir gün hərəkətə keçmək istəsək, niyabəti qüvvələrə ehtiyacımız olmayacaq. İmanlı və şərafətli insanlar Yəməndə, İraqda, Livanda, Fələstində və inşallah, yaxın gələcəkdə Suriyada vardır və olacaqlar da. Onlar özləri üçün zülm, cinayət, nəhs və təhmili (öz batil maraq və hədəflərini başqalarına zorla qəbul etdirən) sionist rejimi ilə mübarizə aparırlar. Biz də mübarizə aparırıq və inşallah, bu rejimi bölgədən silib atacağıq.

Mənim dediklərim siyasi bir açıqlama deyil, bunlar bizim yaxından dərk etdiyimiz həqiqətlərdir. Bunları bilməyiniz sizin üçün yaxşıdır. Livan Hizbullahı şərəfli, güclü və polad bir iradəyə sahib olan bir təşkilatdır ki, 60-cı illərdə Livanda baş verən iğtişaşların içindən meydana çıxmışdır. O dövrdə bütün bölgəni daxili müharibələr, iğtişaşlar və əmniyyətsizliklə bir-birinə qarışdırmışdılar. Tam da bu qeyri-sabitliyin ortasından və təhdidlərin içindən Hizbullah fürsəti ortaya çıxdı. Əziz şəhidimiz Seyid Həsəndən əvvəl mərhum Seyid Abbas Musəvi və başqaları da vardı, onlar da şəhid oldular. Onların şəhadəti əgər Hizbullahı gücləndirdi də deməsək, zəiflətmədi də. Bu gün də vəziyyət belədir, sabah da belə olacaq. Təhdidlərin içindən fürsətlər doğulur, əgər biz diqqətimizi toplasaq, məsuliyyət hiss etsək və qəlbimizdə və dilimizdə olanları əməl zamanı göstərə bilsək.

Mən isə bu hadisənin, yəni Suriyada da şərəfli və güclü bir qruplaşmanın meydana çıxmasının baş verəcəyini proqnozlaşdırıram. Suriyalı gənclərin itirəcək bir şeyləri yoxdur: universitetləri, məktəbləri, evləri, küçə-prospektləri və yaşayışları təhlükəsiz deyil. Belə olan halda nə etməlidirlər? Güclü iradə ilə bu əmniyyətsizliyi planlaşdıranlara və həyata keçirənlərə qarşı dayanmalıdırlar və inşallah, onlara qalib gələcəklər. Allahın lütfü ilə məntəqənin gələcəyi bugünkündən daha yaxşı olacaq.

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun.