İranla Səddam rejimi arasında İran xalqının Müqəddəs Müdafiə adlandırdığı müharibə (1980-1988) İran tarixinin elə bir dönəmində baş verdi ki, ölkə təzəcə xalqın imperializmə bağlı və azğın hakimiyyətə qarşı inqilabı ilə öz ayağı üstə dayanmaq üçün təlaşda idi. Bu müharibə İraq Bəəs rejiminin Şərq və Qərb güclərinə arxalanmaqla İran xalqına qarşı başladığı 8 illik qeyri-bərabər, qəbul etdirilmiş  müharibə idi. İran xalqı da öz dini qeyrəti və İmam Xomeyninin (r) göstərişləri sayəsində boş əllə, iman qüvvəsi hesabına tarixi qəhrəmanlıq göstərdi.

Hazırda İslam torpaqlarının bu 8 illik Müqəddəs Müdafiəsinin başlamasından 43 il ötür. Amma İslam yolunda şəhidlərin qanının səmərəsi hər gün daha da təravətlənir, İslami İranın istiqlal və izzəti qarşısında yeni yollar açılır.

İranın bugünkü gəncliyi İmam Xomeyni (r) və Müqəddəs Müdafiə illərini görməmiş bir nəsildir. Bununla belə, İmamın və şəhidlərin yoluna, inqilabın  ideyalarına hər bir iranlıdan daha çox etiqadlı və bağlıdırlar.

Bu 8 illik müharibədə İranın azəridilli vilayətlərinin döyüşçülərindən təşkil olunmuş Aşura diviziyası öz din və vətən qeyrətini göstərdi, on min qəhrəman övladını o çətin illərdə İslam yolunda qurban verdi. İmam Xamenei onları, Aşura diviziyasının qeyrətini, Azərbaycan döyüşçülərini dəfələrlə xoş sözlərlə yada salmışdır.

Aralarında  müəllim və fəhlə, dükançı, tələbə və ruhani, könüllü və hərbçi, SEPAH üzvü, qoca və cavan olan bu on min şəhid çiyin-çiyinə hamılıqla bir məqsədlə - vətən və namusun müdafiəsi yolunda döyüşdü. Yol vermədilər ki, vətən torpağının bir qarışı düşmən əlinə düşsün. Onlar inqilabın köklərini öz qanları ilə suvardılar.

Bu günlərdə, Şərqi Azərbaycan vilayəti şəhidlərinin anımı ərəfəsində Təbriz şəhərinin fəzası təkrar şəhid rayihəsi ilə ətirlənib. Şəhidlər haqqında təsirli sözlər, şəhidlərin nurani şəkilləri, vəsiyyətnamələri şəhər boyu şəhidlərdən danışır. Məclislərin əsas sözü şəhidlər haqqında xatirələrdir. Gənclər şəhidlərin isar və rəşadəti haqqında böyüklərdən eşitməyə müştaqdırlar.

Bu günlərdə xəbər çatdı ki, bir qrup adsız şəhid tezliklə Şərqi Azərbaycan şəhərləri, xüsusilə Təbrizin  fəzasını ətirləndirəcək. Bu şəhidləri xalq Həzrət Zəhranın (s) mənəvi övladları, Ruhullah (İmam Xomeyni) əsgərləri hesab edirlər.

Amma başqa bir xəbər şəhid ailələrini daha çox intizarda saxladı: bu qəhrəman övladları tərbiyə etmiş şəhid ailələrinin şəhidlər İmamı, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah İmam Xamenei ilə görüş xəbəri!

Görüş günü gəlib çatdı. Böyük  şövqlə İmam Xomeyni (r) hüseyniyyəsinə ilk çatanlardanam. Tədricən şəhid ataları, şəhid anaları, şəhid övladları, şəhid ailələri, anım mərasiminin təşkilatçıları gəlirlər.

Burada qonaqlardan təşkilatçılara qədər çoxu türkcə danışır. Özümü şəhərimizdə hiss edirəm. Saniyələr ağır ötür, görüş yanğısı hər an daha da güclənir. Salondakılar səbirsizliklə öz İmamının, rəhbərinin gəlişini gözləyir.

Fürsəti qənimət sayıb mərasimin bəzi qonaqlarına yaxınlaşıram. Komandan şəhid Mehdi Bakirinin həyat yoldaşını uzaqdan tanıyıram. Hüseyniyyənin qonaqlarındandır. Xatırlayıram ki, şəhid Bakiri həmişə öndəki komandanlardan idi.  Şəhid Süleymani kimi döyüş yoldaşlarının dediyinə görə, şəhid Bakirinin mühüm xüsusiyyətlərindən biri bu idi ki, “gedin” əmr etməzdi, özü qabaqda gedər, “gəlin” deyərdi. Şəhid Həmid Bakirinin övladı da görüşün xüsusi qonaqları arasında idi.

Şəhid Həmid və şəhid Mehdi Bakiri Azərbaycan və İranın ən əziz şəhidlərindəndir. Xalq onları göstərdikləri qəhrəmanlıqlara görə çox sevir. Şəhid Mehdi Bakirinin həyat yoldaşı düşünür ki, şəhidin əziz olmasının, bir nümunəyə çevrilməsinin  səbəbi onun səbri, sabitqədəmliyi, müqaviməti, vilayətçiliyidir.  Xanım Bakiri tövsiyə edir ki, hamı çalışsın, şəhidin həyatını uşaqlığından şəhadətinə qədər, ailə həyatından ictimai fəaliyyətlərinə qədər mütaliə etsin. O deyir ki, ölkənin və İslamın amanda qalması üçün vilayətə bağlılıq Mehdinin əsas tövsiyələrindən olub.

Hüseyn Şərəfxanlı bestseller kitabları ilə tanınır. O da bu görüşə dəvət edilib. Şəhid atası tərəfindən Rəhbərlə beyəti yeniləmək üçün gəlib. Daim qeydlər aparır ki, bu görüşü də bir millətin xatirələrində yerləşdirsin.

O, Müqəddəs Müdafiə təcrübəsini İranın birliyi və düşmən qarşısında sığortalanması səbəbi sayır. Şərəfxanlının nəzərincə, əvvəllər “şəhadət” İslam ədəbiyyatında tarixi məna daşıyıb. Amma Müqəddəs Müdafiə bu sözə İslamın müdafiəsi kimi yeni məna verib, Aşura daha canlı bir rəvayətə çevrilib. Şəhadət, veteranlıq, İmam Hüseyn (ə), Həzrət Əbülfəzl (ə), Həzrət Zeynəb (s), vilayət kitab və rəvayətlərdə qalmayıb, Aşuranın müasir oxunuşuna çevrilib.

Sonra məclisin qurtaracağında əyləşmiş qoca kişiyə yaxınlaşıram. Zahirən, 80 yaşı olar. Onunla söhbətə başlayıram. Öyrənirəm ki, bir şəhid, iki veteranın atasıdır. Beli bükülmüş bu insan 8 mədrəsə, 4 məscid tikib, 85 yoxsul ailəyə yardım edir. Çalışır ki, inqilab və İslamın tərəqqisində payı olsun. Hacı Hüseyn Keyvani adlı bu şəxs Bostanabaddandır. Oğlu Səid 18 yaşında şəhadətə çatıb. O deyir ki, Səid məmləkət və namusun müdafiəsi üçün düşmənlə savaşa gedib. Əgər ölkənin buna yenə ehtiyacı olsa, nəinki övladlarımı cəbhəyə göndərərəm, özüm də 80 yaşda onlardan qabaq gedərəm.

Yavaş-yavaş görüş şövqündə olanlar artır. Hacı Səməd Qasimpur Təbrizin böyük şairlərindəndir. Aşura ordusu döyüşçüləri onu “Lay-lay ey cəbhələrin yorğunu, ey xəstə cavanlar; Lay-lay ey şəhdi şəhadətdən içib kamə çatanlar” şeirindən tanıyırlar. Hüseyniyyənin qonağı olan başqa bir şəhid övladı şairin yanında əyləşib, həmin şeiri şairlə birlikdə zümzümə edir.

İmam Xomeyni (r) hüseyniyyəsində də həmin şeirlə, Hacı Təqi Cəbbarinin ifası ilə Müqəddəs Müdafiə dövrünün fəzası yaranır, anamız Həzrət Zəhra (s) haqqında növhələr oxunur.
 

Lay-lay ey cəbhələrin yorğunu, ey xəstə cavanlar,

Lay-lay ey şəhdi şəhadətdən içib kamə çatanlar.

Lay-lay Ərvənd kənarində qızıl qanə batanlar,

Xoş yatın, yaxşı yatıbsız, yaxşı dünyanı atıbsız…

 

Məclisin yuxarı hissəsində “Ali-İmran” surəsinin 170-ci ayəsi görünür: “Onlar (şəhidlər) Allahın nəsib etdiyi fəzl və rəhmətə şaddırlar”
(فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ)
Başqa bir plakatda İmam Xomeyninin (r) tarixi dərs olacaq sözləri gözə dəyir: “Şəhidlərin qanı dünya üçün əbədi müqavimət dərsidir!”

Məclisin başqa bir guşəsində Şərqi Azərbaycan vilayətinin iki məsulu ilə tanış oldum. İkisi də şəhid övladı idi. Bu iki şəxslə söhbət mənə böyük dərs oldu. Birinin atası xalça sexində fəhlə imiş, digərinin atası xalça taciri və cəbhədə şəhadətə çatmışdılar. Bu onu göstərir ki, İranda bütün zümrələr, təbəqələr vətən, namus, İslamın müdafiəsi müqabilində məsuliyyət hiss ediblər. Beləcə, meydana gediblər ki, istər qərbdə, istər cənubda İranın bir qarış torpağı  düşmən əlinə düşməsin və bu bütün dünyaya böyük müqavimət dərsi olsun.

İmam Xameneinin hüseyniyyəyə gəlmək vaxtı yaxınlaşırdı. Hamı onun ziyarətinə müştaq idi. İslam İnqilabı Rəhbərinin gəlişindən qabaq Müqəddəs Müdafiənin veteranlarından olan Seyid Nurəddin Afi ilə bir neçə dəqiqə həmsöhbət oldum. Onun maraqlı müharibə xatirələrindən bəhs edən “İran oğlu Nurəddin” kitabı çap olunub. Azərbaycan Respublikasında da kitabın tərcüməsi var. Seyid Nurəddin İmam Xamenei ilə ilk görüşü haqqında deyir: “İmam Xamenei ilə ilk görüşdə namazdan sonra xidmətində oldum. Ağa bu ilk görüşdə ağuşunu açıb dedi ki, salam ey İran oğlu! Dedi ki, kitabını oxumuşam, dəfələrlə xatirələrindən təsirlənib gülmüşəm də, ağlamışam da. Bu görüş və o isti, səmimi qucağı heç vaxt unutmaram”.

Görüş anı yaxınlaşır, insanların arasında hərəm müdafiəçisi şəhid Cavidül-əsər Abbas Abdullahinin oğlu Əmir Abdullahini görürəm. Ağanın hüseyniyyəyə  daxil olmasından qabaq söhbət etdiyim son şəxs o olur. Müqəddəs Müdafiə cəbhələrində neçə il döyüşmüş şəhid Hacı Abbas 2012-ci ildə könüllü olaraq Suriyaya, Həzrət Zeynəbin (s) hərəminin terrorçulardan müdaiəsinə getdi və neçə ay döyüşdən sonra şəhadətə çatdı. Onun cəsədi hələ də İrana qayıtmayıb. 

Əmir Abdullahi deyir ki, şəhid atası ilə fəxr edir və atasının bu günə qədər Təbrizə qayıtmamış cəsədinin Ağa İmam Zamanın (əc) zühuru ilə geri qayıdacağına inanır.

Saatın əqrəbləri 10:31 göstərir. Hamı səbirsizliklə öz İmamı ilə görüşü gözləyir. Pərdələr kənara çəkilir, İmam Xameneinin gəlişi ilə hüseyniyyə şövqə gəlir. Azəri dilində şüarlar deyilir: “Azərbaycan oyaqdır, inqilaba dayaqdır”, “Hüseyn-Hüseyn şüarımız, şəhadət iftixarımız”, “Azərbaycane canbaz, Xameneidən ayrılmaz”. Özü veteran olan Ağa əlini qaldırır,  təşəkkür edir.

Quran qarisi şəhidlərin xüsusiyyəti barədə ayələri gözəl tilavət edir. İnqilab Rəhbəri tilavətdən sonra qarinin istəyi ilə üzüyünü ona hədiyyə edir.

Şərqi Azərbaycanda Vəliyyi-Fəqihin nümayəndəsi və Təbrizin imam-cüməsi Ayətullah Seyid Məhəmməd Əli Ali-Haşim hesabat məruzəsi üçün öncə Vəliyyi-Fəqihdən icazə istədi və dedi: “Şərqi Azərbaycanın 10 min şəhidi böyük mirasdır, Aşura məktəbində tərbiyə almış 10 min Əli Əkbər, İranın bütövlüyü və vəhdətinin təzmini altında 10 min qanlı imzadır!”

Ali-Haşim İranda azərbaycanlı qadın və kişilərin, qoca və cavanların tarix boyu  imperializmə nifrətindən və müqavimətindən danışdı. Söz verdi ki, Təbriz və Azərbaycan əhalisi şəhidlərin yolu və ideal hədəflərini öz müqəddəslikləri kimi qoruyacaq, şəhidlər imamının göstərişlərini öz  yolları üçün çıraq qərar verəcəklər.

Cihad və şəhadət veteranlarından olan və hamının Hacı Əsğər kimi tanıdığı general Əsğər Abbasquluzadə Şərqi Azərbaycan Aşura Diviziyasının komandanı kimi vilayətin 10 min şəhidinin anım konqresinin gedişatı barədə geniş hesabat verdi.

Hacı Əsğər Rəhbərin Təbriz və Azərbaycan əhalisi barədə xoş sözlərini bir iftixar sayaraq, onun təbrizlilər haqqında “İran xalqının azadlıq bayrağı təbrizlilərin əlindədir” sözlərini qürurla təkrarladı. O, Təbrizi Amerika İslamı ilə mübarizənin ön cərgəsində görür. Mehrab şəhidləri, 10 min şəhid İslam və vətənin müdafiəsində azərbaycanlıların iftixar sənədidir.

O, Şərqi Azərbaycan vilayətində şəhidlərin xatirə mərasimlərinin keçirilməsi üçün geniş hərəkatdan danışdı. Cihad və şəhadət mədəniyyətinin genişlənməsində ictimai qrupların fəaliyyətini öz sözlərinə  nümunə olaraq göstərdi. O, Müqəddəs Müdafiə haqqında 50 kitabın çap olunduğunu, daha 40 kitab yazıldığını bildirdi. Dedi ki, Kitablardan 5-i İstanbul türkcəsi və Azərbaycan türkcəsinə  tərcümə edilərək xarici oxucuların ixtiyarına verilib.

Saat 10:55-i göstərir. İntizar sona yetdi, generalın çıxışının başa çatması ilə hamı İmam Xameneinin bəyanatını gözləyir.

İslam İnqilabının Böyük Rəhbəri başlanğıcda müqəddimə olaraq məhərrəm ayı və Aşuranı Kərbəla şəhidlərinin anımı kimi vurğuladı. Buyurdu ki, mərasimlərin təkrarlanması heç bir halda yorucu deyil. Rəhbər buyurdu: “Şəhidlərin xatırlanması da tez-tez təkrarlanmalıdır. Çünki bu təkrar məmləkət gənclərinin rəşadət və şücaətinin xatırlanmasıdır”.

Ali Məqamlı Rəhbər İran tarixi boyu Təbriz və Azərbaycan xalqının xüsusiyyətlərinin tərifəlayiq olduğunu buyurdu. Vurğuladı ki, İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır. Əgər yaddan çıxarsa, sərt bir sillə, zərbə alacaq.

Rəhbər buyurdu: “Azərbaycan onu üstün edən kimliyinə çox diqqətli olmalıdır. Çünki İranda Azərbaycanın üstün kimliyi var. Azərbaycan fədakarlıq və isar yurdudur. İnqilabdan əvvəl günlərdən bu günə qədər üstün kimliyini göstərib və bu fədakarlığın, dəyərlərin nümayişinin zirvəsi Müqəddəs Müdafiə dövrüdür. Azərbaycanlılar və təbrizlilərin şəhadətsevərlikdə, fədakarlıqda üstünlüyü bu günə aid deyil, tarix boyu belə olub.

İmam Xamenei Aşura əzadarlığı kimi, şəhid qanlarının da atəşinin  sönükməsinin yolverilməz olduğunu vurğulayaraq buyurdu: “Şəhidlərin təqva, fədakarlıq və şücaəti parlaq gövhərlərdir və nəsillərə, millətlərə çatdırılmalıdır. Bu baxımdan əliboş olan bəzi millətlər nümunə uydururlar. Amma bizim nümunələrimiz çoxdur və onları cəmiyyətdə işıqlandırmaq lazımdır.

İnqilabın Böyük Rəhbəri şəhidlərin ruhiyyə və xüsusiyyətlərinin qeydə alınmasını İran xalqının kimliyinin həqiqi sənədi adlandıraraq buyurdu: “İran xalqı və şəhidlərin milli və dini kimliyini qorumaq zəruridir, hətta şəhidlərin tərbiyə aldığı ailələrin xüsusiyyətləri müəyyənləşdirilməli və yeni nəsillərə çatdırılmalıdır.

Rəhbər Müqəddəs Müdafiədə və İranın bütövlüyünün müdafiəsində Təbriz və Azərbaycanın rolunun əhəmiyyətindən danışıb buyurdu: “Bu mühüm rol İran xalqının tarixi yaddaşına həkk olunmalıdır. Hazırda bəzi gənclər və yeniyetmələr qəhrəmanlarımızı, simalarımızı tanımırlar. Ona görə də bu nümunələrin, onların xüsusiyyətlərinin cəmiyyətə və nəsillərə tanıtdırılması milli kimliyin qorunmasında şərtdir”.

İmam Xameneinin bəyanatı başa çatandan sonra general Abbasquluzadə Rəhbərin müqavimət rəmzi olan şərfini və üzüyünü Azərbaycan şəhidləri konqresinin ofisində təbərrük olaraq saxlamaq üçün istədi. Şəhid ailələri, veteranlar, şəhidlər konqresinin təşkilində fəal qruplar hüseyniyyədə xatirə şəkli çəkdirməklə tədbiri başa çatdırdılar. İslam İnqilabının Böyük Rəhbərinin təkidi ilə Azərbaycanda şəhid konqresləri və anım mərasimlərinin daha gözəl və daha təsirli keçirilməsi üçün təlaşlar ciddi şəkildə davam etdiriləcək.

 

Mehdi Kazımzadə