Şərqi Azərbaycan vilayətinin 10 min şəhidi Anım Konqresinin Mərkəzi Qərargah üzvləri 06.12.2023-cü il tarixdə çərşənbə günü İnqilab Rəhbəri ilə görüşüblər. Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin əsərlərinin qorunması və nəşri idarəsinin informasiya bloku olan KHAMENEI.IR (saytı) bu görüşün bəyanatını və fotolarını 14.12.20203-cü il tarixdə cümə axşamı səhər Şərqi Azərbaycan vilayətinin 10 min şəhidini Anım Konqresi mərasiminin başlanması ilə eyni zamanda yayımladı.
Bağışlayan və mehriban Allahın adı ilə
الحمدللّه ربّ العالمین والصّلاة والسّلام علیٰ سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیةاللّه فی الارضین
Bu çox lazımlı və faydalı addımınıza görə siz əziz qardaş və bacılara dərin təşəkkürümü bildirirəm. Azərbaycan və Təbrizin ali məqamlı şəhidlərinin, şübhəsiz, unudulmaz xatirəsini yenə də daha üstün və aydın şəkildə yada salmısınız. Çox gözəl və yerində bir addımdır. Bəli, illər öncə keçirilmiş ilk anım mərasimi ilə bu anım mərasimi arasındakı fasilə bir az uzun çəkdi. Yeri var ki, belə tədbirlər, anım mərasimləri, xatırlamalar (və zikrlər) tez-tez olsun. Necə ki, hər il, hər məhərrəm ayı Kərbəla şəhidlərinin xatirəsini əziz tuturuq. 1300 ildir ki, bu mərasimlər ardıcıl şəkildə təkrarlanır. Bu təkrar yorucu təkrarlardan deyil. Cəmiyyətə, bu günümüz və sabahımıza lazımlı və faydalı təkrarlardandır.
Bəli, Təbriz və Azərbaycan haqqında tərifəlayiq söz az deyil. Biz də sizinlə hərilki görüşlərimizdə təkrar-təkrar bu barədə danışmışıq. Bu gün bu mərasimdə möhtərəm imam-cümə və SEPAH-ın möhtərəm komandanının şəhidlər haqqında danışdıqları çox yaxşı və əhatəli idi. Cənablar demək istədiyimiz və adətən, dediyimiz bütün tövsiyələrə, həmd olsun Allaha, diqqət yetirdilər və çoxunu da yerinə yetiriblər. Mən bu qədərini qeyd edirəm ki, vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır.
(İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq. Mütəal Allah onu yaddan çıxaranlar üçün (Quranda belə) buyurur: “Nəsullahə fə ənsahum ənfusahum”, yəni onlar Allahı yaddan çıxardılar, Allah da onları özlərindən qəflətə saldı, özlərini unutmağa düçar etdi. Bu onu göstərir ki, özünə, kimliyinə, xüsusiyyətlərinə diqqət etmək şəxs üçün, hər millət üçün, hər bir toplum üçün zəruri bir işdir. Azərbaycan onu fərqli, üstün edən kimliyinə çox diqqətli olmalıdır. Sözün əsil mənasında bizim Azərbaycan adlandırdığımız məcmuə İran xalqı arasında üstün kimliyə malikdir. Azərbaycan canından keçənlərin və şəhidlərin yurdudur. Bu təkcə Müqəddəs Müdafiə İllərinə (İraqla müharibəyə) aid deyil. Əvvəldən belə olub, sonra da belədir. İslam İnqilabına aid olan məsələlərə qədər hesablama aparsaq, inqilabdan qabaq, yəni əzəmətli İmamın və İran xalqının hərəkatının başlanğıcından şəhadət rəftarı, şəhadət ahəngi Azərbaycanda başlayıb və bu günə qədər davam edir. Hərəm müdafiəsi hadisələrində azərbaycanlı şəhidlərimiz var. Bəli, bu fədakarlığın, uca azərbaycanlılıq dəyər və şəxsiyyətinin nümayişi Müqəddəs Müdafiədə zirvə həddində olub. Adı çəkilən şəxsiyyətlər, şəhid Bakiri, Ağa Mehdi, Həmid Bakiri, şəhid Həmid Bakiri, Təcəllai, şəhid Bağçian böyük və üstün qardaşlar idilər, Allahla görüşə nail oldular. Həmd olsun Allaha, bu gün də o əziz və üstün insanlardan bir çoxu var. Yəni şəhadət eşqi və böyük fədakarlıq təkcə təhmili (zorla qarşı tərəfi döyüşə vadar etmək) müharibəyə, Müqəddəs Müdafiə İllərinə aid deyil. İnqilabın qələbəsindən qabaq başlayıb, bu günə qədər davam edir. Bu şəhərin iki şəhid imam-cüməsi var. Yəni bütün ölkədə ruhaniyyətin iftixarı olan beş şəhid imam-cümədən ikisi Təbrizə aiddir. Bu məsələlərin əhəmiyyəti var. Bu işlər gözə çox çarpan məsələlərdir.
Mənim tövsiyə olaraq dediyim budur ki, əvvəla, şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Yəni şəhidlərin xatırlanması sadəcə anım mərasimi deyil. Mənası budur ki, şəhid Bakiri kimilərini meydana aparan təqva, fədakarlıq, şücaət, parlaq vücud gövhəri nümayiş etdirilsin, gələcəyə ötürülsün, gənc nəsilə nümunə olsun. Gənclərimizə nümunə lazımdır. Ən gözəl nümunə onlardır. Bu sahədə əli tamamilə, ya çox boş olan bəzi millətlər nümunələri olmadığı üçün saxta nümunə yaradırlar. Bizim belə nümunələrimiz var. Şəhid Bakirini təkcə müharibə meydanında yox, arxa cəbhədə də, Təbriz Universitetində də görmək lazımdır. Onun inqilabdan əvvəlki fəaliyyətlərini, ruhiyyəsini görməliyik. Mən inqilabdan qabaq şəhid Ağa Mehdi Bakirini Məşhəddə görmüşdüm. Coşqun, şövqlü, müdrik və müxtəlif məsələləri təhlil gücünə malik bir insan idi. Bu səbəbdən də sonradan müharibədə belə parlayır, qəlbləri özünə cəzb edir. Bu ruhiyyə ötürülməlidir. Film çəkəndə, şeir oxuyanda, kitab yazanda, xatirələri nəşr edəndə diqqətli olmalıyıq ki, bu ruhiyyə ötürülsün. Bu ruhiyyə quruculuq ruhiyyəsidir. Bu, birinci məsələ idi. İmkan verməyin ki, şəhidlərin qanı coşqudan düşsün. Öncə qeyd etdiyim kimi, Seyyidüş-şühədanın (ə) əzadarlığı kimi. Yəni hər il Məhərrəmdə, Aşurada siz sanki 61-ci ildəki Aşuranı qarşınızda görürsünüz. Hadisələr işıqlandırılır, tamaşaçıların qarşısında şəxsiyyətlər canlandırılır. Müqəddəs Müdafiə şəhidləri, haqqında danışılan on min şəhid üçün də belə olmalıdır. Bu birinci məsələ!
İkinci məsələ şəhid ailələrinin yaddan çıxarılmamasıdır. Təəssüf ki, şəhid ataları, şəhid analarının çoxu dünyasını dəyişib, öz şəhidlərinə qovuşub. İstər həyatda olan şəhid xanımları, istər şəhid valideynlərinin xatirələrindən, tövsiyələrindən istifadə edin. Şəhidlərin həmkarları, dostları da bu sıradadır. Məsələn, şəhid Bakirinin müharibə zamanı çox həmkarı olub. Bəziləri sağdırlar, onun həyatının təfərrüatını görüblər. Təkcə döyüşmək şücaəti yox, nəfsə qələbə şücaəti, danışmaq şücaəti, susmaq şücaəti, pəhriz şücaəti, irəli getmək şücaəti– bütün bunlar mühümdür. Bu səhnələri yaxından görənlər, tanıyanlar var. Onlardan istifadə edilməlidir. Müsahibə alınsın, söhbət edilsin, şəhidlərin ruhiyyəsi real sənəd kimi qeydə alınsın. Bu da bir məsələ!
Başqa bir mövzu budur ki, şəhidlərə nisbətdə onların şəhadət zəminələri tanınsın. Məsələn, (şəmsi) 1356-cı ildə, 29 bəhməndə ilk İnqilab qığılcımı yaradan şəhid Qazi Təbatəbai kimilərinin şəhadət zəminəsi bilinsin. O, ilk addımı atdı, xalqı məscidə dəvət etdi, sonra hadisələr baş verdi. Yəni zəminələr məlum olsun. Qum hadisəsindən sonra nə üçün başqa şəhərlərdə yox, məhz Təbrizdə hadisələr baş verdi, səbəbi nədir? Bu xalqda hansı xüsusiyyət var ki, belə gənclər tərbiyə edir, belə şəhidlər verir? Bu məqamlar çox əhəmiyyətlidir. Milli kimlik, dini kimlik… Bir zaman azərbaycanlı qardaş və bacıların məclisində demişəm. Mərhum Səttarxan Məşrutə hadisələrində hərəkət etdiyi zaman cibində Nəcəf alimlərinin sənədi vardı. Yəni istifta etmişdi, vəzifəsini soruşmuşdu. Onlardan cavab alıb hərəkət edirdi. Bu, çox mühüm məsələdir. Hərəkət zəminəsi nədir? Bu, aydın olsa, hərəkat davam edər.
2-ci Hərbi Hava Qüvvələri Bazasının roluna işarə etməliyəm. 31-ci Aşura diviziyasındakılar gerçəkdən parlaq şəxsiyyətlər idilər. Təyyarələrin, qırıcıların müharibənin ilk günlərində əzəmətli hərəkətləri, digər bazaların, 3-cü, 4-cü bazanın əməliyyatları böyük iş idi. Müharibənin ilk həftəsi elə bir iş gördülər ki, məclisə (parlamentə) getdim, əməliyyatlar barədə məruzəni nümayəndələrə təqdim etdim. Bu işlər diqqətəlayiq, çox əhəmiyyətli işlər idi. Bu xidmətlər, inşallah, yadda qalmalı, İran xalqının tarixi yaddaşına həkk olunmalıdır. Həqiqətən, ən mühüm olan budur ki, bu əhəmiyyətli hadisələr, bəzən nadir, bəzən misilsiz, təsirli xidmətlər İran xalqının tarixi yaddaşında qeyd olunsun. Gənclərimiz, yeniyetmələrimiz bunu bilməlidirlər. Bəli, bu sahədə təlaşımız bir qədər az olub. Gənclərimiz və yeniyetmələrimizin çoxu bu parlaq simaları tanımırlar. Baş vermis hadisələrin çoxundan xəbərsizdirlər. İstər rəsmi təbliğat vasitəsi olan tele-radio şəbəkələrində, istər cəmiyyətin ixtiyarında olan vasitələrdə bütün bunları yayımlamalıyıq.
Ümid edirəm ki, Mütəal Allah hamınıza yardım etsin, bu böyük işi başa çatdıra biləsiniz. İnşallah, gələcəkdə anım, xatirə mərasimləri arasında fasilələr az olar və bugünkü və bundan qabaqkı mərasim arasındakı kimi uzun fasilə olmaz…
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!