1978-cı il fevral ayının 18-də Təbriz əhalisinin tarixi qiyamının ildönümündə bu səhər (17.02.2025) minlərlə Şərqi Azərbaycan əhalisi İslam İnqilabının Rəhbəri ilə görüşdü.
29 Bəhmən Təbriz xalqının tarixi qiyamı münasibətilə olan görüş
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.
Allah-təaladan bu yığıncaqda müşahidə etdiyimiz bu yüksək və seçilən ruhiyyələrin qalması və davamlı olmasını diləyir və istəyirik. Hörmətli iştirakçılara, xüsusən də möhtərəm şəhid ailələrinə və möhtərəm məsul şəxslərə xoş gəldiniz deyirəm. Hörmətli Prezident də xalqsevərliyi tələb edən xarakterinə uyğun olaraq bu məclisdə iştirak edir.
Hər şeydən öncə şəhid və mərhum imam-cüməmiz cənab Ali Haşimi xatırlamaq istəyirəm. O, ötən il bu yığıncaqda möhkəm, dolğun və dərin məzmunlu çıxış etmişdi. Allah-təala onun məqamını uca etsin. Xidmət yolunda bu cür və Allahın iradəsi ilə belə bir aqibətə nail olanların xoş halına! Eyni zamanda hadisədə şəhid olan gənc, inqilabçı və sevilən Azərbaycanın icra hakimi və ötən ilki acı hadisədə İran xalqının itirdiyi digər əziz şəhidləri də ehtiramla yad edirəm.
1978-ci ilin 18 fevral (29 Bəhmən) günü baş verən hadisə böyük bir hadisə idi. Bu gün həmin hadisəni yaradan insanlara nəzər salaraq bir neçə kəlmə demək istəyirəm. Çünki Azərbaycanın iftixarları müxtəlif cəhətlərdən çoxdur. Mən bu mövzuda siz əziz Azərbaycan xalqı ilə dəfələrlə danışmışam. Bu gün təbrizli gəncimiz regionun vəziyyətini görür, tanıyır, dost və düşməni ayırır, o tərəfdən bir nəfərin nəriltisi, bu tərəfdən başqa birinin uğultusu onda heç bir qorxu hissi yaratmır, təsirə düşmək hissi yaşamır, əksinə, özündə qüdrət hiss edir.
Gənc azərbaycanlı, gənc təbrizli bu gün elə hadisələr qarşısında dağ kimi dayanır ki, bu hadisələr güclü siyasətçiləri belə sarsıdır. Bu gənc bilməlidir ki, bu ruhiyyə kimlərin mirasıdır, hansı hadisəyə aiddir. Əgər inqilab dövrünü yaşamayan və 29 Bəhməndən yalnız bir ad və bir hadisə kimi xəbərdar olan gəncimiz bu hadisənin arxasında duran xalqın, bu böyük hadisəni yaradan insanların kim olduqlarını, necə olduqlarını, hansı ruhiyyə ilə meydana girdiklərini bilməsə, düşmənin qurduğu saxta söz və düşüncə şüurlara hakim kəsiləcək. Mən bu gün bu məsələyə bir qədər toxunmaq və üzərində dayanmaq istəyirəm.
Azərbaycan və Təbriz müxtəlif dövrlərdə yadellilərin hücum və təcavüzü qarşısında İranın möhkəm səddi olub. Elə hallar olub ki, paytaxtda və mərkəzdə olanların qabiliyyətsizliyi ucbatından çar Rusiyasının və ya Osmanlı dövlətinin məmurları Azərbaycanın bəzi bölgələrinə, hətta Təbrizin özünə nəzarəti ələ keçiriblər. Lakin məhz Təbriz əhalisi idi ki, düşmənə müqavimət göstərərək, səbir və dirənişlə düşməni geri çəkilməyə məcbur etdi. Çarın məmurları Səttarxandan tələb edirdilər ki, evinin üstünə ağ bayraq taxsın ki, orada olan rus qoşunlarının hücumundan qorunsun. Səttarxan isə cavab verirdi: “Mən Əbülfəzl Abbasın bayrağı (o bayrağa “Beydəq” deyirdi) altındayam, başqa heç kimin bayrağı altına girmərəm”.
Müxtəlif dövrlərdə elə şəxslər olublar ki, onları tam şəkildə xaricilərin əlaltısı adlandırmaq olmaz, lakin hər halda azmış insanlar idilər və tağut dövrünün dövlət strukturlarına bağlı idilər. Onlar etnik xüsusiyyətlərdən istifadə edərək, dini dəyərlərə zidd və sanki sekulyar bir yanaşma ilə Azərbaycana İslamdan uzaq bir kimlik verməyə çalışırdılar. Lakin bu hərəkətə qarşı baş verən hadisələr uzaqgörən gözlər üçün dərsdir. Həmin dövrdə belə cəhdlər aparıldığı bir zamanda Təbriz İran cəmiyyətinə parlaq gövhərlər təqdim etdi: Əllamə Təbatəbai, Əllamə Əmini, ustad Məhəmmədhüseyn Şəhriyar kimi görkəmli ədəbiyyat və incəsənət xadimləri. Onlar İranın adını, şanını və nüfuzunu yüksəklərə qaldırdılar. Eyni vəziyyət müxtəlif sahələrdə də müşahidə olunur.
Azərbaycanın 29 Bəhmən kimi hadisələri meydana gətirən sayılıb-seçilən xüsusiyyətlərindən biri xalqının İslami imanı və dini qeyrəti idi. Həmin gün Təbrizdə olan təbrizlilər və əyalətin digər şəhərlərindən gələnlər və bu hərəkətdə iştirak edənlər bu hadisəni yaratdılar. Bu hadisənin böyüklüyü yalnız tağut rejiminin xalqın qarşısına tank çıxarmağa məcbur qalmasında deyildi, əsl böyüklük ondadır ki, bu hərəkət bütün İran üçün nümunəyə çevrildi və ölkənin müxtəlif şəhərlərində təkrarlanaraq 1979-cu ilin böyük inqilabi hərəkatına zəmin yaratdı. Hadisənin əzəməti məhz buradadır.
Təbriz və Azərbaycanın mühüm xüsusiyyətlərindən biri müxtəlif məsələlərdə öncül olmağıdır. Biz bu qabaqcıl mövqeyi müxtəlif hadisələrdə görmüş, müşahidə etmişik. Bilirik ki, istər elmi və mədəni məsələlərdə, istər siyasi hadisələrdə, istərsə də ölkənin müdafiəsi ilə bağlı meydana çıxan məsələlərdə həmişə öncüllük etmiş, hərəkatı başladanlar da məhz onlar olmuşlar. Bu bu xalqın xüsusiyyətidir və bu günün gənci bunu bilməlidir. Bu dayanıqlıq, güc və bacarıq hissi, hadisələr qarşısında təsirə düşməmək irsi o dövranın yadigarıdır. Bu gün bizim azərbaycanlı və təbrizli gəncimizdə bu hiss vardır.
Azərbaycan və Təbrizin xüsusiyyətlərindən biri nümunə yaratmaqdır, elə bu hadisənin özü bir nümunə idi. Azərbaycanda, Təbrizdə rol oynayan şəxsiyyətlərin hər biri bir nümunədir. Özü də elə nümunələrdir ki, İran tarixinin və xalqının yaddaşından silinməz. Siqətülislam ruhani alim ya Şeyx Məhəmməd Xiyabani kimi şəxsiyyətlər xarici müdaxiləyə qarşı mübarizədə canlarından keçdilər. Səttarxan və Baqirxan kimi şəxsiyyətlər Məşrutə inqilabında öncüllərdən idilər və İranın böyük Məşrutə hərəkatının qəhrəmanları üçün nümunəyə çevrildilər. Müqəddəs Müdafiə dövründə Azərbaycanın sayılıb-seçilən gənclərindən biri də şəhid Mehdi Bakiri və Həmid Bakiri kimi şəhidlərdir ki, örnək oldular. Ədəbiyyatda, mədəniyyətdə, elmdə Azərbaycanda çoxlu nümunələr mövcuddur. Bir dövrdə Təbriz dini elm mərkəzinin cəmiyyətə bəxş etdiyi böyük alimlərin sayı, İsfahan istisna olmaqla, ölkənin digər bölgələrindən daha çox idi. Təbriz və İsfahan şəhərləri böyük və görkəmli alimlərin yetişdirilməsi baxımından bütün dini elm mərkəzləri və ölkənin iri şəhərləri arasında nümunə idi və seçilirdi. Bu bu hadisəni və digər böyük hadisələri yaradan xalqın xüsusiyyətidir. Buna görə də bu günün Azərbaycan gəncləri, Təbrizin kişi və qadınları “iman və dini qeyrət”, “öncüllük” və “nümunə yaratmaq” xüsusiyyətlərini mənəvi və ictimai irs kimi qorumalı və onları ölkənin inkişafı üçün istifadə etməlidirlər. İndi bu məsələdə nəyə ehtiyacımız olduğu barədə danışacağam.
Əziz qardaşlar və bacılar! Biz gənclərimizin, alimlərimizin və peşəkar texnoloji mütəxəssislərimizin səyi nəticəsində bu gün fiziki müdafiə baxımından, düşmənin hərbi təhdidləri qarşısında heç bir nigaranlıq və problem yaşamırıq. Bu gün Allaha şükürlər olsun ki, biz özümüz də bilirik, dostlarımız və düşmənlərimiz də bilirlər ki, İslam Respublikası sərt təhdidlərə qarşı mübarizə aparmaq baxımından yüksək səviyyədədir və xalq bu baxımdan özünü təhlükəsiz hiss edir. Buna görə də bu gün bizim problemimiz düşmənin hərbi təhdidi deyil.
Lakin başqa bir mühüm təhdid mövcuddur ki, ona hazır olmaq lazımdır. Bu da yumşaq üsullarla bağlı təhdiddir. Bu gün düşmənlərimiz bu nəticəyə çatıblar ki, İran xalqına hakim kəsilmək, İslam Respublikasını öz güclü mövqeyindən geri çəkmək istəyirlərsə, bunun yolu ancaq ölkə daxilində problem yaratmaqla, xalqı yumşaq üslublarla olan problem və təhdidlərə məruz qoymaqla edə bilərlər.
Yumşaq təhdid nədir? Yumşaq təhdid ictimai rəyi sapdırmaq, yəni ixtilaf yaratmaq, İslam İnqilabının əsas prinsiplərinə qarşı şübhə yaratmaqdır. Bu, yumşaq təhdiddir. Yumşaq təhdid düşmənə qarşı müqavimət etməkdə şübhə toxumu səpməkdir. Bu işi görürlər. Lakin Allahın lütfü ilə indiyədək uğur qazana bilməyiblər. İndiyədək düşmənin vəsvəsələri xalqımızın qəlbini titrətməyə, gənclərimizi əzm və hərəkətdən saxlamağa nail olmayıb. Bunun nümunəsi 22 Bəhmən günü keçirilən möhtəşəm yürüşdür. Dünyanın harasında belə bir hadisə var? İnqilabın qələbəsindən qırx ildən çox keçməsinə baxmayaraq, xalq bu günü belə ehtiramla yad edir, bu miqyasda meydana çıxır. Bu yürüşə çıxanlar nə silahlı qüvvələr, nə də dövlət rəsmiləridir, əksinə, sadə vətəndaşlar və xalqın özüdür. Xalqın problemləri və gözləntiləri var, özü də haqlı gözləntiləri. 46 il ərzində mövcud çətinliklərə baxmayaraq, yenə də bu amillər onların inqilablarını müdafiə etməsinə mane olmur. Bunun mənası nədir? Bu o deməkdir ki, düşmənin yumşaq təhdidləri bu ölkədə və bu millətə indiyədək təsir göstərə bilməyib. Mənim sözüm budur ki, qoymayın düşmənin davam edən bu hiyləsi gələcəkdə də təsirli olsun.
Təbliğat vasitələrinə sahib olanlar, söz və qələm sahibləri, incəsənət və elm adamları, rəsmi təhsil, media və incəsənət qurumlarında məsuliyyət daşıyanlar, eləcə də virtual aləmlə əlaqəsi olan gənclərimiz – hamısı diqqətini bu məsələyə yönəltməlidirlər ki, düşmən hansı məqam üzərində dayanır, hansı yoldan camaatın zehninə və ictimai rəyinə nüfuz etməyə çalışır, o yolu bağlasınlar. Məzmun düzəltsinlər. Düşüncə sahibləri yeni fikir və düşüncə ortaya qoysunlar və bu işləri ilə düşmən müqabilində dayansınlar. Bu gün bu iş hərbidə olan müdafiədən daha mühümdür. Çünki hərbi müdafiədə bir çatışmazlıq yaranarsa, onu yumşaq üsullu müdafiə ilə bərpa etmək mümkündür. Bu, dəfələrlə baş verib. Lakin əgər yumşaq üsullu müdafiədə problem olsa, onu sərt hərbi vasitələrlə həll etmək mümkün deyil. Buna xüsusi diqqət yetirilməlidir.
Gənclərimiz inqilabın anlayışları, İmam Xomeyninin çıxışları və illər boyunca inqilab və onun xüsusiyyətləri barədə deyilənlərlə tanış olmalı, ünsiyyət qurmalıdırlar. İnqilabımız gerçək mənada nurun zülmətlə, haqqın batillə mübarizəsi idi. İnqilab İranın, İran xalqının yüksəlişi, İranın gələcəyinin əzəməti və xalqın kimliyinin tanıdılması məqsədini güdürdü və bu gün də eyni məqsədi daşıyır. Şükürlər olsun ki, bu günə qədər uğur qazanmışıq, bu yolda irəliləyə bilmişik. Bəli, inqilabın bizə müəyyən etdiyi hədəflərə tam şəkildə nail ola bilməmişik. Hazırda ədalət sahəsində, sosial təbəqələşmə məsələsində və bəzi müxtəlif köklü mövzularda geri qalmışıq və daha çox çalışaraq irəliləməliyik. Lakin inqilab müstəqil bir kimlik, bölgə xalqları və hətta bəzi bölgədən kənar xalqlar üçün böyük və ümidverici bir dayaq olaraq varlığını qoruyub saxlaya bilmişdir. Dünyanın hegemon gücləri, istismarçıları və özlərini gözəl adlar altında gizlədərək cinayətlər törədən çirkab qüvvələrin qəzəbinin səbəbi də məhz budur. Çünki İslam Respublikası varlığını qorumağı, möhkəm dayanmağı və onlara qarşı sərt yumruğunu göstərməyi bacarmışdır.
Bəziləri çox istəyirlər naqis təhlillər ilə İran xalqının öz əli ilə düşmən yaratdığını göstərməyə çalışsınlar, amma məsələ belə deyil. Əgər siz görürsünüzsə ki, Amerikanın zülmkar siyasət mərkəzləri fasiləsiz olaraq İran xalqına qarşı fəaliyyət göstərirlər, bu sizin “Ölüm olsun Amerikaya!” deməyinizə görə deyil. Bunun əsas səbəbi odur ki, İran ölkəsi xalqın fədakarlığı və səyi ilə imperialist güclərin əsarətindən qurtulmağı bacarmışdır. Onların İran xalqına düşmənçiliyi bunun üçündür. İran xalqına qarşı əsəbidirlər, çünki xalq onların diktəsinə boyun əymir. Onlar zor etməyə adət ediblər. Eşidirsiniz ki, deyirlər “Filan yeri bizə verin, filan yeri bizim adımıza qeyd edin!”. Bu onların sözləridir, əməlləri isə bundan qat-qat çətin, çirkin və pisdir. Xalqların sərvətlərinin talan edilməsi, onların iradəsi üzərində hökmranlıq etmək – bütün bunlar hegemon güclərin, xüsusilə də Amerikanın və mürəkkəb bir şəbəkə kimi fəaliyyət göstərən sionizmin əsas cinayətlərindəndir. Onlar, İran xalqı kimi bir xalqın öz ayaqları üzərində durmasını, onların zülmünə, müdaxilələrinə və təcavüzünə qarşı çıxmasını, bir hökumət qurmasını və bu quruluşu qırx neçə il müddətdə qoruyub-saxlamasını və onu günü-gündən gücləndirməsini qəbul edə bilmirlər.
Bu gün mənim ilk növbədə müraciət etdiyim siz Azərbaycan və Təbriz gənclərisiniz, amma bu söz ölkənin bütün gənclərinə ünvanlanır. Bu gün sizin məsuliyyətiniz bu ruhiyyəni qorumaq, bu hərəkəti gücləndirmək və inqilabın müəyyən etdiyi hədəflərə doğru irəliləməkdir. Biz gənclərə ümid bəsləyirik və inşallah, bütün sahələrdə bu böyük xalq hərəkatı inkişaf edəcək. Allah sizi qorusun, Allah, inşallah, öz bərəkətini siz əziz xalqa, Təbriz və Azərbaycan xalqına nazil etsin.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.