Saçlarına ağ düşmüşlər hələ də inqilab şüarlarını inqilabın əvvəl illərində olan hərarətlə səsləndirirlər; yəni öz əhdlərinə sadiqdirlər və bu, gənclərə gedəcəkləri yolu göstərir........
Bu gün Fələstin küçəsi Azərbaycan diyarının coşğulu izdihamına ev sahibliyi edirdi. Günəş hələ tam doğmamışdı ki, insanlar böyük həvəslə məqsədlərinə doğru axışırdılar. Qəhrəmanlıq və igidlikləri dillər əzbəri olan azərbaycanlılar, sədaqətləri ilə tanınan bu insanlar bu gün buraya gəlmişdilər ki, beyətlərini yeniləsinlər və öz inancları yolunda sarsılmaz olduqlarını bütün dünyaya göstərsinlər. Yol eyni olduqda, insanlar da həmfikir və həmrəy olurlar. Bu gün İmam Xomeyni hüseyniyyəsinin qonaqları müxtəlif təbəqələrdən olan insanlardır. Bu nizamlı sistemdə çoxlu ay və ulduzlar var və onlardan bəzisi keçmişin mücahidləri, elm adamları və haqq aşiqləri olanlardır və həyatverici günəşin ətrafında dövr edirlər.
İndi bu coşğulu çay dənizə qovuşub. Vətənə və rəhbərə eşq və qeyrət onların hamısının ortaq xüsusiyyətidir. Hüseyniyyədə qəribə bir ab-hava var; biri şüar verir, digəri dostunun başına şüar yazılmış lent bağlayır, biri isə məddahlıq edir. Uzun yolu qət edərək Tehrana çatmış və uzun saatlar hüseyniyyəyə daxil olmaq üçün gözləmişdilər. Qocalar sanki yenidən cana gəliblər, gənclik illərindəki kimi gümrahdırlar. Gənclər isə gənclik coşqusu ilə rəhbərlərinə qovuşmaq üçün səbirsizdirlər.
Saçlarına ağ düşmüşlər hələ də inqilab şüarlarını inqilabın əvvəl illərində olan hərarətlə səsləndirirlər; yəni öz əhdlərinə sadiqdirlər və bu, gənclərə gedəcəkləri yolu göstərir. Bir şair məhəbbət və eşq dolu şeirlər oxuyur və izdiham tərəfindən böyük sevgi ilə qarşılanır. Hüseyniyyə imkanından artıq qonaq qəbul edib. Tədbir yavaş-yavaş başlayır. Bir surud qrupu səhnəyə çıxır və proqram təqdim edir; bütün iştirakçılar onlarla birgə səs verib qeybdə olan İmamları üçün dua oxuyurlar.
İzdiham çox, yer az olsa da, heç kim narazı deyil. Hər kəs gülümsəyir və başqasına yer tapmaqda kömək edir. Gənc məddah məclisdə şeir oxumağa başlayır. Şəhriyardan söyləyir: “Əgər İran deməsə, lal olsun bu dil!” – elə bu bir misra cəmiyyətə can verir.
Daha sonra Həzrət Əlini mədh edir: “Allahım! Həqiqətən, də bu camaat könüldən mövlası Əmirəlmömininə vurğun insanlardır.”
Bütün xalq bir ağızdan “Heydər! Heydər!” nidası ilə səslənir. Məclisin aparıcısı xüsusi bir şüar hazırlayıb. Camaatın cavabı isə heyrətamizdir. Qoca, cavan, kişi, qadın hamı bir nəfər kimi ucadan səsləyir: “Azərbaycan bir kəlam, Tabeye ‐ əmri - İmam! (yəni İmamının əmrinə tabe olandır)”. Bu şüarın mənası belədir: biz qulağımızı yalnız Vəlinin əmrinə vermişik.
2000-ci illərin uşaqları özləri ilə yeni bir hədiyyə gətiriblər, inandıqları həqiqətləri şeir dili ilə, gözəl nəğmə ilə səsləndirirlər. Hamısının sözü birdir: “Biz ümid nəsliyik; bacararıq, bizə güvənin!”
Onlar əcdadlarının şücaətinə, vətənin igid oğullarına arxalanıb, azərbaycanlıların İrana olan vəhdətlərindən, həmrəyliklərindən, vəfalarından danışırlar. Camaata baxıram, hamısı birgə surud oxuyur. Kaş ki bu səsi qələmlə də ifadə etmək mümkün olaydı. Gözləri yaşla dolub, bütün hissləri və duyğuları ilə oxuyurlar.
Şəhidlərin yerlərini boş qoyublar; səkkiz illik müharibə şəhidləri, hərəm müdafiəçiləri və xidmət şəhidləri. Onlara olan məhəbbət od-alov kimi hələ də qəlblərində yaşayır. İmam - cümə və şəhid olmuş valilərinin şəkillərini də özləri ilə gətiriblər. Rəhbərə göstərmək istəyirlər ki, hələ də qədirbiləndirlər və öz əhd-peymanlarına sadiqdirlər: “Biz hələ də əhdimizə sadiqik və bu torpaq, bu inqilab uğrunda canımızı verməyə hazırıq.”
Gözlərindən oxunur ki, taqətləri tükənib, müdrik ata və möhkəm arxa-dayağın gəlişinin intizarını çəkirlər. Birdən bir səs-küy qopur. Görünür bu hay-küy səbəbsiz deyil. Bəli, düz görürəm, günəş buludların arasından çıxıb, saçmağa başlayır. Axı necə ola bilər bu coşğulu camaatı saxlamaq? Uzun müddət gözlədikdən sonra öz yarlarının ay təkin nurani simasını gördülər.
Ruhlarının pərvaz etməsi, qəlblərinin titrəməsi və gözlərinin yaşarması – bunların hamısı eşqdən xəbər verir. Ata hər zamankı təmkin və şəfqəti ilə sadə stulunda əyləşir. Övladlarını necə də gözəl seyr edir! Gözucu atacasına baxışlarla qəlbləri sakitləşdirir. Qari gözəl bir avazla Quran oxuyur. Haqq olan ayələr Müsəlmanların Vəliyyi-Əmrinin hüzurunda qəlblərə daha dərindən nüfuz edir. Surud qrupu Rəhbərləri üçün dəfələrlə məşq etdikləri şeiri və nəğməni oxuyurlar və əllərini beyət nişanəsi olaraq qaldırırlar. Dilləri və qəlbləri birdir və nifaqdan və ikiüzlülükdən tamamilə uzaq. Bunu da bizə onların hisslərinin ayna tək əks olunduğu gözləri deyir.
Ay təkin nurani siması olan Rəhbər öz çıxışına başlayır. Azərbaycanlıların ulu babalarından və onların şərafətindən söz açır və orada olanlara tövsiyələr verir. Onun tövsiyələri hər zaman olduğu kimi zülmə boyun əyməmək və şərəflə yaşamağa köklənib.
İslam İnqilabının müdrik Rəhbəri Azərbaycan gənclərinə tövsiyə edir ki, əcdadlarının mirasından bəhrələnərək təhdidlər qarşısında güclü və fəal şəkildə hərəkət etsinlər. Rəhbər buyurur ki, bu gün biz də Səttarxan kimi yalnız Həzrət Abbasın bayrağı altında olmalı, iman qüvvəsinə arxalanaraq təcavüzə, istismara və hegemonluğa qarşı müqavimət göstərməli, dünyanın bütün məzlumları adından haqq səsini ucaltmalıyıq.
İslam İnqilabının müdrik ağsaqqalı Azərbaycan xalqına məxsus üç mühüm xüsusiyyəti, yəni iman və dini qeyrət, öncüllük və nümunə yaratmağı əbədi miras hesab edir. O inanır ki, bu vasitələrlə müxtəlif sahələrdə istibdad və hegemonluqla mübarizə aparmaq və qələbə qazanmaq olar.
Qələmə alan: Hadi Səmədi