Bir qrup alim və müdafiə sənayesi mütəxəssisi, eləcə də Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinin rəsmiləri bu gün 12.02.2025-ci il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.
Əziz qardaşlar və bacılar, sizləri səmimi qəlbdən salamlayıram. Mən ilk növbədə, həqiqətən də, dünya çapında və bəşəri bir bayram olan Həzrət Bəqiyyətullah-əl-Əzəmin (əleyhissalam) mübarək təvəllüdü münasibətilə təbrik edirəm. Ədalət müjdəsi, ədalətin bərqərar olması ümidi tarix boyu bəşərin ən mühüm arzularından və qəlbi istəklərindən biri olmuşdur. Siz bəşər tarixində elə bir dövr tapa bilməzsiniz ki, insanlar ədaləti gözləməsinlər və xilaskar arzusunda olmasınlar. Şiə təlimlərinə əsasən, bu arzu, şübhəsiz, gerçəyə çevriləcəkdir. Əlbəttə, həm şiələr, həm də qeyri-şiələr Həzrət Mehdinin (əleyhissalam) varlığını qəbul edirlər və bu məsələdə yekdil fikirdədirlər. Lakin şiəliyin özəlliyi bundadır ki, Həzrət Mehdini şəxsiyyəti, adı, atasının və anasının adı ilə tanıyır. Bu bizə məxsus bir xüsusiyyətdir. İnşallah, gözlərimiz bu böyük şəxsiyyətin ziyarəti ilə aydın olar.
Həmçinin 22 Bəhmən gününü də təbrik edirəm. 22 Bəhmən də millətimiz və tariximiz üçün, həqiqətən, böyük bir bayramdır. İnqilabdan əvvəlki İranın vəziyyətini, şah rejimi dövrünü bilən hər kəs bütün varlığı ilə təsdiq edər ki, “İnqilab” İran xalqı üçün böyük və tarixi bir bayram idi. Xalqımız da bu bayramı ehtiramla yad edir. Siz dünyanın heç bir yerində bunu müşahidə etmirsiniz. Dünyada böyük inqilablar baş vermişdir, lakin 46 il sonra hər il eyni gündə sıravi insanlar, yəni nə silahlı qüvvələr, nə də dövlət məmurları (kütləvi şəkildə meydana çıxıb öz iştirakını nümayiş etdirsin, sədaqətini ifadə etsin, sevincini göstərsin və bu günü ehtiramla yad etsin) belə bir hadisə dünyanın heç bir yerində baş vermir. Bu yalnız bura məxsusdur.
Biz digər inqilabları da tanıyırıq, onların keçmişini, sonrakı inkişafını, təsir və nəticələrini bilirik, həmçinin həmin inqilabların xalqları tərəfindən necə qarşılandığını da yaxşı bilirik. İranın indiki durumu isə belədir ki, 22 Bəhmən günü qadın, kişi, müxtəlif təbəqələrdən insanlar – uşaq, gənc, yaşlı soyuq, qarlı, yandırıcı soyuq və çətin hava şəraitinə baxmayaraq, neçə saat küçələrə çıxır və bu bayramı ehtiramla yad edirlər. Bu yalnız İslami olan İrana xas bir xüsusiyyətdir.
Bu sonuncu 22 Bəhmən inqilab bayramlarının ən üstün və ən mühümlərindən biri oldu. Xalq, əslində, bazar ertəsi (22 Bəhmən günü) qiyam etdi. Küçələrə çıxıb şüarlar səsləndirmələri, sözlərini ifadə etmələri, mediada fikirlərini bildirmələri və bütün ölkə boyu bu hadisənin baş verməsi, əslində, xalq qiyamı və böyük milli bir hərəkət idi. Düşmənin təbliğat bombardmanı və məkrli yumşaq müharibəsi altında gəlib özlərini bu şəkildə göstərirlər. Hansı ki, bu təbliğatlar məhz 22 Bəhmənə, onun sahibi olan İran xalqına və 22 Bəhmən qəhrəmanı olan əzəmətli İmam Xomeyniyə qarşı yönəlmişdi. Gənclərin iştirakı, şən simalar, bu hərəkatın təkcə Tehranda və böyük şəhərlərdə deyil, bütün ölkə boyu, hətta kəndlərdə belə geniş formada keçirilməsi, üstəlik, bəzi şəhərlərdə hava soyuq və əlverişsiz olduğu halda, xalqın iştirak etməsi İran millətinin birlik mesajını dünyaya çatdırdı. Həqiqətən də, insafla desək, İran xalqı böyük bir iş gördü. Bu millətə qarşı bir-birinin ardınca gələn axmaqcasına olan hədələrin qarşısında İran xalqı öz kimliyini, şəxsiyyətini, gücünü və dayanıqlığını bütün dünyaya nümayiş etdirdi. Bu böyük xalq hərəkatını təkmilləşdirən isə hörmətli Prezidentin açıq və yolgöstərən çıxışı oldu. O, xalqın dili ilə xalqın ürəyindən keçənləri ifadə etdi və deməli olduğu hər şeyi açıq şəkildə bəyan etdi. Mən daim öz dinləyicilərimə, xüsusilə də qəlbən bağlı olduğum və dərin məhəbbət bəslədiyim əziz gənclərə təkrar edirəm ki, işi vaxtında görmək lazımdır. İran xalqı da bazar ertəsi günü öz işini tam zamanında yerinə yetirdi, lazım olan anda səhnəyə çıxdı və özünü göstərməsi lazım olan zaman özünü göstərdi. Allahın rəhməti olsun bu millətə! Ümid edirik ki, inşallah, bu şücaətli, agah və tədbirli xalqı hər gün daha parlaq bir gələcək gözləyir.
Bu gün bir neçə saat ərzində müşahidə etdiyimiz sərgi bəzən baxış keçirdiyimiz ən yaxşı və ən üstün sərgilərdən biri idi. Həqiqətən də, orada keçirdiyim vaxt mənim üçün çox xoş və dəyərli oldu. Bu sərgi ölkənin müdafiəsi ilə bağlı aparılan böyük cihadın bir hissəsini nümayiş etdirirdi. Müdafiə sənayesi və digər müvafiq qurumlarda çalışan hər bir şəxs bu sərginin uğurlarında şərikdir və biz onların hər birinə dərin təşəkkür edirik. İran xalqı da sizlərə təşəkkür etməlidir, çünki millətin müdafiəsi, təhlükəsizliyinin qorunması kiçik bir məsələ deyil.
Bu gün ölkəmizin müdafiə gücü dillər əzbəridir, bu gün İranın müdafiə gücü dillər əzbəridir. İranın dostları bu güclə qürur duyur, düşmənləri isə ondan qorxur. Bu, bir millət və bir ölkə üçün olduqca önəmlidir. Əsas məsələ budur ki, bir zamanlar dünyada zorbalıq edənlər və qəddarlar var idi, əlbəttə, indi də var, bizim müdafiə imkanlarına ehtiyac duyduğumuz vaxtda, hətta onun əvəzini ikiqat və ya bir neçə qat ödəməyə hazır olduğumuz halda, açıq şəkildə deyirdilər: “Satmırıq!” Hətta satmaq istəyənlərə də icazə vermirdilər. Deyirdilər: “Biz İrana satmırıq”. Bu gün isə həmin zorbalıq edənlər İrana “Satmayın!” deyirlər. “Satmırıq” mərhələsindən “Satmayın!” mərhələsinə keçid çox böyük bir fərqdir. Alimlərimiz, fəallarımız, işçilərimiz, incə işlərlə məşğul olanlarımız, iti zəkalı gənclərimiz və kişilərimiz bu fərqi aradan qaldırmağı bacardılar. Bu gün müdafiə baxımından vəziyyətimiz yaxşıdır. Bu sərgi də bildiklərimizdən daha çox şeyləri bizə göstərdi və eşitdiklərimizi gözlərimizin önündə sərgilədi. Ən önəmlisi isə budur ki, bütün bunlar məhz sanksiyalar dövründə baş verib. Yəni bu irəliləyişlər “satmırıq” dövründə, bizə heç nə verməyə hazır olmadıqları zamanda baş verib. İndi də bir-birilərinə sifariş edirlər ki, “Müəyyən hissələrin İranın əlinə keçməsinə yol verməyin!”, amma bizim gənclərimiz burada ondan daha yaxşısını istehsal edirlər. Həmd olsun Allaha, vəziyyət yaxşı idi, sevindirici idi. Sizlərin hər birinə, müdirlərinizə, seçilmiş şəxsiyyətlərinizə, əziz müəllimlərinizə və görkəmli alimlərinizə səmimi qəlbdən təşəkkür edirəm.
Bir neçə məqamı qeyd etmək istəyirəm. Birinci məsələ budur ki, əldə etdiyimiz bu irəliləyişlər müdafiə gücümüzün səviyyəsini yüksəltdi, lakin bu, bizim artıq arxayınlaşmalı olduğumuz anlamına gəlmir. Xeyr! Biz sıfırdan başladığımız üçün çox iş görülməsinə baxmayaraq, hələ də bir çox sahələrdə ön sıralara çata bilməmişik. Biz ön sıralara çatmalıyıq. Nəyə görə? Çünki bizim pisliyimizi istəyənlər bəzi sahələrdə ön cərgədədirlər. Buna görə də özümüzü pisliyimizi istəyənlərə qarşı müdafiə gücünə sahib etməliyik. Bu da yalnız ön cərgəyə çatmaqla mümkündür. Quran bizə bu barədə lazım olan dərsi verib: “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə hazırlayın!” (“Ənfal”, 60). Buradakı “Bacardığınız qədər” ifadəsi olduqca önəmlidir. Yəni nə bacarırsınızsa, nə qədər bacarırsınızsa, o qədər güclənməlisiniz! Bunun mənası odur ki, illər əvvəl başlanan və müxtəlif dövrlərdə nəticələrini gördüyümüz bu hərəkət davam etdirilməlidir. Hörmətli nazirin dediyi və sərgidə gördüyümüz və eşitdiyimiz bəzi nailiyyətlər bu irəliləyişin sübutudur. Bunları artırmalıyıq, bu proses davam etməlidir. Bu, birinci məsələdir. Buna görə də irəliləyiş dayanmamalıdır, olduğumuz hala qane olmamalıyıq. Məsələn, bir zamanlar raketlərin dəqiqliyi ilə bağlı müəyyən bir həddi özümüz üçün müəyyən etmişdik. İndi isə hiss edirik ki, bu hədd kifayət deyil, kifayət deyil! O halda gərək irəli gedək, gərək irəli gedək! Birinci məqam budur ki, inkişaf davam etməlidir.
İkinci məqam: Əgər irəliləyişin davam etməsini istəyirsinizsə, yeniliyi hədəf seçməlisiniz, diqqətinizi yeniliyə yönəltməlisiniz. Mövcud mexanizmlərə görə işi dayandırmayın. Kəşf, yaradıcılıq və yenilik heç bir sərhəd tanımır. Yenilik zəruridir. Təkcə başqalarının yaratdığı cihazları istehsal etmək, onları təkmilləşdirmək və ya bir qədər inkişaf etdirmək kifayət deyil. Siz elə bir işin arxasınca getməlisiniz ki, onu başqaları etməyib. Təbiət aləmində çox imkanlar mövcuddur ki, biz hələ onları tanımırıq. Bir zamanlar elektrik enerjisi insanlara məlum deyildi, halbuki o, əzəldən dünyada mövcud idi. İnsan onu tanımırdı, sonra kəşf etdi. Təbiətdə bu cür milyardlarla güc və potensial mövcuddur. Elm sahəsindəki tərəqqiyə baxın, hər gün yeni bir inkişaf baş verir. Bir zamanlar internet yox idi, sonra yaradıldı, daha sonra onun müxtəlif inkişaf mərhələləri meydana gəldi. Bir vaxtlar süni intellekt mövcud deyildi, sonra ortaya çıxdı. Bunlar, bir həqiqətdir. Bəzi insanlar müəyyən bir sahəyə diqqət yetirir, zehnində bir qığılcım yaranır, onun arxasınca gedir və nəticəyə çatırlar. Siz də bunun arxasınca getməlisiniz. Yenilik dedikdə məhz bu nəzərdə tutulur. Yenilik mövcud işləri təkmilləşdirməkdən fərqlidir. Əgər həqiqi mənada irəliləmək istəyirsinizsə, yenilik etməlisiniz. Bu da ikinci məqam.
Təbii ki, bu sahədə gənc, mömin, inqilabi, istedadlı və elm adamları işə cəlb edilməlidir. “Gənc” dedikdə, yəni onun həm qabiliyyət, həm də zəka baxımından buna malik olması nəzərdə tutulur. “Mömin” olmasını deyirik, çünki iman insana güc və enerji verir, onu düzgün xətdə və doğru yolda saxlayır. “İnqilabi” olması dedikdə, yəni böyük dəyişikliklərə etiqadının olması nəzərdə tutulur. Ölkədə inqilabın bərəkəti sayəsində bu siyasi və ictimai dəyişiklik baş verdi. Məhz bu insanlar yeniliyi gerçəkləşdirə bilərlər.
Üçüncü məqam: Silahlı qüvvələrin universitetlərində aparılan tədqiqatlarda ölkənin müdafiə ehtiyaclarını təmin etməyi əsas məqsəd kimi götürün. Yəni məqsəd məhz bu ehtiyacları ödəmək, boşluqları doldurmaq olmalıdır. Bunu niyə deyirəm? Çünki bəzi universitetlərdə müəllim və alimlərin əsas məqsədi yalnız məqalə yazmaq və nəşr etdirməkdir. Onlar bu məqalənin ölkənin hansı boşluğunu doldurduğuna əhəmiyyət vermirlər. Bəzən elə olur ki, yazılan məqalədən bizdən çox başqaları faydalanır, elə bil ki, o, başqalarının ehtiyaclarını ödəmək üçün yazılıb. Silahlı Qüvvələrin tədqiqat mərkəzlərində bu cür mənfi halların yaranmasının qarşısı alınmalıdır. Sadəcə olaraq, baxıb görmək lazımdır ki, bizim hansı ehtiyaclarımız var, hansı müdafiə sahəsində ehtiyaclarımız mövcuddur. Məhz onlara diqqət yetirilməli, o sahələrdə araşdırmalar aparılmalıdır.
Bu gün sizin malik olduğunuz bu dəyərli düşüncə, tədqiqat qabiliyyəti, istehsal bacarığı, kəşf, yaradıcılıq və yenilik İlahi bir nemət hesab olunur. Bu nemətlərin qədrini bilin və onların Allahdan olduğunu dərk edin: “Bizə çatan hər bir nemət sənin tərəfindəndir, səndən başqa Allah yoxdur”. (“Misbahul-mutəhəccid və silhul-mutəəbbid”, c. 1, səh 75) Bütün nemətləri bizə Allah-təala bəxş edib. Şükür edin. Bu nemətlərə şükür etmək isə yalnız qəlbən və dildə Allaha təşəkkür etməklə məhdudlaşmır, həm də onun sizə bəxş etdiyi bu imkanları ən yaxşı şəkildə dəyərləndirməkdən ibarətdir.
Allahın salamı, rəhmət və bərəkəti olsun sizə.