Bağışlayan və mehriban Allahın adı ilə

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین.

Xoş gəldiniz, əziz qardaşlar – İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının heyəti. Bu gün 1979-cu il 8 fevral tarixinin mübarək və şanlı xatirəsi bir daha yenilənir. Bu günün əhəmiyyəti ondadır ki, həmin gün ucaldılan bayraq və qoyulan təməl yeni ordunun yolunu müəyyənləşdirdi. İran İslam Respublikası Ordusu, əslində, o gənclərin (İmam Xomeyniyə beyət edən hərbçilərin) 19 bəhmən (8 fevral) Ələvi məktəbinə gələrək yaratdıqları qəhrəmanlıq salnaməsinin davamçısı oldu. Bu səbəbdən 19 bəhmən (8 fevral) yeni İran ordusunun doğum günü kimi tanınmalıdır. Bəlkə də, demək olar ki, o gənclərin 19 bəhməndəki hərəkəti ordunun daxilində çoxsaylı fərdləri, görkəmli şəxsiyyətləri inqilab meydanına gətirən əsas amil oldu. Orduda müxtəlif səviyyələrdə, yəni həm hava qoşunlarının texniki heyətində, həm aşağı rütbəli zabitlər arasında, həm də yüksək rütbəli zabitlər və baş komandirlər sırasında inqilaba və xalqa bağlı olan insanlar vardı. Lakin ordunun daxilində onların özlərini büruzə vermək, önə çıxmaq fürsəti yox idi. Onları inqilab meydanına çəkib ön sıralara çıxaran amil məhz həmin şücaətli addım oldu. Şəhid Namcu, şəhid Səyyad, şəhid Babai, şəhid Səttari, şəhid Kolahduz, şəhid Fəllahi, digər böyük şəhidlər və İran İslam Respublikasının bu müddət ərzində ən tanınmış şəhidlərindən olan bəzi digər şəhidlər ordunun içindən çıxdılar, göz önünə gəldilər və qəhrəmanlıq rolunu ifa etdilər. Çox güman ki, onları bu şəkildə meydana gətirən amil inqilabın qələbəsindən üç gün əvvəl baş verən həmin gənclərin hərəkəti idi. Bu gənclər, yəni Hərbi Hava Qüvvələrindəki gənclər inqilabın qələbəsinə üç gün qalmış ən təhlükəli şəraitdə bu addımı atdılar.

Mən çıxışlarımda həmişə bir neçə xüsusiyyətin üzərində dayanmışam və bu xüsusiyyətlərin hamısı bu hərəkətdə mövcud idi. Bunlardan biri bu hərəkətin şücaət əsasında olması idi. Şücaət çox mühümdür. Bir insanın çətin bir meydana girməyə ürək etməsi olduqca önəmlidir. Bu hərəkət tam şücaətli bir addım idi. Həmin gün heç kim üç gün sonra rejimin devriləcəyini bilmirdi. Heç kim bilmirdi ki, üç gün sonra Pəhləvi rejimi süqut edəcək. Mümkün idi ki, həmin şəxslərin hamısı edama məhkum edilsin. Lakin onlar şücaət göstərdilər.

Bunlardan biri bu hərəkətin “Vaxtında baş verməsi” idi. Bəzi hərəkətlər çox yaxşıdır və şücaət əsasındadır, amma öz zamanında həyata keçirilmir. Məsələn, Kufədə Seyyidüşşühədanın (əleyhissalam) şəhadətindən bir neçə il sonra baş verən Təvvabin hərəkatı yaxşı bir addım idi, amma vaxtında deyildi. Onlar İmam Hüseyni müdafiə etməli olduqları gün gəlib kömək etmədilər, sonra peşman oldular, gəldilər ayağa qalxdılar və hamısı da öldürüldü. Döyüş meydanı da olduqca çətin idi, amma bunun nə faydası oldu? Vaxtında meydana girmək lazımdır, hərəkəti zamanında və anında həyata keçirmək gərəkdir. Bu gənclərin hərəkəti məhz vaxtında və anında baş verdi. Biz bunları yalnız müəyyən bir qrupun təriflənməsi üçün demirik, çünki bu xüsusiyyətlərə bu gün də ehtiyacımız var.

Bu hərəkətin başqa bir xüsusiyyəti və çox dəyərli olan cəhəti isə “Hesablanmış və ağıl əsasında” olması idi. Onlar bu hərəkəti oturub hesablayıb, düşünüb və üzərində işləyiblər. Hərəkətin növündən açıq görünürdü ki, bu, anidən verilmiş bir qərar deyildi. Bu barədə əvvəlcədən düşünülmüş, iş görülmüş və araşdırma aparılmışdı. Biz hadisənin şahidi kimi açıq şəkildə görürdük ki, onlar öncədən oturub bu işi hesablamışdılar. İnqilabi hərəkət buna ehtiyac duyur. Bəziləri düşünürlər ki, inqilabi hərəkətlər hesab üzündən deyil və ağıl əsasında olmaq müqabilindədir, lakin bu, səhv bir düşüncədir. Əksinə, inqilabi hərəkət hər şeydən çox hesablamaya və ağıllı yanaşmaya ehtiyac duyur. Bu da hərəkatın digər bir xüsusiyyəti idi.

Digər bir xüsusiyyət də “Düşmənin qəflətindən istifadə etmək” məsələsi idi. Yəni həmin dövrdə əks-kəşfiyyat qurumları və şah ordusunun ali səviyyəli komandirləri əgər ordunun daxilindən inqilabın xeyrinə hər hansı bir hərəkətin baş verəcəyini təxmin etmək istəsəydilər, ağıllarına gələcək ən son yer Hərbi Hava Qüvvələri olardı. Çünki gəlib Hərbi Hava Qüvvələrinə yetişsəydilər də, artıq bu hərəkət (Şah əleyhinə addım) onların fikrinə belə gəlməzdi. “Allah onları gözləmədikləri yerdən haqladı” (“Həşr”, 2). Yəni onlar gözləmədikləri yerdən zərbə aldılar. Bizim bu qardaşlarımız, o günün gəncləri düşmənin qəflətindən istifadə edərək bu addımı atdılar.

Bu hərəkət, mənim qəti inancıma görə, İran ordusuna bir kimlik qazandırdı. Həmin rejim dövründə əsas plan İran ordusunun Amerika hərbi sisteminin bir hissəsi kimi müəyyənləşdirilməsi idi. Heç bir müstəqillikdən söz gedə bilməzdi. Ordu strukturu Amerika modeli idi, silah Amerika istehsalı, silahdan istifadə imkanları Amerikanın icazəsi ilə olmalı idi. Məsələn, F-14 təyyarələri vermişdilər, amma bu təyyarələr harada və necə istifadə ediləcəkdi, bunun üçün Amerika icazə verməli idi. Hətta inkişaf etmiş təyyarələrin harada təmir olunacağı, ehtiyat hissələrinin harada dəyişdiriləcəyi də İranın texniki heyətinin ixtiyarında deyildi, bu məsələ amerikalıların əlində idi. Mən bu yığıncaqda dəfələrlə demişəm ki, xarab olan ehtiyat hissəsini təyyarəyə qoyub Amerikaya aparır, orada dəyişdirib geri qaytarırdılar. Yəni icazə vermirdilər ki, ehtiyat hissə burada təmir olunsun. Həqiqətən, İran ordusu Amerika ordusunun və hərbi sisteminin bir hissəsi kimi müəyyənləşdirilməli idi. Əsas vəzifələrə təyinatlar Amerika tərəfindən, silah Amerika istehsalı və təlim Amerika üsulu idi və ordunun istifadə yeri Amerikanın qərarı ilə müəyyən olunurdu. Hətta ölkə rəsmilərindən belə icazə almırdılar. Bir yerdə oxumuşam ki, Məhəmmədrza deyir: “Amerikalılar gəlib ordunu apardılar və istifadə etdilər, mənə nəinki icazə almaq, heç ordunun müəyyən bir hissəsini aparıb istifadə etmək xəbərini verməyi belə lazım bilmədilər”. Ordunun vəziyyəti belə idi.

İmamın (Allah rəhmət eləsin) 1964-cü ildə etdiyi nitqlərdən birində Kapitulyasiya qanununa qarşı etirazlarından biri  ordunun təhqir olunması məsələsi idi. Yəni, həqiqətən də, kapitulyasiya belə bir şey idi. Kapitulyasiya o deməkdir ki, bir dövlət və ölkə digər bir ölkə ilə belə bir müqavilə bağladıqda həmin ölkənin hərbi və ya siyasi şəxsləri burada hər hansı bir cinayət törədərsə, onlar bu ölkədə mühakimə oluna bilməzlər. Bunu amerikalılar həmin dövrün şah quruluşuna zorla qəbul etdirmişdilər! Bizim Şahdan tutmuş Senatın və Milli Məclisin üzvləri, hökumətin Ələm, Hüveyda və digərləri kimi sayılıb-seçilən şəxslərinə qədər olan bu zəif ünsürlərinin hamısı bu sənədə imza atmışdı ki, istənilən amerikalı (hər kim olur-olsun) İranda cinayət törədərsə, mühakimə olunmamalıdır. Bu o demək idi ki, əgər bir amerikalı çavuş İranın yüksək rütbəli zabitinə, məsələn, bir polkovnikinə şillə vursa, həmin polkovnikin cavab verməyə haqqı yoxdur. Bu azmış kimi, həmin amerikalı burada mühakimə olunmamalıdır. Yəni onu Amerikaya aparıb orada məhkəmə keçirəcəklər ki, görsünlər, o, pis bir iş görüb, yoxsa yox! Bundan daha böyük zillət ola bilərdimi? İmam da buna etiraz edirdi.

İmam həmin nitqində Amerikanın İran ordusu, hökuməti və ümumilikdə ölkə üzərindəki alçaldıcı hökmranlığına qarşı çıxırdı. İnqilab gəldi və orduya kimlik verdi. Ordu da öz ləyaqətini sübut edərək başıuca və müstəqil bir qüvvəyə çevrildi. Üstəlik, Müqəddəs Müdafiə illəri (Səddamla İran arasında yaşanan 8 illik müharibə dövranı) təcrübəsi yaşandı və ordu ön cəbhədə iştirak edərək şəhidlər verdi, mübarizə apardı, fəaliyyət göstərdi. Mən dəfələrlə bu barədə müxtəlif xatirələr danışmışam. Bu gün ölkəmizin tarixində Səyyad, Babai, Səttari və onların timsalında minlərlə parlaq ulduz parlayır. Bular görkəmli şəxsiyyətlərdir.

Bu gün ordu nə etməlidir? Bu sualı ortaya atıram. Bu gün ordunun ən mühüm vəzifəsi nədir? Cavab budur ki, bu gün ordunun ən mühüm vəzifəsi özünü gücləndirməkdir. Özünü gücləndirmək ordunun ən əsas vəzifəsidir. Ordu həm insan ehtiyatı baxımından, həm silahlanma, həm təlim, həm döyüş hazırlığı, həm də müdafiə hazırlığı baxımından özünü gücləndirməlidir. Qarşıdurma olmayan zamanlarda hərbi təşkilatların ən mühüm vəzifəsi budur: zəif nöqtələri, boşluqları və təşkilatda ola biləcək zəiflikləri araşdırıb tapmaq, onların üzərində işləmək və özünü gücləndirmək. Ordu hər gün özünü daha da gücləndirməlidir. Son illərdə başlayan bu yenilik hərəkatı və yenilik gətirən fikirlər əsasında olan quruculuq prosesi istər Müdafiə Nazirliyində, istər orduda, istərsə də SEPAH-da davam etməlidir. Xoşbəxtlikdən, bizim hərbi qurumlarımız və hərbi sənayemiz öz bacarıqlarını sübut edib göstəriblər ki, böyük işlər görə bilərlər. İndiyə qədər gördüyünüz böyük işlərdən daha böyüyünü də görə bilərsiniz. Sizin əsas məqsədiniz ölkəni müdafiə etmək olmalıdır və bu yalnız hərbi təşkilatların gücləndirilməsi ilə mümkündür. Həmin ruhiyyə ilə, döyüş ruhiyyəsi, şücaət, yenilik gətirən fikir və 19 Bəhmən hadisəsinin bizə öyrətdiyi düzgün hesablamalarla İran İslam Respublikası Ordusunun gücləndirilməsi yolunda irəliləməli və bu işi davam etdirməlisiniz, inşallah.

İndi isə gələk müzakirə və danışıqlar məsələsinə. Bir müddətdir ki, qəzetlərdə, sosial mediada, müxtəlif şəxslərin çıxışlarında dövlətin danışıqları barədə müzakirələr gedir. İstər ölkə daxilində, istərsə də xaricdə müzakirə edənlərin nəzərdə tutduğu əsas məsələ Amerika ilə danışıqlardır. “Müzakirə yaxşı bir şeydir” deyirlər, sanki kimsə danışıqların yaxşı bir şey olduğunu inkar edir! Bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ən fəal nazirliklərindən biridir. Onun işi məhz budur. Yəni dünyanın müxtəlif ölkələri ilə, istər Şərqdə, istər Qərbdə danışıqlar aparır, görüşlər keçirir, müqavilələr bağlayır. Yeganə istisna Amerikadır. Sionist rejimin adını çəkmirəm, çünki dövlət deyil. Sionist rejim cinayətkar bir bandadır, gəlib bir torpağı işğal edib və orada cinayət törədir. Ona görə də bu məsələdə yeri yoxdur. İstisna yalnız Amerikadır.

Bəs niyə istisnadır? Səbəb nədir? Birincisi, Amerika ilə danışıqların ölkənin problemlərini həll etməkdə heç bir təsiri yoxdur. Bunu düzgün anlamalıyıq. Elə təqdim etməsinlər ki, əgər o hökumətlə danışıqlar masasına otursaq, bu və ya digər problemlər həll olunacaq. Xeyr, Amerika ilə danışıqlar aparmaqla heç bir problem həll olmur. Səbəb nədir? Yaşadığımız təcrübə! Biz 2010-cu illərdə, təxminən, iki il Amerika ilə danışıqlar apardıq. Əlbəttə, Amerika tək deyildi, başqa ölkələr də var idi, amma əsas fiqur və danışıqların mərkəzi Amerika idi. O dövrdə İranda hökumət başında dayananlar danışıqlara başladılar; gəldilər, getdilər, oturdular, durdular, danışdılar, güldülər, əl sıxdılar, dostluq etdilər, hər şeyi etdilər və nəticədə bir müqavilə bağlandı. Bu müqavilədə İran tərəfi çox səxavətli davrandı, qarşı tərəfə çox imtiyaz verdi. Amma Amerika həmin müqaviləyə əməl etmədi. İndi hakimiyyətdə olan şəxs o vaxt dedi ki, bu müqaviləni cıracağam və cırdı da. Ona əməl etmədilər. Ondan qabaq da onlarla müqavilə bağlanan şəxslər o müqaviləyə əməl etmədilər. Müqavilə sanksiyaların aradan qaldırılması üçün idi, lakin sanksiyalar götürülmədi. BMT-yə gəldikdə isə onlar məsələni uzatdılar ki, İranın başı üzərində daim bir təhdid mövcud olsun. Bu müqavilə, zənnimcə, iki il (bundan bir az çox və ya az) davam edən danışıqların nəticəsi idi. Yaxşı, bu bir təcrübədir, axı və bu təcrübədən dərs almalıyıq. Danışıqlar apardıq, imtiyaz verdik, geri çəkildik, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Həmin müqaviləni bütün bu çatışmazlıqlarına baxmayaraq, qarşı tərəf pozdu və onu cırdı. Belə bir hökumətlə danışıqlar aparmaq olmaz. Belə müzakirə etmək ağıllı, müdrikcəsinə və şərəfli bir iş deyil.

Təbii ki, ölkə daxilində problemlər var, bunu inkar edən yoxdur. Xalqın dolanışığında çoxlu çətinliklər var və demək olar ki, bütün təbəqələr müxtəlif problemlərlə qarşı-qarşıyadır. Amma bu problemləri həll edəcək əsas amil daxili faktordur. Daxili faktor dedikdə problemləri həll edəcək amil (inqilaba qəlbi bağlılığı olan) cavabdeh məsul rəsmilərin himməti və vəhdəti olan xalqın həmrəyliyidir. Yəni, inşallah, tezliklə şahidi olacağınız yürüşdə (22 Bəhmən inqilabın ildönümü günü olan xalq yürüşü) görəcəyiniz xalqın birliyi. 22 Bəhmən yürüşü hər il ölkəmizdə milli birliyin təcəssümüdür. Problemlərimizi həll edəcək amil bəsirətli xalq və yorulmaz dövlət xadimlərinin olmasıdır. Məsul şəxslər işləyirlər, şükürlər olsun ki, müəyyən işlər görülür. Mən çox ümidliyəm ki, hazırkı hökumət ən azı xalqın dolanışıq problemlərini azalda və çətinlikləri aradan qaldıra biləcək.

Amerika oturub kağız üzərində dünya xəritəsini dəyişməyə çalışır! Amma bu yalnız kağız üzərindədir, həqiqətdə isə bunun heç bir gerçəkliyi yoxdur. Bizim haqqımızda da fikirlər söyləyirlər, danışırlar, təhdid edirlər. Əgər bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər bu təhdidi həyata keçirsələr, biz də öz təhdidimizi əməli formada həyata keçirəcəyik. Əgər xalqımızın təhlükəsizliyinə müdaxilə etsələr, şübhəsiz, biz də onların təhlükəsizliyinə müdaxilə edəcəyik. Bu, Qurandan öyrəndiyimiz və İslamın bizə əmr etdiyi bir davranış və bizim üzərimizə düşən bir vəzifədir. Allah-təaladan diləyirik ki, bizi öz vəzifəmizi yerinə yetirməkdə müvəffəq etsin.

 

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun.