İran İslam Respublikasının Ali Rəhbəri və Silahlı Qüvvələrin Baş Komandanı Həzrət Ayətullah Xamenei sionist rejimin hücumu fonunda televiziya vasitəsilə verdiyi üçüncü müraciətində bu döyüşdə əldə olunan qələbə münasibətilə İran xalqını təbrik edərək vurğulayıb:

 

“Sionist rejim bütün hay-küyünə və iddialarına baxmayaraq, İslam Respublikasının zərbələri altında demək olar ki, diz çökdü və əzildi. İran tərəfindən belə zərbələrin bu rejimə endirilə biləcəyini onlar heç düşünməmişdilər, xəyal belə etmirdilər, amma baş verdi. Allaha şükür edirik ki, Silahlı Qüvvələrimizə yardım etdi, onlar həmin rejimin çoxqatlı, qabaqcıl hava müdafiəsini yara bildilər və şəhərlərinin, hərbi obyektlərinin bir çoxunu öz raketləri və qabaqcıl silahlarının güclü hücumu ilə yerlə-yeksan etdilər! Bu, İlahi nemətlərin ən böyüklərindən biridir.”

 

Bu münasibətlə KHAMENEI.IR media portalı İran İslam Respublikasının sionist rejimlə 12 günlük son təhkim olunmuş döyüşündə qazandığı qələbənin ümumi təhlilinə həsr olunmuş “Qələbənin təsviri” adlı sənədi çərçivəsində şəhid General Hacızadə ilə indiyədək yayımlanmamış bir müsahibəni dərc edib. Müsahibədə mərhum SEPAH Hava-Kosmos Qüvvələrinin komandanı Hacızadə Ali Baş Komandanın İranın raket gücünün inkişafındakı rolu barədə danışır.

 

Bu müsahibə 2021-ci ildə Məşhəd şəhərində Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin təşəbbüsü ilə aparılıb. Müsahibənin mətni belədir:

 

Başlanğıc və ilk sual olaraq zəhmət olmasa İran İslam Respublikasında Ali Baş Komandanlığın mövqeyinin nə olduğunu deyərdiniz.

İran İslam Respublikasının hərbi və müdafiə sahəsindəki Ali Baş Komandanlığı, həqiqətən də, geniş cəhətlərə malikdir. Son illərdə yalnız silahlanma və silah istehsalı sahəsinə qismən toxunulsa da, mənim fikrimcə, bu məsələnin geniş sahələri var və bunlar hesaba gələndir. Yəni bu, elə deyil ki, insan sadəcə ümumi bir hökm versin, əksinə, bunların hamısının sənədi var.

 

Həzrət Ağanın (Rəhbərin) İmam Xomeyninin ona icazə verdiyi qədər səkkiz illik Müqəddəs Müdafiə Müharibəsindəki iştirakı nəzərəçarpacaq dərəcədə mühüm idi, çünki onun uzun müddət bu sahəyə daxil olmağa icazəsi yox idi. Amma İmamın vəfatından sonrakı üç onillikdə Həzrət Ağanın hərbi işlərdəki rolu həlledici olub. Bəlkə də bunun səbəblərindən biri, onun düşməni tanımaq bacarığı və yüksək kəşfiyyat zəkasıdır. Son otuz ildə biz bir çox böyük fitnələrdən və düşmənin hökumətimiz üçün qurduğu tələlərdən salamat çıxa bildik. Bu məsələlərin hər birində Ali Məqamlı İnqilab Rəhbərinin rolu və onun uzaqgörən tədbirləri tam aydın şəkildə görünür.

 

Onun böhranların idarə olunmasında və ölkəni təhlükəsizlik və hərbi tələlərdən xilas etməkdəki rolu nə olub? Nümunələr qeyd edə bilərsinizmi?

 

Bəli, əlbəttə. Mən bir neçə nümunə qeyd edim, məsələn, birinci müharibədə Küveytin azadlığı məsələsində. Ölkə daxilində bəziləri gəlib dedilər ki, artıq Səddam Xalid ibn Vəlid rolunu oynayır və İran da onunla birlikdə Amerikaya qarşı vuruşmalıdır. O günü bir çox məsuliyyət başında olanlar da bu sözü dedilər, lakin yalnız Həzrət Ağa məsələni düzgün dəyərləndirdi və bu hadisəni bir tələ kimi tanıdı. Onun baxışına görə hər iki tərəf batil qrup idi, bir tərəfdə Amerika, Avropa və Qərb dövlətləri və digər tərəfdə isə Səddam rejimi yer alırdı. Həzrət Ağa idi ki, ölkənin və silahlı qüvvələrin bu tələyə düşməsinin qarşısını aldı. Ya Əfqanıstan müharibəsində və bu 30 ildə dəfələrlə belə hallar oldu ki, bu sahələrə daxil olmaq ölkə üçün bir tələ idi. Bu da Həzrət Ağanın Ali Baş Komandan kimi kəşfiyyat zəkası, baxışı və anlayışı sayəsində idi. Çünki nəhayət onun idarəçiliyi təkcə ümumi idarəçilik deyil, onun məlumat əhatəsi və ixtisas sahibi olması lazımdır və biz bütün sahələrdə gördük ki, doğrudan da, bu xüsusiyyətlərə malikdir. Yüksək rütbəli və səlahiyyətli komandirlər yığıncağında yaxşı şəkildə müzakirələrə daxil olur və ortaya qoyduğu məntiq göstərir ki, o, bu sahəyə bələddir və bir çox hallarda ölkəni xilas etmişdir.

Baxın, bu gün bizim ətrafımızda, Qərbi Asiya bölgəsində, ölkələr həqiqətən iflic vəziyyətinə düşüblər, hökumətlər zəifləyib, ordular aradan gedib, təhlükəsizlik pozulub, qarışıqlıq genişlənib. Bunlar Amerikanın, İngiltərənin, sionist rejimin və Qərblilərin planları idi ki, bu bölgə bir-birinə dəyməlidir. Onların əsas hədəfi də İran idi. İndi baxın, İraqın vəziyyəti nə yerdədir, bu günlərdə Əfqanıstanın vəziyyətinə baxın, Suriyanın vəziyyətinə baxın, hərçənd İran müdaxilə etdi, kömək göstərdi, amma nəhayət orada ordunu zəiflətdilər və ölkəni dağıtdılar.

Bəzi yerlərdə ki, müdaxilə etməli idik, yenə də bir dəstə deyirdi ki, yox, müdaxilə etməməliyik. Məsələn, o vaxt ki, təkfirçi qruplar və İŞİD Suriyaya və İraqa daxil oldular və oranı işğal etdilər, bir çoxları deyirdi ki, bunun bizə nə dəxli var, biz niyə özümüzü bu məsələyə qatmalıyıq?

Məhz burada Ağa qəti şəkildə göstəriş verdi ki, yox, müdaxilə etməliyik və getməliyik. Bu gün ki, bu hadisədən illər keçib, bu barədə mühakimə yürütmək çox asan olub. Bu gün Küveyt müharibəsi barədə, Əfqanıstan məsələsi barədə və düşmənin bizim üçün qurduğu tələlər barədə danışmaq asanlaşıb. Amma görün, həmin gün Ağa bu qərarları verdi, qərara aldı ki, biz Suriya müharibəsinə daxil olmalıyıq. Çünki əgər biz orada vuruşmasaydıq, gərək Tehranda vuruşardıq, Kirmanşahda vuruşardıq, Həmədanda vuruşardıq. Yəni bəzi yerlərdə müdaxilə olunmalı, bəzi yerlərdə isə olunmamalı idi. Bu, İnqilab Rəhbərinin rəhbərliyi və idarəçiliyi idi ki, bu hadisələr baş verdi. Mənim fikrimcə, bu özü çox mühüm məsələdir ki, ayrıca müzakirə mövzusudur.

İkinci sahə budur ki, bu gün bizim silahlı qüvvələrimiz, istər ordudan, istər SEPAH-dan, istər Bəsicdən olan hərbi qüvvələrimiz döyüşkənlik, şücaət və zülmə qarşı durmaq ruhiyyəsinə malikdirlər.

Filan ordunun qarşısında məğlub ola bilərik hissini heç cür daşımırlar. Güc hiss edirlər və güclüdürlər. Bu, onların inqilabdan sonrakı dövrdə, xüsusilə bu son otuz ildə keçdiyi tərbiyənin nəticəsidir.

 

Son illərdə Silahlı Qüvvələrin mənəvi və etiqadi tərbiyəsinin İnqilab Rəhbəri ilə nə kimi əlaqəsi var və bu tərbiyə necə həyata keçirilib?

Biz səkkizillik müharibə dövründə Səddamla üz-üzə idik. Amma ondan sonra Amerika məsələsi gündəmə gəldi, qərblilərin təhdidləri var idi. Təbii ki, narahatlıqlar var idi, çünki axı bizim gücümüz onlarınkı qədər deyil. Amma bu gün döyüşçülərimiz, qüvvələrimiz, bütün səviyyələrdə şücaətlə belə bir hissə sahib deyillər ki, biz kiminsə qarşısında aciz qala bilərik. Bu gün hamı etiraf edir ki, İranın silahlı qüvvələri, SEPAH-ı, ordusu, ümumilikdə güclüdürlər.

Bu tərbiyə necə baş verib? Son otuz ildə, Silahlı Qüvvələrlə bağlı bütün proqramlarda təlim proqramları, tərbiyə proqramları, mərasimlər və İnqilabın Ali Məqamlı Rəhbərilə hər həftə və davamlı olaraq keçirilən görüşlər sabitdir, ola bilər ki, sayı artsın, amma azalmaz. Yəni həftədə ən azı bir görüş. Ümumiyyətlə, bir günü hərbçilərə həsr ediblər. Həzrət Ağanın bu davamlı fəaliyyəti bu tərbiyəni, bu hazırlığı qüvvələrdə meydana gətirib.

Bunlar artıq silah və avadanlıq məsələsi deyil, bunlar mənəvi, etiqadi və tərbiyəvi yönlərdir. Bu da Həzrət Ağanın yerinə yetirdiyi işlərin bir yönüdür və bu sahədə onun fikirləri ilə kitablar çap etmək olar, bu fikirlər dərin və məzmunca zəngindir.

 

İnqilab Rəhbərinin özünütəmin və silahların daxili istehsalı yolunda rolu nə olmuş və hansı taleyüklü qərarlar qəbul edilmişdir?

Həzrət Ağa müharibədən sonrakı illərdə silah sahəsində özünütəminə, daxili milli istehsala, ayaqda durmağa təşviq edib. Amma hansı yolu gedək, hansı silahı milli edək, bunu necə edək, bu, önəmli bir məsələdir. İki iş baş verib: biri budur ki, deyək biz bacararıq və silah istehsal gücünə tərəf gedək, digəri isə odur ki, istiqaməti düzgün seçək.

 

Son otuz ildə, yəni bəlkə də 1984-cü ildən başlayaraq, xüsusilə raket sahəsində bu vurğular davamlı olub. Əgər biz dünyanın getdiyi yolla getsəydik, yəni həm Şərq, həm də Qərb hücum silahı olaraq təyyarə dalınca gedib və indi məsələn, beşinci nəsil təyyarəyə çatıb, biz yəqin ki, hələ də üçüncü nəsildə çabalayırdıq. Bu nə deməkdir? Yəni nə qədər çalışsaq da, onların arxasında idik, əlli il geridə idik.

Biz gəlib düşmənin arxasınca getmək və heç vaxt ona çatmamaq əvəzinə, elə bir yol seçdik ki, bu gün onların qarşısındayıq. Düzdür, bu illərdə təhdidlərlə üzləşdik, amma təhdidlərə cavab verə biləcək imkanların arxasınca getdik. Xüsusilə son on ildə məqsədyönlü şəkildə hərəkət etdik, yəni silahlar, imkanlar, məsələlər dalınca getdik ki, bir nöqtədən elə bir uğur əldə edək ki, düşmənin bütün imkanlarını yararsız hala gətirək. Bu sahədə İnqilab Rəhbərinin idarəçiliyi, həqiqətən, dəqiq və bənzərsiz bir təsirə malik olub.

Bəzi yerlərdə görürük ki, İnqilab Rəhbərinin qəbul etdiyi qərarlar və müdaxilələri, deyə bilərik ki, bizim hərbi tariximizin yolunu dəyişib. Onun tökdüyü bünövrə çox təsirlidir. Mən bir neçə nümunəyə toxunuram:

1984-cü ildə bizə məhdud sayda raket verildi. Hökumət belə qərara gəldi ki, bu məhdud saydan ikisini geriyə mühəndislik (yəni əldə olunmuş düşmən silahı və ya avadanlığının strukturunu, işləmə prinsipini və texnoloji xüsusiyyətlərini araşdıraraq onu təqlid etmək, təkmilləşdirmək və öz istehsalına başlamaq məqsədilə aparılan mühəndislik prosesi) üçün ayıraq. Məsələn, Liviyadan 30 raket aldıq, onların ikisini istehsal və tədqiq üçün ayırdıq. Bu iki il ərzində baş verdi. Yəni bizim raket ehtiyatımız heç vaxt yeddi-səkkiz raketdən çox olmayıb. Yəni əgər raket gəlirdisə, çünki müharibə idi və qarşıdurma vardı, onu atırdıq. İndi siz, yeddi-səkkiz raketdən ikisini ayırırsınız, aparırsınız geriyə mühəndislik üçün! Bu, çox çətin bir qərar idi.

Yadımdadır, bir toplantıda Həzrət Ağa o zaman prezident idi, gəlib o yerə baxış keçirdi ki, o zaman SEPAH Nazirliyinin uşaqları orada araşdırmalara başlamışdılar və biz, bir toplantı keçirdik. Ağa narahat idi ki, niyə bu qədər ehtiyatlı davranırsınız, niyə tez açmırsınız, sökmürsünüz, niyə başlamırsınız, niyə narahatsınız?

Hətta zarafatla buyurdu ki, əgər bunları tez açmasanız, ola bilər ki, gəlib aparsınlar, bunları da atsınlar, əliniz boş qalsın!

Həzrət Ağa tədqiqata, daxili istehsala və yerli texnologiyaya böyük əhəmiyyət verirdi. O illərdə raket zavodunun tikintisinin təməlqoyma mərasimini Həzrət Ağa özü həyata keçirdi, videoları da mövcuddur. Bu nə deməkdir? Bu, o deməkdir ki, bu məsələyə əhəmiyyət vermə artıq həmin dövrdən mövcud olub.

Beləliklə, bu iş başlandı, o da müharibə dövründə. Amma bu, raket sahəsində və bir çox sahələrdə uzunmüddətli, çətin və mürəkkəb bir iş idi, çünki ilkin infrastrukturumuz yox idi.

İndi qərar versək ki, bir şey istehsal edək, hissələri mövcuddur, əldə edirik və bir sistem dizayn edirik. O zaman isə alt sistemlər ümumiyyətlə istehsal olunmurdu, texnologiyası ölkədə yox idi. Biz raket texnologiyasına çatmaq üçün, əvvəlcə bir neçə texnologiyanı əldə etməli idik.

1991-ci ildə Sovet İttifaqının dağılması zamanı qəfildən bir vəziyyət yarandı ki, İrana çox yaxşı təkliflər edildi. Sovetin iqtisadi vəziyyəti qarışmışdı, dağılma baş vermişdi və dağılandan sonra yaranan ölkələr maliyyə problemləri yaşayırdılar. Onlar gəlib dedilər ki, biz sizə raket satırıq, raket buraxılış platforması satırıq. Biz o zaman Şimali Koreyadan bir raketi təxminən iki milyon yarım dollara alırdıq, birinə bu qədər! Onlar (parçalanmış Sovet ölkələri) dedilər ki, birini sizə on min dollara veririk. Buraxılış platformasını da o vaxt Koreyalılardan bəlkə iki milyon yarım, üç milyon dollara alırdıq, keyfiyyəti də ruslarla müqayisə olunmazdı, onlar dedilər ki, biz sizə yüz min dollara veririk. Silahlı qüvvələrdə, raket bölməsində, hava qüvvələri bölməsində, heç kim bu alışa qarşı deyildi, əksinə, hamı deyirdi ki, əladır, dərhal gedin alın. İslam Respublikasında bir nəfər buna qarşı çıxdı, o da Həzrət Ağa idi. Bir çox məsul şəxslər, hətta bu işə qarışıb dedilər ki, gedək Həzrət Ağanı razı salaq. Amma Həzrət Ağa etiraz etdi, o həddə ki, qəzəbləndi və dedi ki, bu mövzunun ardınca niyə gedirsiniz, niyə bu işi davam etdirirsiniz, bu məsələnin ardınca heç kim getməsin. Niyə? Çünki biz, 1984-cü ildən raket istehsalına başlamışdıq. 1990, 1991, 1992-ci illərdə bu iş tədricən nəticə verməyə başlamışdı. İndi o günlərdə ki, iş bəhrəsini verməyə başlamışdı, biz, birdən-birə nə etmək istəyirdik? Gəlib hazır raketlərdən bir neçə dənə alıb gətirmək. Nəticəsi nə olacaqdı? Nəticəsi bu olacaqdı ki, iş dayanacaqdı. Həzrət Ağa bu iş dayanmasın deyə dedi ki, alış qadağandır! Hətta o qədər qəzəbləndi ki, bəzi məsul şəxslərə qışqırdı, dedi ki, bu işi davam etdirməyin, bu işi görməyin və müxalifət göstərdi.

 

Həmin çətin qərarın, yəni raketlərin kütləvi şəkildə alınmasına qarşı çıxılmasının İranın raket sənayesinə nə kimi təsiri oldu?

O gün biz, məsələn, bizim kimi o vaxt iyirmi doqquz, otuz yaşı olanlar, biz və şəhid Müqəddəm kimi dostlarımız deyirdik ki, kaş Ağa razılıq verəydi, kaş ala biləydik və niyə almadıq? O günlərdə biz özümüz də bu tədbirin (yəni bu qərarın) nə qədər təsirli olduğunu başa düşmürdük. Əgər o gün yolumuzu düzgün seçməsəydik və o yol Həzrət Ağanın rəhbərliyi ilə müəyyən edilməsəydi, əmin olun ki, “Yer-yerə” raketlərə, uzaqmənzilli raketlərə çatmaq ya ümumiyyətlə baş verməzdi, ya da çox gecikərdi.

Çünki siz bir şeyi alanda, bəlkə sonrakı mərhələdə sizə başqa şeyləri də verərlər. Amma bir dəfə bu alış yoluna düşəndə, o yol bir müddət açıq ola bilər, amma sonra qapanır. Sonrakı mərhələdə nə yeni spesifikasiyalarla, nə də artırılmış mənzillə heç nə almaq mümkün olmur. Məhz bu məsələ olduqca həlledici idi və Həzrət Ağanın qoyduğu bu bünövrə, istiqaməti təyin etdi.

Müqəddəs Müdafiə Müharibəsinin sonunda ölkənin hərbi vəziyyəti ilə bu günkü vəziyyəti müqayisə etdikdə hansı fərqlər görünür?

Mən sizə deyim, biz ancaq o zaman hansı dəyişikliklərin baş verdiyini və nə qədər irəliləmiş olduğumuzu düzgün anlayarıq ki, müqayisə edə bilək. Gəlin müharibənin sonuna, yəni qətnamənin qəbul olunduğu vaxta baxın və sonra görün ki, bu gün 2021-ci ildə haradayıq. Bu 32 ildə nə qədər irəliləmişik?

SEPAH müharibəyə başladığı zaman əslində heç nəyi yox idi. Müharibənin sonunda isə əldə edilmiş bir neçə qənimət texnikası var idi. Ən çox toplar, tanklar, minaatanlar və yüngül və yarım-ağır silahlar vardı, yəni silahımız yox idi. Ordunun vəziyyəti də fərqli deyildi. İnqilabdan on il keçmişdi, onun da səkkiz ili müharibədə keçmişdi. Ordunun malik olduğu silahlar ya sıradan çıxmışdı, ya da sayca azalmışdı. Ən mühümü dünya texnologiyasından on il geridə qalmışdıq.

Çünki biz sanksiyada idik, heç kim bizə heç nə vermirdi. O dövrdə silah istehsal edən ölkələr irəliləmişdi, digər ölkələr isə Şərq və Qərb ilə əməkdaşlıq edərək onlardan silah alırdı. İraq müharibənin son gününə qədər silah aldı, özü də müasir silahlar. Amma bizə heç nə vermədilər. Sanksiyalar bizi ciddi şəkildə geridə qoydu. Müharibənin sonunda nə SEPAH, nə də ordu yaxşı vəziyyətdə deyildi. Əlimizdə olanlar Qərb və Şərq istehsalı olan, qənimət kimi əldə olunmuş texnikalar idi ki, həqiqətən də, günün imkanları ilə fasiləsi çox idi.

Yaxşı, əgər Müqəddəs Müdafiə Müharibəsinin sonlarını nəzərə alsanız, bilərsiniz haradaydıq. Bu gün baxın haradayıq? Bu son otuz ildə bizim üzərimizə tətbiq olunan silah sanksiyaları daha da sərtləşdi, heç zaman yüngülləşmədi. İqtisadi sanksiyalar da var idi, bəzən az, bəzən də çox, amma nəticədə hər zaman iqtisadi təzyiq mövcud idi. Neftin qiymətini aşağı salırdılar, dolayısıyla Silahlı Qüvvələr öz ehtiyac duyduğu vəsaiti heç zaman tam şəkildə ala bilmirdi. Daim büdcə çatışmazlığı və digər çətinliklərlə qarşılaşırdılar.

 

Bu çətin sanksiya şəraitində bu qədər böyük irəliləyişlər necə mümkün oldu və İnqilab Rəhbəri bu sahədə necə strateji rol ifa etdi?

Baxın, bu gün hara çatmışıq? Silah sahəsində, yer-yerə raket sistemlərində, pilotsuz uçuş aparatlarında, radar texnologiyalarında, elektron müharibə sahəsində, hava hücumundan müdafiə sistemlərində və digər bir çox sahələrdə — istər quru, istər dəniz — bu gün biz artıq regional yox, qlobal səviyyədə tanınırıq. İqtisadi sənədlərdə deyilir ki, biz iqtisadi baxımdan regionun aparıcı üç ölkəsindən biri olmalıyıq. Amma hərbi sahədə söhbət yalnız bölgədən getmir. Məsələn, bu gün dünyada 20 ölkə yüksək keyfiyyətli radar sistemləri istehsal edə bilirsə, biz, mütləq, onlardan biriyik. Pilotsuz uçan aparatlar sahəsində biz dünyanın beş ən qabaqcıl ölkəsi sırasında yer alırıq. Yaxud müasir hava hücumundan müdafiə sistemləri istehsal edə bilən ölkələr arasında da biz ön sıralardayıq. Halbuki bu illər ərzində bizim əlimiz-qolumuz bağlı idi. Sanksiyadaydıq, silah sanksiyası, hətta sərgilərə qatılmaq yasağı. Bu sahədə olan bir çox beynəlxalq sərgilərə dəvət edilmirdik, buraxılmırdıq. Belə yüksək səviyyəli sanksiya heç bir ölkəyə tətbiq olunmamışdı. İndi, biz çatmışıq belə bir nöqtəyə, bu, təsadüfi idi? Xeyr, iş görülüb, planlaşdırılıb, buna yetişmək üçün yol xəritəsi çəkilib, əhəmiyyətli işlər müəyyənləşdirilib və ana xəttlər işlənib və bu nəticəyə yetişmişik. Bu yolun mərkəzində isə Ali Məqamlı İnqilab Rəhbəri dururdu.

 

Raket və pilotsuz aparatlarla bağlı qərarların qəbulunda İnqilab Rəhbərinin nə kimi rolu və rəhbərliyi olmuşdur?

Son on iki ildə raket sahəsində biz İnqilab Rəhbəri ilə birbaşa əlaqədə olmuşuq. Raket sahəsində əsas məsələləri ya şəxsən, ya da yazılı şəkildə onunla bölüşmüşük. O Həzrət bu sahədə mütəxəssisdir, bəzən bizim istiqamətimizi belə islah edib dəyişirdi. Məsələn, biz texniki sahədə sürətə üstünlük verəndə, Rəhbər deyirdi ki, dəqiqliyə üstünlük verin. O vaxt bizim aramızda belə müzakirələr gedirdi ki, bir tonluq döyüş başlığı ilə biz hədəfi onsuz da vururuq, iki yüz metr kənarı vursa da fərq etməz, çünki hədəf məhv olacaq. Niyə bu qədər dəqiqliyə sərmayə qoyaq? Həm də bunun infrastrukturu və imkanları bizdə yoxdur. Amma sonralar başa düşdük ki, məsələn, dörd evin içindən yalnız birində olan terrorçu qrup hədəf alınmalıdır. Bizim məqsədimiz sadəcə hədəf deyil, dəqiq şəkildə yalnız həmin terrorçu komandiri məhv etməkdir. Bu dəqiqliyi İraq Kürdüstanında terrorçu qruplara zərbələrdə, həmçinin ölkənin Cənub-Şərqində polis qüvvələrimizə pusqu qurmuşdular, onlara qarşı əməliyyatlarda tam şəkildə gördük. Onların sərkərdələrini vurmaqda bu məsələyə ehtiyac duyduq. Buna oxşar məsələrdə, həqiqətən də, gördük ki, dəqiqlik mühümdür və gərək dəqiq dəysin.

Yaxud kosmik sahədə bəzi keçmiş komandirlərdə, məsələn, təyyarə sahəsinin genişləndirilməsi baxımından müəyyən meyillər var idi, Həzrət Ağa dedi ki, bu sahənin ardınca çox da getməyin, bunlar, sizin vəzifəniz deyil. Bu, ordunun işidir. Siz raket sahəsindən möhkəm yapışın və başqa işlərin ardınca getməyin.

Son illərdə pilotsuz aparat sahəsində böyük bir güc ortaya çıxıb. Qarabağ müharibəsindən sonra bir çox ölkələr oyanıb, bu texnologiyanın əhəmiyyətini anlayıblar. Bəzən 30 min dollarlıq bir dron, 300 milyon dollarlıq S-300 hava hücumundan müdafiə sistemini məhv edir. Yaxud milyonlarla dollar dəyərində tanklar, bunkerlər, insan qüvvəsi bir pilotsuz aparatla sıradan çıxır.

Həzrət Ağa bu texnologiyaya illər əvvəl diqqət yetirmişdi. İş görən qüvvələrdə buna qarşı şövq və bağlılıq var idi, işin ardınca gedildi, nəticədə biz bu gün qlobal səviyyədəyik. Bəzi sahələrdə, hətta öndəyik. Bu ixtira iranlıya aiddir və iranlının işidir, fərqli yanaşmadır və bəzən ixtira səviyyəsində fərqlənir.

 

Əgər ümumilikdə Həzrət Ağanın rəhbərliyini bu gün İranın qüdrətindəki rolunu yekunlaşdırmaq istəsəniz, nə deyərdiniz?

Mənim inancım budur ki, İnqilab Rəhbərinin hərbi və müdafiə sahələrindəki rolu son dərəcə böyükdür. Mən yalnız üç sahəyə toxundum, amma əslində bu sahələr daha çoxdur və bunlar dəqiq təhlil edilməli, mütaliə olunmalı və araşdırılmalıdır. Əgər bu gün iqtidarımız varsa və bölgədə bir qüdrətiksə, əlbəttə, amerikalılar və qərblilər də açıq şəkildə etiraf edirlər, məsələn, deyirlər ki, İran pilotsuz uçuş aparatları ilə 75 ildən sonra hava üstünlüyünü bizdən aldı. Bu, kiçik bir söz deyil, bunu Amerika ordusunun bir hərbi komandanı deyir.

Yaxud Eynul-Əsəd bazasına zərbə ilə bağlı deyirlər ki, İran hansı nöqtəyə zərbə endirmək istədisə, dəqiq olaraq həmin nöqtəni vurdu. Ya da İŞİD-ə qarşı zərbələrdə... Axı bu terror qrupları nizamlı bir ordu deyildi ki klassik cəbhə savaşı aparılsın. Bunlar, ailələri ilə birgə yaşayırdılar, evlərdə yerləşirdilər. Biz isə yalnız İŞİD-ə aid nöqtələri təyin etməli və dəqiqliklə vurmalıydıq, həm də bütün dünyanın gözü qarşısında. Yəni bu əməliyyatlar elə yerdə aparıldı ki, Amerika təyyarələri orada uçurdu, Avropalılar, Suriya, Türkiyə oradaydı. Söhbət dağın bir yamacında əməliyyat aparıb sonra da “Vurmuşuq” deməkdən getmir. Bu, bütün dünyanın gözü qarşısında baş verən bir əməliyyat idi və hər kəs gördü, mühakimə etdi və təqdir etdi.

Bu gün ölkədə mövcud olan bu təhlükəsizlik, əslində xalq üçün təmin olunmuş təhlükəsizlikdir. Hal-hazırda bölgədə bir çox yerdə təhlükəsizlik problemi var. Təhlükəsizlik borc ilə təmin olunmaz. Bu dəqiqənin özündə amerikalı güclərin məntəqədə azalması ilə bağlı narahatlıq keçirən ərəb ölkələri var və deyirlər ki, Amerikanın getməsinə görə nigaranıq. Niyə? Çünki onların gücü özlərinə məxsus deyil, borc alınıb və amerikalılara aid bir gücdür.

Biz bu nailiyyətlərə görə borcluyuq və inşallah, bu İnqilab Rəhbərinin qoyduğu bünövrə, istiqamət və rəhbərliyi ilə qüdrətimiz gündən-günə artacaq. Əgər bu təlimatlar (mən sadəcə hərbi sahəyə dair hissəsini izah etdim) iqtisadi sahədə də mövcuddur, mədəni sahədə də var, həyat tərzi və digər sahələrə də şamil edilir, əgər bütün bu sahələrdə məsul şəxslər və xalq bu göstərişlərə əməl etsələr, bu ölkə, inşallah, bir gülüstana çevriləcək.

 

Hava-Kosmik qüvvələrdə gənclər və elmi istedadların rolu nə qədər olub? Hazırkı nailiyyətlərdə gənclərin rolu nə qədərdir?

Bəli, Hava-Kosmik Qüvvələrdə bu uğurlar əldə olunub və aparılmış əməliyyatlar nəticəsində demək olar ki, xalqın hamısı bu uğurları qəbul edir. Biz nə vaxt danışsaq, deyirik ki, raket sənayesi 1984-cü ildən başlayıb, hamı elə bilir ki, bu işlə bir kiçik qrup yaşlı adamlar məşğuldurlar, o dövrdən həvəs göstərib, çalışıblar. Amma mən indi deyirəm ki, hava-kosmik qüvvənin orta yaşı 33-dür. Komandanlıq səviyyəsində, yəni tabor komandirindən tutmuş bölgə komandirinə qədər orta yaş aralığı 35–40-dır.

Tədqiqat sahəsində çalışanlar, istehsalat işləri görənlərin hamısı gənclərdir, yaş səviyyəsi aşağıdır. Amma bu nailiyyətləri yalnız hava-kosmik qüvvənin içindəki gənclərlə əldə etmişikmi? Xeyr. Bu güc və bacarıq bütün ölkə üzrə baş vermiş hadisədir. Biz, hazırda ölkədəki bütün universitetlərlə əlaqədəyik. Həzrət Ağa dəfələrlə vurğulayıb ki, sənayedə dəyişiklik baş verməsi üçün universitetlə sənaye arasında əlaqə qurulmalıdır və bu gün həmin əlaqə artıq qurulub.

 

İstedadlı gənclərə dəstək verdik, ruhlandırdıq, onlar da gəlib startap (elmi-texnoloji əsaslı) şirkətlər qurdular, müqavilə tərəfimiz oldular və müxtəlif sahələrdə, yalnız bizimlə deyil, başqa qurumlarla da əməkdaşlıq etdilər. Bu işlərin çoxu məhz bu gənclərin əli ilə görülüb. Mənim fikrimcə, problemlərin həlli yolu da məhz bu gənclərdir, əlbəttə təcrübəli şəxslərin də dəstəyi ilə. Biz “Gənc” deyəndə, məsələn, 30 yaşında birini nazir təyin etməkdən danışmırıq. Amma bütün məsuliyyətlər də nazirlik və prezidentlik səviyyəsində deyil axı. Görün nə qədər idarə rəisi, icra başçısı, nümayəndə var. İstehsalat sahəsində, universitetlərdə, sənayenin özəyində bu gənclər işləyə bilərlər. Bizim bu sahədə çox uğurlu təcrübəmiz var.

Bu qədər böyük işlər bir neçə yüz nəfərlə, maksimum iki min nəfərlə görülə bilməz. Bu təbii olaraq gənclərin əli ilə görülür. Məncə, təkcə hərbi və silah sahəsində yox, iqtisadiyyat və digər sahələrdə də yeganə çıxış yolu gənclərə güvənmək, onlara meydan verməkdir. Biz də bu sahədə maksimum istifadə etmişik.

 

İslam İnqilabının Rəhbərilə görüşlərinizdən başqa hansı xatirələriniz var?

Bir neçə nümunə qeyd etdim. Təbii ki, bu, elə deyil ki, Həzrət Ağa bütün işlərə şəxsən müdaxilə etsin və görülən işlərlə bağlı mütləq fərqli fikir bildirsin. Çox vaxt belə olub ki, biz onun hüzuruna getmişik və o, buyurub ki, elə bu vəziyyətlə də davam edin, olduğunuz vəziyyət yaxşıdır. Bir dəfə mən Həzrət Ağadan soruşdum: “Siz Hava-Kosmos Qüvvəsindən razısınızmı?” Ağa buyurdu: “Mən bütövlükdə SEPAH-dan razıyam. Təbii ki, bölmələr arasında fərqlər var, amma Hava-Kosmos Qüvvəsindən xüsusilə razıyam.” Bu sözlər bizim üçün çox şirin, çox dəyərli xatirələrdəndir, çünki Həzrət Ağanın razılığını qazanmağa nail olmuşduq.

Həzrət Ağa elə deyil ki, bir dəfə gəlib bir söz desin və iş bitsin. O, toplantılarda mütaliə etmiş halda iştirak edir. Dəfələrlə olub ki, biz toplantıya getmişik və görmüşük ki, o, əvvəlki hesabatları, bütün yazılı sənədləri tam diqqətlə oxuyub. İnsan bəzi şəxslərlə görüşəndə görür ki, o, saatına baxır, hövsələsi olmadığı kimi davranır və bu, adamın enerjisini azaldır. Amma Həzrət Ağa həm keçmişi bilir, həm tədbirlərini xatırlayır, həm də illərlə davam edən bir proses onun nəzərindədir.

 

İranda hərbi inkişafların Rəhbərin göstərişlərinə tabe olmaqla əldə edildiyini dediniz. Bəs digər məsul şəxslərə nə tövsiyə edirsiniz?

Bu illər ərzində Ali Məqamlı Rəhbərin göstərişlərindən, tədbirlərindən və yol göstərməyindən əldə etdiyimiz təcrübə əsasında deyə bilərəm ki, əgər məsul şəxslər onun müxtəlif sahələrlə bağlı verdiyi tövsiyələri ciddiyə alsalar, mütləq, uğur əldə edərlər, hətta keçmişə dair olan tədbirləri də. Mənim fikrimcə, hər bir nazir gəlməli, rəhbərin otuz illik tövsiyələrini toplayıb oxumalı və öz sahəsinə dair mövcud istiqamətləri yaxşıca öyrənib onlardan faydalanmalıdır.

Yəni Həzrət Ağa hər bir sahədə tədbirə malikdir və bu tövsiyələr bir növ yol xəritəsi sayılır. Təkcə çox işləməklə məsələ həll olunmur. Bəziləri deyir ki, “Gündə 20-24 saat çalışmalıyıq.” Ancaq məlum deyil, bəlkə bu 20 saatlıq iş bizi yoldan azdıracaq. Bəzən məsul şəxslərin həddindən artıq iş görməsi daha çox zərər verir. Əsas məsələ dəqiq və doğru istiqamətdə hərəkət etməkdir. Yol düzgün olmalıdır, rels düzgün qurulmalıdır, xəritə düzgün çəkilməlidir. Məncə, Rəhbərin bu tədbirləri bizim üçün böyük bir sərmayədir. Əgər müxtəlif sahələr bu 30 illik tədbirlərdən yaxşı istifadə etsələr, inşallah, ölkə nicat tapacaq.

 

Sizcə, İranın raket sənayesindəki inkişaf və uğurlarının sirri nədir?

Məncə, hava-kosmos sahəsi və onun bir hissəsi olan raket məsələsindəki uğurun sirri ilk növbədə müəyyən olunmuş strateji hədəfə və istiqamətə sadiqlikdədir. Ola bilər ki, zaman-zaman fərqli komandirlər gəlib-gedib, amma biz başqa sahələrdə müşahidə edirik ki, yeni bir məsul şəxs gəlir, əvvəlkinin işlərini, tamamilə, gözdən salır və pisləyir. Halbuki ola bilər o, on iş görüb, üçü zəif, amma yeddisi uğurlu olub. Hamısını pisləmək düzgün deyil. Ola bilsin ki, biz istiqamətimizi bir qədər düzəltmişik, mənim getdiyim yol mütləq şəkildə şəhid Müqəddəminki ilə, yaxud General Səlami ilə fərqli olub. Amma hədəfə sadiq qalmışıq. Bu birgə bir hərəkət idi. Hamı bu işdə var idi və buna etiqad bəsləyib.

Digər mühüm məsələ də budur ki, elə müdirlər olur ki, yaxşı düşüncələri var, tanışdırlar, sahəyə bələddirlər, amma bütün müdirlərin həmrəyliyi olduqca vacibdir. Əgər bu həmrəylik olmasa və biz yalnız əmr verməklə iş aparsaq, o iş yalnız bizim olduğumuz müddətdə davam edəcək, sonra dayanacaq. Biz bu gün şəhid Müqəddəmin gördüyü işlərə niyə bu qədər sadiqik? Çünki o, bizimlə oturub söhbət edirdi, bizi inandırırdı və həqiqətdə məsələni yaxşı başa düşürdük deyə, biz də onun kimi düşünürdük. Bu, çox həlledici məsələdir. Bir məsul şəxsin qapalı otaqda təkbaşına qərar verməyə çalışması hansı nəticəyə gətirib çıxaracaq, bilinməz. Ola bilər, insan çox şey bilsin, hətta sahəyə əhatəsi olsun, amma gəlib oturmalıdır, öz əlinin altında iş görənlərlə danışmalıdır, rəyləri dinləməlidir. Bu fikir mübadiləsi insanları inandırır və həmrəylik yaradır. Ola bilər, nəticədə onların 20-30 faizi sizin yekun qərarınızı tam qəbul etməsin, amma yenə də sizə sadiq qalacaqlar.