Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین.

Hörmətli iştirakçıları, bütün İran xalqını, böyük İslam ümməti və dünyada olan bütün azadlıqsevərləri və azad insanları təbrik edirəm. Peyğəmbər Əkrəmin Məbəs günü, həqiqətən, dünyanın azad insanları üçün bayramdır. Bu il Məbəs bayramı qalib Bəhmən ayı ilə eyni vaxta təsadüf edib. Ümid edirik ki, Bəhmən və İslam inqilabı cərəyanı, bizim həyata keçirdiyimiz bu hərəkat və bu hərəkatın qurucusunun niyyəti Peyğəmbərə və Məbəsə tabe olmaq, inşallah, eyni şəkildə davam edəcək və öz yolunu tutub gedəcək.

Möhtərəm Prezidentimizin çox gözəl və faydalı çıxışına görə təşəkkür edirəm. Ümid edirik ki, inşallah, İlahi tövfiqlə o çıxışda toxunulan məsələlərə əməl edək. Bir neçə kəlmə Məbəs haqqında deyəcəyəm, sonra da özümüzlə bağlı məsələlərə dair bir cümlə əlavə edəcəyəm.

Məbəs yaradılış aləmi və bəşər tarixinin ən mübarək və ən böyük hadisələrindən biridir. Yəni adi bir hadisə deyil, bəşəriyyət tarixinin ən böyük hadisələrindən biridir. Böyük hadisələrin fərdi və ictimai sahələrdə bir çox funksiyaları olur, lakin ən mühümlərindən biri və bəlkə də, ən önəmlisi müxatəbin düşüncə və idrakında etdiyi dəyişiklikdir. Əzəmətli bir dəyişiklik və böyük bir hadisə o zaman insanların həqiqi həyatında təsir edə və qalıcı ola bilər ki, öz müxatəbinin düşüncəsində müsbət dəyişikliyə nail ola bilsin. Düşüncə düzgün olduqda əməl də düzgün olacaq. Əsas bu məsələdir. Yaşam quruluşu onun idarəçilərində olan o düşüncəyə və fikirə əsaslanır. Əgər insanlarda və cəmiyyətlərdə fikri, idraki və yaradılış aləmi haqqında dəyişiklik yaranarsa, o zaman siyasi, iqtisadi, əxlaqi və ictimai sistemlər də bu düşüncəyə əsaslanacaq və qurulacaq. Peyğəmbər Əkrəmin Məbəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, Məbəsin bütün digər müxtəlif hadisələrdən üstün olan çox sayda cəhəti var, amma bunlar hal hazırda müzakirə mövzusu deyil. Bu xüsusiyyətdə də besətin fövqəladə əhəmiyyəti var. O yaratdığı müsbət dəyişikliklə həm öz dövründə, həm də özündən sonrakı bütün zamanlarda hansı insanlar, hansı fikirlərlə, rəftarlarla və hansı cəmiyyətlə qarşılaşdı və onları necə insanlara, necə bir cəmiyyətə, necə bir xalqa çevirdi.

Bəs, bu dəyişikliyin amili nədir? Yəni bütün peyğəmbərlər, o cümlədən İslamın əzəmətli Peyğəmbəri bu dəyişikliyi həyata keçirmək istəyəndə hansı vasitədən istifadə edir? Bu dəyişikliyi yaradan amil nədir? İki şey: ağıl və iman. Ağıl Allah-təalanın bütün insanların vücudunda qoyduğu xüsusi bir qüvvədir. Bəzi insanlar onu fəal edib ondan istifadə edir, lakin bir çoxları isə onu işə salmır. İman da ağıl kimidir, bütün insanların fitrətində həqiqətə və Allaha iman vardır, lakin insanlar bunu unudurlar. Peyğəmbərlər gəlirlər və ağlı oyadaraq insanı imanını xatırlamağa vadar edirlər. Quranda “Zikr”, yəni “Xatırlatma” ifadəsinin nə qədər təkrarlandığına diqqət edin. Bu iman sizdə və bizdə var, lakin onu bizə xatırlatmaq, diqqətimizi ona yönəltmək lazımdır. Ağıl və iman dirçəldikdə həyat inkişaf edir. Hər birinin özünəməxsus funksiyası var. Belə olduqda ağıl və imana sahib olan insan həyat yolunu, siratəl-müstəqimi (düz yolu) tapıb həmin yolda irəliləmək iqtidarında olur.

Quranda ağıl barədə gətirilən nümunələrə baxsaq, onlarla dəfə təkrarlandığını görərik: “Məgər düşünmürlər?”, “Bəlkə təfəkkür edəsiniz”, “Bəlkə təfəkkür edələr”, “Əgər düşünüb ağlımızı işlətsəydik,...?”. Yəni ağıl məsələsi, ağıla olan diqqət və ondan istifadə etmək Quran təliminin xüsusi vurğuladığı məsələlərdəndir. Hər bir müsəlman bilməlidir ki, işi ağıl üzərindədir, onunla işləməli, ondan istifadə etməli və öz ağlını inkişaf etdirib tərbiyə etməlidir.

İman məsələsinə gəlincə, bütün peyğəmbərlərin dəvətində ilk deyilən şey tövhid olmuşdur. Tövhid sadəcə “Allah var və birdir” kimi sadə bir inanc deyil. Tövhid İslam dünyagörüşünün əsas bünövrəsini təşkil edir. İslam dünyagörüşünü haradan dəyərləndirsək, tövhidə yetişirik və elə bu tövhid İslam cəmiyyətinin əsasını təşkil edir. Buna görə də Quranda, məsələn, “Əraf” surəsində peyğəmbərlər – Həzrət Nuh, Hud, Saleh və başqaları və onların dəvəti haqqında bəhs edilərkən ilk sözlərinin “Ey qövmüm! Allaha ibadət edin, sizin ondan başqa Allahınız yoxdur”, dediyini görürük. Bu, tövhidlə bağlı olan ayə. Tövhidlə yanaşı məad məsələsi də vurğulanır. Elə həmin ayədə: “Ey qövmüm! Allaha ibadət edin, sizin ondan başqa Allahınız yoxdur. Həqiqətən, mən sizin üçün əzəmətli günün (Qiyamət gününün) əzabından qorxuram”. Buradakı  “Əzəmətli gün” Qiyamət günüdür. “Şüəra” surəsində də eyni şəkildə peyğəmbərlərin adları bir-bir sadalanır və onların ilk sözləri “Allaha qarşı təqvalı olun və mənə itaət edin”. Bu da İlahi təqva barədə.

Peyğəmbərə itaətin səbəbi odur ki, Allah-təala onu göndərib ki, insanın ağlına kömək edərək onun yanılmamasını, səhv etməməsini, yalanı həqiqət sanmamasını təmin edir. Peyğəmbərlərin işi budur. Bu səbəbdən  ayədəki “Mənə itaət edin” ifadəsi ayənin ardınca gəlir, çünki insanın ona kömək edən (istiqamət verən) bir rəhbəri olmalıdır.

O zaman Əmirəlmöminin (əleyhis-salam) buyurur:

“Allah peyğəmbərlərini göndərdi ki, onlardan (insanlardan) fitrətlərində qoyduğu əhd-peymanını alsınlar, unudulmuş nemətləri onlara xatırlatsınlar, təbliğ vasitəsilə onlara höccəti tamam etsinlər və onların ağıl xəzinələrini üzə çıxarsınlar.”

Allah-təala peyğəmbərləri bu məqsədlər üçün göndərmişdir: fitrətdə qoyduğu əhdi, unudulmuş nemətlərin xatırladılması və ağıl xəzinələrinin üzə çıxarılması. Hədisin “Onların ağıl xəzinələrini üzə çıxarsınlar”, yəni bu xəzinələri üzə çıxarsınlar. Bəs, bu xəzinə nə mənaya gəlir? Ya “Dəfinə” dedikdə bizim, adətən, nəzərdə tutduğumuz xəzinə mənasında işlədilir, ya da ağıl və düşüncənin müxtəlif xurafatlar, illüziyalar, yanlış təsəvvürlər və müxtəlif məktəblərin fikirləri altında basdırılması mənasında başa düşülür. Haqq söz, doğru fikir, o düz olan “Lə iləhə illəllah” kəliməsi bəzən (xurafatların altında) basdırılır. O doğru ağıl əsasında olan anlayış batil sözlərin içində itib-batır, unudulur. O böyük şəxsiyyətin (Əmirəlmömininin) məqsədi bu iki mənadan biridir. Peyğəmbərlər gəlirlər ki, ağlı bu yüklərin altından üzə çıxarsınlar. Yaxşı, bu da besət barədə olan mətləb.

Bəs, biz nə etməliyik? Mən belə düşünürəm ki, besət (peyğəmbərlərin göndərilməsi) bir dəfə baş verən hadisə deyil. Bir anda parlayan və sonra sönən bir işıq kimi deyil. Besət belə deyil. Əlbəttə ki, münafiq üçün belədir (yanıb sonra sönən bir hadisədir):

“Allah onların nurunu aparar və heç bir şeyi görməyəcəkləri zülmətlər içində qoyar.” (“Bəqərə”, 17)

Qəlblərinin dərinliyində imanı olmayan bir şəxs üçün qısa müddətə bir işıq parlayır, amma sonra nəfsi istəkləri, həvəsləri, unutqanlığı, qəflət və digər mənfi xüsusiyyətlər bu nuru söndürür. Ancaq münafiq olmayanlar və dünyanın təbii axarı üçün besət bir prosesdir, davamlı bir hadisədir. O, müəyyən bir zamana və günə aid deyil, daimidir. Yalnız Peyğəmbəri-Əkrəmin (s) besəti deyil, bütün peyğəmbərlərin besəti və prinsipi əsasında olan kəlamları da daimidir.

Qurani-Kərim kafirlərə xitab edərək buyurur: “Əgər iddianız doğrudursa, bu iki kitabdan daha çox hidayət edən bir kitab gətirin.” İki kitabdan məqsəd biri Qurandır, digəri isə Tövrat. Bizim peyğəmbərlərə, özü də bütün peyğəmbərlərə imanımız var, lakin yeni bir peyğəmbər gəldikdə əvvəlkinin sözünü təkmilləşdirir, nəticədə əvvəlki peyğəmbərin sözləri nəsx olur (qüvvədən düşür), yəni onun sözünü təkmilləşdirir, bəzi məqamları dəyişir, zamana uyğun olaraq bəzi hökmləri tamamlayır. Beləliklə, din və besət prosesi davamlı və həmişəlik (daimi) bir cərəyandır.

Həmişəlik nə deməkdir? Yəni hər dövrdə besətin bərəkətlərindən faydalanmaq mümkündür. Başqa sözlə, besətin əvvəlində baş verən o böyük dəyişiklik və İslam Peyğəmbərinin (s) sinəsini sipər edərək meydanda iştirakı və misilsiz səylə işləri qabağa aparmasıdır. Bu dəyişiklik bütün zamanlarda və insanların xüsusiyyətlərinə uyğun şəkildə hər dövrdə baş verə bilər. Əlbəttə, insanlara və bizim o əzəmətli zirvə (İslam Peyğəmbəri) ilə olan fərqimizə uyğun olaraq (bu dəyişiklik baş verə bilər). Bunun şərti nədir? Şərti budur ki, o böyük şəxsiyyətin öz ixtiyarına aldığı və istifadə etdiyi iki amildən biz də istifadə etməliyik, yəni ağıl və iman. Əgər ağıl və imanı işə salsaq, besət gerçəkləşər, dəyişiklik baş verər. Zehni dəyişiklik həyatın həqiqətində dəyişikliyə gətirib çıxarar, problemlər həll olunar, islahat baş verər. Besətdən götürməli olduğumuz dərs budur.

Bu gün bu sözlərin əsas müxatəbi biz müsəlman dövlətləri və müsəlman millətləridir. Bizim hamımız müxatəbik. Bilməliyik ki, əgər dünyada nəyisə tələb ediriksə və ya axirətdə Allahın lütfünə ümid ediriksə, onda besətin məfhumuna, tələblərinə və hərəkətinə təşəbbüs göstərməliyik.

“Kim izzət istəyirsə, izzət bütünlüklə Allaha məxsusdur” (“Fatir”, 10).

İzzət oradadır. İzzət, yəni insanın elə bir halətə malik olmasıdır ki, heç bir yad amil ona mənfi təsir göstərə bilməsin. Bu, izzətdir.

“Həqiqətən, izzət tamamilə Allaha məxsusdur” (“Nisa”, 139).

Əgər izzət olarsa, heç bir düşmən, heç bir müxtəlif zehni, ruhi, xarici, cismani, mənəvi və ümumiyyətlə, heç bir amil insana təsir edə bilməz. Başqa bir ayədə isə belə buyurulur:

 “Süst olmayın, kədərlənməyin! Əgər mömin olsanız, üstün olan sizsiniz” (“Ali-İmran”, 139).

Deməli, iman olduğu təqdirdə siz ən üstün, ən uca məqama sahib olacaqsınız.

Yaxşı, (gəlin) bu gün ağlın fəaliyyətini dünyada müşahidə edək və onu işə salaq. Əgər ağlımızı işə salsaq, aləmin bir çox anlayışlarını dərk edə bilərik. Duada belə buyurulur: “Allahım! Dinində mənə qələbə, ibadətində güc, məxluqatını dərk etmək üçün isə anlayış bəxş et”. Yəni bəşər cəmiyyətinin həqiqətlərini dərk etmək. Gərək bu həqiqətləri dərk edək. Biz İslam Respublikası, İslam məmləkəti olan İran böyük və mühüm bir ölkənin siyasi məsulları olaraq bu aləmdə mövcud olan həqiqətlərə diqqət yetirməli və onları anlamalıyıq. Çünki əziz vətənimiz müxtəlif baxımlardan doğrudan da istisna bir ölkədir.

Zalım güclərin müstəmləkəçiliyi ilk olaraq və birinci mərhələdə təbii sərvətlərin talanması ilə başladı. Əgər müstəmləkəçiliyin tarixini oxusanız, onların ilk hədəfinin məhz bu olduğunu görərsiniz. Bu, istismarın birinci mərhələsi idi. Bu, bir mərhələdir. İkinci mərhələdə isə xalqların həqiqi və köklü mədəniyyətlərini məhv etmək idi.

Bu, çox acı bir hadisədir, yəni bu haqda izah vermək belə, həqiqətən, ağlamağa səbəb olan işlərdəndir. Müstəmləkəçilər millətlərin və sivilizasiyaların başına nələr gətirdilər! Bu gün gördüyünüz Afrika qitəsində keçmişdə sivilizasiyalar və dərin mədəniyyətlər mövcud idi. Ancaq onlar gəlib hər şeyi alt-üst etdilər, dağıtdılar və əslində, burada da bir növ mədəniyyət talanına başladılar. Sonrakı mərhələdə isə xalqların milli və dini kimliyinə göz dikdilər ki, onu tam nəzarət altına alsınlar.

Biz bu gün istismarın hər üç mərhələsinə düçarıq. Bu gün də dünyanın güclü və şeytani sistemləri həm ölkələrin və millətlərin təbii sərvətlərinə göz dikiblər, həm onların köklü mədəniyyətlərinə, həm də milli və İslami kimliklərinə. Onları dağıtmaq və ələ keçirmək niyyətindədirlər. Əlbəttə, hamısı eyni dərəcədə deyil, bunların başında Amerika dayanır. Bu gün bizim istismar və hegemonluq üçün verdiyimiz təsvirin ən açıq nümunəsi Amerikanın özüdür ki, dünyanın maliyyə güclərinin təsiri altındadır. Yəni bu gün dünyanın birinci dərəcəli maliyyə gücləri bir sıra Qərb hökumətlərinə, bunların içində, bəlkə də, ən çox Amerika hökumətinə hakim kəsilib. Onların öz ifadəsi ilə desək, kartellər, trastlar və bunun kimilər hakimdir və istismarın hər üç mərhələsi üzrə planları bunlar qururlar. Hər gün gördüyünüz insani və cinsi məsələlər və maliyyə sahələrində yeni əməli sovqatın ortaya çıxmasının səbəbi də budur. Yəni millətlərin kimliyini və maraqlarını dəyişdirmək və onları özlərinə tərəf çəkmək istəyirlər.

Qurani-Kərim bu haqda açıq şəkildə buyurur: “Sizin məşəqqətə düşməyinizi istəyərlər”. (“Ali İmran”, 118), yəni düşmənləriniz, kafirlər və şeytana tabe olub şeytani yolla hərəkət edənlər sizin çətinliyə düşməyinizi arzulayırlar. “Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Qəlblərində gizlətdikləri kin-küdurət isə daha böyükdür.” (“Ali-İmran”, 118), yəni düşmənlikəri dillərində də açıq-aşkar görünür. Danışanda, çıxış edəndə də bu düşmənliyi göstərirlər, hərəkətləri ilə də bunu büruzə verirlər. Amma onların qəlbində gizlətdikləri düşmənlik bundan da böyükdür. Bəzən bu düşmənlik açıq şəkildə üzə çıxır. Yəni bəzi yerlərdə həmin o düşməncəsinə xəbis batinləri özlərini büruzə verir. Məsələn, Amerika Konqresində nümayəndələr minlərlə uşağın tikə-parça olmasına səbəb olan bir şəxsi ayağa qalxıb alqışlayırlar, onu təqdir edirlər! Bu, “Qəlblərində gizlətdikləri kin-küdurət isə daha böyükdür”.(“Ali-İmran”, 118) ayəsinin açıq təzahürüdür, özünü burada göstərir. Minlərlə uşağı qətlə yetirirlər, sonra da gəlib onu təqdir edələr! Yaxud Amerikanın “Vinsens” hərbi gəmisinin kapitanı bir sərnişin təyyarəsini vurub, içindəki üç yüzə yaxın sərnişini məhv edir, sonra da ona təqdir medalı verilir. Bu “Qəlblərində gizlətdikləri” ayəsi burada zahir olur və özünü göstərir. Bunlar (nifrət və düşmənliklər) həmişə diplomatik təbəssümlərin arxasında gizlənir. Bu cür düşmənlik, bu cür kin və xəbis batin həmin diplomatik gülüşlərin kölgəsində gizlədilir. Gözlərimizi açmalıyıq (və hədisin dediyi kimi olmalıyıq): “Məxluqatını dərk etmək üçün isə anlayış bəxş et”. Gözlərimizi açmalıyıq ki, Quranın buyurduğu “Siz onlarla gizli şəkildə dostluq əlaqəsi qurursunuz...” ayəsinə şamil olmayaq. Kimlərlə üz-üzə olduğumuzun, kimlərlə iş gördüyümüzün, kimlərlə danışdığımızın fərqinə varmalıyıq. İnsan qarşısındakı tanıyanda, mümkündür ki, onunla ticarət də etsin, amma necə hərəkət edəcəyini bilir. Ona görə də tanımalı, bilməliyik.

Mənim fikrimcə, hazırkı dövrümüzdə bu müqavimət cərəyanı və hərəkatı elə həmin besətin bir təzahürüdür. İslami əsasda olan İranından başlayan müqavimət müsəlman millətləri oyatdı, bəzi müsəlman millətlərini səhnəyə çıxardı, müsəlman millətlərini ümumilikdə oyatdı və qeyri-müsəlmanlardan da bir çox vicdan sahiblərini ayıltdı. Hegemon quruluş tanındı və tanıtdırıldı. Bir çox millətlər hegemon quruluşu tanımırdılar.

Qəzzaya baxın! Kiçik, məhdud bir bölgə olan Qəzza tam silahlanmış və Amerikanın tam dəstəyinə sahib sionist rejimi diz çökdürdü. Qəzza sionist rejimi diz çökdürdü! Bu, zarafatdırmı? Bu həmin besətin bir təzahürüdür, bu həmin iman və ağıl, Quran ayələrinin tilavəti və qəlbi Allaha bağlamaqdır. Bu, “Həqiqətən, izzət tamamilə Allaha məxsusdur” ayəsinə etiqad bəsləməkdir. Başı uca Hizbullah Seyid Həsən Nəsrullah kimi bir şəxsiyyətin itkisi qədər böyük bir zərər gördü. Bu, zarafat deyil! Dünyada Seyid Həsən Nəsrullah (Allah ona rəhmət eləsin), bu böyük şəhid həddində neçə böyük insanımız var? Belə bir şəxsiyyət Hizbullah sıralarından getdi. Düşmən və dost elə güman edirdi ki, Hizbullah məhv oldu. Lakin Hizbullah göstərdi ki, nəinki məhv olmayıb, bəzi hallarda ruhiyyəsi daha da artıb və sionist rejimə qarşı durmağa müvəffəq olub. Bu elə həmin besətin təzahürüdür. Bu, müsəlmanlara aid idi.

Qeyri-müsəlmanlar arasında da vicdanlar tərpəndi. Mənə verilən məlumata görə, bu müddət ərzində dünyanın 619 şəhərində 30 min anti-sionist nümayiş keçirildi! İnsanlar oyandılar, vicdanlar oyandı. Bu, müqavimətdir, bu müqavimət besətin bir təzahürüdür. Amerikanın özündə bir qrup amerikalı toplaşaraq “Ölüm olsun Amerikaya” dedilər. Amerikanın özündə! Bu eyni idrakda olan dəyişiklikdir. Bu həmin məsələdir ki, əzəmətli peyğəmbərlər ona səy göstəriblər və onun ən böyük, ən əhəmiyyətli və ən heyrətamiz formasını Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) öz dövründə yaratmış və qiyamətə qədər yaşatmışdır. Bu gün müqavimət də həmin həqiqəti nümayiş etdirir. Buna görə də, bu həqiqətlərə diqqət etməli və bu Quran ayəsini unutmamalıyıq: “Süst olmayın, kədərlənməyin! Əgər mömin olsanız, üstün olan sizsiniz”. (“Ali-İmran”, 139).

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.