Bağışlayan və mehriban Allahın adı ilə

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Qumdan təşrif gətirən və öz isti nəfəsləri, nurani qəlbləri və əziz şəhidlərini anmaqları ilə hüseyniyyəmizin atmosferini nurlandıran, ətirləndirən bütün əziz qardaş və bacılara xoş gəldin deyirəm. 19 Dey Günü çox mühüm bir gündür və bu barədə söhbət edəcəyəm. 19 dey günü münasibətindən əlavə olaraq, bizim üçün mömin, şücaətli və fəal Qum əhalisi ilə görüşməyin özünün də ayrıca bir dəyəri vardır. Allah-təaladan istəyirəm ki, bu əziz insanları öz lütf və inayətləri sayəsində saxlasın və müvəffəq etsin.

1356-cı ilin 19 Dey hadisəsi (09.01.1978) iki cəhətdən zəruri və lazımi bir məsələdir. Birincisi, 1356-cı ilin 19 Dey hadisəsi ölkə tariximizin zirvələrindən biridir, yəni gələcəkdə hər kəs ölkə tarixinə nəzər salsa, ölkə tarixinin ən görkəmli günlərindən birinin 19 Dey hadisəsi olduğunu görəcək və siz də bu münasibətlə burada toplaşmısınız. Çünki məhz bu gündə əzəmətli bir hərəkət başlandı və bu hərəkət dünyanı sirkələyən, dünyanın siyasi xəritəsini dəyişdirən bir inqilabla nəticələndi. Buna görə də (19 Dey hadisəsi) bir qüllədir. 19 Dey hadisəsini yad etmək və qorunub-saxlamağın ikinci cəhəti budur ki, biz 19 Dey hadisəsindən dərs almalıyıq. Bu hadisələr, bu "Əyyamullah" (Allahın qüdrətini gösətərən xas günlər) dərs almaqdan ötrüdür. Həm dərs almalı, həm də ibrət götürməliyik. Buna görə də sizin istər burada, istərsə də Qumda hərilki bu toplaşmanız lazımi, mötəbər və inşallah, təsiredici amildir. Mən bu ikinci cəhətdə, yəni 19 Dey hadisəsinə mənsub dərs və ibrətlərdə sizə bildirmək üçün bir neçə nümunə qeyd etmişəm.

Bir nümunə budur ki, Amerika rejimi və dünya hegemonları İranı hansı şəkildə bəyənirdilər? Siz bu gün özünüz görürsünüz ki, hər kəs (daxildən, ya xaricdən) hər hansı bir yerdən bir söz dedikdə bilək ki, Amerika İranı nə cür bəyənir, İranı necə arzu edir və istəyir. Bunu həmin Qum hadisəsinə aid məsələlərlə başa düşmək olar.

19 Dey hadisəsindən bir neçə gün öncə Amerikanın ozamankı Prezidenti Karter Tehranda idi. O, bir iclasda Məhəmmədrzanı həddən-ziyadə formada tərifləməyə başladı və dedi ki, İran bu cənabın sayəsində əmin-amanlıq adasıdır. Yəni İran 1978-ci ildə Amerika Prezidentinin gözündə azru olunan bir İran idi. İran 78-ci ildə necə idi? Mən indi üç-dörd göstəricini qeyd edəcəyəm.

Xarici siyasət baxımından tamamilə Amerikaya tabe idi. O gün İranda Amerikanın əlli mindən artıq hərbi müşaviri var idi və həm ordunun içdində, həm ordudan kənarda, həm kəşfiyyat orqanlarında və başqa orqanlarda İranın büdcələrindən əmək haqqı alırdılar və təhqiq edilənlərə əsasən, bu müşavirlərin aldıqları pul Təlim və Tərbiyə Nazirliyinin ümumi büdcəsindən çox idi. Bu, təkcə bir nümunədir. Amerikanın bəyəndiyi rejimin xarici siyasətinin işi bu idi ki, o ölkə tam itaətkar olsun və eyni zamanda Amerika və sionist rejimin mənafeyini təmin etsin. İndi Allah istədi ki, inqilab baş verdi, yoxsa əgər inqilab baş verməsəydi, ondan bir neçə il sonra Qəzvin düzənliklərinin sionistlərin ixtiyarına keçdiyi kimi, ölkənin bütün yararlı torpaqları və düzənlikləri Amerikanın ixtiyarına keçərdi. Qəzvinin (yararlı) düzənlikləri sionistlərə verildi. Xarici siyasətin işi bu idi. Bu xarici siyasət haqda bir nümunə.

Daxili siyasətə gəldikdə isə, rejimin daxili siyasəti ölkə daxilində başladılan hər hərəkətin yatırdılması idi, yəni kəskin şəkildə diktatorluq. O günün rejiminə, yəni səltənətlik rejiminə qarşı mübarizə aparmaq iddiasında olan bütün məcmuələr rejimin yatırdılma və təzyiqi nəticəsində meydandan çıxmış və künc-bucaqlara çəkilmişdilər. Milli cəbhədən tutmuş (milli cəbhə siyasi bir məcmuə idi, işləri siyasi idi) azadlıq hərəkatına qədər hamısı belə idi. Kommunist, silahlı və meşələrdə olan və xalq fədailəri partizanlarından tutmuş hamısı repressiyaya məruz qaldı. Nəzərinizə çatdırım ki, alicənab İmam Xomeyniyə tabe hərəkətdən başqa (ölkə boyu 75, 76 və 78-ci illərdən inqilabın qələbəsinə kimi fəal olan dini hərəkatdan başqa) ölkə səviyyəsində sözünü deyə biləcək, etiraz edə biləcək bir dənə də təşkilat yox idi, hamısını yatırtmışdılar. Bu, rejimin daxili siyasəti idi.

Ölkənin iqtisadiyyatı. O gün ölkə əhalisinin sayı təqribən 35 milyon nəfər idi. Gündə altı milyon barelə yaxın neft satılırdı, məbləğə diqqət edirsiniz, yəqin ki! Lakin biz bu gün bir milyon yarım barel neft satdıqda dövlətlər (İran hakimiyyəti daxilindəki dövlətlər) iftixar edirlər. O gün altı milyon barelə yaxın neft satırdılar, ixrac edirdilər və neftin pulu ölkədə xüsusi bir qrupun cibinə gəlirdi. Ölkədə kasıblarla varlılar arasında sosial təbəqələşmə özünü dəhşətli formada göstərirdi. İqtisadiyyat adamları bilirlər ki, cini indeksi sosial təbəqələşmənin göstəricisidir və onların zamanında 51 faiz idi, yəni ən yuxarı rəqəm! Bu da əhali arasında sosial təbəqələşmə. Yoxsul təbəqələr unudulmuşdu, ölkənin pulu ölkənin inkişafına, xalqın rifahına, abadlığa, düzgün yolda xərclənmirdi, xalqın həyat səviyyəsi aşağı idi. Bu da iqtisadiyyat baxımından.

Elm və texnologiya baxımından İran dünya ölkələri arasında ən geridə qalmış ölkələrdən biri idi. Geridə qalmış ölkələr arasında son sıralarda yer alırdı. Elm və texnologiyamız bu həddə idi.

Mədəniyyət cəhətindən isə fəsad, əxlaqsızlıq, əxlaqi, dini və məzhəbi dəyərlərdən günbəgün uzaqlaşmaq, Qərb mədəniyyətinin yayılması, ölkədə həyasızlığın günü-gündən artması, hətta Avropa ölkələrindən daha çox həddə idi. Özləri bizim mətbuatlarda bildirirdilər ki, burada ölkə qadınlarının geyim, hicab, abır-həya və bu kimi vəziyyəti Avropa ölkələrindən daha pisdir. Bu da mədəni vəziyyət.

Xülasə, İran bu idi. Daxili və xarici siyasəti bu cür, iqtisadiyyat bu cür, elm və mədəniyyəti də həmin fomrada. Amerika Prezidenti belə bir İranı bəyənirdi, tərifləyirdi, təqdir edirdi və Məhəmmədrzanı belə bir İran düzəltdiyinə görə yuxarı qaldırırdı. Bu haqda, hətta özləri, öz ətrafında olanlar da deyirdilər ki, onun (AmerikaPrezidentinin) danışığı mübaliğəlidir (həddindən artıq şişirdirdi), lakin bu mübaliğəni edirdi. Onlar İran üçün belə bir vəziyyəti istəyirdilər, bunu arzu edirdilər və bu gün də ölkə üçün bunun arzusundadırlar. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu özləri ilə qəbrə aparacaqlar.

19 Dey hadisəsindən alınacaq ikinci dərs Amerika rejiminin hesablamada səhvə yol verməsidir. Amerikanın zahirinə vurulanlar və öz millətinin mənəvi əzəmətini və Allahı unudanlar, Amerika gözlərində cilvələnənlər Amerikanın hesablamada səhvə yol verməsinə diqqət etsinlər. 1977-ci ilin dekabr ayının 31-də Karter buraya gəldi, nitq söylədi, təriflədi və İranı əmin-amanlıq adası adlandırdı və bu kimi sözlər. Yanvarın doqquzunda, yəni doqquz gün o söhbətdən sonra Qum hadisəsi baş verdi və onlar hesablamalarında səhvə düçar oldular. Belə başa düşürdülər və belə də səhv hesablamalar edirdilər. Qum əhalisi də İran xalqının əvəzindən qiyama qalxdı. Qum əhalisi ruhiyyə ilə meydana daxil oldu və bu ruhiyyə bütün ölkə boyu hakim idi. Daha sonra ruhiyyə göstərildi və hər kəs də gördü. O gün məhz qumlular idilər ki, bu hərəkətin öndəri oldular və bunu göstərdilər.

İslam İnqilabı hegemonların ən mühüm səngərlərininin daxilindən, mərkəzindən meydana gəldi. Bu, Amerikanın hesablamada səhv etməsi idi. Bu onların ağlına belə gəlməzdi. Quran bu barədə belə buyurur: "Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahın qəzəbindən qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən yaxalayıb qəlblərinə qorxu saldı". ("Həşr" surəsi, 2) Eynilə Həzrət Musa (əleyhissəlam) kimi. Fironun evindən, sarayının mərkəzindən musəvi bir hərəkət başlandı və Firon sarayının, Firon tərəfdarlarının məhvi ilə yekunlaşdı. Burada İran Pəhləvilər dövründə Amerika mənafeyinin möhkəm qalası idi. Bu qalanın mərkəzindən inqilab meydana gəldi, cuşa gəldi və amerikalılar başa düşmədilər, allandılar, yuxuda qaldılar və qəflət etdilər. Amerikanın hesablamada səhvə düşməsi, yəni bu. O gündən sonra da bu günə qədər bu bir neçə onillikdə Amerikalılar əksər hallarda İran məsələləri xüsusunda xətaya yol verdilər, səhv etdilər. Mənim bu sözümün müxatəbi daha çox Amerika siyasətinin təsiri altında olanlardır, təsir altında olmasınlar.

Amerikalılar bu qırx neçə il ərzində əksər hallarda İslam Respublikasına qarşı apardıqları siyasətdə səhvə yol verdilər. Məsələn, sanksiya tətbiq etdilər, nə üçün sanksiya tətbiq etdilər? Təbii ki, İran iqtisadiyyatını çökdürməkdən ötrü bunu etdilər. Biz isə ən çox elmi və texnoloji inkişafa bu sanksiya dönəmində yiyələndik. Regionda ən çox nüfuza bu sanksiya dövründə sahib olduq, müxtəlif zəminlərdə qarşımızda işə hazırlıqlı gənclərin olduğunu elə həmin sanksiya zamanında müşahidə etdik. Amerikanın hesablamada səhvə yol verməsi üzə çıxdı. Belə deyildi ki, sanksiyalar zərər vurmamış olsun, xeyr, zərər vurdu. İnşallah, İran milləti bu zərərlərin də haqq-hesabını bir gün çəkəcək.

Qum əhalisinin hərəkətinin ikinci dərsində mənim xülasə sözüm budur ki, Qərb hegemonyasının beton divarı elə bir yerdən çatladı ki, elə ən böyük ümidləri həmin yerə bağlanmışdı. Yəni İrandan çatladı. İslam İnqilabı, həqiqətən də, Qərbin hasarını lərzəyə gətirdi. Təbliğat, pul, rüşvət və müxtəlif növ cinayətlərlə düzəltdikləri bu beton divarda (əlbəttə, bu divar indi də mövcuddur və dağıdılmalıdır) birinci çatı İslam İnqilabı yaratdı. Bu, Qum hadisəsinin ikinci dərsi.

Üçüncü dərs budur ki, biz Qum hadisələrinə nəzər saldıqda başa düşürük ki, özümüzü, fikirlərimizi və ictimai fikirləri düşmən təbliğatları qarşısında qoruyub-saxlamalıyıq (bu, 19 Dey hadisəsinin dərslərindən biridir), necə ki, o zaman qumluların zehni (fikri cəhətdən) hifz olunmuş halda idi. Niyə? Nə üçün məqalə yaydılar, İmam Xomeynini ittiham etdilər və ona qarşı pis sözlər dedilər? Hədəfləri nə idi? Hər şey onların əlində idi. İmamın minlərlə tərəfdarı işgəncə altında idi, zindanda və sürgündə idilər, daha məqaləyə nə ehtiyac var idi, axı? Onlar bir həqiqəti başa düşmüşdülər və bu həqiqət bu gün də mövcuddur. Onlar başa düşmüşdülər ki, bir millətə yalnız sərt müharibə ilə qalib gəlmək olmaz, yumşaq müharibə kimi mədəni vasitələrə də ehtiyac vardır. Onlar nədir? Təbliğat aparmaq, etdikləri (yanlış) işləri haqq olaraq cəmiyyətin zehninə yeritmək və təbyin etmək (aydınlaşdırmaq). Mənim bu qədər "Təbyin etmək" üzərində etdiyim təkid buna görədir. Onlar xalqın ürəyini İmama qarşı soyutmaq istəyirdilər. İmamın neçə min tərəfdarı burada zindan, sürgün, təzyiq və yumruq altında idi, lakin bu kifayət etmirdi. Elə bir iş görməli idilər ki, Əmirəlmöminin Əlinin (əleyhissəlam) qəbrinin kənarından xalqın qəlbini qəzəbə gətirən və bu böyük hərəkatı icad edən o zülfüqar aradan aparılsın. Yəni alicənab İmam Xomeyninin dilini (sözlərini) aradan aparmalı idilər. Burada işi çətinləşdirirdilər, İmamdan bir mesaj, bir yazı gəlirdi və pərişan qəlblər yenidən ümidvar olurdu, yorğun insanların yorğunluğu çıxırdı və mübarizə meydanı daha da qızışırdı. Qumluların qiyamı bu planı puç etdi.

Əgər siz Qumlular 19 Dey günü o hadisəni həyata keçirməsəydiniz, bu məqalə yazma və təhqir etmə davam edəcəkdi; əvvəl bir formada və daha sonra mürəkkəb şəkillərdə. Bu hörmətsizlik əvvəl İmam Xomeynidən ruhani cəmiyyətinə və daha sonra da dinin özünə sirayət edəcəkdi və daha da irəli gedəcəkdi. Qumlular bu hərəkətin qarşısını aldılar və imkan vermədilər ki, bu iş baş tutsun. Bu gün də belədir. Bu gün də amerikalılar yaxşı başa düşüblər ki, sərt müharibə ilə işi qabağa aparmaq olmaz. Görün, Qəzzada bu qədər adam öldürdülər, tank, top, bomba, pulemyot, kiçik dronlar işə saldılar, bəzi şəxsiyyətləri şəhid etdilər, lakin hərəkatı aradan apara bilmədilər. Livanda Hizbullahdan Seyid Həsən Nəsrullah kimi bir şəxsi şəhadətə yetirdilər, bir çox ünsürləri aradan apardılar. Bunlar sərt müharibədir. Lakin Hizbullahı aradan apara bilmədilər, apara bilmirlər və heç vaxt da nail olmayacaqlar. Buna görə də mədəni və təbliğat xarakterli işlər görməlidirlər. Bu mənim və siz İran xalqı üçün mühüm bir göstəricidir. Yumşaq müharibə yalandan, yalan məlumat yaymaqdan, həqiqətlə ictimai düşüncə və təsəvvür arasında fasilə yaratmaqdan ibarətdir. Siz güclənməyə doğru hərəkət edirsiniz, o isə sizin zəiflədiyinizi təbliğ edir. Özü zəifləməkdədir, lakin gücləndiyini təbliğ edir. Siz təhdidlərə qarşı möhkəmlənirsiniz, o isə deyir ki, sizi təhdidlə aradan aparacağam. Təbliğat budur. Bir dəstə də bunun təsiri altına düşürlər.

Bu gün əsas iş, bizim təbliğat sistemlərimiz, mədəniyyət mərkəzlərimiz, təbliğatımız, Mədəniyyət Nazirliyimiz, Televiziya və Radio Yayımları Şirkətimiz və sosial şəbəkə fəallarımız üçün mühüm iş budur ki, düşmənin illuziya xarakterli iqtidar pərdəsini yırtsın və düşmən təbliğatının ictimai fikirdə təsir yaratmasına imkan verməsinlər. Bu o gün Qum əhalisinin gördüyü iş idi. O gün bu vasitəni düşmənin əlindən aldılar, onu sındırdılar. Elə bir iş gördülər ki, o, ümumiyyətlə, bu işi davam etdirə bilmədi. Bu, üçüncü dərs.

İndi 19 Dey hadisəsi dərsindən istifadə etmək mövzusunun ardınca başqa bir məsələ də qeyd edim və o da budur ki, hegemonların zatı dəyişməyibdir. Kimsə belə düşünməsin ki, bugünkü Amerika ozamankı Amerikadan fərqlidir, ya bugünkü sionist rejimlə ogünkü sionist rejim arasında fərq vardır, xeyr, eynidirlər. Sadəcə metodlar və vasitələr əvəz olub. O gün məqalə vasitəsilə bu işi görürdülər, bu gün isə vasitələr, avadanlıqlar min dəfə artıq daha müxtəlif, daha geniş və daha güclənib. Biz də o gündən min dəfə daha artıq ayıq olmalı, diqqət etməliyik. Təhlükəsizliyi təmin etməli, qoruyucu tədbirlər görməli və düşmənin sözünə inanmamalıyıq. Məsələnin açarı budur, yəni düşmənin sözünə etimad etməyək. Əgər düşmənin təbliğatlarında sizi öz təsiri altına salacaq bir söz hiss edilsə, o sözü rədd edin, bilin ki, yalan danışır, bilin ki, yalan danışır! Əgər bir sözdə kələk əlaməti görülsə, dərhal o sözü kənara qoyun. Novruz bayramı gəlir, Amerika Prezidenti İran millətinə təbrik deyir. Bu təbrik həqiqidirmi? Məlum məsələdir ki, böyük bir kələk və yalandır. Bunlar İran millətindən milyonlarla nəfər insanı aradan aparmağa hazırdılar. Siz Qəzza məsələsi haqda mülahizə edin ki, bir tərəfdən düşmənə pul verirlər, silah verirlər və bir tərəfdən də iddia edirlər ki, bu işlərin olması yaxşı deyil. Düşmənin sözünə inanmaq olmaz. Xülasə, bu, 19 Dey hadisəsi ilə bağlı dərslər idi.

İki-üç mətləb də qeyd edirəm. Bir mətləb budur ki, baxın əziz qardaş və bacılar! İran–sizin ölkəniz istər təbii sərvətlər, istər insan resursları, istərsə də coğrafi mövqe və siyasi coğrafiya baxımından dünyada strateji bir zirvədir. Bu cəhətlərə sahib bir ölkədir, İran. Bu, İlahidir, Allahın işidir. Əhalisi və insan resursları dünyanın orta göstəricisindən irəlidədir. Təbii imkanları dünyanın orta səviyyəsindən daha çoxdur. Coğrafi mövqeyi dünyanın bir çox ölkələrindən daha həssasdır. Siyasi coğrafiyası baxımından da elə o cürdür, İslam dünyasının mərkəzində yerləşir, İslam aləminin qəlbidir. Xülasə, bu ölkə, bu nəhəng strateji mənbə 1941-ci illərin ortalarında, yəni təqribən 80 il bundan qabaq bu sərvət mənbəyi olan sizin İran on illərlə Amerikanın əlində idi, Amerikaya məxsus idi və inqilabınız bunu gəlib Amerikanın əlindən çıxardı. ABŞ-ın bu məsələdən aldığı acı təcrübə unudulmazdır. Bəziləri deyirlər ki, siz Amerika ilə müzakirəyə, əlaqə qurmağa hazır olmadığınız halda necə Avropa ölkələri ilə əlaqəniz vardır? Axı, bunlar da Amerikanın taylarıdır, nə fərqi var ki? Onların burada səfirlikləri olduğu kimi, Amerikanın da olsun. Xeyr, bunlar arasında fərq vardır. Fərqi budur ki, Amerika buraya sahiblənmişdi və onun ovcundan, əlindən bu ölkə alındı, ona görə onun bu ölkə və inqilaba qarşı dəvə kini vardır və belə rahatlıqla bu kindən əl çəkən deyildir. Bu, filan bir Avropa ölkəsi ilə fərq edir. Bəli, Avropanın o filan ölkəsi də İran millətinin əziz dostu deyildir, biz bunu bilirik, xəbərdarıq, lakin bunun o birisi ilə çox fərqi vardır. İslam inqilabı nəticəsində Amerika nəhəng bir sərvəti, böyük bir siyasi və iqtisadi imkanları əldən verdi və sonra da bu qırx neçə il ərzində nə qədər pul xərclədi ki, İranı yenidən İslam İnqilabının əlindən çıxara bilsin, öz ixtiyarına keçirsin, lakin buna nail ola bilmədi. Onun İslam ölkəsinə qarşı kini başqa bir ölkənin kin saxlamasından fərqlidir, çox fərqi vardır. Bizim Amerika ilə başqa Qərb ölkələri arasında fərqə qail olmağımızın dəlili budur ki, Amerika İranda məğlub olub və bu məğlubiyyətin əvəzini çıxmaq ardıncadır, buna görə də əlindən gələn hər bir formada düşmənlik aparır. Bu, birinci mətləb.

İkinci mətləb. Hamısının başında Amerika olmaqla dünya hegemonlarının bütün ölkələrin rəsmilərindən və o cümlədən də İslam Respublikasının rəsmilərindən istədikləri budur ki, onlar ölkənin müxtəlif məsələləri haqda fikirləşdikdə, plan hazırladıqda və proqram cızdıqda Amerikanın mənafeyini də nəzərə alsınlar, Amerikanı da nəzərə alsınlar. Bu onların istəyidir. Bizim ki onlarla birbaşa əlaqə yoxumuzdur, amma müxtəlif yollarla bunu bizim rəsmilərə başa salırlar. Bu uzun illər ərzində biz çoxlu nümunələr gördük ki, gəlib filan iqtisadi, mədəni və xarici siyasət məslələrində vasitə olsunlar və desinlər ki, siz ki bu işi görmək istəyirsiniz, bunu bu formada dəyişin və bu şəkildə yerinə yetirin ki, Amerika da buradan öz xeyrini götürsün. Bu, Amerikanın istəklərindən biridir! Mən isə deyirəm ki, bu, xalqmehvərliyin təhdididir. Əgər rəsmilərimiz hər zamanda amerikalıların bu yersiz gözləntisinə qulaq assalar, ölkənin xalqmehvərlik və cümhuriyyətini təhdid ediblər. Nə üçün? Çünki xalq bizə onların (xalqın) mənafeyi istiqamətində çalışmaq üçün səs verib, bizi iş başına gətirib, Amerikanın mənafeyini nəzərə almaqdan ötrü deyil.

Mədəniyyət, iqtisadiyyat, inflyasiya, istehsal, valyuta, hicab və başqa bu kimi məsələlərdə qərar çıxaran şəxslər Amerikanın istəklərini, Amerika və sionistlərin mövqeyini mülahizə etməməkdə diqqətli olsunlar, ölkənin və İslam Respublikasının mənafeyini mülahizə etsinlər. Xoşbəxtlikdən, möhtərəm Prezidentimizin sionist rejim haqda aşkar formada və şücaətli mövqeyi millətin qəlbini şad etdi. O, açıq-aşkar və qətiyyətlə həm sionist rejim haqda, həm də Amerikanın hərəkətlənməsi və dəstəkləri fonunda qətiyyətli mövqe sərgilədi. Bu, çox yaxşı idi. Ölkə rəsmiləri bu barədə ehtiyatlı olmalı, İran milləti və İslam Respublikası ilə dərin düşmənlik aparan, İranın viran olmasını arzulayan kəslərin istəklərinə təslim olmamaldırlar.

Növbəti məsələ "Ümid" məsələsidir, ümid. Biz İlahi hidayətə, İlahi yardıma, Allahın millətlərə verdiyi gücə ümidvar olmalıyıq. Düşmənin gənclərin qəlbindən ümidi çıxarmaq və onları məyus etmək fəaliyyətinin tam müqabilində təbliğat zəminində müxatəbləri olanların, söz deyə bilənlərin, danışan və ifadəli dilə sahib olanların hər birinin ən böyük və ən birinci hədəfləri qəlblərdə ümidi diriltmək və məyusedici sözlər işlətməmək olsun. Bu, alicənab İmam Xomeyninin çox əhəmiyyət verdiyi bir məsələ idi. Siz 19 Dey hadisəsinə diqqət edin, 19 Dey günü bu hadisə baş verdi, Qum camaatı qiyam etdi və qiyamları yatırıldı, əhalini yaraladılar, şəhid etdilər, küçə və prospektləri qana boyadılar, bunlar 19 Dey hadisəsinə aiddir. Alicənab İmam Xomeyni bəhmən ayının ikisində, yəni 12 gün sonra Nəcəfdən gəldi. İmamın mesajında belə bir ibarət mövcuddur və mən onu qeyd etmişəm. (İmam mesajında buyurur ki) "Mən İran millətinə bu oyanış, bu zirənglik və bu güclü, şücaətli ruhiyəsi ilə qələbə müjdəsi verirəm". Xalq Qumun prospektlərində (rejim tərəfindən) yatırılmışdı, bu halda kim qələbə gümanında olar? İmam isə deyir ki, mən sizə qələbə müjdəsi verirəm! İmam müjdə verir ki, siz bu işinizlə, bu hərəkətinizlə İranın altını üstünə çevirdiniz, dünya siyasətini əvəz etdiniz. Bu, İmamın qələbə müjdəsidir.

Kim o zaman inanardı ki, bu hərəkət elə bir yerə çatacaq ki, İslam Respublikası kimi böyük və öncül bir qüdrət Qərbin bütün xəbis xarakterli hədəflərinə qarşı bacardığı qədər əngəl yaratmaq, ona mane olmaq, bir çox təcavüzlərin, bir çox siyasətlərin qarşısını almaq üçün bu məntəqədə meydana gələcək. Kim inana bilərdi? O gün kim inanardı ki, Amerikanın bayrağı Avropa ölkələrində və hətta Vaşinqtonun özündə yandırılsın? Kim bunu təsəvvür edərdi? O gün İmam dedi ki, mən sizlərə qələbə müjdəsi verirəm. Bunun mənası budur ki, biz heç zaman ümid çırağının sönməsinə izn verməməliyik.

İndi iqtisadi problemlərimiz də vardır. Bu gün həmin mühüm iqtisadi məsələdə başı çıxan, məlumatlı və mütəxəssis olan kəslər gələcəyə doğru üfüqə ümidvar baxırlar. Siyasətlərdə, məsələn, ölkə iqtisadiyyatının 8 faiz inkişafına çatmaq haqda bir dəstə bunun mümkünsüzlüyü anlamına gələn sözlər deyirlər. Prezidentin də gedib iştirak etdiyi fəal iqtisadiyyat adamlarının sərgilərində iqtisadi fəalların özləri dedilər, sübut etdilər və Prezident də onların sözlərini təkrarladı ki, biz 8 faiz iqtisadi inkişafı xaricə ehtiyac duymadan təmin edə bilərik. Beləliklə, biz bütün sahələrdə ümidvar olmalıyıq, lakin çalışmadan ümidvar olmağın bir mənası yoxdur. Həm ümidvar olaq, həm də çalışaq. Ümidvar olaq və inkişafın amillərinə, zərurətlərinə də əməl edək. Ümidvar olaq və nə istədiyimizi, nəyin ardınca olduğumuzu və onun ardınca necə hərəkət etməli olduğumuzu bilək. Bu, ümidvar olmaqdır.

Bildirmək istədiyim sonuncu mətləb budur ki, istər özümüzə aid hadisələr, istərsə də Suriya hadisəsi kimi müxtəlif hadisələr Fələstin məsələsini zehnlərdə kəmrəng etməməlidir. Müqavimətin əsas mənşəyi sionist rejimin xəbis xarakterli hərəkəti qarşısındadır. Müqavimət budur. Müqavimət diridir, diri qalmalı və günbəgün daha da güclənməlidir. Biz müqaviməti himayə edir, həmçinin Qəzza, Qərb Sahili, Livan və Yəməndəki və ümumiyyətlə, məkanından asılı olmayaraq xəbis sionist rejim qarşısında dayanan, onlara qarşı müqavimət göstərən hər bir müqaviməti dəstəkləyirik.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.