Bağışlayan və mehriban Allahın adı ilə

 

İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.

 

Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.

 

Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.

 

İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.

 

Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.

 

İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.

 

Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.

 

Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.

 

 

Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.

 

Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.

 

Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.

 

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun

18.06.2025