İslam İnqilabının Rəhbəri bu gün səhər İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən bayramın başlanması münasibətilə cəmiyyətin müxtəlif təbəqələri ilə görüşdü.
Bu görüşdə Amerika ilə İran arasında qırx neçə ildir davam edən düşmənçiliyin səbəbinə toxunan Rəhbər dedi:
"Amerika İranı udmaq istəyir, lakin İran xalqı və İslam Respublikası buna mane olur, əslində, İran xalqının günahı budur ki, Amerikaya deyir ki, qələt edirsən, mənim ölkəmi udmaq istəyirsən.
Ayətullah Xamenei İranın neft, qaz, zəngin mədənlər, eləcə də strateji və coğrafi mövqe kimi çoxsaylı cəlbedici xüsusiyyətlərinin Amerika kimi təcavüzkar və həddindən artıq tələbkar bir gücün tamahını təhrik etdiyini bildirərək qeyd etdi:
"Onlar Pəhləvi dövründə olduğu kimi İranı ələ keçirməyin, təbii sərvətlər, neft, siyasət, təhlükəsizlik və İranın beynəlxalq əlaqələri üzərində öz hökmranlıqlarını bərpa etməyin arxasındadırlar. Onların əsas düşmənçilik səbəbi budur və insan haqları kimi digər sözləri boş sözdür".
İslam İnqilabının Rəhbəri vurğuladı:
"İran xalqı Amerikanın tamahı qarşısında möhkəm sinə gərib, dayanıb və dayanacaq, onları əziyyət verməkdən məyus edəcək".
Amerikalıların müharibə və filan təyyarədən istifadə ilə bağlı təhdidlərinə toxunan o Həzrət qeyd etdi:
"Bu sözlər yeni deyil, keçmişdə də dəfələrlə "Bütün variantlar masa üzərindədir” deyə təhdid edirdilər, indi də bu adam tez-tez bu cür iddialar irəli sürür ki, guya biz gəmi gətirmişik".
Ayətullah Xamenei əlavə etdi:
"İran xalqını bu cür şeylərlə qorxutmaq olmaz, İran xalqı bu sözlərin təsiri altına düşmür. Əlbəttə, biz müharibəni başladan tərəf deyilik və heç kimə zülm etmək, heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı tamah edən, hücum və əziyyət vermək istəyən hər kəsə möhkəm bir zərbə vuracaq".
Ayətullah Xamenei, həmçinin vurğuladı:
"Amerikalılar bilməlidirlər ki, əgər bu dəfə müharibə başlatsalar, bu müharibə regional müharibə olacaq".
Rəhbər çıxışının başqa bir hissəsində son iğtişaşların Amerika və sionist mahiyyətini vurğulayaraq, iğtişaşçıları “Liderlər” və “Piyada qüvvə” olaraq vəsf etdi və dedi:
"Liderlərin bir çoxu həbs olunub və etiraf ediblər ki, gördükləri işlər üçün pul alıblar, mərkəzlərə necə hücum etmək, gəncləri toplamaq və hərəkətə gətirmək üçün təlim keçiblər, lakin iğtişaşçıların başqa bir qismi hisslərə qapanan gənclər idi ki, onlarla elə də ciddi problemimiz yoxdur".
Ayətullah Xamenei Amerika prezidentinin sözlərini son fitnənin Amerika və sionist mənşəli olmasının açıq sübutu adlandıraraq dedi:
"O, açıq-aşkar İran xalqı adlandırdığı iğtişaşçılara "İrəli gedin, mən də gəlirəm" deyirdi. Halbuki onların nəzərində bu bir neçə min iğtişaşçı İran xalqı idi, amma 12 yanvar tarixində ölkə üzrə toplaşan milyonlarla insan İran xalqı sayılmırdı".
İnqilab Rəhbəri İslam Respublikasının yeni düşüncə və yolunun, dünya quldurlarının maraqları ilə toqquşmasının onların düşmənçiliyinin davam etməsinə səbəb olduğunu bildirərək dedi:
"Buna görə də son fitnə Tehranda ilk fitnə olmadığı kimi, sonuncu da olmayacaq və gələcəkdə də bu cür hadisələr təkrarlana bilər".
O Həzrət əlavə etdi:
"Bu düşmənçiliklər İran xalqı sabitlik, müqavimət və işlər üzərində tam nəzarətlə düşməni ümidsizliyə salana qədər davam edəcək və biz bu nöqtəyə də çatacağıq".
Ayətullah Xamenei 1981-ci ilin 20 iyun hadisəsi kimi Tehranda baş vermiş oxşar fitnə və cinayətlərə toxunaraq dedi:
"Bütün bu hadisələrdə yadellilərin, xüsusilə Amerikanın və sionist rejimin əli aydın şəkildə görünür".
İnqilab Rəhbəri son fitnədə xalqın roluna işarə edərək əlavə etdi:
"Əgər ölkə üçün bir hadisə baş verərsə, Allah-təala bu xalqı onun qarşısını almaq üçün səfərbər edəcək və xalq işi sona çatdıracaq".
Son Amerika fitnəsinin xüsusiyyətlərini izah edən Rəhbər birinci xüsusiyyət kimi iğtişaşçıların bazar əhalisinin etirazlarının arxasında gizlənməsini göstərərək buyurdu:
"Fitnəkarların və şəhərlərə hücum edən cinayətkarların qadın və uşaqları özlərinə sipər etməsi kimi, məntiqi və haqlı sözləri olub küçələrə çıxan bazar əhalisinin arxasında gizləndilər ki, tanınmasınlar.
İnqilab Rəhbəri son fitnənin ikinci xüsusiyyəti kimi onun çevrilişə oxşar xarakterli olmasını qeyd edərək dedi:
"Bu fitnə çevrilişə bənzəyirdi. Polisə, SEPAH mərkəzlərinə, bəzi dövlət qurumlarına və banklara hücum etməklə ölkənin idarə olunmasında mühüm və həssas mərkəzlərin dağıdılması, eləcə də məscidlərə və Qurana hücum bu həqiqəti göstərir".
O Həzrət fitnənin ölkə xaricində planlaşdırılmasını və daxili dəstə başçılarının peyk məlumatları kimi müxtəlif imkanlardan istifadə edilərək yönləndirilməsini iğtişaşların digər xüsusiyyəti adlandıraraq qeyd etdi:
"Əldə olunan məlumata əsasən, hakimiyyətdə təsirli bir Amerika ünsürü öz iranlı tərəfdaşına deyib ki, CIA və Mossad bu hadisədə bütün imkanlarını səhnəyə çıxarıblar".
Ayətullah Xamenei ölü sayını artırmaq siyasətini iğtişaşların başqa bir xüsusiyyəti adlandıraraq əlavə etdi:
"Hərbi və polis mərkəzlərinə inkişaf etmiş şəxsi silahlarla hücum edirdilər ki, məmurların reaksiyası nəticəsində ölənlər olsun, hətta daha çox ölü sayı artırmaq üçün öz piyada qüvvələrinə də rəhm etmədilər və onları da hədəf aldılar".
İnqilab Rəhbəri düşmənin ölənlərin sayını on dəfə çox göstərməyə çalışdığına işarə edərək dedi:
"Onlar ölənlərin sayının daha çox olmasını istəyirdilər, hər halda bu qədər itki də çox təəssüf doğurur".
O Həzrət düşmənin əsas məqsədinin ölkənin təhlükəsizliyini pozmaq olduğunu bildirərək dedi:
"Təhlükəsizlik olmayanda heç nə yoxdur, buna görə də ölkənin təhlükəsizliyini qoruyanların hamının boynunda həyat haqqı var".
Ayətullah Xamenei vurğuladı:
"Onlar xalqı sistemə qarşı qoymaq istəyirdilər, lakin xalq 12 yanvar tarixində milyonlarla iştirakla pis niyyətlilərin ağzının üstündən vurdu və İran xalqının həqiqi simasını göstərdi".
İnqilab Rəhbəri ABŞ-ın hazırkı prezidentinin ABŞ hökumətinin İŞİD-in yaradılmasında rolunu etiraf etməsinə toxunaraq vurğuladı:
"Son fitnədə də amerikalılar əməlləri İŞİD-in əməllərinə bənzəyən bir İŞİD yaratdılar. İŞİD insanları dinsizlik ittihamı ilə vəhşicəsinə öldürürdü, bunlar isə insanları eyni vəhşiliklə, amma dindarlığa görə məhv edirdilər və inanılmaz qəddarlıqla insanları diri-diri yandırır, başlar kəsirdilər".
Ayətullah Xamenei çıxışının sonunda 1979-cu il fevralın 1-də İmam Xomeyninin (r.ə) misilsiz və bütöv xalq tərəfindən qarşılanmasına işarə edərək dedi:
"İmam bütün təhdidlərə baxmayaraq cəsarət və qüdrətlə Tehrana daxil oldu və xalqın böyük və heyrətamiz qarşılanmasını yeni bir sistemin formalaşması üçün amilə çevirdi və elə ölkəyə giriş gününü padşahlıq hakimiyyətinin devrildiyini elan etdi".
İnqilab Rəhbəri fərdi və istibdadçı hakimiyyətin xalqın hər şeyə sahib olduğu bir hakimiyyətə çevrilməsini, Pəhləvinin nəzərdə tutduğu anti-dini prosesin isə İslami bir prosesə çevrilməsini İmamın və xalqın mübarizələrindən doğan sistemin iki xüsusiyyəti adlandırdı.
O Həzrət ölkəni öz sahiblərinə, yəni xalqa qaytarılmasını və Amerikanın İrandakı nüfuzunun kəsilməsini İslam Respublikasının başqa bir xüsusiyyəti sayaraq bunun Amerikanın hökumətə və xalqa qarşı qəzəb və düşmənçiliyinə səbəb olduğunu bildirdi.
Ayətullah Xamenei hökumətin xalq yönümlü olmasının izahında xalqda özünəinam ruhunun yaradılmasına işarə edərək dedi:
"Müdrik İmam xalqı öz böyük imkanları və dəyərləri ilə tanış etdi və "Bacarmarıq" ruhiyyəsini çox mühüm olan "Bacararıq" inancına çevirdi".
İnqilab Rəhbəri ölkənin müxtəlif sahələrdəki nailiyyətlərini xatırladaraq əlavə etdi:
"Kim inanardı ki, İran xalqı bir gün elə bir mərhələyə çatar ki, amerikalılar onun istehsal etdiyi silahdan kopya çıxarsınlar? Bunların hamısı İmam Xomeyninin "Ümid və özünəinam simvolu" olaraq xalqda yaratdığı inam, ümid və uca hədəflərin nəticəsi idi, o, xalqı çalışmağa və hərəkətə gətirdi".