Bağışlayan və mehriban Allahın adı ilə 

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Bu məclisin və görüşün yenidən bərpa olunmasına, həmçinin mənim üçün gözəl və şirin olan bu eşitdiklərimə gərə Uca Allaha şükür edirəm. Quran oxuyanların davamlı olaraq çoxalmasına görə də Allaha həmd edirəm. Bu gün bizim qulağımız və gözümüz nurani oldu və edilən tilavətlərdən sözün əsl mənasında ləzzət aldıq; hər biri Quran əhli və tilavətçi olmaqla müxtəlif şəhərlərdən, müxtləlif yaşlarda və müxtəlif metodlarla. Cənab Ruhani Nejadı da görməklə çox şad olduq və qırx neçə ildən sonra yenidən onun səsini eşitdik. Onun gənclik yaşlarında fövqəladə səsi var idi. O həmin yaşda cənab Muxtarinin şagirdi idi (Allah cənab Muxtariyə rəhmət eləsin) və belə bir səsi var idi, əlhəmdulillah. Ramazan ayının gəlişi münasibətilə təbrik deyirəm, həqiqətən, bu ay möminlər və qədir bilənlər üçün böyük bir bayramdır. Allah-təaladan diləyirəm ki, bu Ramazan ayını sözün həqiqi mənasında bütün İran milləti və sizlərin hamınız üçün bayram etsin, mübarək etsin.

Mənim nəzərimdə mühüm olan budur ki, biz cəmiyyəti (birinci növbədə öz cəmiyyətimizi) tükənməz Quran çeşməsi ilə sirab edə bilək. Bizim buna ehtiyacımız vardır, biz buna olduqca çox möhtacıq. Öz fərdi və şəxsi həyatımızda, əxlaqımızda, rəftar və Allah yolunda hərəkətimizdə (seyri-süluk yolunda) problemlər vardır ki, Quranla aradan gedir. İctimai həyatımızda da bir hissəsi cəmiyyət daxilində olan əlaqələrdir (bir-birimizlə əlaqələrimiz, həmkarlığımız, qarşılıqlı münasibətlərimiz və sevgilərimizdir), bir hissəsi də cəmiyyətdən xariclə olan münasibətlərə aiddir. Bunlar bizim problemlərimizdir. Bunların hamısında: həm şəxsi məsələlərimizdə, həm cəmiyyətdə olan ictimai məsələlərimizdə, həm də cəmiyyətdən qıraqda olan ictimai məsələlərimizdə problemlərimiz vardır və bu problemlər Quranla aradan qaldırılır. Quran bu yerdə bizə yol göstərə, əlimizdən tuta bilər.

Cəmiyyətdən xariclə olan münasibətlərə gəldikdə isə, bu gün İran milləti kafir və ya münafiq güc sahiblərinin geniş cəbhəsi ilə üz-üzədir. Vəziyyət belədir. Bizim millətlərlə bir problemimiz yoxdur. Millətlər ya bir-biriləri ilə qardaşdırlar, yaxud da yad olsalar da, bir-biriləri ilə işləri olmur. Ölkə və millətlərlə işləri olanlar qüdrət sahibləridir. Biz bu gün bu güc sahiblərinin geniş cəbhəsi ilə üzə-üzə qalan ölkələrdən biriyik. Onlarla necə rəftar etməliyik? Quranda onlarla necə rəftar etməklə bağlı göstərişlər var, yəni hansı mərhələdə onlarla danışmalıyıq? Hansı mərhələdə onlara həmkarlıq əli uzatmalıyıq? Hansı mərhələdə ağızlarının üstünə yumruq vurmalıyıq? Hansı mərhələdə qılınc çəkməliyik? Bütün bunların hamısı Quranda konkret şəkildə məlumdur. 

Cəmiyyət daxilində ictimai məsələlər fonunda da (qarşılıqlı münasibətlərdə) bilirsiniz ki, İslam baxımından tövhid, maarif və Allahla ünsiyyət qurmaqdan sonra İslam cəmiyyətinin təşkil olunmasında ən mühüm məsələ ədalətdir. Peyğəmbərlər tövhiddən sonra (insanları) ədalətə dəvət etdikləri qədər heç bir şeyə dəvət etməyiblər. Bizim ictimai ədalət zəminində problemlərimiz vardır və bunun həll yolu da Quranda vardır. Öz şəxsi həyatımızda və şəxsi vəziyyətimizdə də əxlaqi və mənəvi xəstəliklərə mübtəlayıq. Təkcə biz deyil, bu gün bütün bəşəriyyət ruhi, əxlaqi və mənəvi xəstəliklərə düçar olub. Bəşər həsəd, xəsislik, bədgümanlıq, tənbəllik, xudbinlik və şəxsi mənafeyi cəmiyyətin mənafeyindən üstün tutmağa düçar olub. Bunlar mövcuddur və bunlar bizim öz aramızda da vardır. Biz də İslam cəmiyyətiyik və bəzi yerlərdə inkişaflar da əldə etmişik, amma bununla yanaşı, bu xəstəliklərdən də varımızdır və bunun həll yolu da Quranda mövcuddur. Əgər Quran düzgün şəkildə tilavət olunarsa (indi bu məsələyə qısaca olaraq toxunacağam) və eşidilərsə, bu xəstəliklər aradan qalxacaqdır.

Quran bizə həm həll yolu deyir (yaxşı diqqət edin) və bizə yol göstərir, həm də bizdə maraq və ruhiyyə icad edir. Bu, mühümdür. Bir çoxları yolu tanıyırlar, bələddirlər, lakin onlarda ruhiyyə və maraq yoxdur və fikri, əxlaqi sistemlər onlarda maraq və ruhiyyə icad etməyə qadir deyil. Quran isə bu ruhiyyəni onlarda yaradır. Quranı yaxşı tilavət etdikdə, yaxşı dinlədikdə və yaxşı diqqət etdikdə o zaman bu böyük nəticələr bizim üçün hasil olacaqdır, bu xəstəlik aradan qalxacaqdır. Quranın özündə bu qeyd olunubdur:
"Dərs oxumamışlar arasından insanlara onun (Allahın) ayələrini oxuyan özlərindən bir peyğəmbər göndərdi". ("Cümə", 2)
Yəni tilavət məsələsidir, ayəni tilavət edirlər. Quran ayəsini tilavət etməyin nəticəsi nədir?   "Onları təmizləyir". Tilavət etdiyi bu ayələr təzkiyə və özünü islah etməyə səbəb olur. Təzkiyə, yəni nə? Yəni qəlb və ruhun şəfası. Təzkiyənin mənası budur. İnsanın qəlbi, ruhu, canı bir qisminə işarə etdiyim xəstəliklərdən şəfa tapır. Təzkiyə budur. Quran bu işi görür, Quranın tilavəti təzkiyə yaradır. "Onlara təlim verir". Onlara kitabı təlim verir. Kitab nədir? Kitab, yəni Quran fərdi və ictimai həyatın ümumi çərçivəsini özündə ehtiva edir. İctimai və fərdi həyatın forması elə bir topludur ki, "Kitab (Quran)" ona şamil olur və onu bəyan edir və yaşayışın başqa bir mənasıdır.

Hikmət nədir? Yəni maarif, varlıq aləminin həqiqətini tanımaq. Yəni varlıq aləminin həqiqətini insan tanısın, kitabın tilavəti bizlərə bunu öyrədir.

"Allahın ayələrini oxuyur". Peyğəmbər insanlara bu bir neçə işin həyata keçməsi üçün Quran tilavət edir: təzkiyə, kitabın və hikmətin təlimi. Siz nə edirsiniz? Siz qarilər Peyğəmbərin gördüyü həmin işi görürsünüz, siz də tilavət edirsiniz. Tilavət işi Peyğəmbərin işidir. Quran tilavətinin bu qədər əhəmiyyəti vardır, yəni siz Quran məfhumlarını insanların fikri və zehni cəhətdən əminlik və yəqininə çevirə biləsiniz. Quranda minlərlə ünvan və başlıqlar mövcuddur. Məsələn bu ayələr kimi:
"İnsanlar ədaləti bərpa etsinlər". ("Hədid", 25)
"(Ey Peyğəmbər) Bağışlama yolunu tut..."("Əraf", 199)
"...Allahı çox xatırlayın". ("Əhzab", 41)
Bunların hamısı ünvan və başlıqlardır. Sizin tilavətinizin vəzifə və funksiyalarından biri (əgər düzgün yerinə yetirsəniz) budur ki, bu məfhumları cəmiyyətin fikri cəhətdən əminliklə qəbul etdiyi bir şeyə çevirəsiniz. İctimai ədalətə görə qiyam etməyin vacibliyi, Allahı zikr etməyin gərəkliyi cəmiyyət arasında yer almalıdır:  
"...Allahı çox xatırlayın".
Qardaşlar arasında bağışlanma olmalıdır: 
"(Ey Peyğəmbər) Bağışlama yolunu tut..."
"Allah yolunda vuruşsunlar". ("Nisa", 74)
Bu minvalla Quranda olan başqa məfhumlar da həmçinin. Bu, mübaliğə deyil, yəni Quranda minlərlə ünvan, mətləb və başlıqlar vardır ki, bunlar ümum insanların zehni maarifinə çevrilməlidir. Hansı amil bu işi edir? Yaxşı şəkildə tilavət. O zaman insanların Quran savadı artacaqdır və Quranın verdiyi göstərişə uyğun düşünəcəklər.

Adətən, insan necə fikirləşirsə, o cür də hərəkət edir və yol gedir. Beləliklə də, Quran tilavətinin, Quran qiraətinin və gördüyünüz bu işin bu qədər əhəmiyyəti vardır, belə bir möcüzə edir və belə böyük bir işi həyata keçirir, lakin tilavətin ədəblərinə uyğun əməl etməklə. Yəni şəraiti budur. Bu sizin vəzifənizi ağırlaşdıran həmin şeydir. Tilavətin ədəblərinə riayət etməlisiniz.

Birinci ədəb budur ki, Quranı tilavət etdikdə (istər özünüz evdə edəsiniz, istər burada və ya hər hansı bir yerdə cəm arasında) bilin ki,  Allahın hüzurundasınız, onun kəlamını bizə oxuyursunuz. Diqqətiniz olsun ki, Allahın hüzurunda onun dediyini, onun sözünü bizə çatdırırsınız. Bu sizə bir hiss verir və bu çox mühümdür. Bəs, birincisi budur.

Quranı mənasına diqqət etməklə oxuyun. Mən bu gün gördüm ki, bəzi qardaşlar buna yaxşı riayət etdilər və bu edilən tilavətlərdə mənasına diqqət edilmişdi. Bəzi vaxtlar mənasına diqqət edilmir və tilavətin bir təsiri olmur. Mənaya diqqət edin və bilin ki, sizin boğazınızdan necə bir həqiqət xaric olur (mənaya diqqət etmək budur). Bu, təsiredici olur. Mümkündür ki, bir nəfər ərəbdilli olsun və ərəb dili onun öz ana dili olsun, amma eyni zamanda nə dediyinə də diqqət etməsin. Yəni mühüm olan budur ki, nə dediyimizi bilək. Mənaya diqqət etmək, yəni bu.

Quranı tərtillə oxuyun. Əlbəttə, tərtil bu gün bizim aramızda yayılmış terminimizdə Quran məclislərində bir neçə nəfərin əyləşib tərtil oxumasıdır. Deyirlər ki, biz tərtil oxuyuruq. Tərtil bu deyil. Burada ki buyurur: 
"Quranı diqqətlə və düşünərək oxu".("Muzzəmmil", 4)

Burada tərtil bu mənadadır ki, Quranı dərk etməklə, dərin düşünməklə, fasilə verməklə oxuyaq:
"Quranı insanlara aram oxuyasan deyə, biz onu hissələrə ayırıb tədriclə nazil etdik". ("İsra", 106)
Tərtil budur. Tərtil mənəvi bir işdir. Bilin ki, nə edirsiniz, nə oxuyursunuz, qarşı tərəfə nəyi təhvil verirsiniz və bu təhvili hansı çərçivə verir. Bu da mühümdür və ola bilsin, buna da işarə etdim. Deməli, tərtil budur. Əlbəttə, məşhur qarilər və qiraət haqqında kitab yazanlar arasında geniş yayılmış müxtəlif metodlar ya təhqiq surətindədir, ya da tədvir, yaxud da hədr və təhdir formasında. Tədvir həmin orta həddir ki, bu gün ona tərtil deyirik. Bunun elmi və dəqiq adı tədvirdir. Bundan yuxarı həddə olanı sizin oxuduğunuz təhqiqdir. Ondan aşağı həddə olanı hədr, ya təhdir, yəni Quranı surətlə oxumaqdır. Əgər Quran tərtillə oxunsa (qeyd etdiyimiz həmin mənada, nəinki məşhur olan mənada), onda öz təsirini göstərəcəkdir. İndi mən burada mötərizə cümləsi olaraq deyim ki, Quranı həmin təhdir, yəni bizim dediyimiz tərtillə oxumaq çox mühüm və fövqəladə bir işdir. İndi bütün ölkədə, Qumda, Məşhəddə, Cəmkəranda, Xuzistanda, Əhvaz və Təbəsdə məşhur formasında oxunan və televizorda yayımlanan bu iş çox dəyərlidir, çox yaxşıdır. Bəlkə də, Quran qarilərinin əyləşib həm təcvidlə, həm vəqf etməklə (dayanmaqla), həm düzgün şəkildə və həm də hərflərinin məxrəcinə gözəl və düzgün riayət etməklə oxuduqlarını gördükdə özümdə yaranan fövqəladə dərəcədə olan şadlıq və sevincimi sizin üçün təsvir edə bilməyim. Bu, çox fövqəladə bir işdir, çox yaxşıdır. Bu hər nə qədər çox geniş yayılsa, bir o qədər yaxşıdır. Hər halda tərtil qeyd etdiyimiz mənada tilavətimizin təsiredici olması üçün şərtdir.

Üçüncü məqam budur ki, qarinin tilavətdə birinci hədəfi özünün yararlanması olmalıdır. Siz ki Quran oxuyursunuz, birinci növbədə, özünüzün yararlanmağınızı nəzərdə tutun. Sonrakı dərəcədə isə dinləyicilərinizi bəhrələndirin. Üçüncü mərhələdə Qurana münasib şəkildə forma və kəlmə cəhətdən lazımi düzülüşlə təqdim etməyinizdir. Xoşbəxtlikdən, qariərimiz, ya bəziləri ki televiziyada və başqa yerlərdə tilavət edirlər, paylaşılır və mən də təsadüfən müşahidə edirəm, çoxlarının tilavətləri, ləhcələri, nəğmələri təqlidi deyildir. Elə nəğmələrdir ki, bunları özləri başlanğıcdan icad edirlər. Qədim qarilərimiz (inqilabın əvvələrində olanlar) gərək Misirin məşhur qarilərindən birinə təqlid edərdilər; ya Əbdülbasitə, ya Mustafa İsmayıla, ya Minşavi və bunun kimilərə təqlid etməli idilər. Bu gün isə görürük ki, belə deyil. Əlbəttə, təqlid etməyin də eybi yoxdur. Yəni  bəziləri ki müəyyən bir səsi təqlid edirlər və yaxşı bir qarinin ləhcəsini təkrarlayırlar, öyrənirlər, bunun bir iradı yoxdur, heç bir eybi yoxdur. Amma bu gün ölkəmizdə qarilərimiz, Allaha həmd olsun ki, özləri ləhcə icad edirlər. İnsan bunu bəzi qarilərdə müşahidə edir. Bəs, əgər sizin hədəfiniz birinci növbədə özünüz, yəni özünüzün bundan təsir götürməyiniz və növbəti dərəcədə müxatəblərizin təsir alması olsa, o zaman dinləyicinizdə xuşu (mənəvi aramlıq) yaranacaqdır. Quran müqabilində dinləyən kəsin aramlığı sizin tilavətinizin növündən asılıdır. Siz çox yaxşı tilavət etdiyinizdə (yaxşı dedikdə, yəni izah etdiyim həmin mənada) dinləyicinizin qəlbini aram edir. Bu xuşu çox dəyərli və mühüm bir şeydir. Dinləyici zikr etmək halına yiyələnir. Quran buyurur:
"...Allahı çox xatırlayın". ("Əhzab", 41)
Tilavət nəticəsində sizin qəlbinizdə yaranan bu təsbih, zikr və bu xuşunun çox dəyəri vardır, bizim buna ehtiyacımız vardır.

Əlbəttə, ölkəmizdə və qeyri-ərəb ölkələrində bir məsələ də mənanın başa düşülməsi məsələsidir və bu problemi də bir yolla həll etməliyik. Bu bizim mübtəla olduğumuz problemlərdən biridir. İndi bu gün, xoşbəxtlikdən, çox fərq edib, qarilərimiz oxuduqda insan başa düşür ki,  mənaya diqqət edirlər, mənanı başa düşürlər və insanla söz danışırlar. İnqilabın əvvəllərində isə belə deyildi, yəni tilavət edirdilər, amma mənasını dərk etmirdilər. Bunun nəticəsi bu olur ki, oxumağın keyfiyyətində, çərçivəsində, vəqfdə, ibtidada və başqa yerlərdə çoxlu problemlər yaranır. Bu gün, əlhəmdulillah, yaxşıdır, lakin bu, ümumiləşməlidir. Yəni dinləyiciniz Quranı eşitdikdə sizin nə dediyinizi anlasın, hətta icmali və ümumi şəkildə olsa belə.  Bunun işə ehtiyacı var və bu da Quranla məşğul olan Təlim-Tərbiyə sektorunun, Təbliğat Təşkilatı və yaxud da Quranla bağlı təşkilatların öhdəsindədir. Bunlar oturub fikirləşsinlər və həqiqətən də, yeni metodlar ələ gətirsinlər. Əlbəttə, bunun bir yolu tərcümə yazmaqdır, tərcümə yazırlar və bu da yaxşıdır. Başqa yollar da mövcuddur ki, bunları axtarıb kəşf etməlidirlər. Bu, qarinin üslubu, qəlbi idi və qeyd etdik ki, qari Quranı özünəxas şəraiti ilə oxumalıdır.

Qarinin üzü də önəmlidir. Birincisi, qaridə saleh insanın əlaməti olmalıdır. İnqilabın əvvələrində hər hansı bir ölkədən buraya qari gəlmək istəyirdisə, onda olması gərəkən və bizim dediyimiz şərtlərdən biri saqqalının olması idi. Çünki onlar saqqal qırxmağı haram bilmirlər və saqqalı qırxırlar, yəni axund olmasına baxmayaraq, saqqal saxlamır. Şərt kəsirdik ki, Tehrana bu cür (saqqalı qırxılmış) vəziyyətdə gəlməsi qadağandır. Hamısı da (bu şərti) qəbul etdilər. Yəni yadıma gəlmir ki, bir yerdə qəbul etməsinlər. Çoxlu qarilər gəldilər, tanınmış qarilər idilər və necə deyərlər, bu günün adla tanınmış qariləri ki, əsasən, dünyadan köçüblər, bunların hamısı saqqal saxladılar. Orada və başqa yerlərdə ki oxuyurdular, heç birinin saqqalı yox idi, lakin buraya gəldikdə saqqal saxlamışdılar. Saleh insanın əlamətinin olması çox önəmlidir. Bizim öz qarimiz buna riayət etməlidir. Çünki saqqal salehlik əlamətidir. Qari buna mütləq şəkildə riayət etməlidir. Məxsusən o qarilər ki televiziyada, müxtəlif cəmlər arasında, məsciddə və başqa bu kimi yerlərdə oxuyurlar.

Həmçinin geyim məsələsi də önəmlidir. Müxtəlif ölkələrdə bizim qarilərimizi yaxşı qarşılayırlar, çox hörmət edirlər. Səfərə gedən qari dostlardan biri oranın geyimini geyinmişdi və mən ona dedim ki, niyə oranın libasını geyinmisən? Siz iranlısınız, kostyumunuzu geyinin və uzağı bir əba çiyninizə atın. Yaxud da onların papağını başlarına qoyurlar, onların paltarlarını geyinirlər, ya məsələn, özü müzakirə obyekti olan bir qarinin libasını geyinirlər. Bunun nə lüzumu vardır? Bu zahiri qoruyun, yəni iranlı olmaq imtiyazını.

Qiraət xüsusunda başqa bir məsələ də haram nəğmələrdən istifadə etməməkdir. Buna diqqətiniz olsun. Mən, zənnimcə, keçənilki məclisdə bəzi qarilərin adlarını dilə gətirdim.  Dedilər ki, sizin adını çəkdiyiniz filan qarinin çoxlu tərəfdarı vardır, bəli, mən də bilirəm ki, çoxlu tərəfdarı vardır  və özümüzün də onun oxumasından xoşumuş gəlir, lakin bəzi vaxtlar o elə tərzdə oxuyur ki, insan görür ki, onun oxumasının, məsələn, filan misirli xanəndənin oxuması ilə heç bir fərqi yoxdur. Elə onun kimidir, onun kimi oxuyur. Bəs, bu, Quranın nəğmələri deyildir. Quranın nəğməsi başqadır və bu da yaxşı oxumaqla ziddiyyət təşkil etmir. İndi siz ki burada oxudunuz və ya bizim öz qarilərimiz və bəziləri ki bunlardan yaxşı oxuyurlar, yaxşı Quran nəğmələri vardır və yaxşı oxuyurlar, həm gözəl və şirindir və həm də insanın ürəyi eşitmək istəyir, haram da deyil. Deməli, haram nəğmələrdən çəkinmək mümkündür.

Qeyd etdik ki, tilavət üslubunda təqlid etməyin eybi yoxdur, lakin biz indi müqəllid yetişdirməkdən ötrü çalışaq və festival qoyaq, bunu başa düşmədim. Bilmirəm, bunun harada yeniliyi vardır ki, indi biz oturaq, öyrədək ki, əgər Şeyx Mustafa İsmayıl kimi oxumaq istəyirsinizsə, gərək bu yerini bu tərzdə oxuyasınız. Mən başa düşmürəm ki, bu öyrətməyin nə lüzumu vardır. İndi əgər özü öyrənibsə, çox yaxşıdır, eybi də yoxdur. Bu arada, Mustafa İsmayılın kasetlerini ilk dəfə Məşhədə mən gətirdim, yəni ərəb ölkələrindən sifariş etdim, gətirdilər, biz də yaydıq. Mustafa İsmayılı Məşhəddə tanımırdılar. Yəni mən onun oxumasını, tilavətini xoşlayıram, lakin biz indi gələk uşaqlara öyrədək ki, sən gəl Minşaviyə, Əhməd Şəbibə və ya digərlərinə təqlid elə, məncə, bu iş çox da məntiqli bir iş deyil.

Bir məqam da budur ki, Quranla bağlı olan müxtəlif təşkilatlar, Mədəniyyət və İrşad Nazirliyi, Təbliğat Təşkilatı, Ovqaf Təşkilatı, Səda və Sima (Televiziya və Radio Yayımları Şurası) və başqa qurumlar, yaxud da cəmiyyətin Quranla məşğul olan üzvləri və s. bir-biriləri ilə həmkarlıq etsinlər. Həmkarlığın yolu da budur ki, təşkil olunan Quranın Ali Şurası proqram hazırlayırlar. Bu siyasət və proqramlara diqqət ayırsınlar. Bu, önəmli və faydalı bir işdir. Yəni elə olsun ki, ölkə boyu irəli gedən Quranla bağlı işlər müxtəlif cəhətlərə və məsələlərə əsasən olsun. Mən gördüm ki, bəzi Quran ustadları müzakirə etmişdilər (cənablar bunlardan bəzilərini mənim ixtiyarımda qoymuşdular) və mühüm mətləbləri, Quranla bağlı əhəmiyyət verilməsi gərəkən mətləbləri, tilavət məsələlərini müzakirəyə qoyub ona əhəmiyyət vermişdilər və onun üzərində dayanmışdılar. Bəs, bunlar istifadə olunsun. Məxsusən Səda və Sima (Televiziya və Radio Yayımları Şurası) Quranın ali məhsullarına əhəmiyyət versinlər, yəni, həqiqətən, dəstək verməlidirlər. Bizim indi Quran tilavəti zəminində, həqiqətən, yaxşı və ali dərəcəli məhsullarımız vardır. Bunlardan istifadə olunsun, insanlar bunlardan istifadə etsinlər.

Xoşbəxtlikdən, ölkəmizin Quranla bağlı inkişafı sürətlidir və gördüyümüz başqa ölkələrə nisbətdə isə olduqca sürətlidir. Yəni bu ölkədə Quran kənarlaşdırılmışdı, Quran tilavəti məhdud formada idi, böyük şəhərlərdə iki-üç və ya beş Quran məclisi oldurdu, Quranı yaxşı oxuyan, təcvidlə oxuyan maksimum altı-yeddi qari mövcud idi, lakin indi xoşbəxtlikdən, bütün ölkə boyu, hətta kiçik şəhərlərdə və bəlkə də, bəzi kəndlərdə belə, yaxşı və görkəmli qarilər vardır ki, tilavət edirlər. Bunlar bizim imtiyazlarımızdır və iddia edə bilməzlər ki, İslam Respublikası Quran sahəsində iş görə bilməyib. Xeyr, əlhəmdulillah, yaxşı işlər görülüb və gərək bundan da artıq iş görülsün. Sadəcə, bu qeyd etdiyim məqamlara əhəmiyyət verilməlidir. Yəni ümdə məsələ budur ki, Quran çeməsi insanların düşüncələrinə, qəlblərinə sirayət etsin və nəticədə biz insanların əməllərinə sirayət etsin. Önəmli olan budur. Allah-təala, inşallah, bu tövfiqi sizlərə və bizim hər birimizə lütf eləsin.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.