Dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan bir qrup insan 31.03.2025-ci il tarixdə İslam İnqilabı Rəhbəri ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.
İslam ümmətinə, İran xalqına, burada iştirak edənlərə, qonaqlara və İslam ölkələrinin müsəlman səfirlərinə bu mübarək və sevincli Fitr bayramı mübarək olsun.
Həqiqətən, bu gün İslam dünyasının onu birləşdirən, vahid və səmərəli bir ümmət halına gətirən məqamlara ehtiyacı var. Fitr bayramı da onlardan biridir. Biz Fitr namazının qünutunda oxuduğumuz duada deyirik: “Və li Muhəmmədin sallallahu əleyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida”. Burada “Məzida” ifadəsi dərin və mənalı bir məfhumdur. Yəni Fitr bayramı İslamın və əziz Peyğəmbərin (s) izzətinin hər gün artmasına səbəb olmalıdır. Onun dini, insanlığın qarşısına qoyduğu yol və həyat tərzi getdikcə genişlənməli, daha da yayılmalıdır. Fitr bayramı belə bir xüsusiyyətə malikdir. Bu, nə zaman baş verəcək? Əgər Fitr bayramında insanlar bir araya gəlməz, Allaha yalvarmaz, onunla ünsiyyətdə və cəm şəkildə olmazlarsa, belə bir xüsusiyyəti olmaz. Fitr bayramını biz özümüz düzəldirik, onu öz davranışlarımızla, atdığımız addımlarla İslam və müsəlmanlar üçün şərəf, inkişaf və bərəkət mənbəyinə biz çeviririk. Əgər İslam ümmətində birlik, səy və bəsirət olsa, Fitr bayramı, həqiqətən də, bir inkişaf və tərəqqi olacaqdır.
Bu gün dünyada, istər bizim regionumuzda, istərsə də dünyanın digər bölgələrində hadisələr ardıcıl və başgicəlləndirici sürətlə baş verir. Hadisələrin bu sürəti tələb edir ki, dünya işlərində iştirak etdiyini və ya bu hadisələrdən təsirləndiyini hesab edən hər kəs onları diqqətlə və sürətlə izləsin və öz mövqeyini müəyyənləşdirsin. Bu gün bu məsuliyyət İslam dövlətlərinin üzərinə düşür. Onlar öz xalqları, dostları və düşmənləri, eləcə də qarşıda duran və onları gözləyən hadisələr haqqında dəqiq düşünməlidirlər.
İslam dünyası böyükdür. Biz müsəlmanlar həm böyük bir əhali kütləsinə sahibik, həm də coğrafi baxımdan dünyanın həssas nöqtəsində yerləşirik. Üstəlik, təbii sərvətlər baxımından dünyanın ən zəngin bölgələrindən biriyik. Əgər İslam dünyası bu həssas imkanlardan istifadə etmək istəyirsə, onun əsaslı bir addıma ehtiyacı var, o, da İslam dünyasının birliyidir.
Birlik və vəhdətə gəlmək o demək deyil ki, hökumətlər birləşsin və ya siyasi baxışlar tamamilə eyni olsun. İslam dünyasının birliyi birinci dərəcədə ortaq maraqları tanımaq və onların nədən ibarət olduğunu bilməkdir. Bu maraqları elə müəyyən etməməliyik ki, öz aramızda ixtilaf, dava və qarşıdurmaya səbəb olsun. İslam dünyası vahid bir ailə, bir toplumdur. İslam dövlətləri bu düşüncədə olmalı və bu istiqamətdə addım atmalıdırlar. İran İslam Respublikası, elə cənab (İran) Prezidentin də vurğuladığı kimi bütün İslam dövlətlərinə əlini uzadıb, onları qardaş hesab edir və özünü ümumi və əsas bir cəbhədə onlarla birlikdə bilir. Gəlin əməkdaşlıq edək, fikirlərimizi bölüşək və İslam dünyasının birliyini qoruyaq. Belə olan halda təcavüzkar, zülmkar, güc nümayiş etdirən güclər daha İslam dünyasına müdaxilə, zor tətbiq edib bac tələb edə bilməyəcəklər. Bu gün, təəssüf ki, bac istəmək böyük güclərin adi siyasətinə çevrilib. Böyük güclər zəif ölkələr, dövlətlər və millətlərdən bac tələb edirlər, hətta bunu açıq-aydın bəyan edirlər. Biz İslam dünyasının Amerika və onun kimilərinin bac istəyi ilə üzləşməsinə imkan verməməliyik.
Məzlumların hüquqlarını müdafiə etməliyik. Bu gün İslam dünyasının bir hissəsi ağır yaralar alıb; Fələstin və Livan yaralıdır. Bu bölgədə törədilən cinayətlərin bəzisi misilsizdir. Şahidi olduğumuz və ya oxuduğumuz tarixdə iki ildən az bir müddətdə təxminən iyirmi min uşağın hərbi qarşıdurmada qətlə yetirildiyini xatırlamırıq! Bu, zarafat deyil. İslam dünyası bunları görməli, dərk etməli, fələstinlilərin çəkdiyi ağrı-acıları hiss etməli və özünü bunun müqabilində məsuliyyətli aparmalıdır. Əgər İslam dünyası əl-ələ versə, bunu bacarar. Müharibə və hərbi əməliyyata ehtiyac yoxdur, yetər ki, birlik və həmrəylik olsun, İslam dövlətləri arasında həmfikirlik və qarşılıqlı anlaşma yaransın. O zaman başqaları da öz mövqelərini nəzərdən keçirmək məcburiyyətində qalacaqlar.
Ümid edirik ki, Aallah-təala bu Fitr bayramını bütün İslam ümməti üçün mübarək qərar versin və İslam ölkələrinin məsul şəxslərinə bu səy, maraq və hərəkəti bəxş etsin ki, onlar İslam ümmətini gerçək mənada formalaşdıra bilsinlər.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.