Bağışlayan və mehriban Allahın adı ilə

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Bugünkü görüşümüz çox faydalı və xoş keçdi. İclasın bir hissəsi görülmüş işlərə, təzəlikcə meydana çıxmış kəşflərə, nailiyyətlərə, qələbələrə və ümidvarlığa həsr olunmuşdu ki, mənim fikrimcə, belə sözləri dinləməyə ehtiyacımız var. Çünki düşmənlərin xüsusi məqsədlərlə gənclər və universitet mühitləri kimi ölkənin müəyyən sahələrində yaymağa çalışdığı ümidsizlik atmosferində bu cür çıxışlar, hesabatlar və sözlər həyat, ümid, hərəkət və inkişaf qaynağıdır. İkinci hissə isə şikayətlərə aid idi ki, bu şikayətləri sizin kimi qruplardan dəfələrlə eşitmişik və onlara diqqət göstərmək, həll etmək borcumuzdur.

Birinci hissə, yəni xoş xəbərlər, nailiyyətlər və baş verənlərin təqdimatı barədə, mənim fikrimcə, mühüm bir media fəaliyyətinə ehtiyacımız var. Sizin burada təqdim etdiyiniz və bizim də eşitdiyimiz bu nailiyyətləri bütün gənclərimiz bilirlərmi? Tələbələrimiz bunlardan xəbərdardırlarmı? Ölkədə fəaliyyət göstərmək, təsir yaratmaq istəyən və özlərində bunun potensialını görən insanlar bilirlərmi ki, məsələn, bir neçə il əvvəl kiçik bir şəhərdə kiçik bir iş yeri açılıb, bir müddət sonra onu bir neçə dəfə genişləndirmək və irəliləmək mümkündür? Bunları bilirlərmi? Mövcud olanları, nailiyyətləri və arzuların həyata keçirilməsini göstərmək sahəsində biz az iş görürük, burada bir media işi tələb olunur ki, bu, tamamilə ayrıca bir mövzudur. Bu məsələni müzakirə etmək, düşünmək lazımdır. Şikayətlər barədə də indi danışacağam.

Bugünkü görüş bu bir neçə il ərzində siz sahibkar və sərmayədarlarla olan beşinci görüşdür. Biz bu görüşü 2020-ci ildə başladıq, yəni 2020, 2022, 2023, 2024 və indi də 2025-ci il. Çoxlarınız əvvəlki illərdəki yığıncaqlarda da iştirak etmisiniz. 2020-ci ildə sanksiyaların və əlavə təzyiqlərin zirvəyə çatdığı bir dövrdə biz bu görüşü təşkil etdik ki, ölkədə təşəbbüs edib fəaliyyət göstərən və istehsalı, ölkənin inkişafını öz əsas məqsədi edən insanlara təşəkkür edək və onlara deyək ki, siz iqtisadi müharibənin ön cəbhə komandirlərisiniz. 2020-ci ildə biz bu adı həmin vaxt iştirak edən dostlara verdik və dedik ki, siz iqtisadi müharibənin ön cəbhə komandirlərisiniz. Bu gün müharibəmizin ən mühüm hissələrindən biri iqtisadi müharibədir. Dedik ki, istehsalın artmasının ardınca olmaq lazımdır. Hər il bu yığıncaq təşkil edildikcə, müşahidə etdik və məlumat əldə etdik və bildik ki, özəl sektorun yaradıcılığı artıb, daha güclü olub. Bu deyilənlər sırf hesabat həddində deyil (əlimizdə dəqiq məlumat var). Əvvəllər bizim marağımız özəl sektoru meydana cəlb etmək idi, amma indi görürük ki, özəl sektor özünü meydana atmaqla əldə etdiyi təcrübəsi, həvəs və şövqü ilə istehsal və kapital sahələrini genişləndirməkdədir. Bu sözün mənası budur ki, biz son beş ildə irəliləmişik.

Dünən sərgiyə baxış keçirdim. Əlbəttə, bu sərgidə nümayiş etdirilənlər və göstərilənlər, əslində, ölkədə mövcud olan reallığın kiçik bir hissəsi idi. Bununla belə, dünən gördüyüm bu sərgi ölkənin özəl sektorunun xarici təzyiqlərə, sanksiyalara və əlavə sanksiya tətbiq etmə təhdidlərinə baxmayaraq, əhəmiyyətli bir irəliləyiş səviyyəsinə çatmaq gücünə malik olduğunu göstərdi. Bu sərgi irəliləyişin və irəliyə doğru hərəkətin göstəricisi idi. Biz niyə Allahın mövcud olan bu böyük nemətlərinin qədrini bilmirik? Ölkə irəliləyir, inkişaf edir. Ölkənin özəl sektoru iqtisadiyyat sahəsində ölkənin irəliləyiş nümunələrindən biridir. Əgər elm və tədqiqat sahəsinə də daxil olsaq, orada da eyni reallıqla qarşılaşacağıq. Ölkənin müxtəlif sahələrində bu inkişafları görürük. Əlbəttə, çatışmazlıqlar, nöqsanlar və problemlər az deyil və bunlar da bizə aiddir. İndi burada cənab nazirlər və cənab doktor Arif (Prezidentin birinci müavini) də iştirak edir. Bizim məsuliyyətimizdə olan məsələlər barədə danışacağam.

Sanksiyalarla mübarizə aparan bir ölkə bu xətti izləməli və bunu iş prinsiplərindən biri etməlidir. Hazırda dünyada bir neçə ölkə var ki, dünya qüdrətləri tərəfindən sanksiyaya məruz qalıb. Lakin sanksiya dedikdə onların baxışından nəzərdə tutulan sanksiya nəzərdə tutulur. Onların sanksiya tətbiq etdiyi şeylər müxtəlif və düzgün formalarda, onların istəmədiklərinə rəğmən, bu ölkələr üçün əlçatan olur. Bununla yanaşı, sanksiya tətbiq olunan bir ölkənin vəzifəsi daxili potensialına daha çox diqqət yetirmək, ona tərəf yönəlmək və ondan bəhrələnməkdir.

Mən təklif edirəm ki, ölkə rəsmiləri bu sərgiyə gəlib baxsınlar, daha əvvəl də bu tələbi keçmiş dövrələrdə irəli sürmüşdüm. Əgər dövlət rəsmiləri görməyiblərsə, gəlib baxsınlar. Hörmətli orqan rəhbərləri (Prezident, İslam Şura Məclisinin sədri və Baş Prokuror) və müxtəlif vəzifəli şəxslər bu sərgiyə baxsınlar. Keçən il eyni tələbi irəli sürdüm, şəhid Prezident cənab Rəisi (Allah ona rəhmət eləsin) bir-iki gündən sonra gəlib bu sərgiyə baxdı. Mənim sərgidə qaldığım müddətdən, bəlkə də, iki dəfə artıq vaxt qoydu və məndən daha çox sevindi. Əminəm ki, ölkə rəsmiləri, üç orqan rəhbərliyi və müxtəlif məsul şəxslər də eyni hissləri yaşayacaqlar.

Burada həm sərgidə, həm də bugünkü çıxışlarda təkrar edilən şirin bir məqam var idi ki, mən bunu bu yığıncaqdan kənarda da bilirdim və məlumatım var idi. Bu ondan ibarətdir ki, bəzi hallarda (əlbəttə, bu hallar az deyil) görürük ki, xüsusi sərmayəçilər şəxsi gəlirlərindən çox ölkənin inkişafına önəm verirlər. Bu, olduqca mühüm bir məsələdir. Biz bunu bugünkü çıxışlarda da müşahidə etdik. Bəli, şəxsi gəlirlər və həyat şəraitini yaxşılaşdırmaq onlar üçün əhəmiyyətlidir, lakin bir çox halda bu, ölkənin inkişafına verdikləri önəmlə müqayisədə ya bərabər, ya da qat-qat azdır. Onlar üçün əsas məsələ ölkənin mövcud problemlərdən çıxış yolu tapmasıdır.

Bir məsələ elə bu idxal məsələsidir ki, bəzi şəxslər bu barədə danışdılar. Bu mənim dəfələrlə təkrar etdiyim bir məsələdir. Beləliklə, bu işin ardınca olun. Doktor Arif hörmətli nazirlərdən, xüsusilə Sənaye, Mədən və Ticarət nazirindən bunu tələb etsin. İnsan bəzi şəxslərin dediklərindən xəcalət çəkir. Bir fabrikə idxal olunan məhsulun dəyəri təxminən həmin fabrikin istehsal etdiyi məhsulun dəyərindən 40 faiz daha çoxdur. Yəni bu, İranlı işçi, İranın zavodu və sərmayəçisi üçün rəqib deməkdir. İnsan, doğrudan da, xəcalət çəkir! Əgər İran məhsulu ölkənin problemini həll edə bilirsə, niyə icazə verək ki, İran sərmayəçisini çökdürmək bahasına xarici sərmayəçi bəhrələnib irəliləsin? Bu, ölkəyə zərər vurmaqdır və kiçik bir məsələ deyil. Bu məsələnin ardınca olmaq lazımdır. Mənim vurğuladığım məsələ odur ki, dövlət qurumları kömək etməli, maneələri aradan qaldırmalıdır. Bu maneələr bəzən qanunla bağlıdır, qanunlara düzəliş verilməlidir. Bəzən isə dövlət qaydalarıdır, onları da dəyişmək lazımdır. Təbii ki, mən sui-istifadəçilər müqabilində səhlənkarlığa yol verilməsini tövsiyə etmirəm. Elə şəxslər var ki, sərmayəçi və ya sahibkar adı ilə fəaliyyətə başlayır, lakin, əslində, sərmayəçi deyillər. Onlar yalnız sui-istifadə etmək istəyirlər ki, bu da subsidiyalı valyutaların ayrılması məsələsində müşahidə edildi və çoxlu sui-istifadələr baş verdi. Mən bunu tövsiyə etmirəm. Nəzarəti gücləndirin, amma köməyi də artırın. Yəni həqiqi mənada düzgün iş görənlərə dəstək verilməlidir. Onların qarşısındakı maneələri aradan qaldırın.

Maneələrin aradan qaldırılmasının mühüm nümunələrindən biri konstitusiyanın 44-cü maddəsinin iqtisadi siyasətinə əməl etməkdir. Biz 44-cü maddənin siyasətlərini bir neçə il əvvəl elan etdikdə bütün məsul şəxslər və mənimlə əlaqədə olan bilikli və məlumatlı şəxslərin bəziləri mətbuatda, bəziləri mediada bunu təsdiq etdilər, bəziləri isə şəxsən bizə bildirirdilər ki, bu, ölkənin iqtisadi problemlərinin həll yoludur və düyünləri açır. Təəssüf ki, bir çox əlaqədar məsul şəxslər bu siyasətlərə əməl etmədilər və hələ də bu problemlə üz-üzəyik. 44-cü maddə siyasətləri icra olunmalıdır. Mənim fikrimcə, 2010-cu illərdə iqtisadi geriləməmizin səbəblərindən biri də bu siyasətlərə əməl edilməməsi idi. Fərqli səbəblər var idi, lakin səbəblərdən biri də bu idi ki, bu siyasətlər icra olunmadı, dəfələrlə tövsiyə etsək də, buna diqqət yetirilmədi.

Səkkiz faizlik iqtisadi artımla bağlı, əlhəmdulillah, məlumat əldə etdim ki, bu sahədə bir sıra mütəxəssislər bir neçə xüsusi işçi qrupu çərçivəsində bir neçə ay çalışıblar, imkanları və potensialları müəyyən ediblər, sərmayə yatırımı layihələrini tərtib ediblər və problemlərin həll yollarını aşkar ediblər. Dövlət rəsmiləri bu məsələləri ciddi şəkildə izləməlidirlər. Bu işlər görülüb, bu işçi qrupları oturub işləyiblər, çalışıblar, problemlərin həll yollarını tapıblar, lakin bunların icrası və tətbiqi məsul şəxslərin üzərinə düşür ki, inşallah, bu səkkiz faizlik iqtisadi artımı təmin edə bilsinlər. Onlar deməsinlər ki, bu, mümkün deyil, bunu qeyri-mümkün bir şeyə bağlamasınlar. Məsələn, bu qədər xarici sərmayə yatırımına (investisiya) ehtiyac olduğunu söyləməsinlər! Aydındır ki, belə yanaşma ilə bu həyata keçməyəcək. Bu məsələ üzərində işləyənlər səkkiz faizlik artımı qeyri-mümkün bir şeyə bağlamayıblar və onların təklif etdikləri daxildə həyata keçirilə biləcək işlərdir, lakin dəstək lazımdır, dövlət kömək etməlidir. Mənim fikrimcə, bu, tamamilə mümkündür. Təbii ki, səkkiz faizlik artım möcüzə yaratmayacaq və bir il ərzində böyük bir dəyişiklik baş verməyəcək. Yüksək artım davamlı olmalıdır, onun gəlirləri və nəticələri ədalətli şəkildə bölüşdürülməlidir ki, ölkədə dəyişikliklər yaransın və bu dəyişikliklər insanlar üçün nəzərə çarpsın.

Bizim sərəncamımızda olan imkanlardan və potensiallardan biri də son vaxtlar BRİKS və sair kimi toplantılarda iştirakımızdır. Bu imkanlardan maksimum faydalanmaq lazımdır. Bu işdə ölkənin diplomatik məsul şəxslərinin iştirakı da tələb olunur. Onlar fəal iştirak etməli, dəstək göstərməlidirlər. Bu, ölkəmiz üçün böyük bir fürsətdir. Xüsusilə BRİKS-in maliyyə sistemi və üzv ölkələrin valyutaları ilə aparılacaq mübadilələr, əgər həyata keçərsə, heç şübhəsiz, böyük bir kömək olacaq. Hazırda bizim əsas problemlərimizdən biri dollardan asılı vəziyyətdə olmaqdır. Bu məsələni o ölkələr də anlayıblar. Əlbəttə, bu maliyyə fondu üzvlərindən bəziləri siyasi səbəblər və digər məsələlərə görə əməli olaraq bu işə qoşulmağa cürətləri çatmır. Diplomatik fəallıq göstərmək, onları bu işə vadar etmək və bu prosesin reallaşmasını təmin etmək lazımdır. Ölkə daxilində isə hörmətli Prezident də bu mövzuya toxunub və bu fikrin ardıncadır. Mən də tam dəstək verirəm ki, mümkün olduğu qədər dolların ticarət mübadilələrindən çıxarılmasına çalışılsın. Bu, böyük və mühüm bir addımdır, iqtisadi mübarizədə çox qəti və həlledici bir hərəkətdir. Əlbəttə, bunun bir sıra reaksiyalar doğuracağı gözləniləndir, lakin əgər bu işi həyata keçirə bilsəniz, sizin mövqeyiniz daha güclü olacaq. Eyni zamanda valyuta təyinatı üçün Mərkəzi Bank digər valyutalara da geniş imkanlar yaratmalıdır.

Özəl sektor məsələləri ilə bağlı bir çox fikirlərim var ki, illər əvvəl demişəm və təkrarlamaq istəmirəm. Əsas olan budur ki, dövlət qurumları özəl sektora yardım etsin. Özəl sektor dövlətin onun arxasında dayanmasını hiss etməlidir. Həmçinin ona maneçilik törədilmədiyi və işinin asan və problemsiz getdiyini hiss etməlidir. Dünən bu sərgidə bir nəfər mənə dedi ki, keçən il mən sizə dedim ki, müəyyən bir lisenziya üçün üç il bizi gözlədirlər. Keçən il bunu mənə demişdi, mən də bu gün olduğu kimi, həmin günün ertəsi günü burada çıxış etdim və bunu qeyd etdim. Dedim ki, niyə üç il gözlədirsiniz? Bu iş on gün ya maksimum bir ay ərzində həll edilə bilən olduğu halda niyə üç il gözləməlidir? Həll edin, getsin. Bu kişi dünən dedi ki, keçən il üç il oldu və bu illə birlikdə dörd il! Yəni bu bir il ərzində də həll etməyiblər. Bu həll edilməlidir, bu cür olmaz, axı. Mən, həqiqətən, utandım. Bunları həll etmək lazımdır. Söz çoxdur, danışırıq, deyirik, təkrarlayırıq, vurğulayırıq, amma əməl etməliyik. Quran buyurur: “İman gətirib, saleh əməl edənlər” (“Bəqərə”, 277). İman lazımdır, amma yanında saleh əməl də olmalıdır. Bu, axirət, dünya, din və şəriət məsələləri üçündür, lakin gündəlik yaşayışda da belədir. Bir həqiqətə inam lazımdır, yəni siz inanmalısınız ki, özəl sektora kömək edilməlidir. Bu, lazımdır və bu inam olmadan işlər irəliləməz, amma bu inam kifayət etmir, yanında saleh əməl də olmalıdır; iman və yaxşı əməl. Bu bizim bugünkü yığıncağımız barədə olan çıxışımız.

Qəzza haqqında bir neçə kəlmə demək istərdim. Dedik ki, müqavimət diridir və diri qalacaq. Qəzza qələbə çaldı. Müqavimət göstərdi ki, diri qalacaq. Dünyanın gözü qarşısında baş verən hadisələr əfsanəyə bənzəyir. Əgər bu hadisələri tarixdə oxusaydıq, irad edərdik, inanmazdıq ki, Amerika kimi nəhəng hərbi bir quruluş sionist rejim kimi qaniçən və zalım dövlətin köməyinə gələ və bu rejim o qədər qaniçən və rəhimsiz ola ki, on beş min uşağı bir il neçə ay müddətində öldürməkdən çəkinməyə və o qüdrət (Amerika) də insanlıq və bəşəri dəyərlərə o qədər laqeyd ola ki, bu qaniçən rejimə bunker dağıdan bombalar verə ki, o uşaqların evlərini və onların xəstə olaraq yerləşdirildiyi xəstəxanaları bombalasın. Əgər bu hadisələri tarixdə oxusaydıq, mütləq, inanmazdıq və deyərdik ki, yəqin, haradasa bir yanlışlıq var.

Bu gün bizim gözümüz qarşısında bu hadisə baş verdi. Yəni Amerika bütün imkanlarını sionist rejimə verdi və əgər verməsəydi, sionist rejim elə ilk həftədə diz çökərdi. Onlar isə bir il üç ay ərzində bacardıqları qədər cinayətlər törətdilər: xəstəxanalar, məscidlər, kilsələr, evlər, bazarlar, ictimai yerlər və ümumiyyətlə, əllərinin çatdığı hər yeri bombaladılar. Harada? Kiçik bir torpaq parçası olan Qəzzada. Bəli, Qəzza kimi kiçik bir yerdə. Hər nə qədər bacardılar, cinayət törətdilər. Onlar konkret bir hədəf də müəyyənləşdirmişdilər. Sionist rejimin o üzüqara, bədbəxt rəhbəri demişdi ki, “HƏMAS-ın məhv edilməsini istəyirik və o məhv olmalıdır”.  Hətta Qəzza müharibəsindən sonrakı idarə planlarını da hazırlamışdılar! Bu qədər əmin idilər. İndi isə həmin zalım və qəddar sionist rejim məhv etmək istədiyi HƏMAS-la eyni masa arxasında oturub, atəşkəsin baş verməsi üçün onun şərtlərini qəbul edib. Yəni baş verənlər bunlardır. Müqavimət diridir dedikdə, məqsədimiz budur. Allahın Quranda buyurduğu “Əgər kafirlər sizinlə döyüşsələr, onlar, mütləq, qaçacaq və özlərinə nə bir dost, nə də bir yardımçı taparlar” (“Fəth”, 22) ayəsinin mənası budur. Bu yalnız həmin dövrə aid deyil, çünki ayənin davamında belə buyurulur: “Bu, Allahın əvvəlki dövrlərdən bəri keçmiş qanunudur və sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən.” Bu, İlahi bir sünnətdir (qanundur). Bunlar qalib olmalı idilər və oldular da. Harada Allahın yaxşı bəndələri tərəfindən müqavimət göstərilərsə, orada qələbə qaçılmazdır.

O xülyalara qapılmış xəyalpərəst şəxs İranın zəiflədiyini bildirdi, gələcək isə kimin, həqiqətənz zəiflədiyini göstərəcək. Səddam da İranın zəiflədiyini düşünüb hücuma keçmişdi. Onlar və onlarla digər xülyapərəstlər cəhənnəmə vasil oldular, lakin İslam Respublikası hər gün daha da inkişaf etdi. Mən sizə deyirəm ki, bu təcrübə dəfələrlə, Allahın lütfü ilə təkrarlanacaq.

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun.