Bir qrup təhlükəsizlik uğrunda şəhid olanların ailələri bu gün sübh saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşdü.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین
Əziz, əzəmətli və dəyərli təhlükəsizlik yolunda şəhid olanların ailələri, siz çox xoş gəlmişsiniz. Şəhidlərinizin və onların ailələrinin, hətta siz şəhid ata-ana, həyat yoldaşı və uşaqlarının İran xalqı üzərində böyük haqqı, həqiqətən də, vəsf edilə bilməzdir. İnşallah, sizin iştirakınız və bu qardaşlarımızın isti nəfəsindən doğan bu nurani görüş əvvəlkindən daha çox qəlblərimizi Allahın həqiqi lütfünə və İran xalqı üzərindəki fəzlinə yönəldə bilsin.
“Təhlükəsizlik şəhidlərinin” dəyərini necə anlamaq olar? Onların dəyərini “təhlükəsizlik” anlayışının əhəmiyyətindən anlamaq olar. Biz başa düşəndə ki, təhlükəsizlik ölkə üçün nə qədər önəmlidir, o zaman istər hüquq-mühafizə orqanları, istər Bəsic (könüllü) təşkilatı, istərsə də kəşfiyyat və ya başqa qurumlarından olan təhlükəsizlik qoruyucusunun əhəmiyyətini daha çox dərk edərik. Bu yolda sinəsini sipər edən şəxsin dəyərini qiymətləndirir və bu yolda şəhid olanları haqq yolunda ən üstün şəhidlərdən sayırıq. Məsələnin həqiqəti də bundan ibarətdir.
Şübhəsiz ki, hər bir ölkə və cəmiyyətin əsas ehtiyaclarından biri təhlükəsizlikdir. Əgər cəmiyyətdə təhlükəsizlik olmazsa, heç bir şeydən söz gedə bilməz; nə iqtisadiyyat olar, nə elm, nə inkişaf, nə də ailə. Təhlükəsizlik, əslində, bir millət və ölkənin inkişafının bütün vasitələrinin və yollarının təməlini təşkil edir. Təhlükəsizlik belə bir şeydir. Cəmiyyətin psixoloji rahatlığı təhlükəsizlikdən qaynaqlanır. Gənclərin təhsil alması və inkişaf etməsi təhlükəsizlikdən asılıdır. Buna görə də bu, Allahın böyük bir nemətidir. Diqqət edin, Allah-təala Qurani-Kərimdə təhlükəsizliyin səviyyəsini o qədər yüksəldir ki, bunu müsəlmanlara böyük bir nemət, böyük bir lütf kimi xatırladır: “Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər, o Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı”. Yəni sizə bu böyük nemətləri verən Allaha ibadət edin; sizə təhlükəsizlik bəxş edib, sizə təhlükəsiz və rahat bir həyat yaşama imkanı mərhəmət edib. Bu, təhlükəsizliyin əhəmiyyətidir. Yaxşı, əgər bu məsələ bu qədər önəmlidirsə, deməli, bu yolda şəhid olan fədakar və canından keçən insanların olması təəccüblü olmayacaq. Bu şəhidlərin dərəcəsi də çox yüksək bir dərəcədir.
Hər yerdə təhlükəsizlik və təhlükəsizliyi qoruyanlar olmadıqda, şər işlər baş verər. Bu, ümumi bir qaydadır. Buna görə də (yuxarıda) qeyd etdiyim kimi təhlükəsizliyin müxtəlif sahələrində fəaliyyət göstərən bu əziz gənclərimizin xidmət sahəsi çox genişdir. Bütün bunlar Allahın lütfü, üstün mərhəməti və neməti ilə əhatə olunmuş ən üstün insanlar sırasında yer alırlar. Biri sərhəddə şər iş törədir, biri küçədə, biri evləri və mağazaları qarət edərək, digəri şayiə yaymaqla, qətl törətməklə, başqa birisi isə narkotik və ya silah qaçaqmalçılığı etməklə; bunların hamısı şər işlərdir. Hər kəs bu deyilənlərdən hər hansı birinin və ya buna bənzər hərəkətlərin qarşısında dayanarsa, ona “Təhlükəsizlik qoruyucusu” və “Təhlükəsizlik mühafizəçisi” adı vermək doğrudur və bu böyük iftixar onun da halına şamil olar. Bütün bu hadisələrdə sinəsini sipər edən, özünü təhlükənin ağuşuna atan və iş görən məhz bu əzizlərdir.
Burada bir məqam var və o da budur ki, bir ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri və lazım olan əsas amil nədir? Bəziləri müxtəlif təhlillərdə bu məsələni qəribə şəkildə başa düşür və deyirlər ki, əgər ölkənin təhlükəsizliyini qoruyub-saxlamaq istəyiriksə, dünya güclərini həssaslaşdıran vasitələrə əl atmamalıyıq. Məsələn, belə deyirlər: “Dünya güclərini həssaslaşdıran hansısa uzaq mənzilli raketə sahib olmağa nə ehtiyac var ki?” Düşünürlər ki, bu cür, belə formada ölkənin təhlükəsizliyini təmin edə bilərlər, yəni, əslində, belə düşünürlər ki, əgər istəyirsinizsə, ölkə təhlükəsiz vəziyyətdə olsun, onda zəif olun, güc vasitələrini özünüz üçün təmin etməyin, bəziləri belə mühakimə yürüdürlər, bu isə yanlışdır. Bir ölkənin təhlükəsizliyini təmin edən şey, həmin ölkənin “Milli gücü”, yəni güclü olmasıdır, özü də hər cəhətdən; elmdə, iqtisadiyyatda, müdafiə imkanlarında və silahlanmada güclü olmasıdır. Məhz bunlar ölkənin təhlükəsizliyini qoruyur və təmin edir. Hər dəfə ölkə rəhbərlərimizin yanlış siyasətləri nəticəsində güc vasitələrinə doğru getməkdən imtina etdikdə, düşmən bizə hakim oldu. Qacar və Pəhləvi zamanında bu bəla bu millətin başına gəldi və onlar milləti gücləndirmədilər. Buna görə də görürsünüz ki, heç birinin İranla əlaqədar olmadığı, hətta bitərəf olduqlarını elan etdikləri birinci və ikinci Dünya müharibələrində ölkəmiz işğal edildi. Bir ölkənin özünü müdafiə etmək gücü olmadıqda belə olur. Bəzilərinin ləyaqətsiz, bəzilərinin xəyanətkar və ondan-bundan asılı belə rəhbərlərin bağışlanmaz günahıdır ki, özünü müdafiə edə bilməyən zəif millət yetişdirirlər və belə olduqda, təbii ki, onun təhlükəsizliyi aradan gedəcək. Təhlükəsizliyi təmin etməyin yolu gücdür. İran milləti və ölkə məsulları güclənməyin lazım olduğunu dərk etməlidirlər.
Biz güclənməyin lazım olduğunu dəfələrlə bildirmişik. Millət özünü günbəgün daha da gücləndirməlidir. Güclü İran yalnız özünü müdafiə, öz təhlükəsizliyini və inkişafını təmin edə bilər, həmçinin bu inkişafın və gücün bəhrələrindən başqalarına da kömək edə bilər. Güclü İran üçün qüdrət vacibdir. Əlbəttə, güc yalnız silah istehsalı demək deyil; elmi güc, siyasi bacarıqlar, idarəçilik qabiliyyətləri – bunların hamısı təhlükəsizlik üçün lazım olan amillərdir və cəmiyyəti təhlükəsizliyə çatdırır. Buna görə də ölkəni təhsil, silahlanma və müxtəlif inkişaflarla gücləndirmək bizim və bütün məsul şəxslərin vəzifəsidir.
Təhlükəsizliklə bağlı bir mühüm məsələ, xüsusən də şəhid ailələrinin hüzurunda qeyd etmək istədiyim cəmiyyətin “Psixoloji təhlükəsizliyi” məsələsidir ki, buna çox az diqqət yetirilir. Psixoloji təhlükəsizlik, yəni insanları təşvişə salmamaq, onlarda qorxu və şübhə yaratmamaqdır. Bu belədir və çox mühümdür. Bəziləri verdikləri xəbərlərlə, etdikləri təhlillərlə və hadisələrə verdikləri izahlarla insanlarda şübhə və qorxu yaradırlar. Bu, Allah-təala tərəfindən qəbul edilmir. Quranda bu məsələyə dair açıq ifadələr var. Quranda açıq şəkildə deyilir: "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar əl çəkməsələr”, buradakı “Murcifun”, yəni insanlarda təşviş və qorxu yaradan kəslər. Əgər bu şəxslər bu işlərindən əl çəkməsələr, Allah-təala Peyğəmbərə buyurur ki, “Mütləq, səni onların əleyhinə qaldırarıq”, (ayənin mənası) yəni səni onlara qarşı çıxmaq və cəzalandırmaqla vəzifələndirərik. Bu qədər bu psixoloji təhlükəsizlik məsələsi önəmlidir. Murcifun cəmiyyətin psixoloji təhlükəsizliyini pozan, şayiələr yayan və bəziləri məqsədli olaraq müxtəlif məsələlər haqqında yanlış təhlill təqdim edən adamlardır.
Sosial mediada fəaliyyət göstərən şəxslər bu məqamlara diqqət yetirsinlər! İnsan ağlına gələn hər şeyi sosial mediada paylaşmaq olmaz. Bunun nə kimi təsir qoyduğunu nəzərə alın. Yəni insanların üzərində, onların düşüncələrində və ruhiyyələrində hansı təsiri qoyduğuna diqqət yetirin. İndi tez-tez adı çəkilən və müzakirə olunan sosial media haqda qərar qəbul edən və qərar vermək istəyənlər məsələnin bu tərəfinə diqqət yetirsinlər. Diqqət yetirsinlər ki, sosial mediada yanlış bir təhlil, yanlış bir xəbər, bir məsələdən səhv çıxarış etmək camaatı iztirab, şübhə və qorxuya sala bilər. Bu deyilənlər cəmiyyətin psixoloji təhlükəsizliyini aradan aparan şeylərdir. Təhlükəsizlik məsələsində bu psixoloji təhlükəsizlik məsələsi mühümdür və ölkə rəsmiləri sosial təhlükəsizlik, küçə və bazar, həmçinin sərhəd və insanların evlərinin təhlükəsizliyini qorumaq məcburiyyətində olduqları kimi, insanların psixoloji təhlükəsizliyini də qorumaq məcburiyyətindədirlər. Bu onların vəzifələrindən biridir.
Düşmənlər də bundan istifadə edirlər. Bu gün tamah sala biləcəyi millətlərin və ölkələrin mənafeyinə göz dikən düşmənlər yalnız isti silahlarla və sərt müharibə ilə deyil, həm də yumşaq müharibə ilə hücum edirlər. Yumşaq müharibənin bir hissəsi cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaqdır. Siz də bu illər ərzində düşmənlərin sosial mediadan öz məqsədlərini irəli aparmaq üçün necə istifadə etdiklərini müşahidə etmisiniz. Bu mənaya diqqət etmək lazımdır. Bu deyilənlər təhlükəsizlik məsələləri ilə bağlı olan məsələ idi.
Şəhid ailələri fəxr etsinlər, başları uca olsun. Gəncləriniz şəhid oldular və bununla da sizi yasa boğdular. Əlbəttə, onlar ali İlahi məqamlara çatdılar. Onlar bu şəhadətlə ürəyinizi dağladılar. Doğrudur ki, ürəkləriniz, canlarınız, duyğularınız bu əzizlərin itkisi ilə əzaba düçar oldu, lakin iftixar edin, onlar yaxşı bir yolda hərəkət etdilər, yaxşı bir yolda şəhid oldular, mühüm bir iş üçün sinələrini sipər etdilər və onların səylərinin nəticəsi də budur ki, ölkə əmniyyət və asayiş içində ola bilər. Əgər bunlar olmasalar, təhlükəsizliyi təmin edənlər və qoruyanlar olmasalar, İran xalqı üçün çoxlu problemlər yaranar. Hamımız onların qədrini bilməliyik, siz də (onların ailəsi olduğunuza görə) fəxr edin.
Xəbis sionist rejimi ilə bağlı iki mətləbə qısaca toxunub, keçəcəyəm. Birincisi, xəbis sionist rejim ilə bağlı dünyada böyük bir laqeydlik var. Dövlətlər, millətlər və xüsusilə də dövlətlər, Birləşmiş Millətlər Təşkilatı və bu kimi beynəlxalq qurumlar, həqiqətən də, sionist rejimlə mübarizə məsələsində laqeydlik edirlər.
Rejimin Qəzzada və Livanda etdiyi və etməkdə olduğu işlər ən vəhşi müharibə cinayətlərindən biridir. Müharibə, əlbəttə ki, çətin bir şeydir və bundan şübhə yoxdur, lakin müharibənin də qayda-qanunları və həddi-hüdudları var. Birisi başqası ilə müharibə edərkən, bütün bu hədd-hüdudları ayaq altına atıb tapdalaya bilməz, elə bu işğal olunmuş Fələstin torpaqlarına hakim kəsilmiş cinayətkar bandanın Qəzzanın işğalında etdiyi kimi. Dünya bunlara qarşı durmalıdır, dövlətlər və xüsusilə də İslam dövlətləri durmalıdır. Məsələ yardım edib-etməmək deyil, bu ki, ən böyük haramlardan biridir. Bu rejimə edilən ən kiçik yardım belə, ən çirkin və ən böyük günahlardan biridir. Bunda heç bir şübhə yoxdur. Xeyr, bu cinayətləri törətməməsi üçün onun qarşısında durmaq lazımdır.
Bu gün ən vəhşi müharibə cinayətini törədən xəbis sionist rejiminə qarşı dünya miqyaslı siyasi, iqtisadi və lazım gəldikdə hərbi bir ittifaq yaranmalıdır. “Müharibə cinayəti” bu günün dünya ictimaiyyətində cinayət kateqoriyalarından biridir, yəni bu gün dünyada müharibə cinayətləri məhkum olunur. Yalnız biz məhkum etmirik, xeyr, bütün dünya, bütün beynəlxalq məhkəmələr (haqlı olaraq təşkil olunanlar da, haqsız olanlar da) müharibə cinayətlərini qınayırlar. Yaxşı, bundan da böyük müharibə cinayəti? On min uşaq öldürülsün, on min, ya daha çox qadın şəhid olsun. Onların qarşısında durmaq lazımdır. Bizim dünyadan və xüsusilə İslam dünyasından tələbimiz sionist rejimə qarşı dünya miqyaslı ittifaqın yaradılmasıdır.
İkinci məsələ iki gecə əvvəl burada baş verən bu şər hərəkətlə bağlıdır. Onlar bir qələt etdilər, özləri də, əlbəttə ki, bunu şişirdirlər. Onların şişirtməsi yanlışdır, amma diqqət edin ki, bunu kiçiltmək də yanlışdır, yəni biz deyək ki, yox, bir şey deyildi, əhəmiyyəti yox idi və s. bu da yanlışdır. Sionist rejimin hesablamalarındakı xəta bir-birinə dəyməlidir. Onlar İranla bağlı hesablamalarda səhv edirlər. İranı, onun gənclərini və xalqını tanımırlar. Bu xalqın gücünü, bacarığını, yaradıcılığını və iradəsini hələ də düzgün başa düşə bilməyiblər, bunu biz onlara başa salmalıyıq. İşin keyfiyyətini (sionistlərə güc göstərməyi) bizim məsul şəxslərimiz müəyyən etməli və düzgün anlamalıdırlar və bu ölkənin və bu millətin xeyrinə olanı etməlidirlər. [Onlar] İran xalqının kim olduğunu, İran gənclərinin necə olduğunu bilməlidirlər. Bu düşüncə, bu maraq, bu rəşadət, bu gün İran xalqında mövcud olan hazırlıq təhlükəsizlik icad edir. Bunu qorumaq lazımdır.
Uca Allahdan istəyirik ki, bizi haqq yolunda, İslam yolunda, əzəmətli İmamın (Xomeyni) yolunda sabitqədəm etsin və siz əziz gəncləri bizim üçün qorusun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.