Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Bağışlayan və mehriban Allahın adı ilə
Bu yığıncaq şəhidlərin əziz ailələrinə ehtiram göstərmək və son günlərdə müharibə nəticəsində baş vermiş hadisələrdə qəlbi dağlanmış kəslərə başsağlığı vermək məqsədilə təşkil olunmuşdur. Mən zəruri bildim ki, bu hadisədə şəhid olmuş əziz insanlarımızın – əziz komandirlərimizin, alimlərimizin və xalqımızın – bütün yaxınlarına başsağlığı verim. Bütün yaxınlara, xüsusilə atalara, analara, həyat yoldaşlarına, övladlara başsağlığı verirəm. Onların mükafatı Allah-təala dərgahındadır, qazandıqları iftixar insani, İlahi və İslami dəyərlər arasında ən ali iftixarlardandır.
Bu on iki gün ərzində İran İslam Respublikasında baş verən hadisələr, İran xalqına böyük bir iftixar qazandırdı, elə bir iftixar ki, bu gün dünya xalqları belə onu etiraf edirlər. Eyni zamanda bu hadisələr İran İslam Respublikasının və əziz İran xalqının gücünü, əzmini, iradəsini, möhkəmliyini və üstün mövqeyini bütün dünyaya nümayiş etdirdi. Əgər əvvəllər başqaları uzaqdan nəsə eşitmişdilərsə, indi İran İslam Respublikasının gücünü yaxından hiss etdilər. Bütün bunlardan əlavə, daha mühüm bir məsələ də odur ki, İran İslam Respublikası öz quruluşunun və ölkəsinin möhkəm təməlini dünya ictimaiyyətinə nümayiş etdirdi.
Bu hadisələr İran İslam Respublikası üçün yeni deyildi, inqilabın əvvəlindən bu yana dəfələrlə ölkəyə qarşı belə hadisələr baş vermişdir. Səkkiz illik zorla tətbiq edilmiş müharibə ilə yanaşı, fitnə yaratmaqlar, zəif iradəli şəxslərin xalqa qarşı yönləndirilməsi, hərbi, siyasi, təhlükəsizlik yönümlü fitnələr, çevriliş cəhdləri və sair bu qəbildən olan hadisələr baş vermişdir. Lakin İran İslam Respublikası bütün bunların öhdəsindən gəlməyi bacarmışdır. İran İslam Respublikası bu [45 ildən artıq] dövr ərzində düşmənin bütün planlarını çətinlikləri dözərək puça çıxarmış və bu sahədə bütün düşmənlərə qalib gəlmişdir.
Əsas məsələ budur ki, diqqət etməliyik: İslami olan İran “Din” və “Elmin” əsasında qurulmuş və meydana gəlmişdir. İran İslam Respublikasının quruluşunda bu iki amil – din və elm – əsas təməl sütunlar kimi mühüm rol oynamışdır. Məhz buna görə də xalqın dini inancları və gənclərimizin elmi düşməni bir çox sahələrdə geri çəkilməyə məcbur etmişdir. Bundan sonra da belə olacaq.
Hegemon qüvvələrin, başda da cinayətkar Amerikanın əslində qarşı çıxdığı şey, məhz sizin dininiz və elminizdir. Onlar sizin dininizə qarşıdırlar, xalqın bu geniş formada olan inancına qarşıdırlar, İslam və Quran kölgəsində yaranmış bu birliyə qarşıdırlar. Eləcə də, sizin elminizə qarşıdırlar. İnqilabdan bu günə qədər İran əhalisinin sayı ikiqat artsa da, tələbələrin sayı bəlkə on qat və ya daha çox artmışdır, bu onları incidir. İran İslam Respublikasının müxtəlif elmi sahələrdə – istər humanitar elmlər, istər texniki elmlər, istər dini elmlər olsun – yeni söz deməyi bacarması, bunları narahat edir, onlar bununla müxalifdirlər. Onların “Nüvə məsələsi”, “Uranın zənginləşdirilməsi”, “İnsan haqları” və bu kimi şeyləri bəhanədir, əsl məsələ budur.
İran xalqı, Allahın lütfü ilə, dinindən və elmindən əl çəkməyəcək. Biz dini imanımızı gücləndirmək yolunda, eləcə də müxtəlif və növbənöv elmlərimizi yaymaq və dərinləşdirmək istiqamətində böyük addımlar atacağıq. Allahın lütfü ilə və düşmənin acığına biz İranı tərəqqinin zirvəsinə, iftixarın ən uca nöqtəsinə çatdıra biləcəyik. İran xalqında bu güc var və inşallah, Allahın köməyi ilə, bu gücünü həyata keçirəcək və nəticəyə çatdıracaq.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.