Həzrət Ayətullah Xamenei, İslam İnqilabının əzəmətli Rəhbəri bu axşam İranın əziz xalqına etdiyi televiziya müraciətində nəsillər boyu "böyük bir sərvət, ümumxalq hərəkatı və milli gücün artımına səbəb olan bir amil" kimi Bəsicin gücləndirilməsinin və qüdrətlə davam etdirilməsinin zəruriliyini vurğuladı. O Həzrət ABŞ və sionist rejiminin İrana hücumda qarşıya qoyduqları heç bir məqsədə nail ola bilməməsini onların, şübhəsiz şəkildə məğlubiyyəti adlandırdı və bir neçə tövsiyə ilə bütün xalqı və siyasi qanadları milli birliyi qorumağa və möhkəmləndirməyə çağırdı.
 

O Həzrət məsul şəxslərin Bəsici uca tutmaq istiqamətində fəaliyyət göstərmələrinin vacibliyinə işarə edərək, Bəsici İlahi və vicdani maraqlara sahib, özünəinamlı, qeyrətli və dəyərli bir milli hərəkat kimi səciyyələndirdi və əlavə etdi: 

"Bəsicin dördüncü nəsli, yəni ölkənin hər yerindəki əziz yeniyetmələr çalışmağa və fəaliyyətə hazırdır və bu dəyərli, son dərəcə mühüm Bəsic hərəkatı ölkədə ardıcıl olaraq nəsillər boyunca daha da iftixar olunası, davamlı, daha kamil və daha güclü şəkildə bir nəsildən digərinə ötürülməlidir".
 

İnqilab Rəhbəri Bəsic kimi bir hərəkatın mövcudluğunu hər bir ölkə üçün çıxış yolu və faydalı hesab etdi və əlavə etdi: 

"İran kimi açıq şəkildə hegemonlar və beynəlxalq quldurların qarşısında dayanıb sinə gərən bir ölkənin Bəsicə digər bütün ölkələrdən daha çox ehtiyacı var".
 

Həzrət Ayətullah Xamenei hegemon qüvvələrin tamahkarlığı və müdaxilələri qarşısında xalqların müqavimət göstərməsinin zəruriliyinə işarə edərək buyurdu: 

"İranda əsası qoyulub inkişaf edən böyük müqavimət amili bu gün Fələstin və Qəzzaya dəstək şüarlarında dünyanın müxtəlif bölgələrində, o cümlədən Qərb ölkələrində və hətta Amerikada da aydın şəkildə görünməkdədir".
 

O Həzrət Bəsicin diri və təravətli olmasını dünya zülmkarlığı qarşısında xalqların müqavimətinin yüksəlişinə səbəb kimi göstərdi və buyurdu: 

"Dünya müstəzəfləri (zor gücünə zəiflədilmiş məzlumlar) müqavimətin inkişaf etməsi ilə özlərini daha arxa-dayaqlı və güclü hiss edirlər".

 

İnqilab Rəhbəri Bəsicin mahiyyətini açıqlayaraq əlavə etdi: 

"Bəsic təşkilat formasında və SEPAH-ın bir hissəsi kimi, düşmənlər qarşısında möhkəm və qətiyyətli bir simaya sahibdir, xalqa qarşı isə xidmət edən bir simadır. Lakin daha mühümü Bəsicin çox geniş arxa dayağıdır. Bu dayağın təcəllisi ölkənin hər yerində, qeyrətli, çalışmağa hazır, yüksək ruhiyyəli və ümidli hər bir fərdin və hər bir qurumun vücudunda iqtisadi, sənaye, elmi, universitet, hövzə, istehsal, biznes mühiti və digər sahələrdə görünməkdədir.

 

Həzrət Ayətullah Xamenei "Bu ümumi və hərtərəfli tərifə malik Bəsic"i düşmənin hərbi, iqtisadi, istehsal, texnologiya və digər bütün sahələrdəki planlarını pozan bir amil kimi xarakterizə edərək buyurdu:

"12 günlük müharibədə şəhid olan əziz alimlər, raketlərin dizaynerləri, istehsalçıları və atıcıları möhkəm məntiq və aydın bəyanla şayiələr və vəsvəsələr qarşısında maarifləndirici söz deyən hər kəs, müharibə vaxtı xəstəxananı tərk etməyən fədakar həkim və tibb bacıları, beynəlxalq arenalarda Allah, din, ölkə və xalqa ehtiramlarını bildirən idman qəhrəmanları, istər Bəsic təşkilatının üzvü olsunlar, istərsə də olmasınlar — hamısı bəsicidirlər.
 

Ayətullah Xamenei belə əlavə etdi: 

"Özünün bəsici olması ilə fəxr edən İmam Xomeyni belə hərtərəfli bir Bəsicin formalaşmasını istəyirdi. Müəyyən bir təbəqəyə aid olmayan və bütün təbəqələri, sənət və ictimai zümrələri əhatə edən Bəsicdən söz gedir".
 

İnqilab Rəhbəri çıxışının Bəsicə dair sonuncu qeydlərində dövlət qurumlarındakı bütün məsul şəxslərə xitab edərək vurğuladı: 

"Bir bəsici kimi öz vəzifələrinizi imanla, ruhiyyə və qeyrətlə yerinə yetirin".
 

Həzrət Ayətullah Xamenei çıxışının digər bir hissəsində bölgə məsələləri və 12 günlük müharibə ilə bağlı belə buyurdu: 

"12 günlük müharibədə İran xalqı həm Amerikanı, həm də sionist rejimi qəti şəkildə məğlub etdi. Onlar gəlib şər yaratdılar, amma zərbə alıb əliboş geri döndülər və heç bir məqsədlərinə çata bilmədilər, bu da onların həqiqi məğlubiyyəti oldu".
 

O Həzrət sionist rejimin 20 il boyunca İranla planlaşdırılmış müharibəsi ilə bağlı bəzi sözlərə işarə edərək buyurdu: 

"Onlar elə bir müharibə planlaşdırmışdılar ki, xalqı təhrik edib bu siyasi quruluşla savaşa sövq etsinlər, amma məsələ tam əksinə oldu, elə bir uğursuzluğa düçar oldular ki, siyasi sistemlə ixtilafı olanlar da sistemin yanında dayandılar və ölkədə ümumi bir birlik yarandı.
 

Rəhbər buyurdu: 

"Əlbəttə biz də müəyyən itkilər gördük və müharibənin təbiətinə uyğun olaraq əziz canlar əldən getdi, lakin İslam Respublikası göstərdi ki, iradə və güc mərkəzidir və hay-küyə aldanmadan, qətiyyətlə dayanmağa və qərar verməyə qadirdir. Üstəlik, təcavüzkar düşmənin gördüyü maddi ziyan bizim maddi itkilərimizdən qat-qat artıq idi".
 

O Həzrət Amerikanın 12 günlük müharibədə gördüyü böyük zərərlərə işarə edərək buyurdu:

"Amerika bu müharibədə ağır ziyan gördü, çünki ən son hücum və müdafiə texnologiyalarını işə salmasına baxmayaraq, öz istəyinə, yəni xalqı aldatmaq və onları özünə tərəf çəkmək məqsədinə çata bilmədi, əksinə, xalqın birliyi daha da artdı və xalq Amerikanı da uğursuzluğa düçar etdi".