Bu görüşdə Həzrət Ayətullah Xamenei Ərdəbillilərin İran üçün gördüyü iki böyük işə işarə edərək belə buyurdu:
"Ərdəbillilər İran üçün iki böyük iş gördülər; bunlardan biri milli və digəri də məzhəbi iş idi. Milli iş ölkənin vəhdətindən ibarət idi, yəni İranda gördüyünüz bu birlik və vəhdət Səfəvilərin gördükləri işdir. Məzhəbi iş də Əhli-beyt (ə) məzhəbinin yayılması idi. Əlbəttə, İranlıların qədimdən Əhli-beytə ehtiram və məhəbbətləri var idi, lakin Əhli-beytin məzhəbi vüsət tapmamışdı, qürbətdə idi".
Daha sonra o Həzrət Səfəvilərin İrana etdikləri böyük xidmətdən danışdı:
"Səfəvilərin ölkədə etdikləri böyük xidmət Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqları idi. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beytdən (ə) aldığımız dərs onların bərəkətinə görədir".
Ərdəbil məntəqəsinin çoxlu şəhid verməsini, bu bölgədə çoxlu sayda qazi və şahid ailərinin olmasını qeyd edən İnqilab Rəhbəri əlavə etdi:
"Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır".
Ayətullah Xamenei şəhidlərin yolunu davam etməyin zəruri olmasını belə açıqladı:
"Mühüm olan budur ki, bizlər şəhidlərin yolunu təqib edək, şəhidlərin verdiyi dərsləri öyrənək və əməl edək. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələri haqqında danışmağa acizdir".
Şəhidlərin verdiyi mesajlara toxunan Həzrət Ayətullah Xamenei sözlərinə belə davam etdi:
"Bir məsələ "Əksinə (şəhidlər) Allah yanında ruzilənirlər" ayəsinin şəhidlərin məqamına işarə etməsidir, digər bir məsələ isə onların verdiyi mesajıdır; "Arxalarınca (hələ gəlib) onlara qoşulmamış kəslərə müjdə verərlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar". Bu yolda heç bir qəm-qüssə yoxdur. Bu yol fərəh, fərəc, şadlıq və ürəkoxşayan bir yoldur. Budur, şəhidlərin mesajı".
İslam İnqilabı Rəhbəri bu yolda ölməyin və öldürülməyin dəyər sayıldığını bildirdi:
"Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan qarşılığında cənnət verməklə alıb". Ayə göstərir ki, bu, Allahla müamilə etməkdir. "Allah yolunda vuruşurlar və beləliklə, öldürürlər və öldürülürlər". Hər ikisi – həm düşməni məhv etmək, həm də bu yolda öldürülmək dəyərdir və bu, Allah ilə olunan müamilədir. Şəhid öz canını verib və varlıq aləminin ən üstün dəyərlərindən olan İlahi razılığı kəsb edibdir".
Ayətullah Xamenei sözlərinin davamında şəhadət yolunun mübarizə yolu olduğunu əlavə etdi:
"Bu yol mücahidlik yolu, (haqq yolda) duruş gətirmək və müqavimət yoludur. Bu elə bir yoldur ki, onu hamarlaşdırmaqdan ötrü çalışmağımız və fikirləşməyimiz gərəkdir. Alimlər bir cür, ziyalılar bir cür, üniversitet əhli başqa cür, dövlətin müxtəlif postlarında olanlar da başqa bir formada səy göstərməlidirlər. Bu bizim yerinə yetirməli olduğumuz bir işdir. Allah-təala da bərəkət verir, necə ki, şəhidlərin qanına bu bərəkəti verdi".
İnqilab Rəhbəri hüseyniyyədə iştirak edənlərin həm şəhidləri, həm də onların şəhadətlərini gördüklərindən söz açdı:
"Biz şəhidlərlə bir dövrdə yaşadıq, onları yaxından gördük; həm özlərini gördük, həm də şəhadətlərini. Siz özünüz bu on üç- on dörd yaşlı yeniyetmələrin həm özlərini, həm də şəhadətlərini gördünüz, tanıdınız, dərk etdiniz, bunların hamısı gözünüz qarşısındadır. Sonrakı nəsil bu qədər açıq-aşkar bu məsələləri görmürlər, onların üçün də çarə düşünmək lazımdır".
Sözlərinin sonunda Həzrət Ayətullah Seyid Əli Xamenei şəhidlərin böyük düyünləri açdıqlarını qeyd etdi:
"Biz şəhidlərin necə də böyük düyünləri açdıqlarının şahidi olduq. Biz gördük ki, dünyanın bütün aktiv və inkişaf etmiş hərbi qüdrətləri əl-ələ verib yenicə inqilab etmiş bir ölkənin üzərinə hücuma keçdilər. Şəhidlər bu hərtərəfli hücumu zərərsizləşdirməyi bacara bildilər".