Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresinin üzvləri ilə görüşdə etdiyi çıxış

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین (ارواحنا فداه).

 

Bağışlayan və mehriban Allahın adı ilə

Xoş gəlmişsiniz. Ərdəbildən, Ərdəbil əhalisindən və ərdəbillilərin ruhiyəsidən olan xatirəmiz sizlərin ziyarəti, bu cənabların qaneedici çıxışları ilə (yenidən) təzələndi. Zehnimizdə Ərdəbil əhalisinin ruhiyyəsi və ixlascasına olan fəaliyyətləri haqqında həmişə çoxlu xatirələr olmuşdur.

Mən iki-üç mətləb qeyd edirəm. Bunlardan biri həmin Ərdəbil məsələsi haqdadır. Mən hər bölgənin, hər şəhərin və hər vilayətin əhalisi ilə görüşdə hamının eşitməsi, bütün İran xalqının bilməsi və o cümlədən həmin bölgənin öz əhalisinin də bu xüsusiyyətlərin qədrini bilməsi üçün həmin vilayətin üstün cəhətlərini açıqlamaqda israrlıyam. Ərdəbil tariximizdə üstünlükləri olan bölgələrdən biridir. Ərdəbilin İranın boynunda böyük bir haqqı vardır. Mən bir neçə il bundan öncə Ərdəbil əhalisi ilə görüşdə bacı və qardaşlara qeyd etdim ki, Ərdəbillilər İran üçün iki böyük iş gördülər; bunlardan biri milli və digəri də məzhəbi iş idi.

Milli iş ölkənin vəhdətindən ibarət idi, yəni İranda gördüyünüz bu birlik və vəhdət Səfəvilərin gördükləri işdir. Bu iş Ərdəbildən başladı, Şah İsmayılın vaxtından bu iş balaşdı. Səfəvilər hakimiyyətə gəlməmişdən qabaq İran tayfalar şəklində idi, hər bir guşəsi bir nəfərin əlində idi. Əlbəttə, İran kimi tanınan bu ərazi o zaman bugünkündən daha geniş idi, lakin (indiki kimi) vəhdət və birlik halında deyildi. Səfəvilər Ərdəbildən qalxdılar, bu ölkəni vəhdət halına saldılar və indi də belə olaraq qalır. Buna görə də bu milli və tarixi işin nəticəsində ölkəmizin bütövlüyünə görə Ərdəbilə borcluyuq.

Məzhəbi iş də Əhli-beyt (ə) məzhəbinin yayılması idi. Əlbəttə, İranlıların qədimdən Əhli-beytə ehtiram və məhəbbətləri var idi, lakin Əhli-beyt məzhəbi vüsət tapmamışdı, qürbətdə idi. Ölkənin bəzi yerlərində (şiəlik) mövcud idi, lakin əksər yerlərdə mövcud deyildi. Səfəvilərin ölkəyə etdikləri böyük xidmət Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqları idi. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beyt (ə) məktəbindən aldığımız dərs onların bərəkətinə görədir.

Beləliklə, tarixi baxışla nəzər saldıqda sizin bölgənin əhalisinin İranla münasibətdə etdiklərində biri milli, digəri isə İslami olmaqla iki üstün və mühüm məqam mövcuddur. Ondan sonra da belə olub. Yəni həmin Səfəvilər zamanında Mühəqqiq Ərdəbili (r.ə) kimi böyük din alimi elm və fiqh mehvərinə çevrildi və uzaq yerlərdən, Şamat (indiki Suriya, Livan, İordaniya, Fələstinin bir hissəsi) və başqa yerlərdən böyük alimlər Nəcəfə gəlib onun yanında təhsil alırdılar. Şiə fiqhi tarixində böyük alimlərdən biri olan Mərhum cənab Baqir Bəhbəhani ona “Şeyxut- taifə” (yəni şiə məzhəbinin böyüyü) adını vermişdi. “Şeyxut-taifə” Şeyx Tusinin barəsində deyilən bir təbirdir. Mərhum cənab Bəhbəhani deyir ki, Mühəqqiq Ərdəbili “Şeyxut-taifə”dir. Onun haqqında “Şeyxut-taifə” təbiri mövcuddur. Bizim dövrümüzdən azacıq qabaq da Ərdəbilin özündə böyük və görkəmli alimlər mövcud olub. Məsələn, nüfuzlu və fəal alim olan mərhum cənab Mirzə Əliəkbər Ərdəbili (bu gün onun məscidi məşhurdur və mövcuddur) kimi bir alim, yaxud bizim zamanda mərcəi-təqlid və Məşhədin birinci dərəcəli alimi olan mərhum cənab Seyid Yunis Ərdəbili kimi alimləri (misal göstərmək olar). Çoxlu alimlər var idi, lakin bunların hamısının başında dayanan mərhum cənab Seyid Yunis Ərdəbili idi və bu minvalla müxtəlif sahələrdə müxtəlif alimlərin hüzuru olmuşdur.

Cihad və mücahidlik meydanında olmaq məsələsində də ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədirlər. Bunun barəsində də buradakı cənablar ətraflı məlumat verdilər. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Bunları qoruyub saxlamaq lazımdır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır. Biz öz şəhərlərimizi, vilayətlərimizi tanımaqda (təkcə) coğrafi, iqlim və başqa məsələlərlə kifayətlənə bilmərik. (Xeyr) Ümdə olan məsələlər bunlardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır: elmi keçmişin olması, cihad və şəhadət keçmişinin olması və istər siyasi, istər cihadi, istər istiqlaliyyət, istərsə də elmi və başqa bunun kimi milli həyatın yenidən dirildiyi meydanlarda iştirak etmək. Bunlar çox mühümdür.

Cənab Amuli bir cümləyə işarə edib dedi ki, biz şəhidlərin anılmasında bu məclislərlə, anımlarla və bu kimi işlərlə kifayətlənmirik. Bəli, düz olan da elə budur. Gördüyünüz bu işlər (indi qeyd edəcəyəm) lazımi və çox mühüm işlərdir, lakin bu işlər bizim şəhidlərin yolunu izləməyimiz, şəhidlərdən dərs öyrənib əməl etməyimizin müqəddiməsidir. Bu, zəruridir. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələrindən danışmağa acizdir. İndi tilavət olunan “Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan qarşılığında cənnət verməklə alıb” ayəsində göstərilir ki, bu, Allahla müamilə etməkdir. (Ayənin davamında belə buyurulur) “Allah yolunda vuruşurlar və beləliklə, öldürürlər və öldürülürlər”. Hər ikisi – həm düşməni məhv etmək, həm də bu yolda öldürülmək dəyərdir və bu, Allah-təala ilə olunan müamilədir. Şəhid öz canını verib və varlıq aləminin ən üstün dəyərlərindən olan İlahi razılığı kəsb edibdir. Sonra da Allah-təala buyurur: “(Bu müamilə) Onun öhdəsində olan haqq bir vəddir”. Yəni bu, bütün İlahi dinlərin ortaq maarifidir, (təkcə) İslama məxsus deyil. Bütün İlahi dinlərdə Allah yolunda fədakarlıq və Allah yolunda can vermək bu üstün dəyərlərə sahibdir. Bu ayə “Tövbə” surəsində idi və mübarək “Ali-İmran” surəsindəki ayə də çox mühümdür: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə”. Bu ayəyə bənzər bir ayə də “Bəqərə” surəsində mövcuddur: “Allah yolunda öldürülənlərə ölü deməyin”. Lakin bu şərif ayədə olan təkid (la təhsəbənnə) çox aydın bir təkiddir, yəni çox təkidlə buyurur. Əvvəla, “həsibə” feili (bunu bəyan edir ki), yəni hətta təsəvvür də etməyin və zehninizə belə gətirməyin ki, şəhidlər ölüdürlər. İkincisi isə, təkid mənasını daşıyan “nun” hərfi ilə bəyan edir. “Əksinə, diridirlər”. Bunların necə həyat yaşamağını Allah-təala bizlərə izah etməyibdir, lakin (belə) buyurur: “Rəbləri yanında diridirlər”.

Rübubiyyət və üluhiyyət (Allahlıq) müstəvisində qərar tapıblar. Bu onların diri olmağı haqda zehnimizə gələn fikirlərdən daha üstün bir şeydir. Bu dediklərimizdən daha üstün bir anlamdadır. Həm də onların məqamını göstərir: “Əksinə, diridirlər və Rəbləri yanında ruzilərdən bəhrələnirlər”. İlahi ruzi bu kəslərə çatır. Bu İlahi rizq nədir? Təbii ki, möminlər üçün behiştdə ruzilər vardır və bu da Quranda mövcuddur, lakin bu “Ruzidən bəhrələnirlər” (məsələsi) onlardan başqa bir şeydir, insan belə başa düşür. Başqa bir ruzidir, daha üstün bir ruzidir. Bunlardan biri onların məqamını göstərən məsələdir və daha sonra onların (verdiyi) mesajı açıqlayır: “Arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə bəşarət verirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar”. Bu yolda qorxu və qüssə yoxdur. Bu yol fərəh yolu, fərəc yolu, şadlıq və qəlboxşayan bir yoldur. Bu onların mesajıdır. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca sizlər də gəlin, hərəkət edin. Şəhidlərin məqamı belədir və əgər insan Quranın qiyamət və bərzəx çətinlikləri haqqında olan ayələri üzərində (o həsrətlər, çətinliklər və sıxıntılar üzərində) düşünsə, dərin təfəkkür etsə, o zaman başa düşər ki, bu İlahi rizq və rübubiyyət müstəvisində olmağın nə qədər əhəmiyyəti, nə qədər dəyəri vardır.

Yaxşı, indi mən siz əziz bacı-qardaşlara bir məqamı qeyd edim. Biz şəhidlərlə bir dövrdə yaşadıq, onları yaxından gördük; həm cihadlarını gördük, həm də şəhadətlərini. Siz özünüz bu on üç- on dörd yaşlı yeniyetmələrin həm özlərini, həm də şəhadətlərini gördünüz, tanıdınız, dərk etdiniz, bunların hamısı gözünüz qarşısındadır. Sonrakı nəsil bu qədər açıq-aşkar bu məsələləri görmürlər, onlar üçün də çarə düşünmək lazımdır. Biz şəhidlərin necə də böyük düyünləri açdıqlarının şahidi olduq. Biz gördük ki, dünyanın bütün aktiv və inkişaf etmiş hərbi qüdrətləri əl-ələ verib yenicə inqilab etmiş, çoxlu problemlərlə üzləşən, hər yeri tağut dövranından qalan acı miraslarla əhatə olunmuş bir ölkəni aradan aparmaq üçün üzərinə hücuma keçdilər. Şəhidlər belə bir şey müqabilində dayana bildilər, bu hərtərəfli hücumu zərərsizləşdirməyi bacara bildilər. Bu, zarafat deyil, bu, çox mühüm bir məsələdir. Səkkiz illik bu Müqəddəs Müdafiə illəri bizim döyüşçülərimizin, etdiyimiz mücahidliklərin və şəhidlərimizin rolunu (çətin) düyünlərin açılmasında aşkar etdi. Ondan sonra bu günün özünə qədər də bu cür davam etməkdədir. Səkkiz illik Müqəddəs Müdafiə illərindən sonra hərbi döyüş sona çatdı, lakin koqnitiv müharibə (belə müharibədə insanların idrakı və etiqadı hədəf alınır və idarə edilir), iqtisadi, siyasi və təhlükəsizlik müharibələri bu günə qədər günbəgün şiddətli şəkildə çoxalmağa başladı. Bütün bunların hamısı (haqq yolda) duruş gətirmələrin, müqavimətlərin və şəhadətlərin bərəkəti hesabına zərərsizləşdirildi.

Deməli, yol bizim üçün aydındır. Yol mücahidlik yolu, (haqq yolda) duruş gətirmək və müqavimət yoludur. Bu elə bir yoldur ki, onu hamarlaşdırmaqdan ötrü çalışmağımız və fikirləşməyimiz gərəkdir. Alimlər bir cür, ziyalılar bir cür, üniversitet əhli bir formada, dövlətin müxtəlif postlarında olanlar da başqa bir formada səy göstərməlidirlər. Bu bizim yerinə yetirməli olduğumuz bir işdir. Allah-təala da bərəkət verər, necə ki, şəhidlərin qanına bu bərəkəti verdi. Siz mülahizə edin ki, məsələn, şəhid Süleymani kimi bir şəhid Allah yolunda şəhadətə yetişir, (bununla) bir millət sirkələnir, bir millət hərəkət edir və millətin fərdləri arasında olan bu xəyali ixtilaf sədləri aradan gedir və millət vəhdət halına gəlir. Bu, Allahın şəhidin qanına verdiyi bərəkətdir. Bunun ən bariz nümunəsi Əba Əbdillahın (əleyhissəlam) pak qanıdır. Bu il düşmən nə qədər çalışdı ki, bəlkə, Məhərrəmliyin rövnəqini azalda bilsin. Bacarmadı və bunun əksi baş verdi, düşmənin istədiyinin əksi baş verdi. Bu il Məhərrəmlik və Aşura ongünlüyü bütün əvvəlki illərə nisbətdə daha hərarətli, daha coşqulu, daha mənalı və daha mərifət oyadan idi. Bir biyabanda təqribən yarım gün, yaxud bir gün ərzində baş verən Kərbəla hadisəsinin günbəgün daha da parlaq olması və Hüseyn (ə) eşqinin müsəlman və qeyri-müsəlman tanımaması Allahın işi idi. Siz indi görürsünüz ki, İslamın müxtəlif firqələri İmam Hüseynə (ə) eşq ifadə edirlər. Qeyri-müsəlmanlar–xristian, zərdüşt və hindular da həmçinin. Bu Ərbəin yürüşünə nəzər salın. Bunların hamısı Allahın şəhadətə, şəhid qanına və şəhidlərin yoluna verdiyi dəyəri göstərir. Bunu hifz etmək, qoruyub-saxlamaq gərəkdir. Həqiqətdə bu gün sizin bu böyük işi yerinə yetirmək və şəhidlərin adlarını diri saxlamaq məsuliyyətiniz İmam Səccadın (ə) və Xanım Zeynəbin (s.ə) gördüyü işin bənzəridir. Onlar da Aşura hadisəsini hifz etdilər, saxladılar, bərqərar və tarixdə həmişəyaşar etdilər. Tarixin səhifəsindən silinməsinə imkan vermədilər və siz də bu işi yerinə yetirirsiniz. Yəni şəhidlərin əsərlərini (şəhidlərin qoyub getdiyi tövhidi düşüncə, vilayətpərvərlik, fədakarlıq, mübarizə ruhiyyəsi, siyasi bəsirət, zahirdə qeyri-mümkün görünən işlərin öhdəsindən gəlmək, dini qeyrət və sair kimi İlahi dəyərləri) hifz etməkdə sizin gördüyünüz işin dəyəri budur.

Ümid edirik, Allah-təala şəhidlərin adını, onların xatirəsini, şəhadətləri zamanı baş verən hadisələri və əhvalatları hifz etməkdən ötrü lazım olan bütün metodlardan istifadə etmək üçün sizlərə tövfiq versin. Bunların hamısından önəmli olan isə incəsənət üslublarıdır. İncəsənət üslublarından nə qədər bacarırsınız, istifadə edin. İnşallah, Allah-təala sizin hamınızı mükafatlandıracaq və bu yol davamiyyətli olacaqdır.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!