İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı münasibətilə 17.01.2026-cı il tarixdə İmam Xomeyni hüseyniyyəsində müxtəlif təbəqədən olan insanlar İslam İnqilabı Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei Amerika prezidentini cinayətkar olaraq təqdim etdi və buyurdu:
"Biz Amerika prezidentini yaratdığı tələfat və xəsarətə, həmçinin İran xalqına vurduğu ittihamlara görə cinayətkar hesab edirik".
O Həzrət Amerikanın İrandakı fitnədən məqsədini açıqladı:
"Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi".
Amerika siyasətinin mahiyyətindən danışan İnqilab Rəhbəri belə qeyd etdi:
"İnqilabın əvvəlindən bu günə qədər Amerikanın İran üzərindəki hökmranlığı aradan gedib. Onlar bu fikirdədirlər ki, İranı yenidən öz hərbi, siyasi və iqtisadi qüdrəti altına salsınlar. Bu, təkcə hazırkı Amerika prezidentinə də aid deyil, Amerika siyasətinə aiddir".
Ayətullah Xamenei ABŞ prezidentinin özünün iğtişaşlara müdaxilə etdiyini bildirdi:
"Keçmişdə İranda çoxsaylı fitnələr baş verirdi və bu fitnələrdə tez-tez ABŞ və ya Avropa ölkələrindən olan ikinci dərəcəli jurnalist və siyasətçilər müdaxilə edirdilər. Bu fitnənin özünəməxsusluğu ondan ibarət idi ki, ABŞ prezidenti şəxsən müdaxilə və fitnəkarları təşviq etdi".
Daha sonra İnqilab Rəhbəri Amerika prezidentinin fitnəkarlara mesaj göndərdiyini vurğuladı:
"ABŞ prezidenti fitnəkarlara mesaj göndərdi ki, "Biz sizi dəstəkləyirik, hərbi dəstək veririk." Yəni ABŞ prezidenti özü fitnə meydanına daxil olub. Bunlar cinayətdir".
O Həzrət Amerika prezidentinin iğtişaşçıları İran xalqı kimi təqdim etdiyini buyurdu:
"ABŞ prezidenti İranda dağıdan, yandıran və öldürən bu toplumu İran milləti kimi təqdim etdi, yəni İran millətinə böyük bir böhtan atdı. Biz ABŞ prezidentini bu atdığı böhtana görə cinayətkar hesab edirik".
İnqilab Rəhbəri düşmənin əlaltılarının vurduğu zərərləri vurğuladı:
"Bu fitnədə Amerika və sionist rejimin əlaltıları böyük cinayətlər törətdilər. Onlar 250 məscidi və 250-dən çox təhsil və elm mərkəzini dağıtdılar, elektrik sənayesinə, banklara, tibb komplekslərinə ziyan vurdular, bir neçə min insanı qətlə yetirdilər".
Ayətullah Xamenei silahların xaricdən gəldiyini söylədi:
"Fitnəkar ünsürlər üç yaşlı bir qız da daxil olmaqla bir sıra günahsız insanları öldürdülər, onların həm odlu, həm də soyuq silahları var idi və onlara verilmişdi. Bu silahlar xaricdən gəlmişdi".
"İran xalqı 12 yanvarda fitnənin belini qırdı", – deyə buyurdu.
Daha sonra İnqilab Rəhbəri İran xalqının Amerikanı məğlub etdiyini bildirdi:
"Amerikalılar bu fitnəni böyük hazırlıqlarla başlatmışdılar. Bu fitnə daha böyük şeylərin müqəddiməsi idi. İran xalqı Amerikanı məğlub etdi".
"Bəli, biz fitnəni söndürdük. Amma bu kifayət deyil. Amerika cavabdehlik daşımalıdır", – deyə o Həzrət qeyd etdi.
Ayətullah Xamenei daxili və xarici cinayətkarları rahat buraxmayacağını bildirdi:
"Ölkəni müharibəyə tərəf aparmaq niyyətində deyilik. Amma daxili cinayətkarları da rahat buraxmayacağıq. Daxili cinayətkarlardan daha betəri beynəlxalq cinayətkarlardır. Onları da rahat buraxmayacağıq".