Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و صلّی الله علی محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Çox xoş gəlmisiniz, hörmətli iştirakçılar. Hörmətli iştirakçılara, xüsusilə cənab Mərviyə və bu mərhum Ayətullah Milaniyə (Allah rəhmət eləsin) həsr olunmuş anım tədbirinin keçirilməsi təşəbbüsünü göstərən digər şəxslərə dərin təşəkkürümü bildirirəm. O mərhum iyirmi il Məşhəddə elmi, ictimai, siyasi və hər cür fəaliyyətlə məşğul olmasına baxmayaraq, vəfatından sonra Məşhəddə onun izləri elə də hiss olunmurdu. Mən bəzən Məşhədlə bağlı məsələlərlə qarşılaşdığım vaxtlarda bunu görürdüm. Halbuki bir zamanlar Məşhəddə diqqət mərkəzində olan şəxslərdən idi, yəni elmi hövzənin zirvəsi sayılırdı, amma vəfatından sonra adı və xatirəsi daha az yad edilirdi. Onun kiçik oğlu mərhum Seyid Məhəmməd Əli də az görünürdü, müxtəlif toplantılarda onu az-az görürdük, sanki, o da vəfat edib. Buna görə də yaratdığınız bu toplantı çox yaxşıdır ki, onun barəsində tədqiqat aparılsın, iş görülsün, əsərləri dirçəldilsin. Mən onunla bağlı bir neçə məqamı qeyd etmişəm və onları təqdim edəcəyəm.

Əvvəla, onun şəxsiyyəti çoxşaxəli idi və hər tərəfdən, hər cəhətdən bir neçə cümlə demək olar: biri onun fərdi tərəfi, əxlaqi və davranış xüsusiyyətləri, biri elmi tərəfi, biri süluki (mənəvi aləmdə seyri) tərəfi, əlbəttə, sağlığında biz buna diqqət etməmişdik, sonradan xəbər tutdum ki, süluk, mənəviyyat və bu kimi işlərdə də var imiş, biri də düşüncə, riyazət və təfəkkür sahələrində idi. Bunları sağlığında anlamaq olmurdu, bu da bir tərəfdir. Bir tərəf də onun ictimai və siyasi cəhətidir. Bütün bu cəhətlərdən danışmaq olar, mən hər birinə qısa toxunacağam.

Birinci mətləbdə fərdi şəxsiyyəti və şəxsi süluku baxımından o, həqiqətən, seçilən bir insan idi. Son dərəcə vüqarlı və təmkinli hərəkət edir, danışır, addım atırdı, eyni zamanda çox təvazökar idi. Ondan həm təvazö, həm vüqar və təmkin, həm də batini bir hüzur hiss olunurdu, hətta çətin şəraitdə belə bu hüzur görünürdü.

Dostlara sədaqət və dostluğun qorunması onun xüsusiyyətlərindən idi. Dostlarına diqqət ayırardı. Atamızla Təbrizdə məktəb yoldaşı olmuşdu. O, Nəcəfdə doğulmuşdu, atası “Məkasib”ə şərh yazan, dövrünün görkəmli şəxsiyyəti və böyük təqlid mərcəsi olan mərhum Şeyx Məhəmmədhəsən Mamaqaninin kürəkəni idi. Zənnimcə, Mamaqani 1942 ya 43-cü ildə dünyasını dəyişib. Buna görə (Ayətullah Milani) Nəcəfdə doğulmuşdu, lakin atası bir-iki il Təbrizə gəlmiş, sonra yenidən Nəcəfə qayıtmışdı. Həmin bir-iki ildə məktəbə gedən bu uşaq mərhum atamızla və Təbrizin başqa bir alimi mərhum Seyid İbrahim Dərvazei ilə eyni məktəbdə oxumuşdu, onun oğlu Seyid Mehdi Dərvazei Tehranda idi. Ola bilsin ki, bəzi burada iştirak edən cənablar onu tanısınlar. Bu üç nəfər məktəb yoldaşı olmuşdular. Bu qeyd olunan keçmişə görə mərhum Milani atamızla xüsusi əlaqə saxlayırdı, dəfələrlə səhər tezdən gələr, bəzən səhər yeməyini də orada yeyərdi. Bir dəfə də mərhum Seyid İbrahim Dərvazei Məşhədə gəlmişdi, hər üçü atamızın evində bir araya gəlmişdilər. O, sədaqətli idi, köhnə dostluqları qoruyurdu.

O, çox xoş söhbət idi, onunla oturub-durmaq şirin idi, zövq incəliyi, şeir duyğusu var idi. Mən bəzən onunla birbaşa əlaqəsi olmayan bəzi kitablarda belə onun şeir yazdığını görmüşəm, ərəbcə şeir yazmışdı, şeir və zövq əhli idi. Yəni görkəmli və seçilən bir şəxsiyyət məcmusu onda var idi. Bu arada diqqət olunası məqam budur ki, o, Şeyx Məhəmmədhəsən Mamaqaninin nəvəsi və “Rical” sahibi Şeyx Abdullah Mamqaninin kürəkəni idi. Dərsdə bəzən dayısı haqqında “Ağa dayı” rical kitabında belə yazıb– ifadəsi ilə danışardı. Yəni elm ailəsində yetişmişdi.

Elmi baxımdan mərhum Ayətullah Milani (Allah rəhmət eləsin), şübhəsiz ki, öz dövrünün parlaq siması idi, böyük alim idi. Əsas elmi faydanı mərhum Mirzə Naini və mərhum Şeyx Məhəmmədhüseyn İsfahanidən almışdı. Dərsdə onları “Mirzayi–ustad”, “Hacı Şeyx ustad” deyə yad edərdi. Fiqhi düşüncə tərzi Nainiyə daha yaxın idi. Mən üsul dərslərində iştirak etməmişəm deyə üsul elmindəki rəftarlarını bilmirəm, amma fiqh dərslərində üslubu Nainiyə daha çox bənzəyirdi; onun kimi bəhs edərdi, danışardı və işləyərdi.

Dərsdə sakit, təmkinli və xoş bəyan idi, yəni ard-arda danışmaq yox, dərsi aydın və anlaşılan formada təqdim edirdi, tələbə, həqiqətən, başa düşürdü. Görkəmli bir müəllim idi. Doğrudan da, Məşhəd hövzəsini o dirçəltdi. Bir dövr mərhum Ağazadə və mərhum Hacı Ağa Hüseynin zamanında Məşhəd hövzəsi zirvədə idi, onların şəhadətindən sonra illərlə durğunluq yaşandı. Yəni fiqh və üsul sahəsində elə bir dərs yox idi ki, həvəsli tələbəni Məşhəd hövzəsində saxlasın, ora bağlasın və orada qalmağa sövq etsin. O şəxsiyyət gəldi və hövzəni dirçəltdi. Yəni Məşhəd hövzəsi mərhum Milaniyə borcludur. O, hövzəni dirçəltdi, gecələr fiqh dərslərinə orada başladı, əvvəl “İcarə” mövzusunu Hacı Molla Haşim mədrəsəsinin məscidində keçdi, əlbəttə mən o zamanlar xaric dərsinə getmirdim və o dərsi görməmişəm. Sonra uzun illər “Namaz” mövzusunu, ardınca zəkat, xüms və s. mövzuları dərs deyib. Zənnimcə bəziləri çap da olunub. Çap olunmuş namaz bəhsini görmüşəm, sanki müsafir namazı və s. görmüşəm. Lakin gördüyüm yazılar onun elmi gücünü tam göstərmir, o, yazılanlardan da güclü idi və elmi baxımdan, həqiqətən, çox seçilən idi.

Onun öz elmi şəxsiyyəti ilə yanaşı, hövzəyə də baxışı vardı — hövzəyə ciddi baxışı vardı və gəldiyi ilk gündən seçilmiş, üstün tələbələrin axtarışında idi. İlk vaxtlar idi ki, Məşhədə gəlmişdi və üstün tələbələr üçün bir bölgü apardı ki, bu da onun üçün bəzi çətinliklər yaratdı. Məqsədi (istedad cəhətdən) üstün tələbələri tapmaq və onlara diqqət göstərmək idi, buna görə də mədrəsə təsis etdi; deyəsən, iki-üç mədrəsə təsis etmişdi. O dövrdə mədrəsələri quranda artıq bizim onunla çox sıx əlaqəmiz yox idi, ona görə də onun mədrəsələrinin vəziyyəti barədə geniş məlumatım yoxdur. Lakin bu məsələyə diqqətli idi, hövzəni və bu kimi məsələləri nəzərdə tuturdu. Bu da onun elmi cəhəti idi.

 

Süluk baxımından isə mərhum Ağa Seyid Əbdülğəffar Mazəndərani ilə əlaqəsi vardı. Mərhum Ağa Seyid Əbdülğəffar mərhum Ayətullah Qazi, İraq və Nəcəfdə olan bu qəbildən olan bəzi alimlərlə eyni dərəcədə idi. Bir neçə il öncə görmüşdüm ki, deyəsən mərhum Ağa Seyid Məhəmməd Əli Ayətullah Milaniyə yazılmış məktubları toplayıb çap etmişdi və mərhum Ağa Seyid Əbdülğəffarın ona yazdığı bir neçə məktub var idi və orada (mənəvi) göstərişlər verilir və buradan aydın görünür ki, suallar olub, onunla mənəvi əlaqəsi varmış. Biz o vaxt görürdük ki, süluk və mənəviyyat əhli olan insanlarla əlaqə qururdu, bunu dəfələrlə görmüşdük. Məsələn, mərhum Hacı Molla Ağacan Məşhədə gəlirdi, onunla əlaqəsi vardı, minbərə çıxırdı. Mən özüm görmüşdüm ki, cənab Milaninin evində mərhum Hacı Molla Ağacan minbərə çıxırdı. Ya da başqaları, məsələn, Məşhəddə Nur adı ilə tanınan məşhur cənab Naqibinin onunla əlaqəsi var idi. Bu cür əlaqələri olurdu və bunlar görünürdü. Amma onun süluk yolunda xüsusi bir ustaddan istifadə etməsi, xüsusi süluki əməllər və ibadətlər etməsi kimi məsələləri biz o vaxt cənab Milani haqqında güman etmirdik, lakin var imiş. İnsan bunu sonradan anlayır ki, belə bir vəziyyət olub. Mərhum cənab Təbətəbai onunla çox sıx əlaqədə idi. Cənab Təbətəbai demək olar ki, hər il yayda Məşhədə gələrdi və zənnimcə, iki-üç həftə qalardı və bu müddətdə onun namazında iştirak etməyə xüsusi diqqət edərdi. Mərhum cənab Milani yay aylarında məğrib və işa namazlarını yeni səhnədə, yəni indiki Azadi səhnəsində qılırdı, mərhum cənab Təbətəbai bu namazda iştirak etməyə xüsusi diqqət edirdi və onunla çox yaxın ünsiyyətdə idi. Bu da onun süluki bir cəhətinin olmasına dəlalət edirdi. Onun kəramətləri barədə də etibarlı yollarla çoxlu hadisələr nəql olunub, mən özüm bir neçə hadisəni tam etibarlı mənbələrdən eşitmişəm. Biri mərhum Hacı Ağa Mürtəza Hairi yoluyla nəql olunub ki, yazılıb və çap da edilib, digərləri də bu qəbildən olan hadisələrdir. Bunlardan aydın olur ki, o, məna əhli, diqqət əhli, aydın mənəvi baxış sahibi idi. Bu da onun süluki cəhəti ilə bağlı bir məsələ.

 

Siyasi və ictimai məsələlər baxımından isə, mübarizələrin başlanğıcında o, hərəkatın əsas sütunlarından biri idi. 1961-62-ci illərdə ruhanilərin mübarizəsi başlayanda, mərhum cənab Milani, həqiqətən, hərəkatın əsas rüknlərindən sayılırdı. Birincisi, onun bəyanatları çox güclü idi. Biz Höccətiyyə mədrəsəsində idik, elan lövhəsi vardı, bəyanatları ora vururdular və biz dayanıb oxuyurduq. Bir dəfə gördüm ki, cənab Milani tərəfindən bir bəyanat gəlib; mətni o qədər güclü, möhkəm və sanballı idi ki, mətnin gözəlliyi və qüdrəti insanı həyəcana gətirirdi. O, belə idi, onun bütün farsca yazıları da bu cür idi. İndi yadıma düşmür ki, ondan ərəbcə bir yazı görmüş olum, amma farsca yazıları çox möhkəm, çox güclü və çox gözəl idi. Sonra İmamı həbs etdikləri vaxt və ağır, sərt hökmlərin ehtimalı olduğu zaman, bütün şəhərlərdən birinci dərəcəli alimlər Tehrana gəldilər, şübhəsiz ki, bu yığıncağın başında mərhum cənab Milani dururdu, şübhəsiz. Hərçənd, cənab Şəriətmədari də var idi və o da təqlid mərcisi idi, amma alimlər arasında cənab Milaniyə olan diqqət və onun nüfuzu çox aydın və yüksək idi. Şübhəsiz ki, Tehrana gəlmiş alimlər yığıncağının zirvəsi və ən təsirli şəxsi mərhum cənab Milani (Allah rəhmət eləsin) idi.

 

62-ci ilin əvvəlində, həmin ilin 15 Xordad hadisəsi baş verəndə də, o, hadisələrin içində idi. İmam (Allah rəhmət eləsin) mənə bir tapşırıq verdi ki, Məşhədə gedim və alimlərlə tək-tək görüşüm. İki söz vardı; biri xüsusi olaraq cənab Milani və mərhum Hacı Ağa Həsən Qumi üçün idi, biri də ümumi idi. O sözün nə olduğu ilə indi işim yoxdur. Cənab Milani ilə bağlı olan tapşırığı ona çatdırdım, dedim ki, cənab Xomeyni sifariş edir ki, xətibləri vadar edəsiniz, məhərrəm ayının yeddinci günündən minbərlərdə Feyziyyə məsələsini desinlər, doqquzuncu gündən isə dini heyətləri vadar edəsiniz ki, bunu desinlər. Bu, ona çatdırdığım mesaj idi. O dedi: doqquzuncu gündən? Mən əvvəldən tapşırmışam. Adlar çəkdi: cənab Xomeyniyə, cənab Şəriətmədariyə və cənab Nəcəfiyə demişəm. Yəni aydın idi ki, o, hadisələrin tam içində idi və Qumda İmam vasitəsilə ortaya çıxan, yayılan və əmələ çevrilən fikir onun özündə də mövcud idi. Yəni onun mübarizədə iştirakı bu cür bir iştirak idi və bu məsələ üçün planı var idi. Əlbəttə, onun planı İmamın planı ilə bir qədər fərqlənirdi, lakin hər halda planlaşdırmışdı və bu iş üçün proqramı vardı.

 

Siyasi və ictimai sahələrdə o, sinəsi geniş bir insan idi, yəni mübarizə, siyasət və bu kimi sahələrdə fəal olan müxtəlif insanlarla əlaqə saxlayırdı. Məsələn, mərhum mühəndis Bazərqan, doktor Səhabi və bu kimi şəxslərlə əlaqəsi var idi. Mən iki-üç dəfə Məşhəddən Tehrana getmək istəyəndə, vidalaşmaq üçün onun yanına getdim, dedi: Tehrana gedəndə mühəndis Bazərqanı görmək üçün həbsxanaya da gedəcəksən? O vaxtlar həbsdə idi, 1963-64-cü illər idi, dedim, bəli. Dedi: mənim salamımı ona çatdır. Yəni iki-üç dəfə mənim vasitəmlə mühəndis Bazərqana salam göndərdi. Aydın idi ki, bu dəstə ilə də əlaqəsi var idi. Əlbəttə, onu Milli Cəbhə kimi siyasi qruplara mənsub etmələrindən çox ciddi şəkildə çəkinirdi. Bunu mənə açıq demişdi ki, əgər kimsə məni Milli Cəbhəyə mənsub etsə, ondan razı qalmaram və bağışlamaram. Amma hər halda onlarla çox rabitəsi var idi.

 

Bəzi illərdə bizə elə gəlirdi ki, o, mübarizə məsələlərindən bir qədər geri çəkilib, biz, hətta ona etiraz da edirdik. Lakin indi məktublar nəşr olunandan sonra məlum olur ki, həmin dövrdə o, cənab Şəriətmədari və digər alimlərlə çoxlu yazışmalar aparırmış və bu sahədə məşğul imiş, sadəcə, biz onun bu fəaliyyətlərindən xəbərsiz idik. Tehranda İmam Xomeyninin azadlığı üçün toplaşmış təqlid mərcələrinə dəstək məqsədilə xalq tərəfindən yazılan məktublarda, bəlkə də hamıdan çox onun adı çəkilir və ən çox diqqət də ona yönəlirdi.

 

O, İmama bir məktub yazmışdı ki, mənim fikrimcə, tarixi bir sənəddir. 1964-cü ildə İmamı Türkiyəyə sürgün edəndə, o, öz evində bir məclis təşkil etdi və Məşhəd alimlərini dəvət etdi. Bizdən bir neçə gənc də o vaxt mübarizə ilə məşğul idik deyə, dəvət olunduq. Məşhəd alimlərindən mərhum Hacı Şeyx Müctəba və digərləri hamısı iştirak edirdi. Onun oğlu qalxıb İmama (Allah rəhmət eləsin) yazdığı məktubu oxudu. Bu, son dərəcə güclü və möhkəm bir məktub idi, İmamın sürgün edilməsinə görə dərin təəssüf və ona dəstək ifadə olunmuşdu. Məktubdan bu cümlələr yadımda qalıb: “Susmaq razılıq əlamətidir, bizimlə olmayan bizə qarşı sayılır.” Bu ifadələr orada yer almışdı. Həzrət Əmirəlmömininin Əbuzərin sürgün edildiyi vaxt söylədiyi sözlərdən də gətirmişdi, həmin ifadələri qeyd etmişdi. Mənim nəzərimdə bu, etibarlı bir sənəddir. O, orada oturmuşdu, oğlu qalxıb məktubu oxudu və hamı eşitdi.

Qısası, o, həqiqətən, hərtərəfli bir insan idi; elmi baxımdan, əxlaqi baxımdan, mənəvi baxımdan, siyasi və ictimai baxımdan böyük, hərtərəfli, bir çox üstünlüklərə malik və Məşhəd elmi hövzəsi üzərində unudulmaz haqqı olan bir şəxsiyyət idi.

Ümid edirik ki, inşallah, sizin təşkil etdiyiniz bu anım mərasimi onun simasını indiyə qədər təqdim olunduğundan daha artıq şəkildə xalqa tanıda biləcəkdir.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.