Birlik üçün ortaq nəzərə və baxışa çatmalıyıq, Rəhbərin siyasətlərinin arxasınca getməliyik və ixtilafları kənara qoymalıyıq, çünki hər bir ixtilaf hakimiyyət prosesində bir uyğunsuzluq yaradır.
Bağışlayan və mehriban Allahın adı ilə
Cənab doktor Məsud Pezeşkianla müsahibə
Cənab doktor Pezeşkian! İnqilab Rəhbəri son çıxışlarından birində dövlətin xidmətlərini xüsusi olaraq təqdir etdi və dövlətə dəstəyin vacibliyini vurğuladı, bundan sonra isə başqa bir çıxışında mövcud problemlərə və çatışmazlıqlara baxmayaraq, ölkənin inkişaf etdiyini bildirdi. Həzrət Ayətullah Xameneinin bu iki çıxışı və vurğuladığı bu iki məqam nəzərə alınaraq, xahiş edirik, ötən bir il ərzində dövlətin ən mühüm icra tədbirləri barədə qısa hesabat təqdim edəsiniz və ölkənin inkişaf prosesini auditoriyaya izah edəsiniz, hər halda, siz prezident və ölkənin birinci icraçı şəxsi olaraq bu inkişafın gedişindən hamıdan daha çox xəbərdarsınız.
Bağışlayan və mehriban Allahın adı ilə. Əvvəla, Həzrət Ayətullah Xameneiyə təşəkkür etməliyik ki, indiyədək həm açıq iclaslarda, həm də xüsusi görüşlərdə dövlətə tam dəstək göstərib, əgər onun dəstəyi və tövsiyələri olmasaydı, şübhəsiz, çoxsaylı çətinliklərlə üzləşərdik. Buna görə də bu, dərin təşəkkürü bildiririk.
Hazırda üzərində işlədiyimiz və islah etməyə çalışdığımız əsas məsələ enerji tarazsızlıqlardır. Əgər müzakirə etsək, deməliyik ki, ölkədə mövcud olan proses bir çox sahələrdə böyük tarazsızlıqlarla üz-üzədir. Enerji məsələsi — elə ilk gündən özünü göstərdi — su problemi, maliyyə, idarəetmə, siyasi, sosial, iqtisadi və mədəni məsələlər — bütün bunlar geniş miqyasda qarşılaşdığımız problemlərdir. Biz hökuməti təhvil alanda 20 min meqavat enerji çatışmazlığı vardı, bu çatışmazlıq illər ərzində formalaşmışdı. Təbii olaraq bir tərəfdən istehlak artırdı, digər tərəfdən isə enerji xidmətlərinin təqdimində inkişaf yox idi. Üstəlik, yağıntının az olduğu bir il idi: əvvəlki illərin orta göstəricisi ilə müqayisədə təxminən 40 faiz azalma olmuşdu, bəndlərin arxasında su yox idi və bizdə təxminən 14 min meqavat hidroenerji gücü vardı ki, bəndlərdə su qıtlığı səbəbindən ondan da tam istifadə edə bilmədik. Yəni enerji çatışmazlığımız təxminən 30 min meqavata çatdı. Təbii ki, müharibə şəraiti də vardı və müharibə zamanı problemlər həll olunmalı idi.
Bu tarazsızlıqların aradan qaldırılması üçün görülən işlərdən biri bir tərəfdən xərclərin və istehlakın azaldılması və ya nəzarətə götürülməsi, digər tərəfdən isə mümkün olan ən sürətli yol — tələb olunan enerjinin təmin edilməsi üçün günəş panellərinə yönəlmək oldu. Bu, ətraf mühit baxımından da çox dəyərli vasitədir. Belə ki, hər min meqavat günəş enerjisi ilə atmosferə təxminən bir milyon ton CO₂-nin daxil olmasının qarşısı alınır. Biz bu ilədək üç min meqavatdan artıq paneli enerji istehsalı dövriyyəsinə daxil edə bildik, halbuki əvvəlki illər ərzində cəmi min meqavat dövriyyədə idi. Bu proses davam edir, sabah da təxminən səkkiz yüz meqavat günəş paneli istehsal xəttinə daxil ediləcək və iş sürətlə irəliləyir. Elə bir temp formalaşıb ki, hər həftə təxminən üç yüz meqavat günəş paneli istismara verilir, bağlanmış müqavilələrin həcmi isə təxminən səksən min meqavatdır. Yəni bu prosesi davam etdirə bilsək, fosil yanacaqlardan istifadəni ciddi şəkildə azaldacağıq.
Digər tərəfdən, biz kombinə edilmiş dövrlü elektrik stansiyaları qurmuşduq, lakin onlar yalnız qazdan istifadə edirdi, təxminən yeddi min meqavat kombinə dövrlü gücümüz var ki, onun üç min meqavatını xəttə daxil edə bildik, lakin hələ dörd min meqavat qalır və onun üzərində iş gedir.
Elektrik istehlakının artım tempi hər il təxminən beş-altı faiz idi, bu da əlavə olaraq üç-dörd min meqavat ehtiyac deməkdir. Verilən tövsiyələr və həyata keçirilən proqramlar sayəsində biz artımı beş faiz deyil, əksinə, beş faiz azalda bildik. Yəni nəinki beş faiz artım olmadı, hətta beş faiz də azalma əldə olundu, burada da təxminən üç-dörd min meqavatlıq nəzarət təmin edildi. Bundan əlavə, mövcud maynerlərin nəzarətə götürülməsi və yığışdırılması ilə təxminən iki min meqavat istehlakı da azaltdıq. Beləliklə, bunlar enerji problemlərini müəyyən qədər həll etməyə imkan verdi.
Əlbəttə, bu işlər hazırda da davam edir və çalışacağıq ki, inşallah, gələn yay əvvəlki kimi elektrik kəsintiləri ilə üzləşməyək. Yalnız, Allah eləməsin, hansısa fövqəladə hadisə baş versə, xətt sıradan çıxsa və ya zavod fəaliyyətini dayandırsa, istisna ola bilər. Lakin günəş panellərinin qurulması elə bir sürətlə irəliləyir ki, inşallah, enerji təminatında boşluq yaranmayacaq.
Növbəti müzakirə mövzumuz yanan qazların nəzarət altına alınması ilə bağlı idi. Hazırda yanan bu qazların nəzarətə götürülməsindən əldə edilə biləcək gəlir təxminən beş-altı milyard dollar həcmindədir və əgər bunları idarə edə bilsək, böyük qənaət əldə olunacaq. Biz indiyədək gündə təxminən 15 milyon kubmetr qazı nəzarət altına ala bilmişik, halbuki əvvəlki bütün dövrlər ərzində ümumilikdə cəmi 9 milyon kubmetr qazın idarə olunması mümkün olmuşdu. Hazırda qaz yanan digər yataqlarla bağlı müxtəlif podratçılarla müqavilələr bağlanıb və bu işlər izlənir, hələ müqavilə bağlanmayanlarla da müqavilələrin imzalanması üçün iclaslar keçiririk və prosesi nəzarətdə saxlayırıq ki, işi sona çatdıra bilək.
Korridorlar məsələsinə gəlincə, bu, çox mühüm sahədir — Astarа–Rəşt, Şələmçə–Bəsrə və böyük ehtimalla Zahidan–Çabahar korridorlarını bu il başa çatdıracağıq. İndiyədək bu sahəyə on–on iki trilyon tüməndən artıq vəsait ayrılıb və ehtimal ki, daha bu qədər vəsait də ayrılmalıdır. Bu gün də hökumətdə həmin məsələ ilə bağlı iclas keçirdik və əgər hər hansı problem yaranmasa, Allahın izni ilə, bu korridorlarla bağlı işləri bu il tamamlayacağıq. Şələmçə–Bəsrə korridorunda əsas işlər görülüb, sütunlar artıq qaldırılıb. Bu korridorun ən çətin hissəsi marşrutun İranla Bəsrə arasında yerləşən çaydan keçməli olduğu nöqtə idi, orada suyun altında quraşdırılan sütunlar üçün təxminən altmış milyon dollar xərc çəkilib, üstəlik aparılması lazım olan mina təmizləmə işləri də yerinə yetirilib. Əlbəttə, İraq tərəfinin də görməli olduğu işlər var və onlar da bunu izləyirlər. Astara–Rəşt korridoru isə illərdir yarımçıq qalmış layihə idi və biz onu irəlilədərək həyata keçiririk. Biz işə başlayanda 160 kilometrlik marşrutun cəmi 30 kilometri üzrə torpaqlar alınmışdı, amma indi təxminən 115 kilometri artıq əldə edilib, yəni hər həftə alınan torpaq sahələrinin sayı artır və söz veriblər ki, inşallah, bu ilin sonunadək layihəni başa çatdıracaqlar. Biz də hər həftə prosesi izləyirik ki, bütün marşrut üzrə torpaqlar əldə olunsun. Kredit də mövcuddur və həmin kredit əsasında layihə icraya başlanacaq. Hazırda da mütəxəssislər gəlib bu işi həyata keçirirlər.
Qonşularımızla əlaqələrimiz xeyli yaxşılaşıb. Qonşu ölkələrlə münasibətlərimiz mədəni, elmi və iqtisadi sahələrdə genişlənib. Azərbaycanla, Özbəkistan, Türkmənistan, Əfqanıstan, habelə Pakistan, İraq və Türkiyə ilə, eləcə də Fars körfəzində Oman, BƏƏ, Qətər və digər ölkələrlə əlaqələr xeyli yaxşılaşıb. Bütün mövcud problemlərə baxmayaraq, beynəlxalq əlaqələrimizin marşrutları genişlənir. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla da çox yaxşı münasibətlər qurulub. Hazırda marşrutları islah edirik. Korridorlar indi dövlətin əsas gündəliyində olan məsələdir. Şimal–Cənub və Şərq–Qərb marşrutları üçün lazım olan resurslar nəzərdə tutulub və gələn il daha yüksək sürətlə irəliləyəcəyik, istər yol, qatar və dəmir yolu tikintisi baxımından, istər vaqon, dizel və zəruri avadanlıq təminatı baxımından. Bütün bu işləri problemləri həll etmək üçün ardıcıl şəkildə izləyirik.
Sosial məsələlər sahəsində məscid mərkəzliyi, məhəllə mərkəzliyi və xalqın iştirakı ilə bağlı böyük işlər görülüb. Bunlar sosial məsələlər olduğuna görə bəlkə də rəqəmlərlə ifadə edilə bilməz, üstəlik, bu proseslər zaman tələb edir və rəftar dəyişikliyi asan məsələ deyil. Bu sahədə Ali Məqamlı Rəhbər əziz qardaşımız hacı ağa Əliəkbəriyə koordinasiya tapşırığı verdilər və təxminən on min məscid bu prosesə cəlb olundu. Səhiyyə mərkəzlərimizi və məktəbləri də bu işə daxil etdik və təhsil sahəsində böyük addımlar atıldı, xalqın iştirakı ilə bütün konteyner məktəblər və daş məktəblər ləğv edildi, məktəbi olmayan yerlərdə isə yeni məktəblər tikildi. Bütün bunlar xalqın köməyi, sektorlararası əməkdaşlıq və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirildi. On milyon kvadratmetrdən artıq təhsil məkanı inşa olunub və hazırda da sürətlə tikinti davam edir. Məktəblərin tikintisi ilə yanaşı, məktəbdaxili avadanlıq və şagirdlərin ehtiyacları məsələsi də gündəmdə idi. Daha önəmlisi isə siniflərdə tədrisin üsul və metodlarıdır. Hazırda siniflərin düzümü dəyişib, tədris üsulu yenilənib və bu proses gündən-günə təkmilləşir. Əsas diqqətimiz dövlət məktəblərinə və məhrum bölgələrin məktəblərinə yönəlib və danışdığımız təhsil ədalətini ardıcıl şəkildə həyata keçiririk.
Mühüm məsələlərdən biri idarəetmə və səlahiyyətlərin verilməsidir. Həzrət Ayətullah Xamenei icra başçıları ilə keçirdiyi görüşdə tövsiyə etdi ki, başçılara səlahiyyət verilsin, bu, əvvəldən də Ali Məqamlı Rəhbərin baxışı olub. Xüsusilə, on iki günlük müharibə zamanı bu səlahiyyətlər özünü göstərdi və heç bir problem olmadan vilayətlər öz işlərini görə bildilər, bu da verilmiş səlahiyyətlərin nəticəsi idi. Əlbəttə, parlament bəzi hüquqi iradlar bildirdi və biz onları da aradan qaldırırıq. Bizim inancımız budur ki, səlahiyyətlər vilayətlərə verilməlidir ki, işlərini görə bilsinlər və hər məsələ üçün icra başçısının, universitet rəhbərinin və ya baş idarə rəisinin Tehrana gəlib icazə almasına ehtiyac qalmasın. Bu sahədə də çox faydalı addımlar atılıb və çox yaxşı nəticələr əldə olunub. Bu mövzu genişdir və burada yalnız baş verən ümumi prosesi qeyd etdim.
Səhiyyə sahəsində ailə həkimi layihəsini başladıq və hazırda ortaq baxış formalaşdırırıq, çünki nəzəri olaraq nə edilməli olduğu bəllidir, amma praktikada çox vaxt deyilənlər icra olunmur. Keçirdiyimiz iclaslarda 63 şəhər və bölgə seçildi, onlardan beşində isə bütün rayon layihəyə daxil edildi. İş prinsipi aydındır, əsas məsələ onların nə etməli olduqlarını öyrənməsidir. Ailə həkimi sistemi müəyyən edir ki, kim hansı əhali qrupuna cavabdehdir, hansı xidmətləri göstərməlidir və sonda həmin xidmətin qarşılığı necə ödənilməlidir. Əgər bu sistemi tətbiq etsək, ölkədə heç bir insan hakimiyyətin diqqətindən kənarda qalmayacaq, çünki hamı üçün — istər kasıb, istər varlı, istər ucqar, istər yaxın bölgədə yaşayan kimin hansı xidməti hansı keyfiyyətlə təqdim etməli olduğu aydın olacaq və maliyyə əlaqəsi birbaşa olmayacaq. Bunu bacarsaq, səhiyyə sistemində ədaləti real mənada həyata keçirmiş olarıq. Əlbəttə, bu da rəftar dəyişikliyi tələb edən və asan olmayan bir prosesdir.
Maliyyə və pul siyasəti sahəsində də benzin və dizel istehlakının optimallaşdırılması və idarə olunması üçün xüsusi təşkilat yaratdıq, onların da hazırda öz xüsusi proqramları var. Əslində, benzinin qiymətinə toxunmaq olmaz tabusunu sındırdıq. Özümüzdən başladıq: hazırda dövlət avtomobillərinin yanacaq kartı yoxdur və onlar yanacağı azad qiymətlə alırlar, azad zonalar və yeni daxil olanlar da bu qaydaya daxildir. Hələlik digər sahələrə müdaxilə etməmişik, amma şəhərətrafı qatar xətlərinin qurulması və ictimai nəqliyyatın islahı üzərində işləyirik ki, sonra şəhərlərarası qiymətlərə də müdaxilə edə bilək. Burada əsas diqqət yetirdiyimiz məsələ xalqın dolanışığıdır, bu, demək olar ki, hər həftə hökumətdə müzakirə etdiyimiz əsas məsələdir. Bunun üçün resursları nəzərdə tutmalı və həmin resurslar əsasında xalqın həyat səviyyəsini yaxşılaşdırmalıyıq.
Cənab doktor! Siz səhər saat yeddinin yarısında oyanır və yeddidə işdə olursunuz, axşamlar saat neçədə yatırsınız?
Şəraitdən asılıdır, biz çox vaxt, məsələn, saat beşdə oyanırıq və gecə saat on ikidə geri qayıdırıq.
Bu sualı ona görə verdim ki, bəzi Qərb mediası sizin bəzi mövqelərinizi və çıxışlarınızı təhrif edərək belə bir təbliğat xətti aparır ki, guya İslam Respublikası dövləti və prezident müharibə aparmaqdan və problemləri həll etməkdən acizdir. Cənab doktor Məsud Pezeşkianın bu qərəzli və düşməncəsinə iddialara cavabı nədir?
Baxın! Onların apardıqları bütün təhlillərə əsasən inamları bu idi ki, əgər sionist rejim İrana hücum etsə, sistem dağılacaq. Niyə dağılmadı? Ümumiyyətlə, bütün hesablamaları belə idi ki, hücum baş versə, xalq küçələrə axışacaq, problemlər yaranacaq, insanların dolanışığı çətinləşəcək və müxtəlif xidmətlər iflic olacaq.
Əlbəttə, müharibə günlərində də dövlət xidmətləri müntəzəm şəkildə davam edirdi.
Hətta keçmişdən də yaxşı idi, çünki səlahiyyətlər valilərə verilmişdi. Məsələn, həmin on iki gün ərzində gömrüklərimizdə on milyon tondan artıq mal daşınıb. Etiraz edən sürücülər mərdliklə ortaya çıxdılar, etirazı olan insanlar ürəkdən sistemin və ölkənin bütövlüyünün müdafiəsinə qalxdılar. Yəni əslində, həm daxili birliyi onlara qarşı nümayiş etdirdilər, həm də öz iştiraklarını və həmrəyliyini göstərdilər. Bu, çox böyük bir dəyərdir və göstərir ki, dövlət adamları və siyasətçilər bu xalqa inanmalı və bu xalqa mehriban yanaşmalıdırlar.
Bizim bütün səylərimiz bundan ibarətdir ki, əlimizdən gələn hər şeyi səmimi şəkildə, heç bir minnət qoymadan bu xalqa xidmət edək və bu xalqa xidmətdən başqa — ən azı öz adımdan deyim — heç nəyi hədəfləmirik. Xalq da bütün bu təzyiqlərə baxmayaraq, böyük həmrəylik göstərdi. Onların bütün hesablaması belə idi ki, hücum etsələr, ölkə iğtişaşlara sürüklənəcək, amma xalq öz İranını, öz ölkəsini, öz dinini, öz mədəniyyətini və öz Ali Məqamlı Rəhbərini müdafiə etdi. 2022-ci ildə bir hadisə baş verdi, amma 2025-ci ildə hamı küçələrə çıxdı və “Canımız Rəhbərə fəda” dedi. Nə baş verdi? Xalqın bu baxışı və ictimai sərmayənin geri qayıdışı çox ümidvericidir və biz bu xalqa nə qədər xidmət etsək də, yenə azdır. Ümid edirəm ki, bu əziz xalq qarşısında xəcalətli olmayacağıq.
Qeyd etdiyim bu qərəzli iddialara cavabınız nədir? Məsələn, şəxsən sizinlə bağlı Qərb mediası son vaxtlar belə təhlillər yayır ki, guya cənab Pezeşkian deyir: “Mən bacarmıram!” Halbuki bu, sizin gördüyünüz işlərin tam əksidir.
Əlbəttə, mən dəfələrlə demişəm “Bacarmıram”, amma demişəm ki, biz bacararıq. Ölkənin problemləri elə deyil ki, mən təkbaşına onları həll edim, bunu dəfələrlə söyləmişəm lakin biz bütün gücümüzlə bu problemləri, sanksiyaları və göstərilən təzyiqləri arxada qoyacağıq. Mümkün deyil ki, biz birlikdə olaq və onlar bizi yerə yıxa bilsinlər. Mən birlikdən, vəhdətdən danışanda, buna inanıb etiqad etdiyim üçün deyirəm. İstər ölkə daxilində, istərsə də qonşularımızla aramızda birlik olsa, ABŞ region ölkələrini bu şəkildə istismar edə bilməz. Problemləri həll edə bilən bizik.
Əlbəttə, mövcud problemlər asanlıqla həll olunası deyil. Onlar hesabat əsasında hərəkətə keçiblər. İqtisadi, hərbi, siyasi, təhlükəsizlik və təbliğat baxımından hər tərəfdən işləyirlər. Amma ölkəmiz öz ayaqları üstündə dayanıb. İndi proqram yazıblar ki, guya İran 36 ay sonra süqut etməlidir! Dünən deyirdilər on iki günə süqut edəcək, indi yazıblar otuz altı ay. Biz birlikdə olsaq, otuz altı min il də keçsə, bunu edə bilməzlər.
Birlik üçün ortaq nəzərə və baxışa çatmalıyıq, Rəhbərin siyasətlərinin arxasınca getməliyik və ixtilafları kənara qoymalıyıq, çünki hər bir ixtilaf hakimiyyət prosesində bir uyğunsuzluq yaradır. Onlar yolları üzümüzə bağlayıblar, amma biz yol tapırıq, yol tapmasaq, yol açırıq. Birlikdə olsaq, bu mümkündür, amma bir-birimizlə çəkişsək, mümkün deyil. Bu, ümumi və milli bir məsələdir və bu çərçivədə hərəkət edib koordinasiyalı davranmalıyıq.
İnqilab Rəhbəri qeyd etdi ki, hökumət dəyişsə də, sistemin bəzi əsas siyasətləri və iri layihələri davam edir və cənab Pezeşkian yeni prezident kimi əvvəlki hökumətin bəzi layihələrini davam etdirib tamamlayır. Zəhmət olmasa, bu layihələrdən bəziləri barədə məlumat verin: onlar hansı mərhələyə çatıb, yaxud sizin ekspert qiymətləndirmənizə əsasən istiqamətlərində dəyişiklik edilibmi?
Baxın! Məncə, indiyə qədər problemimiz bu olub ki, hər kəs gələndə özü üçün ayrıca proqram yazıb, halbuki qəbul etsək ki, bizim ümumi siyasətimiz var, iyirmi illik baxış və proqramımız var. Həzrət Ayətullah Xamenei iyirmi illik perspektiv sənədində buyurmuşdu ki, biz 2025-ci ildə harada olmalıyıq. Əgər biz həmin siyasətləri icra etsəydik, indi bu vəziyyətdə olardıqmı? Niyə deyilik? Çünki hər gələn elə bilib ki, özü proqram gətirib, halbuki hakimiyyətin proqramı və siyasəti bəlli idi və gələn hər kəs onu icra etməli idi.
Seçki dövründə də bizə deyilən əsas irad bu idi ki, guya sənin proqramın yoxdur. Axı mümkün deyil ki, ölkənin siyasəti və proqramı olsun, biri gəlib tamamilə başqa proqram təqdim etsin. Mən o siyasətlər çərçivəsində icra olunmuş proqramları kənara qoyub, başqa yol seçə bilmərəm. Bütün çətinliklərə baxmayaraq, biz həmin yolu var gücümüzlə davam etdiririk.
Keçmişdən qalan və bizim açılışını etdiyimiz bütün layihələrdə istər mənzil, istər yarımçıq qalmış yol, dəmir yolu, su və kanalizasiya sahəsində açıq şəkildə dedik ki, bu işlər onların işi idi, biz sadəcə açılış etdik; məsələn, səksən faizi görülmüşdü, iyirmi faizini biz tamamladıq. Elə deyil ki, guya biz başqalarının etmədiyi işləri görmüşük. Əslində, biz onların getdiyi yolu davam etdiririk və indi prioritetləşdirmə aparırıq.
Hazırda təxminən yeddi min “himmət” həcmində yarımçıq layihə var ki, bu, elmi və idarəetmə baxımından qətiyyən qəbul edilən deyil. Biz indi hər hansı vilayətə gedəndə qəbul etdiyimiz bütün qərarları addım-addım izləyir və icra edirik. Araşdırın, baxın: getdiyimiz vilayətlərin hansında qəbul etdiyimiz bir qərar icra olunmayıb? Bəzi yerlərdə deyilən və yazılanların yüz faizi həyata keçirilir. Biz yerinə yetirə bilməyəcəyimiz vədləri verməməliyik. Buna görə də indi mövcud yolları və layihələri prioritetlər əsasında, qətiyyət və güclə davam etdiririk.
Zəhmət olmasa, onlardan iki-üç nümunə qeyd edin.
Məsələn, “Məskəne – Mehr” layihəsi: biz əlli mindən artıq aztəminatlılar üçün mənzili, həmçinin yarımçıq qalmış mənzilləri tamamladıq. Su təchizatı layihələri ilə bağlı Taliqan suyunun Tehrana çatdırılması nəzərdə tutulan marşrut böyük bir layihə idi, biz bunun üçün vəsait ayırdıq və işi başa çatdırdıq. Bu da əvvəlkilərin başladığı yolun davamı idi. Məsələn, Zahedan–Çabahar korridorunu onlar başlamışdılar, biz isə onu tamamlayırıq, Astara–Rəşt marşrutunu da onlar başlamışdılar, biz isə onu qətiyyətlə sona çatdırmaq üçün irəliləyirik. Hazırda Buşəhrdəki nüvə energetikası layihələri üzərində işlənir ki, təxminən iki min meqavat elektrik enerjisi istehsal edəcək. Biz bütün bunları var gücümüzlə və ardıcıllıqla izləyirik. Əlbəttə, bunlar zaman tələb edir və asan məsələ deyil. Biz özümüzdən yeni bir şey çıxarmamışıq, bunların hamısı əvvəlcədən mövcud olan layihələrdir və biz həmin yolu davam etdiririk.
Cənab doktor! İnqilab Rəhbəri su, çörək, qida, benzin və enerji kimi sahələrdə israf probleminə dəfələrlə diqqət çəkib və bunu böyük bir problem kimi qiymətləndirib. Xüsusən, sizin hökumətin israfın azaldılması ilə bağlı konkret proqramı nədir?
Biz bu işi görürük və Həzrət Ayətullah Xameneinin tövsiyələri və dəstəyi bu yolda bizə çox kömək edir. Verilən tövsiyələr nəticəsində su istehlakı on faiz azalıb. Bilirsiniz, bu on faiz ildə neçə milyon kubmetr edir? Su istehlakı azaldıldıqca, elektrik enerjisinin istehlakı da azalır. Mən dəfələrlə demişəm ki, biz təxminən 180 milyard dollar dəyərində enerji istehsal edirik, yəni gündə təxminən 9 milyon barel neft və qaz hasil edirik. Bunun təxminən 1,5 milyon barelini ixrac edirik, qalanını isə özümüz istehlak edirik. İndi əgər on faiz qənaət etsək, bu çox rahat mümkündür, gündə təxminən 900 min barel neft və qaz deməkdir. Elə təkcə bu on faiz mövcud bütün boşluqları doldura bilər, yəni insanların bu gün narazı qaldığı bütün problemləri — dolanışığı, yolları, inkişaf layihələrini. Təsəvvür edin, doqquz milyon bareli yandırmaq əvəzinə, onun on faizinə qənaət edək, bu, çox böyük rəqəmdir.
Biz Avropadan iki-üç dəfə çox elektrik sərf edirik, qaz istehlakımız isə onlarla müqayisə olunacaq səviyyədə deyil. Qaz və enerji ehtiyatlarına görə ikinci ölkəyik, amma indi sənayenin, neft-kimya zavodlarının və fabriklərin qazını kəsməyə məcbur oluruq. Niyə? Çünki düzgün idarə etməmişik, düzgün bölgü aparmamışıq, düzgün istehlak etmirik. Bu cür istehlaka ehtiyac yoxdur. Temperaturu 28–30 dərəcəyə qaldırırıq, üstəlik pəncərəni açırıq, radiator da yanır! Quranda buyurulur: “Yeyin, için, amma israf etməyin, çünki Allah israf edənləri sevməz.” Bir otaqda oturub qırx lampanı yandırırıq, nə ehtiyac var? Hər kəs bir az nəzarət etsə, çox problemimizi həll edə bilərik. Öz resurslarımızı düzgün idarə etsək, başqasına ehtiyacımız yoxdur. Ölkəmiz qızıl və mədənlərlə zəngindir, amma bu sərvətləri dəyərə çevirən də, çevirə bilməyən də bizim davranışımızdır.
Yəni burada temperatur 21 dərəcədən yuxarı qaldırılmır?
Mən bura gələndə etiraz etdim, çünki biz burada olmayanda bu məkanı isitmək ümumiyyətlə olmaz.
Xeyr, isti deyildi, cənab doktor.
Deyirdilər yenicə yandırıblar, yoxsa söndürmüşdük. Biz artıq otaqlarımızın çoxunda radiatoru yandırmırıq, çünki ora getmirəmsə, yanmasının nə mənası var? Bir saatlıq gedəcəyəm deyə, 24 saat istilik saxlanılsın? İşlərimi bir yerdə görürəm, otaqdan otağa keçmirəm, buna nə ehtiyac var? Çox rahat qənaət etmək olar. İnqilab Rəhbərinin də tövsiyəsi budur, Allah da buyurur ki, müsəlmansınızsa, israf etməyin. Mən kabinetimdə kitab oxuyacağam deyə, bütün binanı işıqlandırırlar — niyə? İndi masa lampası qoymuşuq, onunla işləyirik, qalan işıqları söndürürük. İki imza atmaq üçün bütün otağı işıqlandırmağa nə ehtiyac var? Əgər cəmi on faiz qənaət etsək, bu özü də çox böyük rəqəmdir. Halbuki biz bundan daha çox nəzarət edirik. Burada bir hovuz tikmişdilər, daim qızdırılırdı, dedik, niyə? Ola bilsin, bir gün gedim üzüm. Dedik, yığışdırın. Heç bir lüzum yoxdur. Mən üzməyə gedəcəyəm deyə, niyə 24 saatlıq xüsusi hovuz saxlanılsın? Lazım olsa, gedib ümumi hovuzda üzərəm.
Məncə, biz ABŞ, İsrail və Avropa ilə tammiqyaslı bir müharibə içindəyik; onlar ölkəmizin ayaqda qalmasını istəmirlər. Bu müharibə İraqın bizə qarşı apardığı müharibədən də ağırdır, yaxşı başa düşülsə, bu, daha mürəkkəb və çətindir. İraqla müharibədə vəziyyət aydın idi: o raket atırdı, biz də bilirdik haranı vururuq. Burada isə hər tərəfdən bizi mühasirəyə alıblar — iqtisadi, mədəni, siyasi və təhlükəsizlik baxımından bizi sıxıntıya salırlar, problemlər yaradırlar, cəmiyyətin gözləntilərini artırırlar; bir tərəfdən satışımızı, mübadiləmizi, ticarətimizi əngəlləyirlər, digər tərəfdən də gözləntiləri yüksəldirlər. Buna görə hamımız bütün gücümüzlə kömək etməli və ölkəni düzəltməliyik.
Cənab doktor! Görünür ki, düşmən on iki günlük müharibədə yaşadığı uğursuzluq və məğlubiyyətdən sonra davranışını və siyasətini dəyişib, bu dəfə psixoloji və media əməliyyatına yönəlib, bu əsasla ki, guya İran ümumilikdə, hökumət isə xüsusilə zəifdir və bizim qarşımızda təslim olmaqdan başqa yolu yoxdur. Siz Prezident və Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi bu media xəttinə cavabınızı nədir?
Qoy elə bu xəyalla yaşasınlar. Elə bu xəyalla hücum etdilər, amma daxili vəhdət və həmrəylik daha da artdı. Hazırda möhtərəm Rəhbərin gördüyü iş budur ki, qüvvələr arasında koordinasiya onun arxasında formalaşır, əgər həmrəylik yaranarsa, heç bir güc vahid və bir-birinə bağlı bir milləti çökdürə bilməz. Məni narahat edən məsələ – hər cür hərbi gücdən də önəmli olan daxili birlik və vəhdətdir, ixtilafları bir kənara qoymaq, əl-ələ verib problemləri həll etməkdir. Niyə dedik ki, işləri məhəllə mərkəzli, məscid mərkəzli edək və xalqı prosesə qoşaq? Xalq tədbirdə iştirak etməlidir. Qərarların qəbulunda xalqı işə qatmalıyıq. Müharibəni necə idarə etdik? Hökumətin pulu vardımı? O vaxt da ABŞ və ərəb ölkələri İraqa, Səddama kömək edirdilər, bacardılarmı torpağımızdan bir qarış alsınlar? Bütün güclər onlara yardım edirdi. Bu işi görən xalq idi. Biz elə həmin xalqı və elə həmin düşüncəyə malik müdirləri istəyirik, yəni elə bir xalq və müdirlər istəyirik ki, bilsinlər ki, bu məmləkət özlərininkidir, məntəqə özlərininkidir və bütün gücləri ilə problemləri həll edə bilərlər.
Biz öz problemlərimizi həll edirik, məni narahat edən yeganə şey — bunu dəfələrlə demişəm — ixtilafları kənara qoya bilməyimizdir. Onlar ixtilafları alovlandırırlar, biz diqqətli olmalıyıq ki, bu ixtilaflar bizi bürüməsin. Əgər ixtilafımız varsa, qapalı otaqlarda mübahisə edək, amma çölə çıxanda sistemdən vahid bir səs gəlsin və o səs də möhtərəm Rəhbərin göstərdiyi istiqamət və yollara uyğun olsun. Ola bilər ki, ürəyimdə başqa bir fikir olsun, amma yol müəyyən edilibsə, hamı o yolda hərəkət etməlidir. Hamımız birlikdə olsaq, bu problemlərin öhdəsindən gələcəyik, onlar nə edirlərsə etsinlər. Əgər ölkədə ədaləti və insafı bərqərar edə bilsək, xalqı qərarların qəbuluna və siyasətlərə cəlb etsək və insanlar hansı çətinliklərlə üzləşdiyimizi görsələr, özləri kömək edər, problemləri həll edərlər.
Mövcud vəziyyətdə iqtisadi təzyiqlər ağırdır, əhalinin böyük hissəsi bunu anlayır. Cənab Prezident, xalqın iqtisadi durumunu nə dərəcədə hiss edir və bu prosesin nə qədər içindəsiniz?
Xalqın iqtisadi problemlərini bütün varlığımızla anlayırıq. Nefti təxminən 75 dollara satırdıq, indi 50 dollara satırıq, yəni 25 dollar az qiymətə. Bir tərəfdən təzyiq göstəriblər və gəlirimiz azalıb, digər tərəfdən müharibə olub və göstərdiyimiz xidmətlərimizlə istehsalımız bir qədər azalıb. Bütün bunlara baxmayaraq qərarlaşdırılıb ki, bayrama qədər təxminən iki milyard yarım dollar çevrilsin və imkan daxilində əhaliyə lazım olan talonlarla ödəniş edilsin. Benzindən əldə olunan bu pul — indi beş min tümən böyük rəqəm deyil — amma qərar verilib ki, hökumət bu mənbədən nə əldə edirsə, hamısını talonlara və ya xalqın yaşayışına sərf etsin. Gələn il üçün Məclislə (parlament) danışmışıq ki, necə olur-olsun, xalqın yaşayışı təmin edilsin. Məclislə, nümayəndələrlə, hətta hakimiyyətin bütün qurumları ilə vahid baxışa gəlməliyik, pul verilməməli olan yerlərə verməyək, subsidiya verilməməli olan yerlərə verməyək, verilməli olan yerdə isə razılaşaq ki, verək. Benzin məsələsində, sizcə, hər bir bak benzində nə qədər subsidiya veririk? Verilən bu kvota əsasında ayda təxminən səkkiz milyon tümən edir, hələ altmış və ya yüz litr həddində istehlak edilsə. Daha çox istehlak olunsa, hər bak üçün təxminən iyirmi milyon tümənə çatır. İki bak olsa, görün nə qədər edir. Niyə pulu belə xərcləyirik? Niyə bu subsidiyanı hamıya vermirik? Müdaxilə edəndə də bir qrup səs-küy salır ki, niyə bahalaşdırırsınız. Biz bahalaşdırmırıq, əldə etdiyimizi hamıya vermək istəyirik. Əgər bir maşının bir bakına yeddi, on və ya iyirmi milyon subsidiya verirəmsə, bunu bütün xalqa verirəm, hər kəsə payına düşən qədər ödəyirəm. Media müdafiə etməli, bu mədəniyyəti formalaşdırmalıdır. Dövlətin öz problemləri üçün heç bir pulu saxlamayacağıq, subsidiyalardan heç nə kəsməyəcəyik, sadəcə, bu subsidiyanı hamıya vermək istəyirik. Evimdə bir neçə maşın var, istehlakıma görə hər bak üçün səkkiz, doqquz, ya da on milyon subsidiya alıram.
Statistikaya görə, deyəsən, əhalinin cəmi əlli-altmış faizi şəxsi avtomobilə malikdir.
Bəli, bu da müzakirə mövzusudur və tam aydındır. Niyə pulu hamıya vermirik və yalnız maşını olanlara veririk? Bu mədəniyyət formalaşmalıdır. Gələn il üçün bu mövzuda həm xalqla, həm nümayəndələrlə, həm də hökumətlə danışıb vahid fikrə gəlmək niyyətindəyik. Biz bu pulu dövlət üçün istəmirik, bu pul hamıya verilməlidir, yoxsa bir neçə maşını olan bütün subsidiyaları almasın. Bu il təxminən beş milyon dollar dəyərində benzin idxal etdik, altmış min tümənə alıb 1500 ya 3000 tümənə satırıq. Niyə? Sonra da xalqın yaşayışına yetişmirik. Xalqla qarşılıqlı əlaqə lazımdır, etimad lazımdır. Bu il Məclisə təqdim etdiyimiz büdcə cəmi iki faiz artımlıdır, halbuki əvvəlki illərdə, məsələn, qırx və ya əlli faiz artım olurdu. Xərclərimizi azaltmağa çalışdıq, Məclisə də dedik ki, bacardıqları qədər xərclərimizi azaltsınlar, əlavə xərc artırmasınlar.
Deyirlər ki, gələn ilin büdcəsini çox sıx tərtib etmisiniz.
Hələ çox imkan var, xərclərimizi daha da azaltmaq olar. Niyə əlavə xərc edirik? İnsan resurslarının səmərəliliyi və xidmətlərin növü bundan qat-qat yaxşı ola bilər, bu isə əməkdaşlıq, həmrəylik tələb edir. Bir çox işi, ümumiyyətlə, görməyə də bilərik. Xalqın yaşayışı bizim üçün prioritetdir. Mən mobil telefona pul verməyə bilərəm, amma xalqın yaşayışına verməliyəm. İndiyə qədər bir milyard yarım dollar verib mobil telefon idxal ediblər, amma indi yaşayış, xammal və əsas mallar sahəsində çətinlikdəyik. Doğrudur, ona xüsusi ayrılmış valyuta ayırmadıq, amma hər halda valyuta verdik. Valyutanı əvvəlcə xalqın yaşayışına verməliyəm, artıq qalarsa, digər məsələlərə. Artıq qalmazsa, qoy ixrac etsin və ixracı əsasında öz xidmətlərini də təmin etsin.
Bu, düşüncə dəyişikliyi və mədəniyyətin formalaşmasını tələb edir. Elektrik də belədir, qaz da belədir. Bu işdə bizim radio-televiziya, hörmətli nümayəndələrimiz, hörmətli ruhanilərimiz və siyasi partiyalarımız kömək etməlidir ki, ölkədə ədalət və insaf bərqərar olsun. O zaman heç kəs aclıq və yaşayış problemi ilə üzləşməz. Pulumuz var, sadəcə, pis xərcləyirik, bunu düzgün idarə etməliyik.
Cənab doktor! Bu həftə və ya keçən həftə İnqilabın Rəhbəri ilə iqtisadi və məişət məsələləri barədə görüşünüz oldumu? Onunla son görüşlərinizdə xalqın məişəti və iqtisadi məsələlərlə bağlı konkret hansı tövsiyə və qeydləri oldu?
Biz hər həftə nəhayət bir fürsət tapıb İnqilab Rəhbərinin hüzuruna gedirik və mövcud hesabatlar və istiqamətlərlə bağlı onunla məsləhətləşirik. O bizə, digər hakimiyyət strukturlarına və lazım olan yerlərə tövsiyələr verir və məsələlər müəyyən qədər nəzarət altına alınır. Baxın, möhtərəm Rəhbərin əsas qayğısı, birinci növbədə xalqın məişətidir, yəni onların ən mühüm qayğısı da xalqın məişətidir. Bizim gördüyümüz işlər və hazırladığımız proqramlar hamının ortaq mövqedə dayanmasını və birlikdə irəliləməsini tələb edir. Əgər bu baş verərsə və mediamız, Məclisimiz və digər qurumlar koordinasiyalı şəkildə hərəkət etsələr, heç olmasa gələn il üçün elə bir addım ata bilərik ki, xalq məişət baxımından çətinliyə düşməsin və qida ehtiyacları üçün qiymətlər daha artmasın, biz bunu edə bilərik. Bu məsələni onu diqqətinə çatdırdıq, münasibəti müsbət oldu. Təxminən iyirmi maddədən ibarət bir proqram təqdim etdik və hökumətdə, Məclisdə və bəzi qurumlarda müxtəlif iqtisadi qruplar bu iyirmi maddəni icra etmək üçün bir-biri ilə koordinasiya təşkil ediblər. Çünki Rəhbər valyuta vəziyyəti, əsas mallar, xammallar, inflyasiya və bu kimi məsələlərdən narahat idi, on yeddi-on səkkiz maddə var idi ki, bunlar barədə hesabat verə bilməliyik.
Bu sahədə problemimiz var və bu, müdaxilə tələb edir, bu müdaxilə də ağrılıdır. Xalq bilməlidir ki, niyyətimiz həmin yaraları sağaltmaqdır və bu yaraların sağaldılması xərc tələb edir. “Bunu verirəm, bunu verirəm, bunu verirəm” demək hamının xoşuna gəlir, amma “Bunu vermirəm, bunu vermirəm” deyəndə hamı narazı olur ki, niyə vermirsən. Biz istehlakımızı nəzarətdə saxlamalıyıq. Demirəm ki, istehlak etməyək, deyirəm ki, istehlakımızı nəzarət altına almalıyıq. İstehlakın on faiz azaldılması heç də çətin iş deyil. Hamı bir addım atıb bizə, ölkəmizə, İranımıza və yaşadığımız cəmiyyətə kömək edə bilər. Bu halda bütün bu problemlərdən rahatlıqla çıxarıq.
“Mən deyirəm, gəlin kömək edin” deyəndə bu o demək deyil ki, biz öz işimizi görmürük, biz işlərimizi qətiyyətlə görürük, elə işlər də var ki, indi demirəm, çünki ortalığı qarışdırırlar, gedib qarşısını alırlar, amma işlərimizi vür gücümüzlə davam etdiririk. Lakin bu məsələdə hər kim, harada bir az kömək edə bilirsə, vəziyyət tamamilə dəyişər. Biz heç kimin köməyindən özümüzü məhrum etmək istəmirik, kim bacarırsa, gəlib kömək etsin.
Qarşılaşdığımız bu problemlər indi yaranmayıb, şəhid Rəisi dövründə də yaranmayıb, bu, bir proses olub, problemlər tədricən üst-üstə yığılıb. İndi biz bunun qarşısında dayanmalıyıq, qarşısında dayanmaq isə cərrahiyyə tələb edir, bəzən daha geniş cərrahi müdaxilə də tələb edir. Buna görə mütəxəssislərimiz, alimlərimiz, ziyalılarımız, sərmayəçilərimiz və istehsalçılarımız hamısı birlikdə bir anlaşmaya gəlməlidir ki, bu müdaxilə edilirsə, cəmiyyətimizin xeyrinədir, yoxsa xalqımıza problem yaratmaq üçün deyil. Biz buradayıq ki, xalqa xidmət edək, ən azı mənim qəlbimdə bundan başqa bir niyyət yoxdur — yalnız xalqımızın problemlərini həll etmək.
Cənab doktor! Düşmənin təbliğatı nəticəsində xalqımızın bir hissəsi narahatdır ki, bəlkə amerikalı və israilli düşmən yenidən təxribat törətmək istəsin. Prezidentin bu narahatlıqlara cavabı nədir? Halbuki on iki günlük müharibə boyunca gördük ki, hətta adi dövlət xidmətlərində də təşviş yaranmadı və koordinasiya, əməkdaşlıq və əvvəlcədən müəyyənləşdirilmiş planlama ilə cəmiyyət normal qaydada idarə olundu.
Baxın, əziz silahlı qüvvələrimiz işlərini qətiyyətlə görürlər və hazırda, bütün çətinliklərə baxmayaraq, həm texnika, həm də canlı qüvvə baxımından onların hücum etdiyi zamankından daha güclüdürlər. Buna görə də, əgər qarşıdurma istəsələr, təbii ki, daha qətiyyətli cavabla üzləşəcəklər. Amma yenə qayıdıram əsas məsələyə: əgər biz xalq olaraq birlikdə olsaq və vəhdətə malik olsaq, onlar, ümumiyyətlə, ölkəmizə hücum etməyə ümidlərini itirərlər. Onların ümidləri – özləri də açıq deyiblər — daxildə bir hadisə baş verməsidir ki, gəlib müdaxiləyə başlaya bilsinlər. Mənim davamlı olaraq deməyimin səbəbi budur ki, əgər mübahisə varsa, qapalı otaqlarda oturub mübahisə edək, amma çöldə bir vahid səslə çıxış edək, çünki birlik və həmrəylik olsa, xalq anlayar ki, biz doğrudan da xidmət etmək istəyirik və heç bir qadın-kişi, heç bir etnik mənsubiyyət, heç bir fikir və inanc arasında fərq qoymuruq. Mən ölkənin məsulu olaraq hamıya ədalət əsasında xidmət etməyə borcluyam. Əgər biz şiəyiksə, əgər deyiriksə ki, Həzrət Əliyə tabeyik, Həzrət Əli qardaşı Əqilə beytülmaldan artıq pay istəyəndə ona heç nə vermədi. Allaha and olsun, biz belə etsəydik, xalq bizdən narazı qalardımı? Bəzi yerlərdə bunu etmədik və xalq bizdən narazıdır.
İndi bunu sübut etmək lazımdır. Nə nəzəriyyə ilə, nə də danışmaqla olmur. Mənə deyirlər ki, çıx danış, biz bir ömür danışmışıq. Mən sübut etməliyəm ki, qadın-kişi, etnik mənsubiyyət, irq və dil arasında fərq qoymayacağam. Bunların hamısı Allahın, Peyğəmbərin və İmamın göstərişləridir, biz əməl etməliyik. Əgər İslama, Allah Rəsulunun və İmamın göstərişlərinə əməl etsək, cəmiyyətimizdə elə bir birlik, həmrəylik və vəhdət yaranar ki, başqaları həsrətlə “Kaş biz də belə olaydıq” deyərlər. Bir-birimizə yaraşmayan sözlər deməməliyik. Şeytan insanın düşmənidir və istəyir ki, bir-birimizlə sərt və nalayiq danışaq ki, aramızda dava düşsün.
Bizə ayırdığınız vaxta görə təşəkkür edirik. Sizə və hörmətli hökumətə uğurlar arzulayırıq.
Hamımız birik, nəticə etibarilə biz və hökumət çalışırıq. Deyir ki:
“İn ma vo məni comle ze əql əsto iqal əst
Dər xəlvəte məstan nə məni həsto nə mai.”
Hər şey Odur. Allah eləsin, biz bu İlahi yolu davam etdirə bilək və Ali Məqamlı Rəhbərin müsəlmanlıqdan və İslami yaşayışdan göstərdiyi modeli davranışımızda nümayiş etdirək, sözdə yox, onsuz da kifayət qədər danışmışıq. Uğurlar. Allah qüvvət versin.