Rəhman və Rəhim Allahın adı ilə

Khamenei.ir portalının Ali Milli Təhlükəsizlik Şurasının katibi doktor Əli Laricani ilə geniş müsahibəsi

 

İranlılar təslim olan deyil!

 

Sual:

İlkin sual olaraq sizdən soruşmaq istəyirəm ki, yeni məsuliyyət qəbul etdiyiniz hazırkı dövrdə Ali Milli Təhlükəsizlik Şurasının üzərində hansı mühüm vəzifə var? Problemlər çeşidlidir, onları qruplaşdırmaq da olar. Bu problemlərin mövcud olduğu dövrdə nə edəcəksiniz: struktur, metod, yoxsa yeni yanaşma dəyişikliyi aparacaqsınız?

Doktor Laricani:

Bismillahir-Rəhmanir-Rəhim. Deməliyəm, Şuranın ən mühüm vəzifəsi problemləri elə bir şəkildə idarə etməkdir ki, nəticədə ölkənin milli inkişafı üçün dinc fəza yaransın, əhali nəzərdə tutulmuş bir həyat yaşasın. Çünki problemlər həmişə var. Bu gün müharibə və ya başqa problem ola bilər. Ötən günsə başqa problemlər vardı. Regional, beynəlmiləl problemlər də var. Nəhayət, diplomatiyada peşəkarlıq, müqavimət qüvvələri və hərbi qüvvələrin şəraitini əlaqələndirməklə ölkənin milli mənafeyi təmin edilməlidir. Beləcə, ölkə və dövlət üçün balanslaşdırılmış inkişaf yolu yaradılmalıdır. Hazırda biz müharibə vəziyyətindəyik və atəş dayanıb. Bu çox mühüm  mövzudur ki, ona diqqətli olmalı, elə imkanlar yaratmalıyıq ki, düşmən təkrar hücum fikrinə düşməsin. Qeyd edim ki, bu mövzunun nüvə  məsələsi, regional və digər məsələlər kimi haşiyələri də var.

 

 

Sual:

Bu hazırlıq üçün Şuranın hansı tədbirləri var? Bəlkə də sualı belə qoysam daha münasib olar: Güman ki, bu günlərdə sizinlə görüşə bilənlərin ilk sualı budur: yenə müharibə olacaq, yoxsa yox? Bu gün çox eşidilən sual budur. Müharibə olacaq, ya olmayacaqdan sonra ikinci sual budur ki, biz mümkün müharibəyə hansı səviyyədə hazırıq?

Doktor Laricani:

Bu sualı cavablandırmaq qismən bizə, qismən də düşmənə aiddir. Çünki hər şey bizim əlimizdə deyil. Amma ən mühüm məsələ budur ki, mümkün addımlarla  müharibənin qarşısını necə almaq olar? Zənnimcə, bir neçə amil bu məsələyə təsirli ola bilər.

İlk amil milli birlikdir. Necə ki, 12 günlük müharibədə milli birlik həqiqətən çox təsirli oldu. O günlərdə iranlılar yüksək anlayış nümayiş etdirdi, düşmən və qarşı tərəfi düzgün analiz etdi. Mövcud fərqli fikirlərə baxmayaraq, qəbul etdilər ki, İranı, milli mənafeləri müdafiə etsinlər. Bu çox böyük agahlıqdır. Şübhəsiz ki, bu hifz edilməlidir. Bu mənada ki, dövlət və millət, hamı çalışmalıdır ki, birlik qorunsun. Bu bir nöqtə. Səfərlərimizdən birində ölkə başçılarından biri dedi ki, dünya iranlıların milli birliyini dərk etdi, buna şahid oldu! Bu, bir milli sərmayədir. Bunu hifz etmək, qorumaq üçün müxtəlif amillər var. Bu mövzuda vaxtınızı almaq istəmirəm.

İkinci nöqtə budur ki, davamlılıq üçün mühüm amillərdən biri xalqın minimum yaşayış imkanlarına malik olmasıdır. Doğrudur ki, müharibədir. Amma hər halda xalqın dolanışığı elə olmalıdır ki, müqavimət göstərə bilsin. Hazırkı söhbətimizin mövzularından biri budur. Məncə, dövlət, prezident özü də bu məsələyə çox diqqət ayırır. Ədalətin bir hissəsini bunda görürlər. Beləcə, xalqın əsas ehtiyacları yetərincə təmin edilməlidir. Bu təminat sülh vaxtı bir şəkildədir, müharibə vaxtı başqa şəkildə. Məncə, əhəmiyyət veriləsi ikinci nöqtə budur.

Növbəti nöqtə hərbi imkanların qorunması və yenilənməsidir. Hər halda bizim hərbi imkanlarımız yüksək idi ki, düşmən müharibəyə başladığı halda onun başa çatması üçün əl-ayağa düşdü. Üzdə uğur qazandıqlarını təbliğ etsələr də, əksər ölkələr və xalqlar dərk etdilər ki, düşmənimiz bu müharibədə strateji məğlubiyyətə uğradı. Bunu təsdiqləyən müxtəlif dəlillər var. Bu məsələ həm İran üçün faydalıdır, həm düşməni qıcıqlandırır. Strateji məğlubiyyətə uğramış düşmən təbii ki bir yolla müvəffəqiyyət qazanmağa çalışacaq. Düşmənin ümidini necə qırmaq olar? Ölkənin hərbi və təhlükəsizlik imkanları genişlənməli, işlərimizdəki bəzi iradlar aradan qaldırılmalıdır. Vaxtımızın bir hissəsi iradları üzə çıxarmağa sərf edilməlidir.      

İradları aydın görməli, aradan qaldırmalıyıq. İmkanlarımızı gücləndirməliyik. İşin bir hissəsi budur.

İşin bir hissəsi də beynəlxalq, regional münasibətlər, mümkün balanslaşdırmadır. Yəni beynəlxalq səhnədə dialoqlar daha dəqiq olmalı, təkcə nəzakət xatirinə söhbətlərin çox yer aldığı ənənələr kənara qoyulmalıdır.  İşimiz bir hissəsi budur.

Tövsiyəm  budur ki, müharibənin hələ başa çatmadığına ölkə daxilində diqqət yetirilsin.  Siyasi cərəyanlar da, tribunası olan şəxslər də diqqətli olmalıdırlar ki, çox mühüm bir məqamdayıq. Əlbəttə ki, İranın (düşməni hücum fikrindən) çəkindirmə potensialı da çox yüksəkdir. Mən demirəm ki, real müharibə gedir. Amma bilin ki, müharibə başlayıb və yalnız atəş dayandırılıb. Deməli, hazır olmalı, birliyimizi qorumalıyıq.

Hər halda bu müharibədə mühüm nöqtələrdən biri Rəhbərin tədbirləri idi. Rəhbər ilk gündən hadisələri çox diqqətlə izləyir, tədbir görür, komandanlar təyin edir, müharibə ilə məşğul olur, xalqla söhbət edirdi. Buna görə də hazırkı şəraitdə Rəhbər kamil şəkildə dəstəklənməlidir. Əlbəttə ki, bu zərurət ağıl baxımından da mühümdür. İnsanlar bir siyasi məsələyə müxtəlif münasibət göstərə bilər. Amma böyük bir böhranda olduğumuz zaman Rəhbərə, müharibəni idarə edən şəxsə dəstəyimiz güclü olmalıdır. Buna görə də gərginlik yaratmamalıyıq. Məncə, bu, hazırki şəraitdə mühüm dərketmənin bir hissəsidir. Demirəm fikir ayrılığı yoxdur. Cəmiyyətdə fikir ayrılıqlarının çox olması mümkündür. Siyasətçilər, partiyalar arasında da baxış fərqi ola bilər. Məsələ budur ki, zaman və məkan şəraiti, xalqın düşdüyü vəziyyətə diqqətsiz qalmaq olmaz. Çünki diqqətsizlik elə gərginliklər yaradır ki, düşmən bizə qarşı əməliyyatlara hərisləşir. Məncə, bu nöqtə də mühümdür və ona diqqət yetirilməlidir.

 

 

Sual:

Mümkündürmü ki, Ali Təhlükəsizlik Şurası bu baxımdan məsələlərə müdaxilə etsin?

Doktor Laricani:

Ali Təhlükəsizlik Şurası həmişə bu zəmində iş görüb, qərarlar da çıxarılıb. Ona görə də yeni qərarlara lüzum yoxdur. Çünki əvvəllər addım atılıb. Məlumatım var ki, ötən zamanlarda da bu zəmində işlər görülüb. Əsas odur ki, fəaliyyət göstərilsin, mütəxəssislər, qəzetçilər, qələm əhli ilə əlaqə qurulsun, onlar üçün mövzu aydınlaşdırılsın. Bizim keçmişdə də belə iclaslarımız olub, şərait izah edilib. Düşünürəm ki, həmin insanların əksərində fikir yetkinliyi var. Şərait düzgün şərh ediləndə onlar da düzgün qərar qərar çıxarır.

 

 

Sual:

Cənab doktor, baxmayaraq ki, düşmən bu müharibədə strateji məğlubiyyətə uğradı, amma bizdə də taktiki zəmində, hərbi və digər zəminlərdə boşluqlar vardı. Nəzərə alsaq ki, dövlətin bu sahədə proqramları Ali Milli Təhlükəsizlik Şurasında mərkəzləşir, ictimai fikirdə gözlənti ola bilər ki, ehtimal edilən müharibə başlamamış təhlükəsizlik sahəsində, hərbi sahədə, müdafiə sahəsində, mətbuatda boşluqların aradan qaldırılması üçün hansı işlər görüldüyü barədə mümkün qədər məlumat verilsin.

Doktor Laricani:

Ali Milli Təhlükəsizlik Şurası müdafiə sahəsində mühüm qərar qəbul edib, bu qərar Müdafiə Şurasının yaradılmasıdır. Müdafiə Şurası Ali Milli Təhlükəsizlik Şurasının sektoru kimi nəzərdə tutulub. Vəzifəsi yalnız müdafiə mövzusu, silahlı qüvvələrdəki nöqsanların aradan qaldırılması, bu sahədə tədbirlər görməkdir. Şərait də yaradılıb, məşğuldurlar. Bir iclas da keçirilib, işlər ardıcıl şəkildə nəzərdən keçirilir. Silahlı Qüvvələrin Baş Qərargahı da öz üzərinə bir vəzifə götürüb və fəaliyyətdədir. Müdafiə Nazirliyi ehtiyacların təmin olunmasında fəaldır. Hamı məşğuldur. Hamı, xüsusilə Sepahın komandanı, Aerokosmik Qüvvələrin komandanı çalışırlar ki, üzə çıxan nöqsanları imkan həddində aradan qaldırsınlar. Bu işdə xüsusilə mütəxəssis, istedadlı gənclərdən istifadə edilir. Modern bir müharibəyə daxil olduğumuz üçün katiblikdə müdafiə üzrə texnologiya şöbəsi yaratmışıq, onlar da məşğuldurlar. Bu sahədə addımlar atılır və mən şəxsən çox ümid edirəm. Çünki bir çox universitet mütəxəssisləri bu fəaliyyətlərə qoşulub.

 

 

Sual:

Əgər mümkünsə, nümunələr, xırdalıqlarla mövzunu bir qədər şərh edin.

Doktor Laricani:

Məsələn, havadan müdafiə sistemləri, radarlarda nöqsanlar üzə çıxmışdı, hazırda bu iş üzərində çalışırlar. Bu mövzularla bağlı başqa məsələlər üzərində də iş gedir. Əlbəttə ki, təfərrüata varmağa ehtiyac yoxdur. Sadəcə bilin ki, ümumi işin gedişatı necədir. Sözsüz ki, bu müharibədə üstünlüklərimiz də çox oldu. Raket və bu sırada malik olduqlarımız düşmənin belini qırdı. Ona görə də bu sahə daha da gücləndirilməlidir. Bu sahədə də iş gedir. Müdafiə sahəsi ilə məşğuluq, inşaallah yaxşı olacaq. Yəni perspektivlər, həmd olsun Allaha, ümidvericidir.

 

 

Sual:

Bu zəmində yeni təchizatlar alınması da nəzərdə tutulur?

Doktor Laricani:

Bəli, o da var. Hər halda biz daha çox daxili imkanlara istinad edirik. Amma başqalarının köməklərindən də istifadə olunur. Digər bir iş təhlükəsizlik sahəsindəki iradları aradan qaldırmaqdır. Bu zəmində də iclaslar keçirilir. Bu nöqsanlar hökmən aradan qaldırılmalıdır. Əlbəttə, təkcə insan amili nəzərdə tutulmur. Məsələn, deyəndə  düşmənin nüfuzu, elə təsəvvür yaranmasın ki, kimlərsə nəzərdə tutulur. Bəli, bu da var, demirəm yoxdur. Amma başqa amillər də var. Yeri gəlmişkən demək istəyirdim ki, ölkə daxilində ictimai fikirdə münasib cavab verilməmiş şübhələr, problemlər də var. Düşmən bu vəziyyətdən təbliğatda sui-istifadə edir. Nədir bu şübhələr? Öz xalqımıza düşmən nüfuzunun miqyası, dərinliyi barədə şəffaf məlumat verilmir. Bilmirəm, imkan varmı ki, ölkənin təhlükəsizlik üzrə məsulu bu mövzu barədə açıq-aydın danışsın, ya yox. Əgər imkan varsa, lütfən bu mövzuda bir qədər açıqlama versin.

Zəruri deyil ki, xırdalıqlara varaq, bu zərərli ola bilər. Amma bu məsələ ilə məşğul olmaq lazımdır. Mühüm budur ki, həmin məsələ diqqət mərkəzindədir, üzərində iş gedir. İbtidai təsəvvür budur ki, məsələn küçələrdə ya başqa məkanlarda kimlərsə düşmənə informasiya verir. Əslində belə deyil. Nüfuz səhnəsini gördüyünüz zaman başa düşürsünüz ki, yeni texnologiyalar xarici kəşfiyyata insanlardan qat-qat artıq kömək edir. İnformasiyaya texnoloji müdaxilə bu sahədə çox yardım edir. Düşmən sadəcə insani qüvvələrlə işləmir. Bu köhnəlmiş metoddur. Bəli, insan amili də var. Amma düşmənin kəşfiyyat idarələri informasiya banklarını ələ keçirməklə əməliyyatlarda bu məlumatlardan ən üstün şəkildə istifadə edir. Məsələnin bu yönünə daha artıq diqqət yetirilməlidir.

Problemlərin bir hissəsi də mətbuat üzərinə düşür. Əlbəttə, mən ümumi götürdükdə İran mediasının vəziyyətini pis dəyərləndirmirəm. Bu sahədə zəhmət çəkənlər çoxdur. Məqalə yazırlar, televiziyada, radioda, başqa yerlərdə söhbət edirlər. Nəzərə alsaq ki, bu hücum gözlənilməz, qəfil, namərdcəsinə hücum olub, yalanla yanaşı olub, qəbul etməliyik ki, mətbuatın da bir qismi ani iflic yaşayıb. Amma özünə gəlib, fəallaşıb.

Hazırda mühüm məsələ budur ki, mediamızın həm potensialını artıraq, həm texnikasını. Məncə, mediamız bir qədər primitivdir. Bu şəkildə mətbuat təsirli olmur. Auditoriya, oxucu, dinləyici qablaşdırılmış qısa və dəqiq informasiya istəyir. Demirəm həmişə belədir. Mümkündür ki, cazibədar olsa, geniş, uzun məqalə də maraq doğursun. Ümumi götürdükdə isə qısa məlumat daha çox bəyənilir.

Mesajın düzgün olması da təsirlidir. Hamı qəbul edir ki, təhlükəsizlik baxımından hər sözü danışmaq olmaz. Amma yalan da demək olmaz. Xalq hiss etməlidir ki, media yalan danışmır. Siz deyə bilərsiniz ki, hazırkı şəraitdə bəzi sözləri danışa bilmərik. Deyin ki, indi deyə bilmərik. Bunu hamı qəbul edər. Amma yalan danışsanız, etibarınızı itirəcəksiniz. Bu qayda işin devizi olmalıdır. Xüsusilə müharibə dövründə hədəfə çatmaq üçün xalq Rəhbərə arxalandığı kimi mətbuata arxalanmalıdır. Mətbuat doğru danışmalıdır ki, xalq yaranmış vəziyyəti qəbul edib özünü qaydaya salsın.

 

 

Sual:

Cənab doktor, güman ki, sizin bu arada İnqilab Rəhbəri ilə görüşləriniz olub və var. Sualım budur ki, bu məsuliyyəti, yeni vəzifəni qəbul etdikdən sonra Rəhbərlə ilk görüşdə onun sizdən istəyi nə olub və nədir?

Doktor Laricani:

Rəhbərin əsas istəyi bu oldu ki, ümumilikdə bütün təlaşımız ölkənin milli mənafelərinin lazımınca qorunması olsun, davamlı təhlükəsizlik əldə edilsin. Bu geniş söhbətdir, daxili, regional, beynəlxalq mövzuları əhatə edir. Rəhbərin nəzəri budur ki, bu məsələ ilə ardıcıl, davamlı, ciddi şəkildə məşğul olaq. Özü də bu yolu gedir. Mən müharibə boyu getdiyi yolda Rəhbərdə zərrəcə tərəddüd görmədim.

 

 

Sual:

Müharibə zamanı da Rəhbərlə əlaqəniz vardı?

Doktor Laricani:

Bəli, əlaqəmiz vardı. Tövsiyələri tam şəkildə bizə çatdırılırdı. Bir görüşümüz də oldu. Fikirlərimiz də ardıcıl şəkildə Rəhbərə çatdırılır, cavab alırdıq. Müharibədən sonra görüşlərimiz çoxalıb.

Rəhbər getdiyi yolda inamla addım atır. Bu rəftarı İmam Rahili xatırladır. İmam Xomeyni Parisdə olanda mərhum şəhid Mütəhhəri onun görüşünə gedir, bir neçə gün xidmətində olur. İrana qayıdanda mən  oğlu Əli Mütəhhəri ilə hava limanına, onu qarşılamağa getdik. Yolda soruşduq ki, İmam necə idi? Buyurdu ki, İmamı getdiyi yola, xalqa, Allaha imanlı, Allaha təvəkkül edən şəxs kimi gördüm. Sonra bir kitabında (“İran İslam İnqilabının gələcəyi”, səh. 50-52) yazmışdı ki, İmamda dörd iman gördüm: hədəfə iman, yola iman, xalqa iman, Allaha iman. Bu dönəmdə həmin halı həzrət Ayətullah Xameneidə də gördüm. Tam imanla addım atır. Bu xüsisiyyət ilahi yol gedən rəhbərlərin xüsusiyyətidir. Məqsədyönlüdürlər.

 

 

Sual:

Fəzanı dəyişək. Siz də ötəri işarə etdiniz ki, düşmən müzakirənin ortasında müzakirə mizini bombaladı. Buna görə də hazırkı şəraitdə müzakirəyə münasibətimiz 23 xordaddan qabaqkı münasibətdən fərqlənir. Sizcə, bu şəraitdə diplomatiya bir iş görə bilər? Əgər bir iş görə bilərsə, şərtləri nədir?

Doktor Laricani:

Mənim tövsiyəm budur ki, İran diplomatiyanı heç vaxt kənara qoymasın. Çünki diplomatiya özü bir alətdir. Böyük Rəhbər də bir dəfə buyurmuşdu ki, həmişə müzakirə bayrağı əlinizdə olsun. Bu tam düzgün mövqedir. Diplomatiya hökumətin işləri sırasındadır, onu tərk etmək mənasızdır. Mühüm odur ki, diplomatiyadan nə vaxt və necə istifadə edək. Əgər düşmən diplomatiya səhnəsini teatr səhnəsinə çevirəcəksə, belə diplomatiya faydasızdır. Ya da məqsədi bu olsun ki, başqa bir işə don geyindirmək üçün diplomatiyadan istifadə etsin. Aydın məsələdir ki, belə diplomatiyada məqsəd diplomatiya deyil. Amma diplomatiyada məqsəd bu olsa ki, müharibə faydasızdır, sülh istəyirik, bu zaman diplomatiyanın yeridir, bu həqiqiqi diplomatiyadır. Mən hazırda şəraiti belə görmürəm. Hiss edirəm ki, qarşı tərəf üçün diplomatiya bəhanə yaratmaq üçündür. Eyni zamanda biz deməməliyik ki, diplomatiyanı kənara qoyuruq. Müzakirə şəraiti necə olmalıdır, müzakirə nə vaxt səmərəlidir? O zaman səmərəlidir ki, qarşı tərəf müharibənin faydasız olduğunu dərk etsin, problemləri müzakirə yolu ilə həll etmək istəsin. Amma müzakirə başqa əməliyyat üçün bəhanə olacaqsa, belə müzakirə düzgün deyil. Bu zəmində bizim şərtimiz budur ki, həqiqi müzakirə aparaq. Əgər müharibə istəyirsinizsə, işinizdə olun, nə vaxt peşman olsanız müzakirəyə gələrsiz. Amma qərarınız budursa ki, müqavimətli xalqı müharibə ilə təslim edə bilmədiniz, yenə təzyiqləri gücləndirəsiniz, boş-boş danışırsınız. Rəhbər də onların cavabını verdi. Müharibədə başa düşdülər ki, iranlılar təslim olan deyil. Həqiqi müzakirənin şərti budur ki, bu nöqtəni dərk edələr.

 

 

Sual:

Cənab doktor, 12 günlük müharibədən sonra İslam Respublikasının müqavimət qrupları,  müqavimət cəbhəsi barədə  nəzəri nədir? Siz İraq və Livanda səfərdə oldunuz. Hazırda Livanda Hibullah ağır təzyiqlər altındadır. Hizbullahın silahı yerə qoyması tələb edilir. Hansı ki, İsrail hərbi müdaxilə ilə buna nail ola bilmədi. Digər tərəfdən beynəlxalq mətbuatda təhlillər aparılır ki, İslam Respublikasının dəstəklədiyi müqavimət cəbhəsi zəifləməkdədir.

Doktor Laricani:

Əgər zəifləyibsə, nə üçün bu qədər israr edir, təzyiq göstərirlər? Zəifləyiblərsə, buna nə ehtiyac? Adətən güclüyə təzyiq göstərilir. Məncə, bu sözlər təəccüb doğuran sözlərdir. Dörd-beş il qabaqkı, hadislərdən öncəki mətbuata qayıtsaq, o zaman zəifləmək söhbəti yox idi, doğrudur? Amma müqavimət, müqavimətin İranla əlaqələri barədə deyirdilər ki, İran səhv edir, müqavimət qüvvə deyil, İran boş yerə pul xərcləyir. Sözləri bu idi ki, müqavimət əhəmiyyətsizdir, İran özünü boş yerə xərcləyir. İndi isə deyirlər müqavimət cəbhəsi zəifləyib. Hansı ki zəif saymadıqları dövrdə də eyni fikri fərqli şəkildə yayırdılar. İndi ki deyirlər zəifdir, əl çəksinlər. Amma əl çəkmirlər, yeni planlar cızırlar. Məncə, düşmən son iki ildə özünə də, məntəqə əhalisinə də çox əzab verib. Əhalini qətlə yetirib, yaralayıb, aclığa düçar edib. Bu cinayətləri törədən rejim qırmızı xətt tanımır, hər yola əl atır. Qərb də bu vəhşiliyi qəbul edib.

Sonra sual olunur ki, siz ki Həması məhv etdiyinizi deyirsiz, indi nə üçün qorxursuz? Əhalini öldürdünüz, şəhid etdiniz, ac saxladınız, amma Həması aradan götürə bilmədiniz. Nə üçün Həmas yaşayır? Siz insanları qətlə yetirirsiz. Onların ailələri, gəncləri var. Siz onları sizinlə döyüşməyə  vadar edirsiniz. Hizbullah nə zaman yarandı? O zaman ki, İsrail Beyrutu işğal etdi. Hansı xalq işğalla barışar? Beləcə, bir qrup gənc düşmənə müqavimət göstərmək qərarına gəldi və bu qrup Hizbullahın özəyi oldu. İndi deyirsiz Hizbullahı İran yaradıb. Xeyr, Hizbullahı yaradan onların vəhşi rəftarıdır. Bəli, biz kömək etmişik və edirik. Amma Hizbullahı Livan xalqı yaradıb və Hizbullah bir sərmayə oldu. Kiçik bir ölkə İsrailin qarşısında dayanıb müqavimət göstərdi. Həmas da belə yarandı. Siz bir ölkəni işğal edib dediniz ki, burada sizə yer yoxdur, torpaqlarınızı verməlisiniz. Xalq da sizə qarşı ayağa qalxdı. Eyni vəziyyət İraqda da yarandı. Amerikalılar İraqı işğal edəndə müqavimət cərəyanları yarandı. Çünki işğal etdiniz, xalqa divan tutdunuz, əsgərləriniz axmaq hərəkətlərə yol verdi. Yəməndə müqavimət necə yarandı? Hüsilər həmişə vardı, hökumətlə qarşıdurmada idi. Amma Yəməni bombalamağa başlayanda  Hüsilər qərara qəldi ki, müqavimət göstərsin və müqavimət cərəyanları ərsəyə gəldi.

Beləcə, müqavimət düşmənin rəftarları sayəsində yaranır. Onlar təzyiqi artırdıqca müqavimət dərinləşir. Deyirlər zərbə endirdik, doğrudur.  Hizbullaha zərbə endirdilər. Amma  Hizbullah təkrar ayağa qalxdı, ya yox? Mücahid gənclər o qədər çoxdur ki, yenidən formalaşdılar.  

Bir zaman Amerikanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Bjezinski  bir kitab yazıb, sənətkar şairlərdən misallar çəkib, onlara istinad edir. Deyir Orta Şərqdə gənclərin siyasi agahlığı və Amerikaya nifrətlə üzbəüzük. Seneqallı şairdən misal çəkir. Bu bir həqiqətdir. Amerikalılar təzyiq göstərir, deyirlər ki, bizim nəzəriyyəmiz güc yolu ilə sülhdür. Bu nə deməkdir? Baş verən hadisələr cavab verir: yəni təslim olmaq!

Ya təslim olun, ya da müharibə! Hansı qeyrətli adam belə təslimçiliyi qəbul edər? Daha axmaq Netanyahu deyir ki, mən də bu fikirdəyəm və özünü meydana atır.  Netanyahu deyir ki, mən kiçik bir ölkə olaraq güc yolu ilə sülh yaratmaq istəyirəm. Ərəbistan, Misir, İordaniya, Küveyt kimi məntəqə ölkələrinə deyir ki, ya mənə təslim olmalısız, ya da döyüşməlisiz! Beləcə, hamıda həssaslıq yaradır. Hazırda regionda vəziyyət belədir ki, hamı İsrailə qarşı  döyüş vəziyyətindədir. Demirəm bizim kimi düşünürlər, yox. Bizimlə də fikir ayrılıqları var. Amma İsrailə etiraz edirlər. Bilirlər ki, İran İsrailin qarşısında səddir. Bu da bir nöqtədir. Məncə, müqavimət həm yaşayır, həm hərəkət edir.

 

 

Sual:

İslam Respublikasının siyasəti 12 günlük müharibədən sonra da müqaviməti dəstəkləmək və gücləndirməkdir?

Doktor Laricani:

Həmişə zamana münasib qərar çıxarmaq lazımdır, buna şübhə yox. Amma İslam Respublikası müqaviməti həmişə dəstəkləyir. Çünki müqaviməti həqiqi cərəyan, sərmayə hesab edir. Məgər Amerika və müttəfiqləri İsraili dəstəkləməkdən əl çəkib? Xeyr, İsraili dəstəkləyirlər. İran İslam mənafelərini dəstəkləyən, İranı sevən qüvvələrə köməkdən əl çəksə, siyasi ağılsızlıq olar. Əgər düşmən bütün potensialından istifadə edirsə, İran da bu işi görməlidir. İran nə üçün imkanlarınıdan istifadə etməsin?

Bəziləri deyir ki, müqavimət bizim üçün bir iş görməyib. Düşüncəmizə əl uzadırlar, təlqin edirlər ki, müqavimət İran üçün bir yükdür. Deyirlər bu sizin üçün artıq xərcdir, onları boşlasaz, sülh etmək olar. Bu gün Təhlükəsizlik Şurasının üzvü olmuş  dünya başçılarından biri ilə son vaxtlarda söhbət edirdik. Soruşdum ki, sizin çıxardığınız beynəlxalq qanunlar nə üçündür? Bizə hücum edilən zaman siz Təhlükəsizlik Şurasının üzvü olaraq heç bir addım atmırsınız? Bu qanunlar nə üçündür? Dedi bu qanunlar mənasızdır, beynəlxalq səhnə, yəni güc! Belədir. Əgər sizin  gücünüz yoxsa, vurulacaqsınız! Çox pis vəziyyətdir. Beynəlxalq səhnə belədir, meşə kimidir. Amma bu bir həqiqətdir. Qəbul edin, ya etməyin! Əgər qəbul etməsəz, daha çox vurulacaqsınız.

Demək, gücünüzü artırmalısınız. Xalq mühümdür, xalq arxanızda dayanmalıdır. Birliyi qoruyun, ehtiyaclarını təmin edin, xalqla dost olun, xalqla əmrlə danışmayın, onların hisslərini dərk edə bilərsiniz. Regionda da imkanlarınız var. İmkanlarınızı işə salıb regionla müttəfiq olun. Hizbullahın, müqavimət qüvvələrinin artıq yük olması strateji səhvdir. Məncə, həm onların bizim köməyimizə ehtiyacı var,  həm biz onların köməyindən istifadə etməliyik. Təcrid olmaq İranın milli mənafelərinə faydalı deyil.

 

 

Sual:

Siz Livan səfərinizdə Şeyx Nəim Qasimlə də görüşdünüz. Bir az diplomatiyasız, ümumi şəkildə deyə bilərsiniz ki, keçirdiyiniz görüşlərdən hansı nəticəni çıxardınız, Hizbullahın dirçəlişi, yenilənməsi barədə nə düşünürsünüz?

Doktor Laricani:

Mən əvvəllər də bu barədə danışmışam. Mən Hizbullahı və rəhbərini çox qətiyyətli gördüm. Həm rəhbərlik, həm gənc kadrlar qətiyyətlidir. Qarşılanma mərasimində, şəhid Nəsrullahın məzarı kənarında söhbət etdim. Siz o nəsli gördünüz. Onları kimsə dəvət etməmişdi, özləri gəlmişdilər. Ruhiyyələri  belədir, onlara zülm olunduğunu düşünürlər. Buna görə də Livanın müdafiəsi yolunda canlarını qoyublar. İndi hansısa qrup gəlir, deyir siz təslim olmalısınız. Nə üçün təslim olaq? Kimin qarşısında təslim olaq? Narahatdırlar.

Bizim mövqeyimiz budur ki, onlar milli bir dialoqla öz problemlərini həll etsinlər. İndi də bu qayda qüvvədədir. Biz heç vaxt müqavimət qüvvələrinə iradəmizi zorla qəbul etdirməmişik. Deyirlər onlar İranla əlaqəlidir. Bəli, əlaqəmiz var, çünki qardaşıq. O mənada yox ki, bizə tabedirlər. Bizim üsulumuz bu deyil. İnanırıq ki, onlar yetkindirlər və özləri qərar çıxara bilər. İranın rəftarının başqalarının rəftarından fərqi də bundadır. Düşmənin strategiyası budur ki, ya təslim olun, ya da müharibə olacaq. Amma bizim nəzərimiz budur ki, qarşı tərəfin ağılına, düşüncəsinə hörmətlə yanaşılsın. Biz təkcə özümüz yox, regionun müstəqil, güclü olmasını istəyirik. Livan da, İraq da, Ərəbistan da güclü olmalıdır. Demirik onlar zəif olsun, biz onlara hakim olaq. Biz hakim olmaq fikrində deyilik. Biz qardaş rəftarı, ağıllı həmkarlığı qəbul edirik. Regionda müstəqil və güclü dövlətlərə etimadımız var. Biz belə işlərə müdaxilə etmirik, özləri qərar çıxarırlar. Amma həmişə müqaviməti dəstəkləyirik. Müqavimətin himayə olunması İslam Respublikasının strategiyasıdır.

 

 

Sual:

İcazənizlə, nüvə enerjisi məsələsi barədə danışaq.  Sizin nüvə dosyesi, Beynəlxalq Nüvə Enerjisi Təşkilatı (MAQATE) ilə çəkişmələr sahəsində qədimdən geniş təcrübəniz var. Təşkilatın son hadisələrdə, müharibə gedişində  mövqeyini necə dəyərləndirirsiniz? Təşkilatla anlaşma, hətta onun hüquqi məsuliyyətə cəlb edilməsi barədə İslam Respublikasının hansı planları var?

Doktor Laricani:

Məlumatım olan qədər, Əl-Baradei və sonrakı nəsil zamanından indiki rəisə qədər təşkilat heç vaxt belə dağıdıcı mövqedə olmayıb! Yəni əvvəllər az da olsa, ağıla istinad edilib. Qərbin hakimiyyəti altında olsalar da, bir qədər beynəlxalq qanunlara riayət ediblər. İndiki rəis sanki sionist rejim və Amerikaya imzalanmış ağ çek verib. Müharibə qəziyyəsində aranı qızışdırıb. Rüsvayçılıqdır ki, təşkilat NPT öhdəçiliyinə üzv ölkəni müdafiə etməli, iclas keçirib məsələni Təhlükəsizlik Şurasına çıxarmalı olduğu halda, hazırkı rəis tamaşaçı mövqeyi tutub, hətta etiraz da etməyib. Belə bir şəxsin təşkilata rəhbrlik etmək səlahiyyəti varmı? Sabiq rəis Əl-Baradei yüz faiz də olmasa, müəyyən həddə ağıllı addım atırdı. Bu təşkilat həmişə beynəlxalq təzyiq altındadır. Əl-Baradei bir yolla bu peşəkar təşkilatın heysiyyətini qoruyurdu. Ən azı fəaliyyətlərində mütəxəssis dəyərləndirməsi olması görüntüsü yaradırdı. İndki rəis isə tam təslim oldu. Müharibə işin axırıdır. Bizimlə müharibə başladı, nüvə mərkəzlərimizi bombaladılar, təşkilat bunu məhkum edən bir bəyanat da vermədi! Gerçəkdən rüsvayçılıqdır.

Məncə, əvvəl təşkilatın özü barədə qərar çıxarılmalıdır, bu təşkilat nə üçündür? Dünya üçün sual yaranıb ki, bu təşkilatın işi nədir? Biz təşkilatın NPT öhdəçiliyinin üzvüyük. Bu təşkilatla əməkdaşlığın bizə faydası nədir? Demirəm öhdəçiliyi tərk edək. Amma ölkəmiz və dünya ölkələri üçün bu məntiqi sual cavabını gözləyir.

 

 

Sual:

NPT öhdəçilyindın çıxmaq seçimi İslam Respublikasının gündəmindədir?

Doktor Laricani:

Bu seçim həmişə gündəmdədir. Əlbəttə ki, mən demirəm indi bu addım atılmalıdır. Bu özü də ağıl və tədbir istəyir. Müəyyənləşdirməliyik ki, faydası var, yoxsa yox. Biz nüvə bombası yaratmaq istəmirik. Bomba istəyən ölkə NPT-ni qəbul etməməlidir. Bomba istəmirsə öhdəçiliyi qəbul edir. Qəbul etməməsi mənasızdır. Amma reallıqda NPT-nin bizə heç bir faydası olmadı.

Əgər siz bu işlərdə iqtidarla addım atsanız, məqsədə çatacaqsınız - beynəlxalq səhnə belədir. Əgər düşünsəniz ki, diplomatiya, görüşüb qucaqlaşmaqla nəsə əldə edəcəksiniz, səhv edirsiniz, belə bir şey yoxdur. Gücünüz varsa, işiniz gedəcək. Buna görə də İran güclənməlidir.

 

 

Sual:

Bu ifadənin bizim nüvə siyasətimizdə tərcüməsi necə olur?

Doktor  Laricani:

Bizim siyasətdə tərcüməsi budur ki, müzakirəni heç vaxt kənara qoymayın, amma müzakirədə təslim də olmayın, ağıllı çıxış yolu təklif edin. Demirəm yumşaqlıq göstərməyək. O zaman göstərək ki, məqsədləri məsələnin həllidir. Bir zaman Rəhbər də buyurmuşdu ki, qəhrəmancasına mülayimlik. Bu o zaman olur ki, qarşı tərəf də mülayim olsun. Amma onlar deyirsə ki, təslim olun, bu zaman təslim olmamalı, möhkəm dayanmalısan.

 

 

Sual:

Cənab doktor, biz qarşıdakı həftələrdə tətik, təzyiq mexanizmi hadisəsi ilə üzləşəsiyik. Bu söhbət neçə ay əvvəl başlayıb. Bu işdə əsas rol oynayan avropalılardır. İranı hədələmək üçün bu mexanizmə əl atıblar. Bu mexanizm və avropalıların rəftarını necə dəyərləndirirsiniz?

Doktor Laricani:

Avropalıların nə iş gördüyü göz qabağındadır, dəyərləndirməyə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Onlar Amerikanın əməliyyatlarının bir hissəsini həyata keçirir. Amma burada fikir ayrılığı var. Bir sıra ölkələr, o cümlədən Rusiya və Çin bəyanat da verib. Onlara görə tətik mexanizmi elə bir zaman üçündür ki, sazişin bir tərəfi öhdəçiliyini yerinə yetirməsin. Kim yerinə yetirməyib? Nüvə təsisatlarımızı bombaladılar. Bizə qarşı tətik mexanizmi nə üçündür? Beynəlxalq hüquq baxımından üzücü səhnədir. İş görən qalıb, o birini vururlar. Beynəlxalq səhnə heyrətamizdir, belə üzücü səhnələri var. Buna görə də fikir ayrılıqları var.

Digər baxış fərqi budur ki, siz tətik mexanizmindən istifadə etmək istəyirsinizsə, birbaşa Təhlükəsizlik Şurasına gedə bilməzsiniz. Əvvəlcə istəklərinizi ortaya qoymalısınız, sonra mütəxəssislər, nazirlər dəyərləndirməlidir. Bunlar birbaşa Təhlükəsizlik Şurasına üz tutdular!

Növbəti nöqtə budur ki, Amerika sazişdən çıxdı, neçə nəfər qaldı? Yəni İran, Rusiya, Çin, üç Avropa ölkəsi. Bu olur üçün üçə. Necə qərar çıxarılacaq? Yeddi ölkə olsaydı, əksəriyyət məna kəsb edirdi. İndi ki, üç üçədir, qaydaya əməl edilsə, asan olmur.

Məntiqi yol bu idi ki, problem müzakirə yolu ilə həll edilsin. Təzyiq də iki növdür: Biri amerikalıların yoludur ki, bombardman etdilər. Bir yol da onların (avropalıların) yoludur ki, deyirlər ya belə etməlisiniz, ya da filan! Amma mətndə olan budur. Buna görə də fərqli baxışlar var.  

 

 

Sual:

Cənab doktor, sizin Çinlə də həmkarlıq və strateji razılaşma prosesində təcrübəniz var. Hazırda Çin və Rusiya ilə əlaqələr necədir, necə davam edir? Mən mühakimə etmək istəmirəm, amma bəzi söhbətlər var ki, onlar məsələn müharibədə lazım olduğu kimi görünmədilər. Nəzərinizi bilmək istəyirəm, bu iki ölkə ilə əlaqələrimiz hansı vəziyyətdədir, hansı istiqamətə gedir?

Doktor Laricani:

Ümumi götürdükdə, bu iki ölkə ilə münasibətlrimiz yaxşıdır. Onlarla çox yaxşı siyasi əlaqələrimiz var. Ticarət əlaqələri çox yaxşıdır. Hərbi və təhlükəsizlik sahəsində də həmkarlığımız var. Əgər ölkələr öz xüsusi tədbirləri əsasında həmkarlıq edirsə, biz də eləyik. Məncə, intizarımız olmamalıdır ki, bir ölkə bizim istədiyimiz kimi həmkarlıq etsin. Hər ölkənin həmkarlıq üçün öz nəzəri, öz çərçivəsi var.

Qərb ölkələri bizimlə həmkarlıq etmirsə, nə etməliyik? Kimsə deyirsə Rusiya və Çinlə həmkarlıq etməyək, istəyir tək qalaq? Bir halda ki, qərb ölkələri həmkarlıq etmir, biz də Çinlə, başqa ölkələrlə həmkarlıq edirik. Qərb özünü yuxarı çəkdi, biz də o biri ölkələrlə strateji rabitələr qurduq. İnsafla desək, onlar da həmkarlıq etdilər. Hər halda biz sanksiyalar dövründə həmin ölkələr, qonşu ölkələrlə işləmişik. Siyasət aləmində ölkələrin sayı qədər çıxış yolu var. Qərblilər elə düşünürdü ki, təhdid etsələr, iranlılar ağıllarını kənara qoyub, buyurun, təslim olduruq deyəcək. Amma İran da başqa çıxış yolu tapır.

Məncə, İranın qonşularla, başqa ölkələrlə əlaqə qurması düzgün addım oldu. Sanksiya problemi bu yolla müəyyən həddə aradan qalxdı. Demirəm ki, sanksiyalar bütünlüklə təsirsizləşdirildi. İqtisadiyyatımıza təsirləri var. Amma gözləmək olmaz ki, onlar təzyiq göstərsin, biz də yerimizdə sayaq. Məncə, ölkəmiz düzgün qərar çıxardı. İndi bir ölkənin çox, bir ölkənin az həmkarlıq etməsi mümkündür.   

 

 

Sual:

Müharibədən qabaq, son bir ildə  bir təsəvvür vardı, müharibənin sonlarında da təkrarlandı. İndi ki müharibə bir qədər arxada qalıb, yenidən həmin zümzümələr eşidilir. Mövzu diplomatiya və müharibənin hansı həddə uyğunluğudur. Bu bir layihədir, yoxsa hərə kəndiri özünə tərəf çəkir? Bu barədə sizin fikrinizi bilmək istəyirəm.

Doktor Laricani:

Əslində bu iki məsələ bir-birindən ayrı deyil, hətta milli iqtidarın ünsürləridir. Son bir ildə təsəvvür edilirdi ki, İsrailə münasibətdə diplomatiya və meydanın istəkləri fərqlidir. Demək istəyirəm ki, əslində diplomatiya və meydan bir-birindən ayrı deyil. Milli iqtidar ardınca olan ölkələr bütün bunları, hətta iqtisadiyyatı bir tam kimi görürlər. Əlbəttə ki, bunları tarazlaşdırırlar. Deyirlər ki, diplomatiya bu işi, meydan bu işi, iqtisadiyyat bu işi, mədəniyyət bu işi görsün. Demək, hərəkət milli mənafe, milli iqtidar istiqamətindədir. Meydanda, diplomatiyada, sair sahələrdə görüləcək işləri təyin edirlər. O ölkə uğur qazanır ki, milli iqtidar yolunda əsas işini təyin edib düzgün addım atmaq istəyəndə sözünə, addımına vaxtında tərif versin.

 

 

Sual:

Yəni bizdə bütün bunlar  əlaqələndirilib? 

Doktor Laricani:

Həmişə  əlaqəli olub, indi də əlaqəlidir. Bu zəmində problemimiz yoxdur, meydan, diplomatiya və digər sahələr çiyin-çiyinə hərəkət edib. Ali Milli Təhlükəsizlik Şurasının əsas vəzifəsi budur ki, milli təhlükəsizlik üçün addım atılanda diplomatiyanın, meydanın, iqtisadiyyatın görəcəyi işləri təyin etsin. Konstitusiyaya görə Ali Milli Təhlükəsizlik Şurası iqtisadiyyat, müdafiə, diplomatiyaya birlikdə baxmalı, onları birlikdə görməlidir. Buna görə də şura üzvləri arasında hərbçi də, iqtisadçı da, xarici və daxili hövzə üzrə siyasətçi də var.

 

 

Sual:

Cənab doktor, Ermənistan və Azərbaycanın Amerikada son razılaşmasını necə dəyərləndirirsiz? Bu bizim üçün təhlükə ola bilər? Bu barədə hansı tədbirlər görülməsi ehtimal edilir?

Doktor Laricani:

Bu böyük bir layihənin tərkibindədir və sadəcə İrana aid deyil. Mərkəzi Asiya və Qafqazdan daha çox faydalanmaq üçün bir yoldur ki, Amerika, NATO və bu kimilərində aldadıcı bir baxış da var. Rusiyaya da, bizə də bir növ təzyiqdir. Amma sual budur ki, bu iş İran üçün geosiyasi bir qapanma yaradır, ya yox? Bizə hansı həddə aid olması şərtdir. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi mənimlə danışdı, izahat verdi. Xarici İşlər Nazirliyi ilə, prezidentlə danışıb, izahat veriblər. Demirəm düzgün ediblər, daha dəqiq ola bilərdilər. Sözləri budur ki, ticari iş görüblər, məqsədləri müxtəlif yollarla daşınmanı rahatlaşdırmaqdır. Deyirlər heç bir halda şimal-cənub yolunu kəsmək istəmirlər. Əlbəttə ki, bu sözlər rəsmiləşməlidir. Telefon söhbətləri kifayət deyil. Amma bu barədə razılaşma olsa, geosiyasi qapanma yarada bilməzlər.  O bir işdir, bu başqa. Mane olub-olmayacağı məsələyə necə yanaşılacağından aslıdır. Hazırda bu barədə danışıqlar gedir.

 

 

Sual:

Yəni baş verən hadisə zatən bizə təhdid sayılmır?

Doktor Laricani:

Bəli, öz-özlüyündə təhdid olmaya bilər. Bir şərtlə ki, qeyd etdiklərim həyata keçsin. Sözsüz ki, həmişə ehtiyatlı olmaq lazımdır. Demirəm əhəmiyyətsizdir.

 

 

Sual:

İslam Respublikasının analizində həmin məntəqədə qapanma necə tərif edilir ki, deyirsiniz əgər belə olsa müxalifik?

Doktor Laricani:

Geosiyasi qapanma belədir ki, Erməmistana yol kəsilsin. Əgər yol kəsilsə, keçib gedə biməsək, qapanma sayılması düzgündür. Amma Ermənistanın İrana verdiyi izahatlar belə deməyə əsas vermir. Qapanma olsa hökmən hərəkət etməliyik. Amma hələ ki belə bir plan olmadığını deyirlər. Amma vədləri dəqiqləşməlidir. Məncə, Prezidentin səfərində  məsələ xeyli aydınlaşacaq.

 

 

Sual:

Qonşu ölkələrdən biri ilə münasibətlərimiz, İsrailin İrana hücumunda onların İsraillə həmkarlıq etməsi ilə bağlı xəbərlərə görə ictmai fikirdə suallar yaradır. Mümkünsə, bu barədə açıqlama verin.

Doktor Laricani:

Onların İsraillə həmkarlığı şübhəsiz arzuolunmazdır.

 

 

Sual:

Hazırda İslam Respublikası yəqinliyə çatıb ki, 12 günlük müharibədə onlar İsraillə həmkarlıq edib?

Doktor Laricani:

Bu günə qədər bu barədə heç bir arqumentimiz yoxdur. Biz sənəd-sübutla danışmalıyıq. Bəziləri həmin həmkarlıqla bağlı öz iddialarına dəlil göstərməlidir. Hələ ki sübutumuz yoxdur. Azərbaycan dövləti qətiyyətlə deyir ki, belə bir həmkarlıq olmayıb. Bizim də mizin üstünə qoyulası dəlilimiz yoxdur. Nəzərə alın ki, Azərbaycan müsəlman qonşu dövlətdir, mədəniyyət baxımından bizə çox yaxındır, dostumuzdur. Bəzi məsələlərdə aramızda fikir ayrılığı var. Cənub məntəqəsindəki ölkələrlə də belə problemlər var. Biz ölkələrlə dostluqda bu amili nəzərə alırıq. Dostluq da şərtidir. Siz bir ölkə ilə çox məsələlərdə dost olduğunuz halda, bəzi məsələlərdə fərqli mövqe tuta bilərsiniz. Həmkarlıq etdiyimiz Rusiya və Çin də İsraillə əlaqə saxlayır. Amma biz öz mənafelərimizin ardıncayıq. Qəbul etməliyik ki, müasir dünyada fikir müxtəlifliyi var. Bir çox ölkələr İsraillə bizim kimi yox, fərqli münasibətdədir. Bizim kimi düşünənlər də var. İraq və bəzi ölkələr bizim kimi mövqe tutub.

 

 

Sual:

Sualım onların baxışı deyildi. Bizə qarşı təhlükə nöqtəsi olub-olmamalarını soruşdum.

Doktor Laricani:

Potensial baxımından mümkündür. Amma hazırda olmayıb. Yəni Azərbaycan dövlətinin açıqlamalarına əsasən bizə qarşı addım atmayıblar. Hər halda Təhlükəsizlik Şurasında bunu sübut edən sənəd yoxdur. Nəzərimiz də budur ki, qonşu, müsəlman, dost Azərbaycan belə iş görməz. Hələ ki araşdırmalarımızda dəlil tapılmayıb. Nə vaxtsa dəlil əldə edilsə, başqa şəkildə rəftar edərik. İndi isə dəlil yoxdur, əsassız sözlərlə addım ata bilmərik.  

 

 

Sual:

Cənab doktor, əvvəlki söhbətlərdən belə anlaşılır ki, tətik mexanizmi işə salınacaq. Bu halda İranın cavabı nə olacaq?

Doktor Laricani:

Bu mövzu hazırda araşdırılır. Məndə olan məlumata görə, bəzi ölkələr müzakirə üçün çalışır ki, həmin addımın qarşısı alınsın. Rusiya və Çin də fərqli mövqe ilə mexanizmə mane olurlar.

 

 

Sual:

Vaxtı uzatsalar, İran qəbul edəcək?

Doktor Laricani:

Bu məsələdə fikir ayrılıqları var. Bəzi ölkələr belə təkliflə çıxış edib, amma İran bunu məqbul saymır. İrana görə bu da bir oyun olacaq. Bir dəfə deyəcəklər altı ay, növbəti dəfə bir il. Bizim razılaşmamız olub ki, on il ərzində proses tamamlanmalıdır. Qəbul etmirik ki, səs-küy salıb təkrar vaxt artırsınlar. Daxildə bəziləri vaxtın altı ay artırılmasını qəbul etmək tərəfdarıdır. Amma ümumilikdə biz bunu qəbul etmirik.

 

Sual:

Yəni Təhlükəsizlik Şurası hələ bu barədə qərara gəlməyib?

Doktor Laricani: 

Xeyr. Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı mümkün yolları nəzərdən keçirməlidir. Dedim ki, tərik mexanizmindən istifadə barədə fikir ayrılıqları var. Mühüm ölkələrin də mövqeyi fərqlidir. Təhlükəsizlik Şurasına getsə, mövzu orada da mübahisəlidir. Orada qərar qəbul edilə bilər ki, mexanizm fəallaşdırılsın, ya yox.

 

 

Sual: Fəallaşdırılsa, İslam Respublikası nə edəcək? Belə görünür ki, bu, ən pis qərar ola bilər.

Doktor Laricani:

O halda da tədbir görəcəyik. Siz ən pis halı nəzərdə saxlayın, amma hələ o vaxta qədər vaxtımız var.

 

 

Sual:

Sonda əlavə etmək istədiyiniz məsələ varsa, buyurun.

Doktor Laricani:

Həqiqətən düşünürəm ki, hazırkı şəraitdə bütün gücümüzü xalqın ehtiyaclarının aradan qaldırılmasına sərf etməliyik. Bu bizi narahat edən ən mühüm məsələdir. Çıxış yolları da var. Çalışmaq lazımdır. Xalq ilkin ehtiyacların ödənməsində çətinlik çəkirsə, bu hər şeydən çox üzücüdür. Problem həll olunmalıdır. İşıq, qaz kimi problemləri də aradan qaldırmaq mümkündür. Təlaş lazımdır. İmkan verməməliyik ki, zavod-fabriklərin işi dayansın. İş dayanırsa, milli sərvət azalır. İranda belə olmamalıdır. Bu problemlərin həlli üçün dövlət müxtəlif ölkələrlə də iş aparır. Hazırda üzərində hamının çalışmalı olduğu məsələ budur. Əsas yük dövlət və məclisin üzərindədir. Milli təhlükəsizlik də bizim üzərimizə düşüb. Amma xalqa görə narahatıq. Çünki bu məsələ xalqın müqavimətinə zərbə vurur.