“Bizə verdiyiniz arxayınçılığa, yəni İranda və İraqda neft mənbələrimizə tamah salmadığınızı bildirdiyiniz üçün sizə çox təşəkkür edirik.”

Bu cümlələr İkinci Dünya Müharibəsi dövründə Britaniyanın baş naziri Vinston Çerçillin ABŞ prezidenti Ruzveltə yazdığı məktubun bir hissəsidir. Məktub 1944-cü ildə ABŞ-ın Avropa cəbhəsinə daxil olmasından bir neçə ay əvvəl yazılmışdı. Böyük Britaniyanın ABŞ-dan maliyyə və hərbi yardıma ən çox ehtiyac duyduğu bir vaxtda yazılan bu ifadələr həmin mənbələrin Britaniya üçün vəsfolunmaz dərəcədə əhəmiyyətli olduğuna işarə edir. Amma bu neftin hekayəsi haradan başlayırdı?

1901-ci ildə Vilyam Noks Darsi ilə bağlanmış müqaviləyə əsasən, altmış illik müddətə İranın geniş ərazilərində – şimal-şərqdən tutmuş cənub-qərbədək – neft hasilatı imtiyazı ona verildi. Şərtə görə, müəyyən miqdarda nağd pul ödəməli və hər il şirkətin mənfəətinin 16 faizini İrana verməli idi. Səkkiz il sonra, yəni 1909-cu ilin aprelində İranın qərb və cənub-qərbindəki quyulardan neftin fontan vurmasından bir il sonra İngilis-İran Neft Şirkəti adlı böyük bir səhmdar cəmiyyəti Londonda qeydiyyata alındı. Onun nizamnamə kapitalı iki milyon funt-sterlinq idi və səhmlərinin bir hissəsi də Britaniya hökumətinə məxsus idi. Bir neçə dəfə adını dəyişən bu şirkət son nəticədə dünyanın ən böyük neft şirkətlərindən biri olan Britiş Petrolyumun (BP) əsasını qoydu.

Bu şirkət o qədər gücləndi ki, Birinci Dünya Müharibəsinin sonu və Osmanlı imperiyasının dağılması ilə Britaniya və Fransanın Qərbi Asiyanı bir tort kimi öz aralarında bölüşdürməsindən sonra Britaniya İraqın neftlə zəngin olan bölgələrinin, yəni Bağdad, Bəsrə və ardınca Mosul neftinin bir hissəsini də bu şirkətin imkanları hesabına ələ keçirdi. Lakin İkinci Dünya müharibəsinin sonu ilə Britaniya imperiyası zəifləməyə başladı və yavaş-yavaş yerini ABŞ-a verdi.

Miras toplama vaxtıdır

ABŞ İkinci Dünya Müharibəsinə qoşulmaq barədə qərar verən kimi, hegemoniyaya əsaslanan yeni bir dünya nizamı qurmağa hazırlaşdı. Müharibə başa çatdıqdan və Avropa gücləri zəiflədikdən sonra isə məhz Amerika idi ki, hərbi bazalarını genişləndirərək, BMT, Dünya Bankı və sair kimi beynəlxalq qurumlar təsis edərək, bütün dünyanın təhlükəsizlik və iqtisadi nizamını nəzarət altına almağa başladı. Bu hüquqi pərdənin altında isə saysız-hesabsız qanunsuz fitnələr, çevrilişlər, təcavüzkar müharibələr və cinayətlər gizlənirdi. Hər bir müstəqillik hərəkatı ya Şərq blokunun tərkibində yozulmalı ya da Amerikanın hegemon siyasətləri ilə eyni istiqamətdə olmalı idi. Üçüncü bir yol təsəvvür olunmurdu. İran da elə həmin ölkələrdən biri idi ki, İkinci Dünya Müharibəsindən sonra İngiltərənin təsiri zəiflədiyi bir dövrdə müstəqillik və tapdalanmış hüquqlarını bərpa etmə cəhdinə başladı və çox keçmədən yeni dünyanın reallığı ilə üz-üzə qaldı: qoca müstəmləkəçi geri çəkilmişdi, gənc müstəmləkəçi isə mirası toplamağa girişmişdi.

İran dosyesi

İkinci Dünya Müharibəsinin bitməsindən qısa müddət sonra İran xalqı, ruhanilər və milli hərəkatların rəhbərliyi ilə neft sənayesini milliləşdirmək və onu İngiltərənin əlindən çıxarmaq üçün addımlar atıldı. İran şahına göstərilən təzyiqlər nəticə verdi və o, Müsəddiqi Baş nazir seçməyə məcbur oldu. 1951-ci ilin fevral-mart aylarında qəbul edilən qanunla, neftin kəşf, hasil və istismarına dair bütün imtiyazlar ingilis şirkətindən alınaraq ləğv edildi. Bu qanunun qəbulundan dərhal sonra İngiltərə İranı Haaqa Beynəlxalq Məhkəməsinə şikayət etdi, lakin şirkətin özəl olması səbəbilə məhkəmə hökm verməkdən imtina etdi və İran məhkum edilmədi. Ardınca İngiltərə digər Qərb ölkələrinin də dəstəyi ilə İran neft sənayesinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Bu isə “Gənc müstəmləkəçi”nin səhnəyə daxil olması üçün ən yaxşı fürsət idi.

Neftin milliləşməsi ABŞ-a göstərdi ki, İran xalqı müstəqilliyə və hegemoniyanın caynağından qurtuluşa çatmaq üçün mübarizə və fədakarlığa hazırdır. Bu ruhiyyə və düşüncə boğulmalı idi və Amerika da fürsəti münasib gördü. İran neftinin milliləşməsi xalq hökumətinə böyük güc verdi. İranın dövlət adamları şahla toqquşdu, şah əleyhinə partiyaların və mətbuatın fəaliyyəti gücləndi. Sovet İttifaqına meylli cərəyanların həmin partiya və mətbuat içində olması amerikalılara bu məsələyə müdaxilə üçün yaxşı bir bəhanə verdi.

Şah və Müsəddiq arasındakı qarşıdurma və şahın ölkədən qaçması ABŞ kəşfiyyat xidmətləri üçün fürsət yaratdı. Onlar şahpərəst generallar üzərində yatırım edərək Müsəddiq hökumətini devirdilər. 1953-cü ilin 19 avqustunda “Ajaks əməliyyatı” İranda həyata keçirildi. Bu çevriliş zamanı çoxlu sayda insan öldürüldü, Müsəddiq isə həbs edilərək sürgünə göndərildi. Şah İrana qayıtdı və 25 illik istibdad dövrünə başladı. O, bu istibdadı Amerikaya borclu idi və işin əvvəlində elə onlara minnətdarlıq əlaməti olaraq neft sənayesinin 40%-lik payını amerikalı şirkətlərə verdi.

Amerikanın maşası, jandarmı və hegemonların “Sabitlik adası”

Çevrilişdən İslam İnqilabına qədər olan 25 il İranı Amerika üçün Çerçil qədər dəyərli etdi. Soyuq müharibənin gərginliyində və Sovetin ərəb dünyasında olan nüfuzu altında Amerika artıq bölgənin iki əsas oyunçusu – İran və Səudiyyə Ərəbistanı – üzərində nəzarətini təmin etmişdi.

Pəhləvi İranı indi ABŞ-ın regional və transregional planlarını həyata keçirən bir maşa idi. Ərəb ölkələri ilə İsrail arasında müharibədə İsrailin boğulmaq üzrə olduğu dönəmdə bu Pəhləvi rejimi idi ki, neft axınını İsrailə açıq saxladı və onun süqutunun qarşısını aldı. Bəəs Partiyası İraqda Sovet İttifaqı ilə münasibətlərini möhkəmləndirərkən, şah rejimi sərhəddəki Kürd qruplarını silahlandıraraq bu rejimi zəiflətməyə çalışdı. ABŞ Vyetnamdakı qanlı müharibə üçün logistika təmin etməkdə çətinlik çəkdiyi zaman ABŞ-da təlim görmüş İran pilotları və döyüş təyyarələri Vyetnamda mülki əhalini bombalamaq üçün göndərilirdi. Həmçinin, İran ərazisində Sovet İttifaqının fəaliyyətlərini izləmək üçün müxtəlif bazalar quruldu və 25 mindən çox ABŞ hərbçisi müşavir kimi fəaliyyətə başladı.

Şahın ABŞ-a verdiyi bütün bu üstünlüklər geniş hərbi avadanlıqların alınması, İranın sənaye və qərb bazarlarına yatırımları və dini mədəniyyəti toplumdan uzaqlaşdırmaq cəhdləri İranı bölgədə “Sabitlik adası”na çevirdi. Bu sabitlik adası ABŞ-ın regionda hegemonluğunu möhkəmlətmək üçün idi.

Qəfəs qırıldı, quş qəfəsdən uçdu

1979-cu il İslam İnqilabı Amerika üçün tam şok idi. ABŞ üçün böyük iqtisadi mənfəət itkilərindən əlavə, bölgədəki mühüm bir vasitə əlindən çıxdı. ABŞ İranın köməyi ilə İsrail üçün böyük təhlükələri dəf edə bilmişdi və Kemp-Devid anlaşmasından sonra İsraillə mübarizədə qabaqcıl ərəb ölkəsi bu mübarizədən tamamilə çıxmışdı. Lakin indi İslam İnqilabı Fələstin ideallarına yeni nəfəs verdi.

Bundan başqa İranın regional məsələlərdə hərəkət trayektoriyası tamamilə əksinə çevrildi və İslam İnqilabı müsəlman və azadlıqsevər xalqlar üçün üçüncü bir yol açdı. Artıq müstəqilliyi düşünmək mümkün idi və Qərb və Şərq bloklarının “Məcburi qayçı” rolunu qəti taley olaraq görmək lazım deyildi. Elə bu üçüncü yol və bu baxış bölgədə Müqavimət Cəbhəsinin yaranmasına səbəb oldu və Amerikanın Yaxın Şərqdəki layihələrini ölümlə üz-üzə qoydu. Bu yeni perspektiv ABŞ-ın bölgədə bəzi dövlətləri İsrail ilə normal münasibətə qaytarmaq üçün 40 ildən çox vaxt sərf etməsinə səbəb oldu. Bu dəfə isə region xalqlarının normal münasibət yaradan dövlətlərə nifrəti əvvəlkindən də qat-qat çoxdur, çünki onların qarşısında İslam İnqilabı və Müqavimət Cəbhəsi nümunəsi var.

İndi daha aydın başa düşmək olar ki, Amerika niyə İslam İnqilabının ilk günlərindən etibarən onu saptırmağa və ya məhv etməyə çalışmışdır. İmam Xamenei 8 yanvar 2025-ci ildə belə buyurub:

“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”

İran, yəni Çerçilin həyatının ən çətin günlərində Amerikadan qorumağa çalışdığı miras, 25 il Amerikanın əlinin içində idi, indi isə öz müsəlman xalqının əlinə keçmişdir. Bəlkə də Amerikanın İslam İnqilabından əvvəl və sonra İran xalqına qarşı düşmənliyinin əsas səbəbi budur: İran Britaniyanın müstəmləkə mirası idi və xalq onu Amerikanın əlindən çıxarmışdır.