Bu görüşdə Ayətullah Xamenei başsağlığı verib belə qeyd etdi:

"Sionist rejimin son hücumu nəticəsində şəhid olmuş hərbi komandirlərimizin, alimlərimizin və əziz xalqımızın yaxınlarına başsağlığı verməyi özümə lazım bilirəm".

 

İnqilab Rəhbəri bu şəhadət ən ali iftixarlardan hesab etdi:

"Bütün şəhid ailələrinə başsağlığı verirəm, xüsusilə ata və analarına, həyat yoldaşlarına və övladlarına. Onların mükafatı Allah-təalanın dərgahındadır və qazandıqları iftixar insani, İlahi və İslami dəyərlər arasında ən ali iftixarlardandır".

 

O Həzrət dünya xalqlarının İran xalqının gücünə etiraf etdiyini vurğuladı:

"Sionist rejimin İrana qarşı başlatdığı on iki günlük təcavüzkar xarakterli müharibədə İran xalqı böyük qürur və iftixar qazandı ki, dünya xalqları da buna etiraf edirlər. İran milləti bu savaşda öz gücünü, əzmini, iradəsini, müqavimətini və üstün mövqeyini bütün dünyaya nümayiş etdirdi".

 

Daha sonra İnqilab Rəhbəri başqalarının ölkənin gücünü yaxından gördüklərini qeyd etdi:

"Son müharibədə əgər başqaları əvvəllər uzaqdan nəsə eşitmişdilərsə, bu dəfə İran İslam Respublikasının gücünü yaxından hiss etdilər".

 

Ayətullah Xamenei İranın gücünü dünyaya nümayiş etdirdiyini bildirdi:

"Son müharibədə İran İslam Respublikası öz quruluşunun və ölkəsinin təməl dayaqlarının misilsiz möhkəmliyini bütün dünyaya nümayiş etdirdi".

 

O Həzrət İranın öz düşmənini 45 ildir üstələdiyini qeyd etdi:

"İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır".
 

"İslami olan İran din və elm əsasında qurulmuşdur",- deyə İnqilab Rəhbəri buyurdu.

 

O Həzrət din və elmin iki əsas təməl ünsür olduğunu vurğuladı:

"İran İslam Respublikasının quruluşunda din və elm iki əsas təməl ünsürdür. Məhz bu səbəbdəndir ki, xalqın dini inancı və gənclərimizin elmi biliyi müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur edə bildi. Bundan sonra da bu belə olacaq".

 

Ayətullah Xamenei düşmənin din və elmi hədəfə aldığını qeyd etdi:

"Dünya hegemonlarının, başda isə cinayətkar Amerika rejiminin əleyhinə olduğu əsas məsələ İran xalqının dini və elmi qüdrətidir".

 

Daha sonra Amerikanın İslam və Quran kölgəsində olan birliyin əleyhinə olduğunu vurğuladı:

"Cinayətkar Amerika İslam və Quranın kölgəsində yaranan birliyin əleyhinədir, həmçinin siz İran xalqının elminə də düşmən kəsilmişdir".

 

İnqilab Rəhbəri söhbətinin davamında düşmənin bəhanələrindən söz açdı və belə buyurdu:

"İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur".

 

"İran xalqı, Allahın lütfü ilə, dinindən və elmindən əl çəkməyəcəkdir", - deyə o Həzrət qeyd etdi.

 

İnqilab Rəhbəri din və elm yolunda böyük addımlar atacağını təkidlə bildirdi:

"Biz dini imanımızı möhkəmləndirmək və müxtəlif və çoxşaxəli elmlərimizi inkişaf etdirmək və dərinləşdirmək yolunda böyük addımlar atacağıq".

 

Ayətullah Xamenei İranın inkişafına davam edəcəyini açıqladı və buyurdu:

"Biz, düşmənlərin acığına İranı inkişafın və iftixarın ən uca nöqtəsinə çatdıracağıq".