Həcc möminlərin arzusu, həsrətində olanların bayramı, bəxtəvər insanların mənəvi ruzi payıdır. Əgər [həcc] onun öz dərin və sirlərlə dolu mənası ilə yanaşı olsa, yalnız İslam ümmətinin deyil, bütövlükdə bəşəriyyətin əsas dərdlərinin əlacı olar.
 

Həcc səfəri, ticarət, turizm və ya başqa məqsədlərlə edilən və bəzən ibadət və xeyir işlərin də yer aldığı adi səfərlərə bənzəmir. Həcc səfəri adi həyat tərzindən arzulanan həyata hicrətin məşqidir. Arzulanan həyat tövhidə əsaslanan həyatdır. Bu həyatda haqq mehvərində (orbitində) daimi təvaf, iki çətin zirvə arasında daimi səy, şərr xasiyyətli şeytanın daimi daşlanması, zikr və yalvarışla dolu bir məkanda dayanmaq, çarəsiz və yoldan keçənə yemək vermək, insanların rəngini, irqini, dilini, coğrafiyasını eyni gözlə görmək, hər zaman xidmətə hazır olmaq, Allaha sığınmaq və haqqın müdafiə bayrağını ucaltmaq – bütün bunlar bu həyatın daimi və əsas ünsürləridir.
 

Həcc mərasimi bu həyatın simvolik nümunələrini özündə cəmləyir və həccə gedəni bu həyatla tanış edir və ona dəvət edir.
 

Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.
 

İslam dünyası bu gün hər zamankından daha çox bu dərslərdən istifadə etməyə ehtiyac duyur. Bu, Qəzza və Qərbi Asiyada baş verən faciə ilə eyni vaxta təsadüf edən ikinci Həcc mövsümüdür. Fələstinə hakim kəsilən sionist cinayətkar banda heyrətamiz qəddarlıq və misilsiz vəhşilik və şərlə Qəzza faciəsini ağlagəlməz bir nöqtəyə çatdırmışdır. Bu gün fələstinli uşaqlar bombalar, güllələr və raketlərdən daha betər şəkildə susuzluq və aclıqla öldürülürlər. Əzizlərini, gənclərini, atalarını və analarını itirib qəlbi dağlanmış ailələrin sayı hər keçən gün artır. Bu insanlıq faciəsinin qarşısında kim dayanmalıdır?
 

Şübhəsiz ki, bu məsuliyyətin ilk müxatəbi İslam dövlətləridir və xalqlar hökumətlərin bu məsuliyyətə əməl etməsini tələb etməlidirlər. Bəli, müsəlman dövlətlər müxtəlif məsələlərdə siyasi fikir ayrılığına sahib ola bilərlər, amma bu, onları Qəzzadakı ağır hadisələr qarşısında birlik və həmkarlıqdan və bu gün dünyanın ən məzlum insanlarının müdafiəsindən uzaq tutmamalıdır. Müsəlman dövlətlər sionist rejimə yardım edən bütün yolları bağlamalı və bu cinayətkarların Qəzzada törətdiyi qəddarcasına rəftarı davam etdirməsinin qarşısını almalıdırlar.
 

Amerika sionist rejimin cinayətlərində birmənalı şəkildə şərikdir. Bu rejimlə əlaqəli olan məntəqə dövlətləri və digər İslam ölkələri Quranın məzlumların müdafiəsi ilə bağlı çağırışına qulaq asmalı və hegemon Amerika dövlətini bu zalım davranışlardan çəkindirməyə məcbur etməlidirlər. Həccdəki bezarlıq mərasimi [yəni zalım və kafir rejimlərdən bezarlığı elan etmək mərasimi] bu istiqamətdə bir addımdır.
 

Qəzza xalqının heyrətamiz müqaviməti Fələstin məsələsini İslam dünyasının və dünyanın bütün azadlıqsevərlərinin diqqət mərkəzinə çevirmişdir. Bu fürsətdən istifadə edilməli və bu məzlum millətə yardım üçün tələsmək lazımdır. Sionist rejimin və onun havadarlarının Fələstin adını və məsələsini unutturmaq üçün göstərdiyi bütün cəhdlərə rəğmən, bu rejimin rəhbərlərinin şər xisləti və onların axmaq siyasətləri elə bir vəziyyət yaradıb ki, bu gün Fələstin adı hər zamankından daha parlaq, sionistlərə və onların himayədarlarına qarşı ümumi nifrət isə hər zamankından daha güclüdür. Bu, İslam dünyası üçün mühüm bir fürsətdir.
 

Tribun sahibləri və ictimai mövqeyə sahib şəxslər xalqları bu məsələyə qarşı agah və həssas etməli, Fələstinlə bağlı tələbləri daha geniş şəkildə yaymalıdırlar. Siz bəxtəvər zəvvarlar da Həcc mərasimi zamanı dua və Allah-təaladan yardım istəmə fürsətini gözdən qaçırmayın və sionist zalımlara və onların himayədarlarına qarşı qələbəni Allahdan diləyin.
 

Allahın salavat və salamı dəyərli İslam Peyğəmbərinə və onun pak Əhli-beytinə olsun, həmçinin Bəqiyyətullah Həzrət Məhdiyə (Allah zühurunutezləşdirsin) salam və salavat olsun.
 

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
 

Seyid Əli Xamenei

30.05.2025