İranın mərhum Prezidenti Höccətül‐İslam Seyid İbrahim Rəisini daşıyan helikopterin qəza törətdiyi 19 may 2024-cü il tarixi onun şəhadətə bənzər vəfatı ilə nəticələnən faciənin ildönümüdür. Bu hadisə İran xalqını və bir çox ölkələri dərindən sarsıtdı. Elə ilk günlərdən etibarən bir çox ölkənin nümayəndə heyətləri Tehrana gələrək başsağlığı verdilər.

İnqilab Rəhbəri şəhidlərin ailələri ilə görüşdə Ayətullah Rəisinin yorulmaz şəxsiyyəti barədə belə buyurdu:

“Mərhum şəhid cənab Rəisi gecə-gündüz tanımırdı, sözün əsl mənasında yorulmağın nə olduğunu bilməzdi.” (20.05.2024)

İnqilab Rəhbərinin digər çıxışlarında da şəhid Rəisinin seçilən şəxsiyyəti barədə müxtəlif məqamlara rast gəlinir:

“Biz görkəmli bir şəxsiyyəti itirdik. Bu, doğrudan da əvəzolunmaz ağır bir itkidir.” (22.05.2024)

Bu münasibətlə KHAMENEI.IR media platforması mərhum Prezident Seyid İbrahim Rəisinin şəhadətinin ildönümü ərəfəsində onun hökumətinin beynəlxalq sahədəki fəaliyyətini, dünya ölkələri ilə qurduğu konstruktiv münasibətləri və 13-cü hökumətin xarici siyasətdəki əsas istiqamətlərini nəzərdən keçirəcək.

 

 

Şəhid Rəisinin hökumətində ədalətə əsaslanan çoxtərəfli yanaşma çərçivəsində dünya ilə əlaqə

 

İnqilab Rəhbəri ölkələrlə əlaqə və çoxtərəfli yanaşmanın əhəmiyyətinə toxunaraq 2023-cü ilin aprelin 4-də ölkə rəsmiləri ilə görüşdə belə buyurdu:

“Xarici əlaqə təkcə Amerika və üç–dörd Avropa ölkəsi ilə münasibət demək deyil, dünyada iki yüzdən artıq ölkə var və hər biri müəyyən bir potensiala malikdir. Bu xarici əlaqələrdən istifadə etmək mümkündür.”

 

Eləcə də 2016-cı ilin mart ayının 10-da belə qeyd etmişdi:

“Dünya geniş bir məkandır. Qüdrətlər də bu gün dünyada yayılıb və bölünmüş bir vəziyyətdədir.”

Ayətullah Rəisinin hökuməti dövründə diplomatiya bir neçə ölkəyə aid olmaqdan çıxdı və onun xarici siyasəti “Əməli formada inqilab yönümlülük” və ya “Ədalətə əsaslanan çoxtərəfli yanaşma” prinsiplərinə əsaslandı. Bu siyasətin əsas elementlərini isə sanksiyaların təsirsizləşdirilməsi və ləğvi, eləcə də dünya ölkələri ilə iqtisadi və siyasi əlaqələrin balanslaşdırılması təşkil edirdi.

İran İslam Respublikasının səkkizinci prezidentinin xarici səfərləri və onun 13-cü hökumət dövründə idarəçilik strategiyasının təhlili göstərir ki, o, Asiya, Afrika, Latın Amerikası və qonşu ölkələrə xüsusi önəm verirdi. Təxminən üç illik fəaliyyət dövründə bu bölgələrdəki müxtəlif ölkələrə səfərlər etmişdi.

Ayətullah Rəisinin Asiya ölkələri ilə əlaqələr qurmaq sahəsindəki səyləri bölgə liderlərinin diqqətini çəkmiş və Rusiya, Çin, Qətər, Pakistan və Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə görüşlərində regional münasibətləri və əməkdaşlığı gücləndirmək istiqamətindəki səylərinə görə ona təşəkkür etmişdilər.

 

İqtisadiyyat – Şəhid Rəisinin hökumətində dünya ilə əlaqənin diqqət mərkəzində olan məsələ

Ölkənin iqtisadiyyatını gücləndirmək şəhid Rəisinin əsas iş prinsiplərindən biri idi. O, iqtisadiyyatı möhkəmləndirməklə həm dövlətin qüdrətini artırmağı, həm də dünya ilə iqtisadi münasibətləri asanlaşdırmağı hədəfləyirdi. Bu məqsədə çatmaq üçün isə İnqilab Rəhbərinin buyurduğu kimi, daxili istehsalın dəstəklənməsi əsas yol idi. Elə bu səbəbdən mərhum Rəisi ölkədaxili istehsala xüsusi diqqət göstərirdi.

İnqilab Rəhbəri 2025-ci il may ayının 10-da fəhlələrlə görüşündə bu məsələyə toxunaraq belə buyurdu:

“Verilən statistikaya əsasən, şəhid Rəisinin hökuməti dövründə səkkiz min zavod yenidən fəaliyyətə qaytarılıb. Bu, həmin əziz şəhidin qürurverici işlərindən biri idi.”

Milli istehsalın dəstəklənməsi ilə yanaşı şəhid Rəisi regional və qeyri-regional ölkələrlə iqtisadi əlaqələrin inkişafını da daim diqqətdə saxlayırdı. Bu istiqamətdə ilk addımlardan biri 2021-ci il sentyabr ayının 16-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən BRICS toplantısında iştirak etmək idi. Bu səfərdə belə təkid etmişdi:

“Mənim hökumətimin əsas yönü iqtisadiyyatdır və regionda iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindəyik.”

 

Həmin çərçivədə İran və Tacikistan arasında 500 milyon dollarlıq ticarət hədəfi müəyyənləşdirildi.

Qeyd etmək lazımdır ki, mərhum Rəisinin hökuməti dövründə İran ədalətə əsaslanan çoxtərəfli yanaşma xəttini izləyərək, 2024-cü il yanvarın 1-də rəsmi olaraq BRICS-ə üzv oldu və Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ilə birlikdə fəaliyyətə başladı. Eyni zamanda İran Şanxay Əməkdaşlıq Təşkilatına da tamhüquqlu üzv oldu və Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarus ilə əməkdaşlığa başladı.

Şəhid Rəisinin iqtisadiyyata önəm verməsinin digər nümunələrinə aşağıdakılar daxildir:

• Moskva ilə hərtərəfli iqtisadi münasibətlərin inkişafı;

• Türkiyə ilə ticarət və iqtisadi əməkdaşlığın 30 milyard dollara çatdırılması;

• Asiya, Afrika və Latın Amerikası ölkələri ilə ticarətin genişləndirilməsi.

Region ölkələri ilə qarşılıqlı ehtirama və milli müstəqilliyə əsaslanan iqtisadi əlaqələr o dərəcədə inkişaf etmişdi ki, şəhid Rəisinin Qazaxıstan və Qırğızıstan liderləri ilə görüşlərində Qazaxıstan–Türkmənistan–İran dəhlizinin həyata keçirilməsi və Bəndər-Abbas–Orta Asiya strateji dəmir yolunun başa çatdırılması və istifadəyə verilməsi məsələlərinə dair yüksək maraq ifadə olunmuşdu.

Şəhid Rəisinin hökuməti qeyri-regional iqtisadi əlaqələr sahəsində də ciddi fəaliyyət göstərmişdir. Məsələn:

• 2023-cü ilin iyun ayında Kuba səfəri zamanı “CIGB” fabrikinin rəhbərləri İranın Pastor İnstitutu ilə birgə vaksin istehsalı sahəsində əməkdaşlıq etdiklərini bildirmişdilər;

• Venesuelaya səfəri zamanı uzun müddət durğun olan Karakasdakı “Megasis” adlı 20 min kvadrat metrlik İran məhsulları satış mərkəzi yenidən fəaliyyətə başlamış və İranın qida və gigiyena məhsullarının bazarına çevrilmişdir.

İran iqtisadiyyatı son illərdə durğun vəziyyətə düşmüşdü, lakin şəhid Rəisinin hökuməti dövründə yenidən dirçəliş yoluna qədəm qoydu.

 

Şəhid Prezidentin qarşılıqlı siyasətində beynəlxalq ədalətli münasibətlər

Təəssüf ki, bəzi hökmranlıq həvəsində olan dövlətlərin beynəlxalq münasibətlərdə yalnız digər ölkələrin sərvətlərini ələ keçirməyə yönəlik siyasət yürütdüyünü müşahidə edirik. Belə ölkələr heç zaman əməkdaşlıq etdikləri dövlətlərin müstəqillik və özünü təmin etmə səviyyəsinə çatmasını istəməmiş və bu səbəbdən də həmin ölkələrə texnologiyanın ötürülməsindən daim yayınmışlar.

Şəhid Ayətullah Rəisinin beynəlxalq münasibətlərində diqqət çəkən məqamlardan biri, beynəlxalq münasibətlərdə ədalətli prinsiplərə daim hörmətlə yanaşması və İranın müxtəlif sahələrdə əldə etdiyi texnologiya və təcrübələri dost və qonşu ölkələrlə paylaşmağa açıq olduğunu vurğulaması idi.

Bu məqsədlə, o, SİCA-nın altıncı sammitində belə bildirmişdi:

“İran İslam Respublikası müstəqil ölkələrin ortaq mənafelərinin əməkdaşlıq yolu ilə təmin olunmasına inanır.”

2023-cü ildə baş tutan Venesuela səfərində şəhid Rəisi bu ölkənin prezidentilə görüşündə qeyd etmişdi:

“İran xalqı hegemon sistemə qarşı müqaviməti və sanksiyalara qalib gəlməsi nəticəsində elmi və texnoloji sahələrdə dəyərli təcrübə və nailiyyətlər əldə edib ki, bunlar Venesuela ilə bölüşülə bilər.”

O, həmçinin əlavə etmişdi:

“Tehran və Karakas sanksiyalar və təzyiqləri inkişaf üçün fürsətə çevirməlidirlər. Bu hərəkata artıq İranda start verilib və son iki ildə bu istiqamətdə mühüm addımlar atılıb, bu təcrübələr Venesuelada da faydalı ola bilər.”

Qətər Əmiri və Pakistan Prezidenti ilə ayrı-ayrı görüşlərində də bu məsələni vurğulayan şəhid Rəisi bildirmişdi:

“İran xalqı zülmkarcasına olan sanksiyaları ölkənin inkişafı üçün bir fürsətə çevirdi. Bu sahədə təcrübə mübadiləsinə və imkanların bölüşdürülməsinə hazır olduğumuzu bildiririk.”

 

Mədəniyyət – İranın mərhum Prezidenti üçün regional və qeyri-regional əməkdaşlığın mühüm pəncərəsi

Mədəniyyət siyasətin hərəkətverici qüvvəsi və xalqlar və dövlətlər arasında əlaqələrin gücləndirilməsində təsirli bir vasitə olduğundan, şəhid Rəisi Tacikistana səfəri zamanı bu ölkədə hörmət edilən dini və mənəvi simalardan biri olan Mir Seyid Əli Həmdaninin məqbərəsini ziyarət etdi və iki xalqın təməlində mənəviyyatın əhəmiyyətini vurğuladı.

Mədəniyyət məsələsinə göstərdiyi önəmin başqa bir təzahürü kimi, o, bölgə xalqları və dövlətlərinin milli bayramlarında həmrəylik ifadə edən təbrik mesajları göndərməyi də əskik etmirdi.

İslamın qonşu ölkələrin rəsmi dini olması prinsipinə sadiqlik şəhid Rəisinin mühüm xüsusiyyətlərindən biri idi. Hətta o, Rusiya Prezidenti Vladimir Putinlə rəsmi görüşünü namaz qılmaq üçün dayandırmışdı. Eyni səfər çərçivəsində Rusiya Müftilər Şurasının rəhbəri Ravil Eynuddin şəhid Rəisiyə belə demişdi:

“Sizin Kremldə qıldığınız namaz çox simvolik və diqqətçəkən idi. Hətta mənə Finlandiyadan yazdılar ki, Kremlə bərəkət gəldi.”

Şəhid Rəisinin mədəniyyət siyasətinin başqa bir cəhəti onun İran və Venesuela arasında keçirilən yüksək səviyyəli heyətlərin görüşündə şəhid Hacı Qasim Süleymani ilə Venesuelalı siyasətçi Simon Bolivarı anti-imperializm və hökmranlığa qarşı mübarizə qəhrəmanları kimi təqdim etməsi oldu. Həmçinin Latın Amerikasının üç ölkəsinə etdiyi regional səfərdən qayıdarkən verdiyi müsahibədə belə bildirdi:

“Latın Amerikası ölkələri ilə İran İslam İnqilabı arasında ortaq düşüncə mövcuddur.”

13-cü hökumətin mədəniyyət sahəsindəki bu cür təmasları dövlətlər və xalqlar arasında təfəkkür yaxınlaşmasına əhəmiyyətli təsir göstərir və bu da qarşı tərəfdə İrana qarşı qarşılıqlı hisslərin formalaşmasına səbəb olurdu. Bu yaxınlığın bariz nümunəsi, mərhum Rəisinin səfəri zamanı Pakistanın İslamabad şəhərinin ən böyük və əsas prospektlərindən birinin “İran” adlandırılması oldu.

Fələstin məsələsi – Şəhid Rəisinin regional yaxınlaşmada dəyişməyən prinsipi

İran İslam Respublikasının Ali Rəhbəri dəfələrlə Fələstinə dəstəyin və zalıma qarşı məzlumun müdafiəsinin vacibliyini vurğulayıb. O Həzrət 24.04.2001 tarixli çıxışında belə buyurmuşdu:

“Fələstinə dəstək, xalq hərəkatı və sionizmlə və onun himayədarları ilə mübarizə İran İslam Respublikasının strateji siyasətinin əsas rüknlərindəndir.”

İran İslam Respublikası həmişə dünyanın istənilən nöqtəsində məzlumlara yardım etməyə çalışmış və bu hədəflə də həmişə Fələstin xalqının daim müdafiəçisi olmuşdur. Mərhum Prezident Rəisinin də fikri bu düşüncədən qaynaqlanırdı və Qəzzanın məzlumluğunu heç vaxt unutmamışdı. O, 2023-ci il noyabr ayının 8-də Tacikistan və Özbəkistana ikinci səfəri ərəfəsində bu məsələyə toxunaraq, Qəzza məsələsinin həmin səfərin əsas mövzusu olduğunu bildirmiş və beynəlxalq təşkilatların sionistlərin cinayətlərinə qarşı fəaliyyətsizliyini,mövcud dünya nizamının dəyişdirilməsinə dair haqlı ümumi tələbin bir sübutu kimi təqdim etdi.

Ayətullah Rəisi SİCA-nın altıncı zirvə toplantısında ABŞ və sionist rejimi Fələstin, Suriya, İraq, Yəmən və Əfqanıstanda uşaqların və dinc əhalinin qətliamının məsulu kimi təqdim edərək, bu rejimləri bölgədə təhlükəsizliyin, zorakılığın, terrorizmin, müharibənin və iztirabın əsas səbəbi kimi dəyərləndirmiş və Fələstin məsələsinin yeganə həll yolunu işğalçılığa son qoymaq və xalqların öz taleyini müəyyən etmə hüququna hörmət göstərmək kimi göstərmişdi.

O, Şərq və Qərb liderləri ilə görüşlərində ABŞ-ın təsiri altında olan beynəlxalq qurumların səssizliyinə baxmayaraq, bütün İslam ölkələrinə xəbərdarlıq edən bir üslubla müraciət edir və hamının İlahi bir imtahan qarşısında olduğunu bildirirdi. Həmçinin, İslam ölkələrinin sionist rejimlə siyasi və iqtisadi əlaqələri kəsməsini onun cinayətlərini dayandırmaq üçün təsirli bir vasitə kimi tanıtdırırdı.

İran və Rusiya prezidentlərinin görüşündə şəhid Rəisi sionist rejimin müdafiəsiz Qəzza xalqına qarşı törətdiyi vəhşilikləri soyqırım və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirərək bildirmişdi:

“Bu rejimin əli ilə 6 mindən çox uşağın şəhid edilməsi ağrılı və kədərlidir. Amma daha kədərlisi odur ki, bu cinayətlər Amerika və Qərb ölkələrinin dəstəyi ilə, yaxud beynəlxalq qurumların və insan hüquqlarını müdafiə etdiyini iddia edən təşkilatların sükutu və laqeydliyi ilə müşayiət olunur və bu qurumların səmərəsizliyini üzə çıxarır.”

 

Dini diskurs – On üçüncü hökumətin Şərq və Qərblə yaxınlaşma yolu

Ayətullah Rəisinin dinlərin birliyi və İbrahimi dinlər arasında dini diskursun formalaşdırılması zərurətinə olan inamı, onu Latın Amerikası səfəri zamanı Venesuelalı tələbələr və ziyalılarla görüşündə Həzrət Məsihin (İsa Peyğəmbər) insanlığa öyrətdiklərini ədalətin tətbiqinə çağırış kimi təqdim etdi. O, əlavə etdi ki, Həzrət Məsih, onun adı ilə insanlığa zülm etmək istəyənlərdən bezardır.

İslam dünyasının birliyi istiqamətində də mərhum Rəisi 2024-cü ilin aprelin 22-si tarixində Pakistan Prezidenti Asıf Əli Zərdari ilə görüşündə siyasi və iqtisadi əməkdaşlıqlarla yanaşı, İran və Pakistan xalqları arasında mövcud olan dini və mədəni ortaq cəhətlərdən danışdı və onları iki ölkənin münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə zəmin yaradan amil kimi dəyərləndirdi. Həmin görüşdə Pakistan Prezidenti də iki xalq arasında mədəni maraqları təsdiqləyərək, İran və Pakistan xalqlarının, xüsusilə İmam Rza (əleyhissalam) başda olmaqla Əhli-beytə olan sevgisini bu qardaşlığın dərinləşməsinə səbəb kimi qeyd etdi.

Mərhum Rəisinin bölgə ölkələri ilə mədəni əlaqələrinin əsasında, İslam ümmətinin vəhdət və həmrəyliyi yolunda İslam ölkələrinin daha sıx həmrəyliyinə zəmin yaratmaq dururdu. Əlcəzair parlamentinin sədri ilə görüşdə Rəisi Əlcəzairin İslam dünyasının mənafeyinə dair açıq mövqeyini və sionist rejimin mahiyyəti və siyasətləri barədəki maarifləndirməsini alqışlayaraq, hegemon güclərin, başda ABŞ və sionist rejimin müstəqil ölkələr arasında əlaqələrin genişlənməsinə qarşı çıxdıqlarını vurğuladı və bildirdi ki, İran və Əlcəzair regional və beynəlxalq məsələlərdəki ortaq baxışlara əsaslanaraq öz xalqları və İslam dünyası üçün faydalı və səmərəli əməkdaşlıq edə bilərlər.

 

Zülmə qarşı durmaq

On üçüncü hökumətin dünyadakı ölkələrlə əməkdaşlığında mühüm mövzulardan biri də zülmə qarşı durmaq idi. O, dəfələrlə bəyan edirdi ki, hegemon sistem yalnız dünyaya hökmranlıq etmək istəyir, bütün xalqların sərvətlərini öz istəklərinə uyğun ələ keçirmək niyyətindədir və xalqların iradəsinin hakim olmasını qəbul edə bilmir.

O, 2023-cü ildə Venesuela Milli Məclisinin sədri və bəzi komissiya rəhbərləri ilə görüşdə bildirdi ki, Venesuela xalqı və dövləti hegemon sistemə qarşı müqaviməti ilə tarix yazıblar. Bu ölkənin hegemonlara qarşı duran milli qəhrəmanlarını yad edərək, onları zülm altında olan xalqlar üçün azadlıq nümunəsi adlandırdı.

Həminki səfər zamanı Managua şəhərinin Azadlıq meydanındakı çıxışında Ayətullah Rəisi bildirdi:

“İran və Nikaraqua xalqlarının inqilablarının ortaq cəhəti müstəqillik, azadlıq və ədalət arxasınca olmalarıdır. Hər iki xalqın inqilabı hegemon güclərin, xüsusilə də Amerikanın hökmranlığına qarşı mübarizəyə əsaslanır.”

O, Nikaraqua inqilab liderlərinin xatirə abidəsində əklilqoyma mərasimində iştirak etməyə də hazır olduğunu bildirdi.

Başqa bir səfərində İran və Uqandanın yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasında mərhum Rəisi Uqandanın ekstremizm və terrorizmə qarşı mövqeyini alqışlayaraq, İranla Uqanda arasında ortaq cəhətləri biri İslam İnqilabının, digəri isə bu ölkənin azadlıq və müstəqillik hərəkatının anti-imperialist ruhunun olduğunu vurğuladı. O dedi:

“Qərb ölkələri ailə təməlinə hücum, eyni cinsdən olanların evlilik məsələsinin çirkin təzahürlərini yaymaq, ekstremizm və terrorizmə təşviq etmək, insan haqlarından siyasi vasitə kimi istifadə etməklə müstəqil ölkələrə təzyiq göstərirlər. Bu baxımdan İran və Uqanda arasında mədəni əməkdaşlığın genişlənməsi hər iki xalqın düşmənlərinin planlarına qarşı mübarizədə çox faydalı olacaq.”