İslamda qadın şəxsiyyətinə “çoxyönlü şəxsiyyət” ünvanında və təsirli kimlik olaraq tərif verilir. Fərdi yöndən, iman, iffət, elmi və mənəvi inkişafa malikdir. Ailə baxımından evin müdiri,  insan tərbiyəsinin ən mühüm hissəsinə məsul, ailə üzvlərinin asayişinin əsasıdır. İctimai yöndən cəmiyyətdəki ümumi cərəyanlara təsirlidir. Bu xüsusiyyətləri İslam Peyğəmbəri (s) öz bəyanatlarında Həzrət Zəhra (s), Xədiceyi-Kübradan (s) danışarkən qeyd etmişdir. Peyğəmbərin (s) Həzrət Zəhranı (s) vəsfləri qohumluq əlaqələrinin fövqündədir.

Həzrət Zəhranın (s) fəzilətləri saya gəlmir. O, bəşər formasında zahir olsa da, vücudunun mahiyyəti adi insanların düşüncəsindən yuxarıdır. Necə ki, gözdə günəşin nuruna zillənmək gücü yoxdur. Həzrət Zəhranın (s) yüksək məqamı  onu müxtəlif yönlərdən “kamil insan”, ”səmavi insan” məqamında qərar verir. Bu üstün xüsusiyyətləri daha yaxşı dərk etmək üçün onları altı qrupda araşdırırıq:

 

İbadət

Mənəvi baxımdan, o gənc olmasına baxmayaraq, Allah qarşısında ibadət və xüzunun elə bir dərinliyinə varmışdı ki, yalnız yaşlı və təcrübəli ilahi övliyalarda müşahidə oluna bilər. Onun gündəlik minacatlarının əsas xüsusiyyəti “başqalarına önəm vermək mənəviyyatı”, dualarda qonşular və başqalarını əvvələ salması idi. Həzrət Zəhranın (s) duada başqalarını ailə üzvlərindən qabağa salması onun yeganə Allaha bəndəliyinin nəticəsi olan cəmiyyət və insana ilahi baxış idi. Həzrət Zəhranın (s) ibadətinin necəliyi  barədə iki hekayət nəql edilir.

Zahidlərdən olan, İslam tarixinin tanınmış siması və Əhli-Beytin (ə) xüsusi çevrəsindən sayılmayan Həsən Bəsri Həzrət Zəhranın (s)  unikal məqama malik olduğunu etiraf edir. Onun “Xanım o qədər ibadət edirdi ki, ayaqları şişirdi” sözləri təsdiqləyir ki, İslam ümməti arasında Zəhra (s) kimisi olmayıb. Çevrədən kənar şəxslərin Xanım haqqında belə qətiyyətli sözləri göstərir ki, onun yüksək ibadət məqamı qəti və inkaredilməz bir tarixi həqiqətdir.  

İmam Həsən Müctəbanın (ə) tarixi bəyanatına əsasən, o bir cümə axşamı anasının sübhə qədər ardıcıl və uzun ibadətinə şahid olub. İmam Həsənin (ə) buyuruğunda maraqlı nöqtə budur ki, Həzrət Zəhra (s) gecə uzunu tanıdıqlarının və möminlərin bir-bir adını çəkdiyi, onların çətinliklərinin həlli üçün dua etdiyi halda özü və ailəsi üçün bir kəlmə də dua etmir. Övladı bunun səbəbini soruşduqda cavab verir ki, oğlum, əvvəlcə qonşu, sonra ev – bu söz əbədi bir dərsə çevrilir.

Bu “ictimai məsulluq” sübut edir ki, kamil insanın məntiqində hətta ən gizli dualarda, Allahla rabitədə cəmiyyətin faydası, başqalarının problemlərinin həlli prioritet təşkil edir.

 

Xalq üçün isar (güzəşt)

İlahi maarifdə qərq olmaq, Allaha dərin diqqət kamil və səmavi insanın diqqətini xalqdan, cəmiyyətdən yayındırmır. Bu nöqtə İmam Həsənin (ə) sözlərində vurğulanır. Başqa iki tarixi hadisədə Həzrət Zəhranın (s) “xalq üçün güzəşti”ndən danışılır.

Bir yoxsul Həzrət Zəhraya (s) müraciət edib kömək istəyir. O gün Xanımın toy günü idi. O, bir Quran ayəsini yada salıb, ən gözəl libası olan gəlinlik libasını o yoxsula hədiyyə edir. Ali-İmran surəsinin 92-ci ayəsi olan həmin ayədə buyururlur: “Sevdiklərinizdən hədiyyə etməyincə, yaxşılığa (kamala) çatmazsınız.”

Həzrət Zəhranın (ə) isarı barədə başqa əhvalat “İnsan” surəsinin  ayələrində böyük ehtiramla yada salınır. Bütün ailə üzvləri ilə birlikdə üç gün oruc tutduqları zaman hər gün yeməklərini bir fəqirə verirlər. Quran buyurur: “Biz sizə yalnız Allahın razılığı üçün təam veririk, sizdən heç bir əvəz və təşəkkür gözləmirik. Biz çətin, hövlnak olan gün üçün Rəbbimizdən qorxuruq.” (İnsan surəsi, ayə 9). Ayə Həzrət Zəhranın (s) böyük ehtimalla müsəlman olmayan əsirə təam verməsinə işarədir.

Həzrət Zəhra (s) İslam hökumətinin bərqərar olduğu bir dövrdə belə rəftar edir. Bu hökumət ehtiyaclılara əl tuturdu. Amma Xanımın gördüyü iş sadə xeyir əməlin fövqündədir və İslam hökuməti dövrünə aid bir mesaj verir: “Hökumətin vəzifəsi cəmiyyətin vəzifəsini öhdədən götürmür.” İslam hökumətinin mövcudluğu və vəzifələri xalqın üzərindən məsuliyyəti götürmür. Xalq deyə bilməz ki, ehtiyaclılara kömək sırf dövlətin işidir. Cəmiyyətin üzvləri bir-birlərinin köməyinə tələsməlidir.

 

Müsibətlərə səbir

“Ərş insanının” (səmavi insanın) tərifində mühüm yönlərdən biri ağır müsibətlərlə qarşılaşan zaman fövqəladə ruhi gücdür. Həzrət Zəhra (s) öz qısa həyatında hadisələrlə, fitnələrlə qarşılaşıb. Böyük ruhi və siyasi təzyiq qarşısında müqaviməti və böhranı idarə etməsi Xanımın vücudunun əzəmətli tutumunu göstərir. Bu dözüm mənfəət üçün dözüm deyil, ilahi qüdrət mənbəyinə bağlılıq, səmavi məqam dəlilidir.

O zaman Peyğəmbər (s) öz müxaliflərinin qəzəbi ilə üzləşmişdi. İqtisadi mühasirə vardı. Peyğəmbər (s) öz ardıcılları ilə “Şibi-Əbi Talib” adlanan məntəqədə sürgün həyatı yaşayırdı. Peyğəmbər (s) və yeni iman gətirmiş müsəlmanlar çox ağır durumda idilər. Peyğmbərin (s) güclü dayağı olan həyat yoldaşı Həzrət Xədicə, əmisi cənab Əbu Talib (ə) dünyalarını dəyişmişdilər. Bu boşluqda Həzrət Zəhra (s) azyaşlı uşaq idi (5-10 yaşda). Amma zəiflik göstərmək əvəzinə strateji rol oynadı. Onun dözümü “fəal səbir” qismindn idi. O, Peyğəmbər üçün öz yaşından yuxarı ana, müşavir, tibb bacısı rolu oynayırdı. Ümid və dərin düşüncə ilə atasının çöhrəsindən qəm-qüssə tozunu təmizləyirdi. Ümmətin rəhbərinin ruhi dayağı olmuşdu. Həmin dövrdə  Peyğəmbər onu “Ümmü Əbiha” – atasının anası adlandırmışdı.

 

Məzlumun müdafiəsində şücaət

Peyğəmbərin (s) rehlətindən sonra Mədinənin fəzası o qədər çirklənmişdi, vəziyyət mürəkkəbləşmişdi ki, həqiqət hətta nüfuzlu adamlar, Bədr mücahidləri üçün qaranlıq idi. Həzrət Zəhra (s) gənc və tənha xanım olaraq Quranın Allah yolunda təkbaşına qiyam hadisəsinin real nümunəsi idi. Xanım öz şücaəti, möhkəm məntiqi ilə güc cərəyanının qarşısında dayanmışdı. O, bu əzəmətli hərəkəti ilə “aydınlatma cihadı”, İslam tarixinin sözlə (dillə) mübarizə ənənəsinin bünövrəsini qoymuşdu. Xanım Əhli-Beytin (ə) sarsıdıcı xütbələrinin davamı yolunda sübut etdi ki, Peyğəmbər hədislərinə əsasən, həyati əhəmiyyətli ləhzələrdə sözlə cihad, aydınlatma bəzən canla cihaddan əhəmiyyətli və təsirli olur.

 

Evdarlıq

Həzrət Zəhra (s) ailəyə, həyat yoldaşına, övladlara xidmətdə misilsiz, Zeynəb kimi övlad tərbiyə edən şəxsdir. İmam Həsən və İmam Hüseyn onun ağuşunda tərbiyə alıb.

Ərə qayğı təkcə yemək bişirmək, təmizliyi gözləmək deyil. Həzrət Zəhranın (s) keçdiyi yolda bu daha dərin və strateji məna kəsb edir. Mədinədə, böyüklü-kiçikli 60 müharibənin baş verdiyi dövrdə 9 illik müştərək həyatda Əmirəlmöminin (ə)   cəbhənin dayağı olaraq  daim kənarda idi. Müharibələrin taleyi ondan aslı idi. Belə bir şəraitdə Həzrət Zəhranın (s) işinin əzəməti,  mənəvi himayəsi, ailəni idarə etməsi göz qabağında idi.

Həzrət Zəhra (s) peyğəmbərlər, ilahi rəhbərlər həddində mənəvi məqama malik olduğu halda analıq, evdarlıq vəzifələrini yerinə yetirməklə kamil müsəlman qadın nümunəsini yaratdı. Evdarlıq, analıq müsəlman qadını kiçiltmir, əksinə əzəmətli kamil insan şəxsiyyətinin məziyyətlərindəndir. Bu məfhumlara baxışı deyilən əsasla islah etmək lazımdır.

 

Həmişlik tarixi fəaliyyətlər

Həzrət Zəhra (s) İslam tarixinin həyati, unudulmaz dönəmlərində, o cümlədən Şibi Əbi Talib, Mədinəyə hicrət, bəzi döyüşlərdə fəallığı, əzəmətli Mübahilə hadisəsində iştirakı ilə aydınlatma missiyası daşıyıb.

Həzrət Zəhranın (s) həyatı risalət dövrünə tam uyğundur. Besətdən azca sonra doğulub. Peyğəmbərin (s) rehlətindən azca sonra şəhadətə çatıb. Uşaq yaşından Şibi Əbi Talibin çətinlikləri, anasızlıqla üzbəüz olub. Amma atasının qəminə şərik olmaqla “Ümmü Əbiha” ləqəbi qazanıb. Bu rolu hicrət dövründə, Mədinə savaşlarında, Əli kimi mücahid ərininin himayəsi ilə, misilsiz övladlar tərbiyə etməklə davam etdirib. Sonda övladını təqdim etməklə, şəhadəti ilə ömrünü başa vurub.

Mübahilə hadisəsində Peyğəmbərin (s) ətrafında başqa qadınlar olsa da, “nisaəna” sözünün yeganə nümunəsi Həzrət Zəhra (s) olub. Bu seçim haqq cəbhəsinin batil cəbhəsi ilə qarşılaşmasında qadınların nümayəndəsi olaraq onun unikal yerini göstərirdi. O, tarixin təhlükəli dönəmində uca həqiqətlərin məzhəri idi.

 

Nəticə    

Həzrət Zəhranın (s) fəzilətlərinin siyahısı sonsuzdur. Amma xülasə şəkildə, Peyğəmbərin (s) buyuruğuna əsəsən, “Seyyidəti nisail-aləmin”dir (tarixin bütün dönəmlərində xanımların xanımı). O elə bir məqama malikdir ki,  Allahın razılığı və qəzəbi onun razılığı və qəzəbi ilə şərtlənib. Xarəzmidən (sünnə əhlinin alimi) rəvayətə görə, Peyğəmbər (s) Salmana buyurur ki, “Fatiməyə məhəbbət”  yüz dayanacaqda – onların ən asanı ölüm və qəbirdir – xilasedicidir. Bu məhəbbətin iki tərəfi var: təkcə bizim ona məhəbbətimiz yox, həm də  daha mühüm, onun bizə məhəbbəti. Bunu yalnız o zaman əldə edə bilərik ki, Xanımın fəzilətləri həyatımız üçün meyar olsun.

Həzrət Zəhra (s) “kamil insanın” real təcəllasıdır. Xanım səmavi insan fəzilətlrinin qülləsidir. Həyatının bütün mərhələləri – uşaqlıq və gənclikdən izdivaca qədər həyat tərzi ən üstün nümunə olaraq təsvir edilmişdir. İslam onu “müsəlman qadının fövqü”, ”üçüncü nümunə” kimi tanıtdırmaqla – bu səmavi məqama tam çatmağı hamı üçün mümkün saymasa da – bu mütləq nura doğru hərəkəti, həyatı bu kamil insanın xüsusiyyətləri əsasında qurmağı zəruri saymışdır.