İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edən görkəmli ustadlar, qarilər və hafizlər bu gün, bazar günü, İnqilab Rəhbəri ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.
Çox şadam və Allaha şükür edirəm ki, yenə də bu hüseyniyyədə şirin, arzuolunan və dəyərli bir Quran məclisimiz oldu. Bu müsabiqənin bir dövrəsinin təşkili və ölkə boyu müxtəlif formalarda və ard-arda olaraq Qurani-Kərimin (tilavət və qiraətinin) yayılmasına görə cənab Xamuşi və Vəqf Təşkilatına minnətdarlığımı bildirirəm. Əba Əbdillah Hüseynin (əleyhissəlam) mövludu münasibətilə təbrik deyirəm və ümid edirəm ki, Allah-təala bizləri bu böyük şəxsiyyətin və dəyərli ailənin ardıcıllarından qərar versin.
Kəlamulllahil-Məcid (Qurani-Kərim) haqqında böyük şəxsiyyətlər və alimlər minlərcə dolğun mənalı və şirin mətləblər deyiblər və eləcə də minlərcə mətləblər hələ də deyilməmiş qalıb. Quran barəsində nə qədər danışsaq da, Quranın ən yüksək fəzilətinə və bu müqəddəs səmavi kitabın dəyərinə çata bilməyəcəyik. Mən bu gün təkcə bir məqam deyirəm və əziz xalqımız və eşidənlərdən gözləntim var ki, bu sözə diqqət etsinlər. Həmin məqam budur ki, biz hər zaman Qurana müraciət etdikdə diqqətimiz olsun ki, Quran Peyğəmbərin (əleyhi və alihis-salam) möcüzəsidir. Quran möcüzədir, yəni Allah-təala Quran vasitəsilə İslam Peyğəmbərinin nübüvvətini (peyğəmbərliyini) sübut etmişdir. Bu, olduqca mühüm bir məsələdir. Quran əbədi möcüzədir. Bu möcüzənin digər möcüzələrdən fərqi ondadır ki, digər möcüzələr yalnız həmin peyğəmbərin dövrünə aid idi. Məsələn, Salehin dəvəsini və Musa Peyğəmbərin əsasını yalnız o dövrün insanları gördülər və başqaları bunu sadəcə eşidiblər. Lakin İslam Peyğəmbərinin möcüzəsi olan Quranı insanlar minlərlə il sonra da müşahidə edəcəklər, öz gözləri ilə bu möcüzəni görəcəklər. Bu Quran və Peyğəmbərin davamlı möcüzəsi bəşəriyyət və varlıq aləmi üçün böyük bir bərəkətdir.
Quranın hər bir şeyi möcüzədir. Onun sözləri, düzülüşü, məfhumları, keçmişdən və gələcəkdən xəbər verməsi, dünyanın dəyişilməz qanunlarını bəyan etməsi, insanın batinindən xəbər verməsi və s. hamısı möcüzədir, Quranın hər nəyi varsa, möcüzədir. Biz bu böyük möcüzdən yararlanmalı, istifadə etməliyik. Əgər Qurandan yararlansaq, insan həyatı qaydasına düşəcək və bütün problemlər həllini tapacaqdır. Quranın insan üçün dərsləri əməli dərslərdir, təcrübə olunasıdır. Bu təkcə böyük şəxsiyyətlərin və övliyaların əl çatacağı yüksək maariflərdən başqa bir şeydir. Bu dediyimdə məqsəd Quranın həmin zahiridir, hər birimizin başa düşdüyü həmin kəlmələrdir.
"Biz Quranı ibrət almaq üçün asanlaşdırdıq. Amma heç ibrət alan varmı? ("Qəmər", 17)
Bunlar bəşəriyyətin bütün fərdlərinin yararlana biləcəyi bir şeydir. Qurana bu baxışla baxmaq lazımdır.
Mən bir misal deyirəm və bu misalla Quranın bəyan etmə metoduna diqqət edək. Məsələn, Quran buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər". ("Təlaq", 3) Əgər Allaha təvəkkül etsəniz, yəni ona söykəndiniz və etimad etdinizsə, Allah sizə kifayət edər və məqsədə çatmaq üçün heç bir vasitə və amilə ehtiyacınız olmaz. Bəs, bu mühüm və ümumi bir dərsdir, sadəcə, üzərində dərindən düşünmək gərəkdir. Əgər təvəkkül etdik, daha heç bir amilə ehtiyacımız yoxdur, yəni nə? Hansı şəraitdə və necə bir vəziyyətdə bu qəti və yüz faizlik həqiqət gerçəkləşir? Bunu Quranın özündən soruşmaq lazımdır, çünki Quran özü bunu bizə konkret şəkildə müəyyən edir. Allaha təvəkkül və onun nəticələrinin ortaya çıxması həm zehni bir şərtə, həm də əməli və həqiqi bir şərtə bağlıdır. Əgər bu iki şərt həyata keçsə, o zaman "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər" ayəsi həyata keçər, yəni heç bir amilə möhtac olmayacaqdır.
O iki şərtdən biri zehni şərtdir. Zehni şərt nədir? Zehni şərt budur ki, siz İlahi vədənin doğruluğuna etimad edin.
"Allahdan daha doğru danışan kim ola bilər?" ("Nisa", 122)
Buna etiqadınız olsun. Etiqad bəsləyək ki, İlahi vədə sadiq və qəti bir vədədir. Bu zehni cəhətdən təvəkkülün zəminlərindən biridir. Əgər bu olmasa, təvəkkül həyata keçməz. Ona görə də siz mülahizə edirsiniz ki, Allah-təala ona qarşı sui-zənn edən, bədgüman olanları məzəmmət edir: "Dövranın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb və lənət edib, onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir". ("Fəth", 6)
Yəni İlahi vədəyə sui-zənn olunmamalıdır. Allahın buyurduğu bu ayənin doğruluğuna etiqadımız olsun: "Allah ona yardım edənlərə, mütləq, yardım edər". ("Həcc", 40) Bu etimada sahib olmalıyıq və bu zehni şərtdir.
Mən burada qeyd etdiyim cümləni də əlavə edim. O zehni şərtdə əmin olaq ki, Allahın izni ilə mümkünsüz işlər, mümkün olmayacaq kimi hesab edilənlər gerçəyə çevrilir. Buna tam şəkildə əmin olmalıyıq. Bizim varlıq aləmimizdə, yaşayışımızda bir çox şeylər mümkünsüz işlərdəndir. Məsələn, ölü bir insanın dirilməsi qeyri-mümkündür. Yəqinimiz olsun ki, Allahın izni ilə, yəni əgər Allah-təala izn versə, iradə etsə, bu qeyri-mümkün iş mümkün olacaqdır, gerçəkləşəcəkdir. Necə ki, Quranın özü bir yerdə Həzrət İsanın (əleyhissəlam) və başqa bir yerdə də Allahın özündən bunu bizə nəql edir: "Həqiqətən, mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar". ("Ali-İmran", 49)
Yəni bir göyərçin, bir heyvan və bir quş formasında olan palçığı düzəldərəm və sonra ona üfürərəm, o da göyərçin olar. Məgər bu, mümkünsüz işlərdən deyil? Lakin Allahın iznilə bu mümkünsüz iş mümkün olur.
"Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm". ("Ali-İmran", 49)
Burada "Əkməh", anadangəlmə kor deməkdir, yəni Allahın izni ilə kor adamın gözünü açır, ölünü dirildirəm. Məsələ belədir. Buna etiqadı olsun ki, Allahın iznilə dünyanın bütün mümkünsüz və həyata keçməsi ağla batmayan kimi görünən işləri həyata keçə bilir. Ya başqa bir ayədə buyurulur: "Nə qədər az saylı dəstələr, Allahın izni ilə, çox saylı dəstələrə qalib gəlib." ("Bəqərə", 249)
Yəni az bir dəstə Allanın iznilə sayca çox olan bir dəstəyə qalib gəlir, təbii ki, də belədir.
"Beləliklə, (möminlər) Allahın izni ilə onları darmadağın etdilər." ("Bəqərə", 251)
Talutun ətrafında olan kiçik bir qrup o boynuyoğun düşmənə Allahın iznilə qalib gələ bildilər. Yəni Allahın iznilə Qəzza sionist və Amerika rejiminə qalib gəlir. Məsələ bu cürdür. Bu qeyri-mümkün deyildi? Əgər sizə desəydilər ki, bir qarış Qəzza hərbi qüdrət olan Amerika kimi böyük bir güclə mübarizə aparacaq, onunla üzbəüz olacaq və ona qalib gələcək, inanardınızmı?! İnanmazdınız, çünki bu, mümkünsüz olan işlərdəndir. Lakin Allahın izni ilə, bu, mümkündür. Bu zehni şərt lazımdır. Yəni bunu bilməliyik ki, dünyanın mövcud mümkünsüz işləri Allahın izni və iradəsi ilə həyata keçəsi bir şeydir və gerçəkləşməsi mümkündür. Bu, zehni şərtdir.
Amma əməli şərtə gəldikdə isə, əməli şərt budur ki, bu prosesin, bu hadisənin vücuda gəlməsi üçün Allah-təala işin bir hissəsini insanın öz öhdəsinə qoyur. Belə deyil ki, öz evimizdə oturaq və sonra da bu ayəni deyək ki, “Nə qədər az saylı dəstələr, Allahın izni ilə, çox saylı dəstələrə qalib gəlib.” (“Bəqərə”, 249) Xeyr, işin bir hissəsi öz öhdəmizdədir, necə ki, Həzrət İsanın hadisəsində işin bir hissəsi o Həzrətin öhdəsinə düşürdü. O quşu palçıqla gərək Həzrət İsa düzəldərdi və əgər bunu etməsəydi, quş vücuda gəlməzdi. İşin bu hissəsi onun öhdəsində idi. Əgər Həzrət Musa (əleyhissəlam) əsanı yerə atmasaydı, o hadisə qabağa gəlməz idi.
"Ey Musa, sağ əlindəki nədir? Dedi: "Bu mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var". (Allah) buyurdu ki, ey Musa, onu yerə at".("Taha", 17-20)
“Əlqiha” (onu at) lazımdır. Allah buyurdu ki, əsanı yerə at. Əsanı yerə atdığın zaman nəticə hasil olacaqdır, möcüzə baş verəcəkdir. Mümkünsüz iş, yəni çubuğun əfi ilana dönməsi həyata keçəcəkdir. Bəs, bu, əməli şərt idi. İşin bir hissəsini öz üzərimizə götürməliyik.
"Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər". ("Ənfal", 65)
Quran bunu İslamın erkən çağlarındakı müsəlmanların vəzifəsi olaraq nəql edir. Yəni az olsanız da, sayca çox bir dəstəyə qalib gələ bilərsiniz.
Biz İran milləti, İslam ümməti və bəşər cəmiyyətinin problemləri vardır və bu problemlərin bəziləri həll olunmayacaq kimi nəzərə çarpır. Amma xeyr, həlli budur:
"Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər". ("Təlaq", 3)
Allaha bu iki şərtlə təvəkkül edək: əvvəla yəqinimiz, etiqadımız olsun ki, əgər meydana daxil olsaq, Allah-təala bizə kömək edəcəkdir və ikincisi də, meydana daxil olaq, ayə buyurduğu kimi:
“Elə ki oraya (meydana) daxil oldunuz, mütləq, siz qalibsiniz". (“Maidə”, 23)
Allah-təala Həzrət Musanın (əleyhissəlam) səhabələrinə buyurdu ki, bu şəhərin içərisinə daxil olmalısınız və əgər daxil oldunuz "Mütləq, siz qalibsiniz" ayəsi həyata keçəcək. Amma daxil olmadılar və qalib də gəlmədilər. Əgər işin öhdənizə düşən hissəsinə əməl etsəniz, mütləq, o nəticəyə çatacaqsınız və Allah-təala o vədəyə əməl edəcəkdir.
Bu gün biz hegemonların müqabilində dayanmışıq və əlbəttə, təkcə biz İran milləti deyil. İran milləti ilə bir çox başqa millətlər arasında olan fərq budur ki, İran millətinin Amerikaya təcavüzkar, yalançı, kələkbaz, hegemon və “Amerikaya ölüm olsun” deməyə cəsarəti vardır, halbuki başqaları hiss edirlər ki, Amerika yalançıdır, kələkbazdır, müstəmləkəçidir, təcavüzkardır, heç bir insani prinsiplərə riayət etmir, lakin bunu bəyan etməyə, müqabilində dayanmağa cürət etmirlər. Bəs, öz öhdələrinə düşəni yerinə yetirmirlər və yerinə yetirmədikdə də nəticə hasil olmur. Öz öhdənə düşənə əməl etməli, (çətinliklər müqabilində) səbirli olmalı, mücahidlik göstərməli və çalışmalısan ki, nəticə hasil olsun.
İran milləti son qırx neçə ildə səbir edib, çalışıb, dünyanın bütün hegemon gücləri bu millətin qarşısında cəbhə yaratdılar, bu millətə qarşı fəaliyyət göstərdilər, iş gördülər, amma İran milləti nəinki təkcə zərbə görməyib, hətta tərəqqi edib, inkişaf edib. Bugünkü İran qırx il öncəki İran deyil və biz hər baxımdan inkişaf etmişik. İndi bəziləri deyirlər ki, mənəvi cəhətdən inkişaf etməmişik. Xeyr, mənəvi cəhətdən də buyurun, diqqət edin ki, bu yığıncaq da Quran cəhətdən nümunəsidir. Bu uşaqlar Quran oxuduqlarında insan onların oxumasından ləzzət aparır. Bu uşaqlar Quran hafizləri və tilavət edəndirlər. Məşhəddə gənclik dövrümüzdə biz də Quran əhli idik, bizim də Quran məclislərimiz var idi, lakin Quranı təcvid qaydası ilə yaxşı oxuya bilənlərin sayı Məşhəddə on nəfərə çatmırdı. Bu gün ölkə boyu minlərlə gənc Quranı təcvid qaydası ilə yaxşı və güclü oxuyurlar, minlərlə nəfər Quranı hifz ediblər. Bu gün mənəviyyatımız da inkişaf edib, Quranımız da, əlhəmdulillah, tərəqqi edib. Maddi cəhətdən də inkişaf etmişik. Gənclərimiz müxtəlif işlər görüblər. Bu inkişaf davamlı olacaqdır və inşallah, İran milləti Allah-təalaya təvəkkül etməyin sayəsində öz arzuolunan hədəfinə çatacaqdır.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.