Təbriz xalqının 29 Bəhmən qiyamının ildönümü münasibəti ilə (1)
Bağışlayan və Mehriban Allahın adı ilə
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین
Əziz qardaş və bacılar, xoş gəlmisiniz. Bu soyuq havada bu uzaq yolu qət edib, hüseyniyyəmizə paklıq, iman və qeyrət hərarətini gətirdiniz. Biz həmişə olduğu kimi, sizinlə-Təbriz və Azərbaycan əhalisi ilə görüşdə özümüzdə sevinc və şövq hissi yaşayırıq. Mən sözün həqiqi mənasında, Azərbaycan və Təbriz əhalisini, həmçinin 18 fevral 1978-ci ilin böyük və unudulmaz dastanını yaradanları salamlayıram.
Bu gün Təbriz və Azərbaycan haqqında danışacağam. Azərbaycanın dəyərli və parlaq şəhadətnaməsi bu bir neçə sözlə bitmir. Biz Təbriz və Azərbaycan haqqında çox söz danışmışıq, amma yenə də deməyə söz vardır. İndi bu gün də (Şərqi Azərbaycan barədə) bir neçə kəlmə danışacağam və sonra da ölkə məsələləri haqqında ümumi məsələlərə toxunacağam.
Deyəcəyim mətləblərə başlamazdan öncə, bu il 22 Bəhməndə (11 Fevral) göstərdikləri dəyərli hərəkətə görə İran xalqı qarşısında baş əyməyi özümə zəruri hesab edirəm. Bu ilin ötən şənbə günü (11 Fevrala təsadüf edən şənbə) tarixi bir şənbə, tarixi bir 22 Bəhmən idi. Xalq ölkə boyu sözün əsl mənasında, dastan yaratdı. Bütün bu əks-təbliğatlar, insanların bütün varlığı, bədəni və ruhu ilə hiss etdiyi bu problemlər, düşmənlərin təxribatları, soyuq hava, ölkənin bəzi bölgələrində hava temperaturunun mənfi olması-bütün bunlar İran xalqının iman və bəsirət istiliyinin təsiri altında yox imiş kimi təsəvvür olundu. İnsanlar belə bir əzəmətlə iştirak etdilər. Xalqın (belə bir kütlə ilə) iştirakı bir çox həqiqətləri aşkar etdi. Mən builki 22 Bəhmən məsələsinə qayıdacağam və sonra bu barədə bir neçə cümlə qeyd edəcəyəm. İndi İran millətinə öz sayğımı bildirirəm. Hər yerdə-ölkənin şərq sərhədindən tutmuş qərb sərhədinə, həmçinin şimalından cənubuna qədər, uzaq və mərkəzi şəhərlərdə, Təbriz, İsfahan, Məşhəd kimi böyük şəhərlərdə və başqa yerlərdə, hətta kəndlərdə belə, İran milləti hamılıqla səsini ucaltdı. Bunlar çox dəyərlidir. İran milləti, Allah səylərinizi qiymətləndirsin. Mən bunun üçün sizlərə təşəkkür etməyə özümü layiq hesab etmirəm. Allah özü gərək bu işinizi dəyərləndirsin.
“Həqiqətən, rəbbimiz bağışlayandır, şükrün əvəzini verəndir”.(2)
Etdiyiniz hər hərəkət, irəli sürdüyünüz bütün fikirlər, dilinizə gətirdiyiniz hər söz, atdığınız hər addım-bütün bunlar öz vəzifəniz olsa da belə, yenə də Uca Allah tərəfindən dəyərləndirilir. Etdiyimiz hər bir şey Allaha şükür etməkdən sayılır. “Sənə təşəkkür edənlərə təşəkkür edirsən və ona sənə təşəkkür etməsi üçün ilham verirsən”. (3) Sən sənə şükr edənə təşəkkürünün əvəzini verənsən. İnşallah 22 Bəhmənlə bağlı mövzuya qayıdıb bu barədə danışmaq istəyirəm.
1978-ci il 18 Fevral (29 Bəhmən) Təbriz hadisəsinə gəldikdə isə, fikrimcə, bu zamanda İran tarixində yeni bir səhifə açıldı. Yəni bu, tarixin həlledici məqamı idi. Elə həmin ilin yanvar ayının 9-da Qumda qiyam baş verdi. Şübhəsiz, Qum camaatı da böyük iş gördü və təşəbbüs göstərərək işi ələ aldılar, amma bundan əvvələr də ölkənin başqa yerlərində Qum şəhərində baş vermiş 9 yanvar hadisəsi kimi başqa hadisələr də baş vermişdi, lakin bu hadisələr unudulmuşdu. 5 iyun 1963-cü ildə o boyda qırğınlara, Tehranda, Qumda və başqa şəhərlərdə baş vermiş o əzəmətdə hərəkatlara, həmçinin xalqın çoxlu sayda canlarından və qanlarından keçərək qiyam etmələrinə baxmayaraq, o hadisələr unuduldu. Diktator və hegemon quruluşların siyasəti budur ki, xalqa fayda verəcək mühüm hadisələri təbliğat, müxtəlif hiylələr və zor gücünə unutdururlar. Əgər Təbriz fəaliyyətə keçməsəydi, 9 yanvar Qum hadisəsi də unudulacaqdı.
Təbrizlilər neylədilər? Baxmayaraq ki, Təbrizdə təzyiq və basqılar daha şiddətli idi və (hökumət qüvvələri) küçələrə tank yeridirdi, lakin təbrizlilər Qumda baş verən qiyamı milli qiyama və ümumi hadisəyə çevirdilər. Hökumətin müqabilində dayananlar kimlər idilər? Xalq, alimlər və məscidlər. Çünki alimlər xalqı Qumda qətlə yetirilənlərin 40 mərasimində iştirak etməyə dəvət etmişdilər. Hökumətin müqabilində məhz bunlar dayanmışdılar və əlisilahlı da deyildilər. Amma hökumət qüvvələri o qədər əl-ayağa düşdülər ki, küçələrə tank yeridərək camaatı qətlə yetirdilər. Amma Təbriz camaatı geri çəkilmədi; can verdi, qan verdi, müqavimət göstərdi, şüar verdi və bu qiyamı və bu hadisəni milliləşdirdilər. Beləliklə də, onların fədakarlığı ölkənin hər yerinə çatdı və bütün ölkəni bürüdü. Təbriz camaatının 40 mərasimi bir neçə yerdə keçirildi. Bunun mənası təbrizlilərin fəryadının bütün İran boyu yayılması idi. Bunun üstündən bir il keçməmiş avtoritar monarxiya höküməti alt-üst oldu. Tarix yazmaq, yəni bu; tarixi dönəm, yəni bu.
Təbriz möhkəm dayanmaqla, müqavimət göstərməklə və şücaətlə keçmiş təcrübələrin təkrarlanmasına imkan vermədi. İranın azadlıq bayrağı təbrizlilərin əlindədir. Bu, təəccüblü deyil, Azərbaycan başqa yerlərdə də, belə bir hərəkət və böyük nümayiş göstərmişdir. Biz bu tarixi bilməli və unudulmasına yol verməməliyik. Başqa bir zamanda-Səfəvilər hökumətinin təzəcə ayaq tutduğu bir dövrdə elə həmin Azərbaycan, yəni Təbriz, Ərdəbil və Azərbaycanın digər şəhərləri İranı parçalanmaqdan, qəbilə hökumətçiliyindən, əcnəbilərin uzun müddətli hökmranlığından xilas edə bildilər. Təbii ki, Azərbaycan, yəni Ərdəbil və Təbriz bütün İranı birləşdirə bildilər. İran bütünlüklə birləşməzdən və bu günə qədər davam edən müstəqil hökumətdən əvvəl qəbilə hökuməti formasına malik idi. Teymurilər, ondan əvvəl də Monqollar və onların davamçılarının dövründə ölkənin hər bir guşəsi bir qəbilə və bir dəstənin əlində idi. Şərq, qərb, şimal və cənub hərəsi bir cür idi. Azərbaycandan başlayan bu hərəkat İranı birləşdirdi. İranın vəhdət bayrağı Azərbaycanın əlindədir, bunlar həqiqətdir, söz gəlişi tərif deyil. Azərbaycan tarixini düzgün nəql etmək İslami tarixşünaslığının lazım olan hissələrindən biridir və buna diqqət etmək hər kəsin vəzifəsidir. Bunu mütəxəssislər etməlidirlər.
Sonrakı hadisələrdə də belə idi. Tütün məsələsində mühüm məqamlardan biri də alimlərin, o cümlədən mərhum Hacı Mirzə Cavad Təbrizi, yəni Hacı Mirzə Cavad Müctəhidin, Mirzayi-Şirazinin tütün satışını qadağan etməsinə verdiyi dəstəkdə də Təbrizin rolunun olması idi. Məşrutə məsələsində Təbriz hərəkatı mühüm əhəmiyyət kəsb edirdi. Həm Səttarxan, Baqirxan və bu kimilərə aid olan Məşrutə məsələsinin əvvəlində, həm də müxtəlif hadisələrin, o cümlədən rusların və bu kimilərin daxil olmasından sonra Şeyx Məhəmməd Xiyabani, Ağamirzə İsmayıl Nobəri və başqaları idilər ki, İranın müqavimət qüdrətini müxtəlif hadisələr qarşısında göstərdilər. İslam İnqilabında, Müqəddəs Müdafiədə və ondan sonra bu günə qədər olan hadisələrdə, həmçinin Cənab Alihaşimin buyurduğu kimi, bu son hadisələrdə də Təbrizin rolu böyükdür. Bu indi milli gücün nümayiş etdirilməsinin xüsusi cəhətinə görədir.
Mədəniyyət baxımından da eynidir. Azərbaycan ölkənin qərbində sivilizasiya və mədəniyyət mərkəzidir, necə ki, Xorasan da eynilə ölkənin şərqində sivilizasiya və mədəniyyət mərkəzidir. Tarix boyu Qərbdə Osmanlıların, Şərqdə də Hindistan imperiyasının ucqar nöqtələrinə qədər gedib çıxan İran mədəniyyəti, İran adət-ənənələri və sivilizasiyası bu iki mərkəzdən-Azərbaycandan və Xorasandan olmuşdur. İran Azərbaycanda olan mədəni iftixarlarına görə qürur duyub. Xaqani azərbaycanlıdır, Nizami azərbaycanlıdır, daha sonra Şəms Təbrizi, Qətran Təbrizi, Şeyx Mahmud Şəbestəri, sonra Saib Təbrizi, həmçinin bizim dövrdə də mərhum Şəhriyar və ondan əvvəl xanım Pərvin Etisami-bunların hamısı azərbaycanlıdır. Onların ölkə mədəniyyətinə göstərdikləri böyük xidmətləri saymaqla bitirmək olmaz. Nə qədər saysaq belə, yenə də sadaladıqlarımızdan daha çoxdur.
Deməli, 29 Bəhmən (18 Fevral) hadisəsinin özü ilə yanaşı keçmiş və gələcək hadisələri vardır. Demək istəyirəm ki, 18 Fevral hadisəsi kimlik yaradan bir hadisə idi, ona görə də biz bundan ibrət almalıyıq, əlbəttə ki. Biz sadəcə bir-birimiz üçün hekayə nəql etmirik, biz gərək ibrət alaq. Biz öz keçmişimizdən gələcəyimizi düzəltmək üçün istifadə etməliyik. Biz bu gün hərəkət halındayıq, millət hərəkət halındadır, İran hərəkət halındadır. Bizim ibrət almaq və təcrübəyə ehtiyacımız vardır. Bunlar bizim üçün bir ibrətdir. 18 Fevral kimlik ərsəyə gətirən bir hadisə idi.
Hər bir millət müqavimət və möhkəm dayanışın sayəsində kimliyə yiyələnir. Millətlərə kimlik bəxş edən, əzəmət və şəxsiyyət verən, millətlərin özlərini qorumasına və mədəniyyətlərinə kömək edən onların istiqamətləri (mübarizə yolundakı dözümlük) və möhkəm dayanışlarıdır. İstiqamət nə deməkdir? Yəni insanın tapdığı düz olan xətti davam etdirmək, əyri xəttin yaranmasına yol verməməkdir. Bütün millətlərin problemləri əyri xəttin yaranmasındadır. Hər hansı bir xətt üzərində bir qədər getdikdən sonra ya yorulurlar, ya da dünyanın cazibələri onları özünə tərəf cəzb edir və nəticədə, əyri xəttə düşürlər. Əvvəldə yaranan əyrilik bucağı çox az olur, amma irəli getdikcə dərəcəsi daha da artır və əsil və həqiqi xətdən ayrılır. Problem budur. Biz öz ölkəmizdə və inqilabımızda belə problemləri yaşamışıq. Bəziləri əvvəl inqilabla olsalar da, sonradan onunla əyrilik bucağı yaratdılar. Bunların müxtəlif amilləri vardır. Bəzən onların öz təqsirləri deyildi, sistemlərin, hökumətin, müxtəlif amillərin və xaricin təqsiri idi. Nəhayət, hər hansı bir səbəbdən (həqiqətin qarşısında) əyri bucaq yaratdılar. Bu əyrilik getdikcə daha da böyüdü və onların başladıqları o hərəkət, o ideal və o böyük ruhiyyə ilə ziddiyyət təşkil edib onları bu əyri yola sürüklədi. Bu xətdən o xəttə sürükləndilər. Bəzən isə 180 dərəcə dəyişdilər. Bu qəbildən olan insanlar var idi və indi də mövcuddurlar. İstiqamət buna imkan vermir, kimliyi hifz edir və bir millətə, bir cəmiyyətə kimlik bəxş edir. Yorulmamaq, naümid olmamaq lazımdır, düşmənin nəriltisindən qorxmamaq lazımdır. Əziz qardaşlar, əziz bacılar! Ayaq üstə qalmağın sirri bundadır.
Bəli, məlumdur ki, düşmən boş oturmur, ya vurur, ya da əgər vura bilməsə, hədələyir, hədə-qorxu təsir etmədiyi halda, sizi meydandan çıxarmaq üçün qışqır-bağır salır. Meydanı tərk etməsəniz, o zaman düşmən məğlub olar. Əgər belə davam etsəniz, irəliləyəcəksiniz. Təbriz camaatı Fevral ayının 18-i günü (neçə gün öncə baş vermiş) Qum qiyamını görmüşdülər. Qumda qırğın oldu və Qum camaatı əzildi. Camaatın bundan xəbəri var idi, Təbriz camaatı da bilirdi ki, hökumətin qabağında durmaq ölməyə və can verməyə bərabərdir, amma müqavimət və istiqamət göstərdilər, Allah da onlara bərəkət verdi. Biz ki deyirik, Fevral ayının 18 -də Təbriz camaatının hərəkəti sayəsində tarixin səhifəsi dəyişdi, bu, Təbriz camaatının hərəkətinə xatir, həmçinin Allahın bu işə verdiyi bərəkətə görə idi. Buna görə də təbrizlilər istiqamət göstərdilər. Quran bu barədə belə buyurur: “Əgər (insanlar) doğru yolda səbr etsələr, onları bol-bol su ilə sirab edərik”. (4) İstiqamət budur.
Builki 22 Bəhmən də istiqamətin nümunələrindən biridir. Bu nöqteyi-nəzərdən məsələyə baxaq və araşdıraq. Hətta camaatın sadəcə küçələrə çıxmağının özü də yaxşı bir şeydir. Bəzən küçələrə axışmaq üçün müxtəlif maraqlar olur. Bundan daha önəmlisi isə bu “küçəyə çıxmağ”ın istiqamət və düşmənin acığına gəlmək mənası daşımasıdır. Düşmənin səyi budur ki, yolu unudaq, yolu görməyək. Budur onların səyi. İçəridə də bunu təbliğ edənlər var, xülasə, vardır belələri. Biz iddia etmirik ki, daxildə müxalif olanlar yoxdur, inqilaba və bizə müxalif olanlar yoxdur. Bəli, müxalifət edənlər var, onlar da düşmənlə eyni məqsəd güdürlər. Daxildə öz hücumları ilə İran millətinin möhkəm əzmini hədəfə alan hərəkatlarla qarşılaşmışdıq. Tehranda və bəzi başqa yerlərdə bu payızda baş verən iğtişaşların mühüm məqsədlərindən biri də bu 22 Bəhməni və inqilabın qələbəsinin ildönümündə xalqın milyonlarla olan hüzurunu unutdurmaq idi. Daxildə də səhv təhlil, zəif arqumentlərlə bütün bunları qəzetlərdə, sosial şəbəkələrdə, öz açıqlamalarında insanları fikirlərindən daşındırmaq üçün təkrarladılar və dedilər. Bəs xalq nə etdi? Xalq isə düşmənin istəyinin əksinə olaraq, istiqamət göstərib (meydana) gəldi. Deməli, bu meydana çıxmaq istiqamət idi və bu istiqamətdə də bərəkət vardır.
Xalqın builki yürüşü təhlillə yanaşı idi. Ziyalı biri məsələni təhlil edəndə nəticəyə çatmaq üçün kiçik müqəddimə və böyük müqəddiməni ardıcıl yerləşdirir. Təhsili olmayan, ancaq təhlil qabiliyyəti olan bir inqilabçıdan soruşurlar ki, niyə gəlib bu yürüşdə iştirak etdin? Cavab verir: “Çünki başa düşdüm ki, Amerika gəlməyimi istəmir, ona görə gəldim”. Diqqət edin, bu şəxs təhlil edərək gəlib. Təhlil etmək budur. Bilir ki, düşmən onun gəlişindən qorxur və həmçinin düşmən bilir ki, onun gəlişi bu yolu daha da möhkəmləndirəcək və bu yolda qədəm götürərək bu hərəkəti davam etdirəcək, ona görə də düşmən istəmir. Düşmən istəmədiyi üçün və bu yol davamiyyət tapsın deyə (yürüşə) gəlir. Camaat təhlil üzündən gəldi. Onlar bugünkü İranın ruhiyyəsini və şövqünü göstərmək üçün gəldilər.
Bu il 22 Bəhmən yürüşü izdihamlı və şən keçdi, verdikləri şüarlar məzmunlu, mənalı idi və öz istiqamət və cəhətini göstərirdi. Düşmən İran millətinin səsinin eşidilməməsini istəyirdi, düşmənin istəyi bu idi. İran xalqı sosial şəbəkələrin, təbliğatların, televiziyaların və bütün bu kimi şeylərin hay-küyləri qarşısında öz səsini ucaltdı və bunu hamıya eşitdirdi. Bəli, mümkündür, bəziləri eşitməsinlər, çünki gizlədirlər, susurlar, qlobal mediada əks etdirmirlər. Mümkündür, başqa ölkələrin xalqlarının qulağına çatmasın, amma eşitməsi gərəkli olanlar İran millətinin səsini eşitdilər. ABŞ, İngiltərə, dünyanın bütün ölkələri üçün hiyləgərcəsinə plan cızdığı məntəqələr və ölkələrin kəşfiyyat orqanlarında olan siyasi proqnozlaşdırma orqanları və ümumiyyətlə, bütün ölkələrin siyasətinə diqqət nəzəri olanlar builki 22 Bəhməndə İran millətinin səsini eşitdilər. Eşitməsi gərəkənlər eşitdilər.
İran xalqının bu 22 Bəhmən (11 Fevral) mesajı İslam İnqilabı və İslam Respublikası quruluşuna tam dəstək idi və bu səs bütün səslərdən daha yüksək idi. Təbii ki, müxalif səslər var və (keçmişdə də) olub. Sionistlər və amerikalıların əlində olan dünya media imperiyası və düşmənlər öz səsləri ilə İran xalqının səsinə qələbə çalmağa çalışdılar, lakin bacara bilmədilər. Millətin səsi başqalarının səsinə qalib gəldi. Əlbəttə ki, başqaları öz təlaşlarını etdilər, müxaliflər, düşmənlər öz zəhmətlərini çəkdilər. Bəzən dedilər ki, inqilab, İslam Respublikası geriyə gedir. Sözün əsl mənasında, həqiqətin tam əksini dedilər. Biz geriyə gedirik? Biz bütün sahələrdə Allahın tövfiqi, lütfü, qüdrəti ilə irəli gedirik. Belə deyil ki, bizim problemimiz yoxdur, indi buna toxunacağam, problemlərimiz az deyil, amma indiki ölkə iyirmi il, otuz il və qırx il əvvəlki ölkədən çox fərqlidir. Biz bütün sektorlarda, yəni maddi və mənəvi cəhətdən çox irəliləmişik.
Deyirlər ki, ölkə geriyə gedir. Hansı geriləmədən söz gedir? Niyə bu sözləri deyirlər? Bəziləri deyirdilər ki, İslam Respublikası dalana dirənib. Əgər biz çıxılmaz vəziyyətə düşmüşüksə, düşmən bizi yıxmaq üçün niyə bu qədər pul xərcləyir? Bir millət, bir hökumət dalana dirənibsə, daha onu yıxmaq üçün pul xərcləmək gərək deyil, o özü yıxlacaqdır. Dünyada milyardlarla dollar pul xərcləyirlər. Pulu, sərvəti olan və İran millətinin istiqamətinin əksinə hərəkət edən bir çox ölkələr İranı öz tutduğu yoldan döndərməkdən ötrü pul xərcləyirlər. Özləri də dillərinə gətirib açıq-aşkar etiraf edirlər. Niyə bunu edirlər? Əgər biz çıxılmaz vəziyyətə düşsəydik, bəzilərinin iddia edib göstərmək istədiyi kimi dağılacaq olsaydıq, onların bu qədər pul xərcləməsinə ehtiyac qalmazdı.
Bəzi vaxtlar ikişafımızda şübhə yaratmaq üçün deyirlər ki, niyə bütün gücünüzü silaha, pilotsuz təyyarələrə, raketlərə və s. qoymusunuz? Bəziləri belə deyirlər. Cavab budur ki, ilk növbədə lazımdır, çünki düşməni olan ölkə özü haqqında düşünməlidir, təbii ki. İnqilabın əvvəlində bəziləri istəyirdilər ki, bizim F 14 qırıcı təyyarələrimizi satsınlar, mən imkan vermədim, bundan agah oldum və ifşa elədim. Ya ziyarət, ya da hər hansı bir işdən ötrü Məşhədə getmişdik və mən bunu orada eşitdim və gecikməsinə imkan vermədim. Eşidən kimi müxbiri çağırdım və ifşa etdim, xəbər yayımlandı. Onlar qorxdular və bu işdən əl çəkdilər. Müxaliflərin siyasəti belədir. Bizim düşmənimiz var, müdafiəmizi gücləndirməliyik. Bu həm ağılın hökmüdür, həm də şəriətin. Quran belə buyurur: “Düşmənlərə qarşı, bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın”.(5) “Məstətətum”, yəni nə qədər ki bacarırsınız, hər nə bacarırsınız deməkdir. Biz də Quranın bu göstərişini dinlədik və inşallah bacardığımız qədər ölkənin müdafiə qüdrətini gücləndirəcəyik.
İkincisi, müdafiə sektorundan başqa sahələrdə görülən işlər azdırmı? Müdafiə sektorundan bir neçə dəfə artığı sənaye, infrastruktur sektorlarında, yollarda, bəndlərin tikintisində və s. işlərdə işlənmişdir. Bu qədər işlər görülmüşdür. İndi müdafiə məsələlərində təbiidir ki, düşmənlər öz dəlillərinə əsasən, daim təbliğ etmək istəyirlər ki, İranın pilotsuz təyyarələri var, filan yerə satdı, filan yerə verdi və s. Lakin onlar sənaye inkişafından söz açmaq marağında deyillər və əksinə, gizlətmək istəyirlər və gizlədirlər də. Xeyr, biz başqa sahələrdə də böyük irəliləyiş əldə etmişik. Təbii ki, millət bu vəsvəsələrə, ordan-burdan qalxan bu səs-küylərə əhəmiyyət vermədi. Bundan sonra da inşallah fikir verməyəcək.
Bunlar bizim düşmənimizin əsəbiləşməyinə səbəb olacaq işlərdir, düşməni qəzəbləndirən bu inkişaflardır. Quran buyurmuşdur: “De ki, acığınızdan ölün”. (7) Eyni mənanı əzəmətli şəhidimiz olan mərhum Şəhid Behişti tərcümə edib demişdir: “Bu qəzəbindən öl!” Bu, Quran ayəsinin tərcüməsidir: “Mutu biğəyzikum”. Düşmən qəzəblənir, narahat olur, onların işi əsəb üzərindəndir, sözləri əsəb üzərindəndir. İranı gücləndirəcək hər bir amil onları narahat edir. Niyə? Çünki bunu bilirlər ki, İran güclənərsə, İrana qarşı planları nəticəsiz qalacaq. Ona görə də İranın güclənməsini istəmirlər. Bizi gücləndirən hər şey onları əsəbləşdirir və narahatlıqlarına səbəb olur.(8) İnşallah Allahın köməyi ilə elə də olacaq. Qiyam hərəkətdir, inqilab hərəkətdir, inqilabda durğunluq yoxdur, irəli getməli və Allahın inayəti ilə davam etməlidir və inşallah davam edəcəkdir. Deməli, gərək ölkə güclənsin. Dəfələrlə demişəm, indi də qeyd edirəm ki, hamı səy göstərməlidir ki, ölkə güclənsin.
Biz inkişaf etdiyimizi vurğuladıq və bu, reallıqdır. Mümkündür, camaatın bir çoxu bir çox inkişafdan xəbərsiz olsun. Bəli, bunu da bilməliyik ki, biz təbliğat və bu kimi işlərdə zəifik. Təbliğatda, media işlərində hələ lazımi məharətlərə yiyələnməmişik, bu sahədə bir az zəifik. Ona görə də bəzi işlər deyilmir, görülmür, başa düşülmür. Gedib sərgi və başqa yerlərə baxış keçirənlər böyük fərəh hissi duyurlar. Bəzi insanlar həddən artıq təəccüb içərisində qalırlar. Bəzən xaricdən gələnləri aparıb bəzi yerləri göstərərkən onlar təəccüb edirlər və deyirlər ki, embarqo şəraitində bunlara necə yiyələnmisiniz? Əlbəttə, bir neçə il bundan öncə bir dəfə demişdim ki, bizim gənclər bir raket düzəltmişdilər və bu raketi sınaqdan keçirtdilər. Peyklər bunları tuturlar, təbii ki. Sionistlər, amerikalılar və başqaları anladılar ki, belə bir raket düzəlib. Bir mütəxəssis sionist raket komandiri (10) bir söz demişdi və o söz də başqa yerlərdə yayıldı. Bu məlumat bizə də gəlib çatdı və mən bunu nəql etmişdim. O komandir demişdi: “Mən İranın düşməniyəm, amma onların sanksiyalar şəraitində bu raketi düzəltmələrinə görə hörmət əlaməti olaraq papağımı başımdan çıxarıram”.
Əlbəttə, biz dedik ki, inkişaf əldə etmişik, amma bu inkişaflarla yanaşı zəif tərəflərimiz yoxdurmu? Niyə, istənilən qədər zəifliyimiz və çatışmazlığımız var.Bunların müxtəlif səbəbləri var. Özü də çoxlu çatışmazlıqlarımız var. Bunun müxtəlif səbəbləri də var. Bizim çatışmazlıqlarımız az deyil. Bəzilərini xalq hiss edir və başa düşür; bahalıq, inflyasiya, milli valyutanın ucuzlaşması. Bunlar zəif cəhətlərdir və bunlar bizdə mövcuddur. Müxtəlif sektorlarda, idarə və s. şöbələrdə zəif cəhətlərimiz də var, lakin biz mövzuya iki cəhətdən baxa bilərik.
Düzgün diqqət edin, xüsusilə bizim əziz gənclərimiz diqqət etsinlər. Bir tərəfdə inkişaflar, uğurlar və nailiyyətlər mövcuddur, digər tərəfdə isə zəifliklər. Buna iki cür baxmaq olar: Birinci yol nailiyyətlərə baxıb öz bacarığımızı başa düşüb onu dilə gətirməkdir. Biz bunlara əzmlə nail olmuşuq, bu zəiflikləri də eyni əzmlə aradan qaldıracağıq. Bu bir cür baxışdır və belə baxış inqilabi bir baxışdır. Başqa bir baxış isə zəif cəhətlərə baxaraq: “Faydası yoxdur, gör bizim nə qədər zəif cəhətlərimiz var, faydası yoxdur, bir şey etmək olmaz”,-deyə deməkdir. Oturaq, əlimizi əlimizin üstünə qoyaq, ya bu vəziyyətə görə deyinək və fəryad edək, ya da bu çatışmazlıqları uca səslə bir neçə dəfə artıq şişirdək. Bu baxış mürtəce baxışıdır. Bəli, zəiflik var, amma çatışmazlıqlara inqilabi baxışla baxın, niyə mürtəce baxışla baxırsınız?
Bəziləri zəif cəhətlərə baxanda İslam Respublikasının özünü, inqilabın özünü inkar edirlər. Niyə? Bir xalqın zəif tərəfləri varsa, onun nailiyyətləri unudulmalıdırmı? Hansı xalqın zəif tərəfləri yoxdur? Dünyanın elmi cəhətdən ən inkişaf etmiş zəngin xalqlarının zəif tərəfləri yoxdur? Onların daha böyük zəiflikləri vardır. Əgər saymaq istəsəm, gərək bir səhifədə bir-bir ünvanları ilə birgə Amerikada, İngiltərədə, Fransada və başqa inkişaf etmiş ölkələrdə bizdən daha böyük və daha dərin, məsələn: yoxsulluq, xəstəlik, ayrı-seçkilik və sosial ədalətsizliyin geniş şəkildə vüsət tapdığı kimi zəifliklərin mövcudluğunu sadalayam. Bu zəifliklərdən onlarda çoxdur və bizdə olan zəif cəhətlərdən neçə bərabər artıqdır. Zəiflik hər yerdə mövcuddur, lakin zəifliyi aradan qaldırmağa çalışmalıyıq, həll yolu budur. Həll yolu bu deyil ki, zəiflik gördüyümüz zaman dərhal kökü və təməli vurmağa başlayaq.
Mən birinci yolun, yəni inqilabi yolun düzgün olmasını təkid edirəm. Yəni zəif tərəflərimizə baxanda deyək ki, əlçatmaz hesab etdiyimiz böyük nailiyyətləri ələ gətirmişik, bir halda ki onlar bizə görə əlçatmaz idi, buna görə də çalışmalıyıq. Baxın əzizlər! Mən qırx ildir ki, bu ölkədə məsul şəxsəm- prezident olmamışdan öncə ta prezidentliyə qədər və ondan sonraya müxtəlif məsuliyyətlərim olub. Elə günlər olub ki, bir gün bəzi inkişaflara yiyələnə bilməyin mümkün olmasına inanmağımız gəlmirdi, bu inkişafları saymaq istəsəm, təəccüblənərsiniz. Məsələn, polad istehsalının milyon tona çatması heç ağlımıza belə gəlməzdi. Fərz edin ki, ağlımıza gələn beş min tonun on min tona çatması idi. Bu gün gözümüzün önündə olanı heç təsəvvürümüzə gətirməzdik. Amma millət çalışdı, gənclər təşəbbüs göstərdi, bu müddət ərzində yaxşı olan dövlət məmurları və bütünlükdə hamısının səyləri nəticəsində ölkəni bu vəziyyətə gətirdilər. Bu təlaş bu gün də mövcuddur, səy göstərib zəif cəhətləri düzəltməyə çalışaq. Bu mənim məsləhətimdir.
Başda dövlət məmurları olmaqla hamı iş görməlidir. Hər kəs öz qanuni vəzifəsinin verdiyi ixtiyar çərçivəsində iş görməlidir. Dövlət məmurlarının vəzifələri müxtəlifdir, o cümlədən proqnozlaşdırma, icraedici, nəzarətedici, qanunvericilik və siyasi proqnozlaşdırma. Müxtəlif idarələr, müdiriyyətlər, vəzifələr,—bir sözlə hamısının qanunu var. Hər kəs cəhd etməli, cihadi (gecə-gündüz tanımadan) fəaliyyət göstərməli, gecəsini gündüzünə qatmaqla iş görməli və davamlı olaraq işləri təqib etməlidir. Məsul şəxslər bunlardır.
Mən elə başa düşürəm ki, bu gün bizim ən mühüm işlərimiz iqtisadi işlərdir. Bir neçə gün əvvəl ölkənin bəzi müvəffəqiyyətli istehsalçıları və sahibkarları hüseyniyyəyə toplaşdılar və mən onlara da dedim ki, (11) bu ölkə iqtisadi cəhətdən inkişaf etməlidir, iqtisadi artım olmasa, iş qabağa getməz. Yaxşı, iqtisadi inkişafın ələ gəlməsi və istehsal artımının olmağı üçün iqtisadi sabitlik olmalıdır, inflyasiya kontrol edilməlidir. Bu gün ölkə məmurları, Prezident Administrasiyası, qanunvericilik, nəzarət və icra orqanlarının (istər camaatın problemləri ilə birbaşa əlaqədə olan, istərsə də bundan qeyri) əsas işlərindən biri problemləri həll etməkdir. Belə deyil ki, bu problemlərin həll yolu olmasın, xeyr, bunların çarəsi və həll yolu vardır. O həll yolunu tapmaq lazımdır. İnflyasiyaya çarə tapsınlar. İqtisadi sabitlik və qiymətlərin sabitliyi ölkəni irəli aparır və bu baxışla baxmaq lazımdır.
Camaat da, həmçinin işləməlidir. Təbii ki, məsulların üzərinə daha çox məsuliyyət düşür, lakin insanlar da elə o cür məsuliyyət daşımalıdırlar. Tələbə, müəllim, fəhlə, tacir, sahibkar, fermer, din alimləri- bunların hamısı hərəsi bir formada fəaliyyət göstərə bilərlər. Məsələn, cənab Ali Haşim burada qeyd etdi ki, (din alimləri) gedirlər, sənaye mərkəzlərini başqalarına göstərirlər və ya baxış keçirirlər, bu işlər yaxşı və böyük işlərdir. Bunlar iqtisadiyyatı hərəkətə gətirir. Bu hərəkətlər bərəkətlidir. Siyasi fəal da fəaliyyət göstərib həqiqətləri üzə çıxartmalıdır. Siyasi fəallıq təkcə hökumətdə və ya digər orqanlarda zəif nöqtə tapmaq və onu istehza, təhqir və bu kimi şeylərlə sosial medialarda böyütmək deyil. Bu, siyasi fəaliyyət deyil. Siyasi fəaliyyət odur ki, dünyanın və məntəqənin siyasi gedişatına, düşmənlərin hədəflərinə, dostların tutduğu mövqelərə nəzər salıb, xalq üçün onlardan daha çox başa düşdüyünüz və bildiyiniz məlumatları izah edəsiniz. Bu, siyasi fəaliyyətdir.
Yaxud ictimai və xalqa xidmət göstərən fəallar da hamılıqla fəaliyyət göstərməlidirlər. Biz dəfələrlə xalqın vasitəsilə böyük zəiflikləri aradan qaldıra bilmişik. Bunlardan biri də koronadır. Korona başlayan andan etibarən insanlar meydana çıxıb fəaliyyət göstərməyə başladılar. İnsanlar müəyyən qurumların etməli olduğu bir çox işləri meydana çıxaraq yerinə yetirdilər. O günlərdə insanlar gəlib mömincəsinə kömək etdilər. İnsanlar bir çox müxtəlif xidmətlər göstərdilər. Xalq Tehranda həvəs və şövqlə böyük Qədir-Xum bayramını qeyd etdi. Deməli, xalq bacara bilər. İctimai fəaliyyət millətə gümrahlıq verir, ölkədə tərəqqiyə zəmanət verir, onu təmin edir, ona dayaq verir.
Ölkədə gücləndirməkdə təsirli olan amillərdən biri də milli vəhdətdir. Xırda məsələlər üzərində mübahisələr edilməməlidir. Təbii ki, fikir ayrılığı olur. Bu fikir ayrılıqlarında müzakirə və bəhs etmək yaxşıdır, lakin münaqişə yaxşı deyil. Universitetdə, hövzədə, sosial şəbəkələrdə ədəblə, başqalarının ehtiramını saxlamaqla danışmaq, müzakirə etmək, mübahisə etmək yaxşıdır, amma münaqişə və düşmənçilik etmək, münasib olmayan sözlərdən istifadə etmək yaxşı deyil, vəhdət yaratmaq ölkənin güclənməsinə kömək edir.
İran xalqının meyli inqilabi meyldir. Biz statistika toplamamışıq ki, məsələn, camaatın hansısa siyasi məsələ ilə bağlı fikirlərinin neçə faizi ümumi rəyə, yaxud məsulların fikrinə zidd olduğunu bilək. Bunları bilmirik, amma ümumi olaraq bilirik ki, başqa fikirdə və ya əks fikirdə olanlar var. Onlar İran millətinin müqabilində deyillər, İran millətinin müqabilində dayananlar hegemonlardır. Hegemonlara kömək etməmək üçün ehtiyatlı olmaq lazımdır. Hər kəs diqqətli olmalıdır ki, inqilab, İslam və əziz İran qarşısında hegemonların əlaltılarına çevrilməsin. Həmişə olduğu kimi, mən gələcəyi aydın görürəm. Əlhəmdulillah, nə vaxt qarşıda işıqlı üfüq görünübsə, bir müddət sonra ona çatmışıq. Millətin bacarığı çox yüksəkdir, ölkənin potensialları çox yüksəkdir, inşallah bu xalq daha böyük nailiyyətlər əldə edəcəkdir.
Uca Allahdan diləyirik ki, bizi bu yolda sabit qədəm etsin.
Uca Allahdan istəyirik, bizə bu yolu göstərən əziz İmam Xomeynini öz övliyaları ilə birlikdə qiyamət səhnəsinə gətirsin.
Uca Allahdan istəyirik, əziz şəhidlərimizi İslamın birinci şəhidləri və Kərbəla şəhidləri ilə birlikdə qiyamət səhnəsinə gətirib, bizi də onlara qovuşdursun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.