Sual 56: “Vilayəti-fəqih” prinsipinə etiqad bəsləmək istər anlayış, istərsə də predmet baxımından əqli məsələdir, yoxsa şəri?
Cavab: Vilayəti-fəqih ədalətli və dinşünas fəqihin hakimiyyətindən ibarətdir. Bu məsələ təəbbüdi[1] şəri hökmdür və ağıl da bu məsələni təsdiqləyir. Bu hökmün nümunəsini (yəni vəliyyi-fəqihi) müəyyən etmək üçün əqli üslublar mövcuddur və bu üslublar İran İslam Respublikasının Konstitusiyasında açıqlanmışdır.
Sual 57: Vəliyyi-fəqih müsəlmanların ümumi mənafeyini nəzərə alıb şəriət hökmlərinə zidd olan bir hökm verərsə, şəri hökmlər dəyişdirilə və icrası isə dayandırla bilərmi?
Cavab: Bu məsələnin müxtəlif surətləri vardır.
Sual 58: İslam hökumətində kütləvi informasiya vasitələri vəliyyi-fəqihin, yaxud dini elmlər hövzəsinin, yaxud da başqa bir qrumun nəzarəti altında olmalıdırmı?
Cavab: Kütləvi informasiya vasitələri vəliyyi-fəqihin nəzarəti və əmri altında idarə edilməli, İslam və müsəlmanlara xidmət və dəyərli dini maarifin yayılması istiqamətində fəaliyyət göstərməlidir. Həmçinin kütləvi informasiya vasitələri müsəlman cəmiyyətinin ideoloji yetkinliyi, cəmiyyətin problemlərinin həlli, müsəlmanların birliyi, müsəlmanlar arasında qardaşlığın artması və bu kimi istiqamətlərdə iş aparmalıdır.
Sual 59: “Vilayəti-mütləqə” (yəni vəliyyi-fəqihin mütləq hakimiyyəti) məsələsinə etiqad bəsləməyən şəxs həqiqi müsəlman sayılırmı?
Cavab: İmam Zamanın (ə.f) qeybət dövründə “vilayəti-mütləqə” məsələsinə istər ictihada, istərsə də təqlidə əsaslanıb etiqad bəsləməmək dindən çıxmağa səbəb olmur.
Sual 60: Vəliyyi-fəqihin hansısa bir səbəbə görə məsələn, müsəlmanların ümumi mənafeyinə görə dini hökmləri aradan qaldıra bilmək kimi bir səlahiyyəti vardırmı?
Cavab: Həzrət Peyğəmbərin (s) vəfatından sonra İslam dininin hökmlərinin aradan qaldırılması mümkün deyildir. Mövzunun (hökmün tətbiq edildiyi məqamın) dəyişməsi, yaxud zərurət və məcburiyyət halının yaranması və ya yaxud da hökmün icrası üçün müvəqqəti maneənin ortaya çıxması hökmün aradan qaldırılması hesab olunmur.
Sual 61: “Həsbiyyə işlər”[2] istisna olmaqla, digər məsələlərdə vilayəti-fəqihə etiqadı olmayan şəxslərə qarşı bizim vəzifəmiz nədir? Bunu da qeyd edək ki, onların bəzi nümayəndələri bu baxışı cəmiyyətdə yayırlar.
Cavab: Müsəlman cəmiyyətinə rəhbərlik etmək və müsəlmanların ictimai işlərini idarə etməkdə “vilayəti-fəqih” məsələsi, hər bir dövrdə şiə məzhəbinin əsas prinsiplərindən olub və “imamət” inancından qaynaqlanır. Əgər bir şəxs dəlil-sübut əsasında bu məsələyə etiqad etməyin vacib olmaması qənaətinə gələrsə, üzrlü hesab olunur. Amma o, müsəlmanlar arasında ixtilaf və ikitirəlik yarada bilməz.
[1] Yəni şəriətin dəlil-sübut istənilmədən yerinə yetirilən hökmləri.
[2] Allah-təala bəzi işlərin tərk edilməsinə razı olmadığı üçün onların vəliyyi-fəqih və ya onun nümayəndəsi tərəfindən idarə olmasına icazə verdiyi işlərə "həsbiyyə işlər" deyilir. Misal üçün yetimlərin malının istifadəsinə nəzarət kimi işlər.