Fitrə zəkatını nə vaxt ayırıb kənara qoymaq və vermək lazımdır?
Fitr bayramı axşamının qürub vaxtı fitrə zəkatını vermək və ya ayırmaq olar. Ehtiyat vacibə görə, insan gərək fitrə zəkatını bayram namazından əvvəl fəqirə versin, amma əgər bayram namazı qılmırsa, fitrə zəkatını zöhr vaxtına qədər gecikdirə bilər və fəqir şəxsə əl çatdığı bir surətdə onu kənara qoymaq kifayət etmir (gərək fəqirə çatdırsın). Amma əgər zöhr vaxtına qədər fitrə zəkatını fəqirə vermək imkanı yoxdursa, onu ayırıb kənara qoysun və hər vaxt fəqir şəxs tapılsa, onu fəqirə versin və əgər fitrə zəkatını ayırıb kənara qoymayıbdırsa, ehtiyat vacibə görə, fitrə zəkatı boynundan düşmür və gərək əda və qəza niyyəti olmadan qəsd qürbət niyyəti ilə onu fəqirə versin.