Bəziləri düşünürlər ki, əgər İmam Səccad (əleyhissalam) Bəni-Üməyyə rejiminə qarşı müqavimət göstərmək istəsəydi, mütləq, o da müxalifət bayrağını qaldırmalı, ya Muxtara, ya da, məsələn, Abdullah ibn Hənzələyə qoşulmalı, yaxud onlar üzərində olan rəhbərliyi öz üzərinə götürərək açıq və silahlı bir mübarizəyə başlamalı idi. Bu düşüncə yanlış bir düşüncədir və imamların (əleyhimussalam) hədəflərinə qarşı diqqətsizlikdir.

Əgər İmamlar, o cümlədən İmam Səccad (əleyhissalam) həmin şəraitdə belə açıq və zorakı hərəkətlərə əl atsaydılar, şübhəsiz ki, şiəliyin kökü kəsilərdi və Əhli-beyt məzhəbinin, imamət və vilayət sisteminin sonrakı dövrlərdə inkişafı üçün heç bir zəmin qalmazdı, hər şey aradan gedər və məhv olardı. Buna görə də görürük ki, İmam Səccad Muxtar məsələsində onunla açıq şəkildə əlaqə nümayiş etdirmədi, baxmayaraq ki, bəzi rəvayətlərdə gizli əlaqələrinin olduğu qeyd olunur, lakin onunla açıq münasibət saxlamadığına heç bir şübhə yoxdur. Hətta bəzi rəvayətlərdə İmam Səccadın Muxtar barəsində pis danışdığı da eşidilib. Bu isə çox təbii nəzərə çarpır və təqiyyə məqsədilə edilən bir işdir ki, aralarında münasibət olduğu hiss olunmasın.

Əlbəttə, əgər Muxtar axırda qalib gəlsəydi, hakimiyyət Əhli-beytin hakimiyyətinə çevrilərdi. Amma məğlub olacağı təqdirdə, əgər İmam Səccadla onun arasında açıq və müəyyən bir əlaqə olsaydı, şübhəsiz, bu qəzəb İmam Səccada və Mədinədəki şiələrə də yetişərdi və dediyimiz kimi, şiəlik zənciri qırılardı. Bu səbəbdən, orada da İmam Səccad heç bir açıq əlaqə ortaya qoymur və belə bir əlaqə yaratmır.

Hirrə hadisəsində də vəziyyət eyni idi. Rəvayətlərdə var ki, Müslüm ibn Üqbə Mədinəyə doğru hərəkət edəndə və Mədinə əhli bunu eşidəndə, heç kim şübhə etmədi ki, onun birinci hədəfi Əli ibn Hüseyn olacaq. Hamı deyirdi ki, Müslümin qəzəbinə ilk tuş gələcək şəxs Əli ibn Hüseyn (əleyhissalam) olacaq. Lakin İmam Səccad tədbir və hikmətli yanaşması ilə elə davrandı ki, bu bəla ondan dəf olundu. O, salamat qaldı və təbii olaraq, şiəliyin əsas mərkəzi də qorunub saxlanıldı.

"Həmaseye-İmam Səccad" kitabından bir hissə.