Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّة الله فی الارضین.
 

Varlıq aləminin hamısının, xüsusilə də biz iranlıların nemət sahibi olan şəfqətli İmam, Əli ibn Musa ər-Rzanın (əleyhissalam) şəhadəti münasibətilə başsağlığı verirəm. Bu görüş də həmin böyük şəxsiyyətin lütfü ilə mümkün oldu ki, belə bir yığıncağı, bu görüş, bu isti və coşqulu məclisi təşkil edək. Bir cümlə şəfqətli İmam, Həzrət Əbülhəsən ər-Rza (əleyhissalam) haqqında deyəcəyəm, bir cümlə də bu günün məsələləri ilə bağlı təqdim edəcəyəm.

 

Həzrət Əli ibn Musa ər-Rzanın (əleyhis-salam) həyatında böyük hadisələr dəfələrlə baş vermişdir ki, onlardan biri də onun Mədinədən Tus və Mərvə, yəni Xorasan tərəflərinə gəlməsidir. Bu böyük şəxsiyyətin həyatında başqa mühüm hadisələr də olmuşdur. Xorasana səfər hadisəsinin nəticəsi isə Əhli-beyt məktəbi üçün bir sıra faydalar və xeyirlər olmuşdur. Yəni bu səfər məcburi səfər idi, o Həzrət öz istəyi ilə Xorasana tərəf yola çıxmadı. Lakin Allah-təala bu səfərə bərəkət verdi və baş verən hadisələr – istər səfər boyu, istərsə də həmin böyük şəxsiyyətin şəhadətindən sonra çox mühüm hadisələr idi. Mən isə onların ikisinə işarə edəcəyəm.

 

Birinci məsələ Əhli-beyt məktəbinin misilsiz şəkildə yayılmasıdır. Əhli-beyt məktəbi uzun müddət cəmiyyətdən təcrid olunmuş və məzlum bir vəziyyətdə idi. İmam Hüseynin (əleyhissalam) şəhadətindən sonra o dövrün İslam dünyasında şiələr hər yerdə həyat çətinlikləri ilə üzləşirdilər, həm cismi, həm maddi, həm də ruhi problemlər yaşayırdılar. Zaman keçdikcə – İmam Baqir dövründə azacıq, İmam Sadiq dövründə daha çox, Həzrət Musa ibn Cəfərin dövründə isə daha artıq – bu təcrid bir qədər azaldı. Amma Əli ibn Musa ər-Rza (əleyhissalam) dövründə şiəlik məktəbi bütün İslam dünyasında yayıldı. Tarixi hadisələrdən hiss olunan budur ki, həmin səfər və hadisələr nəticəsində şiə və Əhli-beyt məktəbinin davamçıları o qədər güclü bir ruhiyyə qazandılar ki, bu ruhiyyə şiəliyi qoruyub saxladı. İndi, təxminən 1200 il keçməsinə baxmayaraq, Əhli-beyt məktəbinin davamçıları həm şiələr, həm də rəsmi olaraq şiə olmasalar da, Əhli-beyt maarifinə və fikri əsaslarına inanan çoxlu sayda insanlar günü-gündən çoxalır. Bu, Əli ibn Musa ər-Rzanın səfərinin bərəkətlərindəndir. Bu, birinci məqamdır. Yəni İmam Rzanın (əleyhissalam) Mədinədən Xorasana hərəkətinin fayda və təsirlərindən biri də bu idi. O böyük şəxsiyyətin iştirakı, baş verən hadisələr, aparılan söhbətlər, müzakirələr, həmçinin onun Məmunla, xalqla, dövlət məmurları ilə davranışı – bütün bunların hər biri təsir göstərdi və şiəni gözlərdə ucaltdı, Əhli-beyt məktəbini yüksəltdi.

 

İkinci təsir, hansı ki, mən bunun üzərində dayanmaq istəyirəm, odur ki, Əli ibn Musa ər-Rza (əleyhissalam) Aşura məsələsini, İmam Hüseynin (əleyhissalam) məsələsini İslam dünyası miqyasında yaydı. Yəni Aşura hadisəsi Əhli-beyt davamçıları arasında təbii olaraq şiəni tarix boyu zülmə qarşı mübarizənin bayraqdarı olaraq tanıtdırdı. Kərbəla hadisəsi elə bir hadisə idi ki, insanların qəlbində yer tutmalı idi. Bu hərəkatı yeni bir mərhələyə çatdıran şəxs isə Əli ibn Musa ər-Rza (əleyhissalam) idi. Məşhur Rəyyan İbn Şəbib rəvayətində buyurur: “Əgər nəyə isə ağlamaq istəsən, Hüseynə ağla” – bu, rəvayətin başlanğıcıdır və rəvayət müfəssəldir və çox mühüm bir mövzudur; “Hər nəyə göz yaşı töküb ağlamaq istəsən, Hüseynə ağla”. Bu söz Kərbəla məsələsinin əhəmiyyətini göstərir. Ardınca İmam Hüseynin ziyarətinə gedənlər, onun üçün əzadarlıq edənlər, göz yaşı tökənlər haqqında verilən böyük vədlər var: Qiyamətdə bizimlə bərabər olacaqlar, bizim yanımızda olacaqlar və s. bunlar həmin rəvayətdə yer alır.

 

Kərbəla məsələsi gündəmə gələndə, təbii olaraq bu sual yaranır: nə üçün bu böyük şəxsiyyət şəhadətə çatdı? Bu sual İslamın ictimai məfhum və maarifinin açarıdır: “Niyə şəhadətə çatdı?” Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından cəmi əlli il sonra necə oldu ki, belə bir müsibət yaşandı və Peyğəmbərin övladı şəhid edildi? Bu, hansı hadisə idi? Bu sual çox əsaslı bir sualdır və müsəlmanların tarixin müxtəlif dövrlərindəki vəzifələrini üzə çıxara bilər.

 

İmam Hüseyn zülmlə mübarizə aparırdı, İmam Hüseyn ədalətsizliyə dözə bilmirdi, İmam Hüseyn fasiqlərin və günahkarların İslam cəmiyyətinə hakim olmasını qəbul etmirdi, boyun əymirdi. Bu məsələlər çox mühümdür və Kərbəla məsələsi gündəmə gələndə təbii olaraq bunlar da ortaya çıxır. Deməli, Aşura hadisəsinin yayılması, Kərbəla məsələsinin dirçəlməsi Həzrət Əli ibn Musa ər-Rzanın (əleyhis-salam) bəyanları sayəsində baş verdi və bu, olduqca mühüm bir məsələdir.

 

Ölkənin cari məsələlərinə gəlincə, xalqımıza qarşı zorakılıq tətbiq olundu, xalqa mühüm hadisələr və müharibə tətbiq edildi. Amma xalq böyük güc və qüdrətlə dayandı və dünyanın diqqətini özünə cəlb etdi. Bu hadisələrlə İran xalqı dünyanın gözündə xüsusi bir əzəmətə, yeni bir izzətə sahib oldu. Bu isə həmin hadisələrə aiddir.

 

Burada bir sual ortaya çıxır: Amerikanın İranla düşmənliyi nəyə görədir? Bu sual asan görünür, amma əslində mürəkkəb bir sualdır, cavabı da mühümdür, mürəkkəbdir. Bu düşmənlik də bugünkü məsələ deyil, artıq 45 ildir ki, müxtəlif partiyalardan, müxtəlif şəxslərdən ibarət ABŞ hökumətləri İslam Respublikası və əziz İran millətinə qarşı eyni düşmənliyi, eyni sanksiyanı, eyni təhdidi davam etdiriblər.

 

Səbəb nədir? Keçmişdə bu səbəbi gizlədirdilər. Bunu terrorizm, insan haqları, qadın məsələsi, demokratiya kimi müxtəlif adlar altında təqdim edirdilər. Əgər açıq da deyirdilərsə, bunu abırlı formada deyirdilər, istəyirdilər ki, İranın davranışı dəyişsin. Keçmişdə bu cür danışırdılar. Amma bu gün Amerikada hakimiyyətə gələn şəxs məsələnin həqiqətini ağzından qaçırtdı, həqiqi məqsədi üzə çıxartdı və dedi ki, bizim İranla, İran milləti ilə mübarizəmiz ona görədir ki, İran Amerikanın əmrinə itaət etsin! Biz İran milləti olaraq bunu düzgün anlamalıyıq. Bu, mühüm məsələdir. Ola bilər ifadəsi mənim sözlərimdən bir qədər fərqli olsun, məsələn, desin ki, “İran sözəbaxan olsun”. Yəni dünyada elə bir dövlət, elə bir qüvvə meydana çıxıb ki, tarixi, izzəti, böyük milləti və bütün şərəfi ilə mövcud olan İranın ona tabe olmasını gözləyir! Düşmənliyin səbəbi budur. Amerikaya qarşı şüar verməyin, “Onlar əsəbiləşər, sizə düşmən olarlar” – deyənlər sadəcə zahirə baxıb hökm edənlərdir. Eyni şəkildə “Niyə Amerika ilə birbaşa danışıqlar aparmırsınız, məsələlərinizi həll etmirsiniz?” – deyə təhlil verənlər də mənim fikrimcə səthi düşünənlərdir. Çünki işin mahiyyəti belə deyil, bu məsələ həll olunası məsələ deyil. Onlar istəyirlər ki, İran Amerikanın əmrinə tabe olsun. İran milləti isə belə böyük bir təhqirdən şiddətli şəkildə narahat olur və kim bu biabırçı gözlənti ilə İran millətinə yanaşsa, onun qarşısında bütün gücü ilə dayanacaq. Son müharibə də buna görə idi. Sionist rejimi qabağa verdilər, onu təhrik etdilər, razılıq göstərdilər, kömək etdilər ki, İrana hücum etsin və guya İranı, İslam Respublikasını məhv etsin! Amma onlar təsəvvür etmirdilər ki, İran bu hərəkət qarşısında onlara peşman edici bir zərbə vuracaq.

 

Onlar elə zənn edirdilər ki, bu hücumla İranın işi bitəcək. Baxın, 13 iyunda İrana hücum olundu, bir gün sonra, yəni 14 iyunda Amerikanın adamlarından bir qrup Avropadakı bir paytaxtda toplaşıb İslam Respublikasını əvəz edəcək hökumət növünü müzakirə etməyə başladılar! Mən eşitdim ki, bunu iki-üç gün əvvəl televiziyada da dedilər, amma bizə o vaxt xəbər vermişdilər. Yəni o qədər arxayın idilər ki, bu hücum İran İslam Respublikasını ölkədə sarsıdacaq, xalqı da İslam Respublikasının qarşısında qoyacaq. O qədər əmin idilər ki, hücumun başlanmasından bir gün sonra oturub müzakirə etdilər ki, İslam Respublikasından sonra İrana kim, hansı hökumət və necə bir hakimiyyətlə rəhbərlik edəcəklər! Hətta şahı da təyin etmişdilər. İran üçün şah da təyin etmişdilər ki, filankəs şah olsun! Onların İran barədə gümanları belə idi. Onlar güman edirdilər ki, bu hücumla xalqla İslam quruluşu arasında məsafə yaranacaq, sistem zəifləyəcək və öz xəbis və murdar məqsədlərinə çata biləcəklər. Amma bunu dəfələrlə demişik, yenə də israrla təkrar edirəm ki, İran milləti silahlı qüvvələrin, dövlətin, sistemin yanında dayanaraq hamısının ağzının üstündən möhkəm vurdu.

 

İran üçün əvəzedici hökumət axtaran o axmaqların arasında bir iranlı da vardı. Öz ölkəsinin əleyhinə, yəhudinin, sionizmin, Amerikanın xeyrinə fəaliyyət göstərən iranlının kül olsun başına! Əlbəttə, bu hadisələr bizim silahlı qüvvələrin gücünü tam göstərməsindən bir iki gün əvvəl idi. Sonradan, Allahın köməyi ilə silahlı qüvvələr böyük işlər gördülər və bütün İran xalqı onlara təşəkkür etməlidir, biz də təşəkkür edirik. İnşallah, bundan sonra da günbəgün İran millətinin silahlı qüvvələri güclənəcək.

 

Burada mənim deyəcəyim başqa bir məqam da var. Düşmənlər bu hadisələrdən belə nəticəyə gəldilər ki, İranı müharibə ilə, hərbi hücumla diz çökdürmək olmaz, İslam Respublikasını bu kobud vasitələrlə geriyə otuzdurmaq mümkün deyil. 45 ildir bu işlərlə məşğuldurlar, amma hər gün İslam Respublikası daha da güclənib. Gördülər, yol budur ki, daxildə ixtilaf yaradıb nifaq salsınlar. Onların daxildə də  işləyənləri var, yəni sionizmə və Amerikaya işləyən ünsürlər ölkənin müxtəlif yerlərində var. Onlar vasitəsilə və ya dediklərinin, yazdıqlarının fərqinə varmayanların əli ilə xalq arasında ixtilaf salmaq, ölkədə müxalifət səsini yaratmaq istəyirlər. Amma bu gün, çox şükür, ölkə birləşib. Bu gün xalq birləşib. Siyasi, ictimai zövq fərqləri var, amma İslam quruluşunun müdafiəsində, ölkənin müdafiəsində, düşmən qarşısında dayanmada xalq bu gün birləşib. Bu birliyin özü onların ziyanınadır, onların təcavüzünün qarşısında səddir. Onlar isə bu birliyi aradan qaldırmaq istəyirlər. Buna diqqətli olun.

 

Bəyan və qələm əhli, danışanlar, yazanlar, araşdıranlar, tvit yazanlar başa düşsünlər ki, nə edirlər. Bu müqəddəs birlik, bu möhtəşəm vəhdət, xalqın qəlbindən və iradəsindən yaranmış bu polad sipər zədələnməməlidir. Bu gün, həmd olsun Allaha, birlik var. Xalq bu birliyi qorusun. Ölkənin məsul şəxsləri, xüsusilə də üç qüvvənin məsul şəxsləri ki, bu gün, həmd olsun Allaha, tam bir birlik və həmrəyliklə çalışırlar, bunu qorumalıdırlar. Xalq ölkənin xidmətçilərinə dəstək olsun, prezidentə də dəstək olsun. Prezident zəhmətkeşdir, çalışqandır, işlərin ardınca gedəndir və belə çalışqan, zəhmətkeş və məsələnin ardınca gedən şəxslərin qədrini bilmək lazımdır. Millət və dövlət arasındakı, müxtəlif məsul şəxslər arasındakı, silahlı qüvvələr ilə xalq arasındakı birlik tam şəkildə qorunmalıdır və bu, mənim qəti tövsiyəmdir.

 

Mən bəzi əlamətlərdən hiss edirəm ki, bu gün düşmənin əsas cəhdi məhz bu həmrəylik, bu vahid səsin ucalması, bu birgəlik, bu əməkdaşlığı zədələməkdir. Düşmən bu işi müxtəlif yollarla görür, xalq diqqətli olsun. Əlbəttə, müxtəlif məsələlərdə fərqli fikirlər ola bilər və bunun da eybi yoxdur. Amma düşüncə əhli diqqət etsin ki, yeni fikir təqdim etmək əgər İran millətinin malik olduqlarını təkmilləşdirirsə, tamam başqa şeydir, dağıtmaq və təhqir etmək isə ayrı şeydir. İslam Respublikasının əsaslarını dağıtmasınlar. Bu əsaslardır ki, milləti belə inkişaf etdirib, ölkəni bu cür yüksəldib, bu gücü xalqa bəxş edib. Əgər bu əsasları təkmilləşdirmək, artırmaq, islah etmək istəyirlərsə, eybi yoxdur, amma təxribat olmaz, bu, düşmənin istəyidir. Üç qüvvənin, yəni İslam Məclisi, dövlət və məhkəmənin əməkdaşlığı, silahlı qüvvələrin və başqalarının əməkdaşlığı davam etməlidir.

 

Bu gün bizim qarşımızda dayanan düşmən, yəni sionist rejim, dünyanın ən mənfur rejimi və hökumətidir. Millətlər bu rejimdən ikrah hissi keçirirlər, ona nifrət edirlər, dövlətlər də bu rejimi, bu sionist hökuməti məhkum edirlər. Baxın, hətta Qərb dövlət başçıları ki, həmişə sionist rejimin himayədarı idilər, bu gün onları məhkum edirlər. Əlbəttə, bu yalnız dil ilə məhkum etmədir. Bu azdır, dil ilə məhkum etmənin faydası yoxdur. Bu gün sionist rejimin başçıları elə cinayətlər törədirlər ki, mənim fikrimcə, tarixdə misilsizdir: uşaqları aclıq və susuzluqla öldürürlər, yemək üçün gəlmiş uşaqları gülləbaran edirlər. Mənim tarixdən məlumatım olduğu qədərincə, tarixdə belə bir şey olmayıb. Bu cinayətlər millətləri usandırıb, bunun qarşısında dayanmaq lazımdır. Dayanmaq da təkcə dillə olmaz ki, dövlətlər desinlər “Biz müxalifik və məhkum edirik”. Hətta Fransa, İngiltərə və digərləri də qınadılar, bunun heç bir faydası yoxdur, kömək yolları kəsilməlidir. Sionist rejimə kömək yolları tamamilə bağlanmalıdır. Bu gün Yəmənin şücaətli xalqının göstərdiyi hərəkət düzgün işdir, düzgün yol budur. Sionist rejimin başçılarının törətdiyi cinayətlər qarşısında başqa yol yoxdur, yalnız onların kömək yolları hər tərəfdən bağlanmalıdır.

 

Biz İslam Respublikası olaraq mümkün olan hər bir işə tam hazırıq və ümid edirik ki, Allah-təala İran xalqının və dünya haqqsevərlərinin hərəkətinə bərəkət versin, bu dərin, ölümcül xərçəng xəstəliyinin bu məntəqədə kökünü qurutsun, inşallah. Allah müsəlman millətləri oyatsın və bir-biri ilə birləşdirsin.

 

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.