Həzrət Ayətullah Xamenei:

“Ərbəin günündə milyonlarla insan bir-birinin yanında yer aldı. Yalnız şiələrə aid olmayan və sünnilərin də yer aldığı bir qisim müsəlmanların bu möhtəşəm hərəkətinin özü dünyada əks-səda doğurdu. Bu yürüşə təzim etdilər, hörmət göstərdilər və dünyanın ən böyük yığıncağı hesab etdilər. Bəs kimlər tərəfindən? İslam məsələlərini izləyənlər tərəfindən. ... Bu yolu İslamın və Əhli-beytin düşmənləri öz gümanlarına görə bağlamışdılar.” (09.01.2015)

 

KHAMENEI.IR mediası bu qeyddə 1977-ci ildəki Ərbəin yürüşü əhvalatını yenidən xatırladır və onun bu günkü Ərbəin yürüşü salnaməsindəki rolunu araşdırır. Bu münasibətlə aşağıdakı yazını təqdim edirik:

 

Tarixin bəzi səhifələri yalnız bir hadisənin təsviri deyil, daha böyük bir həqiqətdən xəbər verən canlı bir sənəddir. Onlardan biri 1977-ci ildəki Ərbəin yürüşü əhvalatıdır. Ərbəin yürüşü geniş bir ictimai mərasimə çevrilməzdən əvvəl İraq xalqı arasında hər il coşqu və xüsusi həyəcanla həyata keçirilən qədim bir ənənə idi. Səddam hakimiyyətdə olduğu dövrlər istisna olmaqla, bu ənənə illərlə davam etmişdi. Səddam bu kütləvi mərasimi söndürməyə çalışdı, lakin nəticədə tarixdə əks-sədası yayılan böyük bir hadisəyə çevrildi.

 

Bəəs partiyasının İraqda hakimiyyətə gəlməsindən bir neçə il keçmişdi və hökumət İmam Hüseyn (əleyhissalam) məclislərində olan həyacanı zəiflətməyə, matəm mərasimlərini isə mümkün qədər məhdudlaşdırmağa çalışırdı. Eləcə də məddahlara və şairlərə təzyiq göstərir, onlardan Həsən əl-Bəkr və Səddamı tərifləyən şeirlər yazmağı və mərasimlərdə onlardan bəhs etməyi tələb edirdi. Bu vəziyyət 1977-ci ilin məhərrəm ayında daha da şiddətləndi, yəni maşınlar yoxlanılır, əza mərasimlərinə aid hər bir əşya, məsələn, ələm, bəzəkli mərasim tağı, zəncir və qara parçalar müsadirə edilirdi və mərasimlərin keçirilməsinin qarşısı maksimum dərəcədə alınmağa çalışılırdı.

 

1977-ci ilin qışı, yəni İslam İnqilabının qələbəsindən cəmi iki il əvvəl İraq xalqı məhərrəm mərasimlərinə qoyulan məhdudiyyətlərdən və maneələrdən böyük narazılıq duyurdu. Lakin o dövrün şiə cəmiyyətinin ən önəmli rəhbərlərindən biri olan Ayətullah Seyid Məhəmməd Baqir Sədr insanları inandıra bildi ki, etirazlarını mərkəzləşdirilmiş şəkildə, yəni Ərbəin yürüşündə ifadə etsinlər. Planlaşdırmaya görə yürüş 4 fevralda, yəni Ərbəindən beş gün əvvəl, saat on bir radələrində Nəcəfdə, Həzrət Əmirəlmöminin (əleyhissalam) ziyarətgahından başlayacaqdı. Əlbəttə, Ərbəin yürüşlərinin hamısında olduğu kimi yürüş yolları digər şəhərlərdən də başlanırdı.

 

4 fevral gününün səhərindən etibarən insanlar pərakəndə və nəzərə çarpmadan Həzrət Əmirəlmöminin (əleyhissalam) hərəminə doğru hərəkət etməyə başladılar. Təxminən saat on bir radələrində hərəmdəki izdiham təqribən otuz min nəfərə çatdı və yürüş başlandı. Hazırlıqsız və qəflətdə olan Bəəs rejimi bu izdihamın Kərbəlaya doğru hərəkətinin qarşısını almağa çalışdı, hətta yolda bir neçə nəfər şəhid edildi. Lakin xalq böyük ruh yüksəkliyi ilə hərəkətini davam etdirdi və həmin şəhadətlər bu yürüşün dayanmasına səbəb olmadı. Ayətullah Seyyid Məhəmməd Baqir Sədr öz nümayəndələrini göndərdi ki, yolda yerləşən mövkiblərə dəstək versinlər, yürüşün ən yaxşı şəkildə təşkilini təmin etsinlər və yaralı və zərərçəkənlərə tibbi yardım göstərilsin.

 

Legitimlik və nüfuz baxımından sıxıntıya düşən Bəəs hökuməti məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərdi. O dövrdə Nəcəfin valisi olan Casim ər-Rukabi Ayətullah Sədrin yanına gələrək xahiş etdi ki, xalqla danışmaq üçün bir nümayəndə təyin etsin. Məqsəd isə xalqın hökumət əleyhinə şüarlar səsləndirməməsi və yalnız dini şüarlarla kifayətlənməsini elan etmək idi. Hökumət zahirən geri çəkilsə də Ayətullah Sədr ona etibar edə bilməzdi və Rukabiyə dedi: “Nümayəndəmin sağ-salamat qayıdacağına kim zəmanət verir?” Rukabi cavab verdi: “Zəmanət mənəm, əgər nəsə baş versə, bığlarımı kəsərəm.”

 

Ayətullah Sədr şagirdləri ilə məsləhətləşdi və o dövrdə İraqın ali mərceyi-təqlidi olan Ayətullah Xoi mərasimin yalnız İmam Hüseyn (əleyhissalam) məclislərində olan eşq və həyacanla və eyni zamanda hökumətə qarşı etirazsız keçirilməsini məqsədəuyğun bildi. Qərara alındı ki, Ayətullah (şəhid) Seyyid Məhəmməd Baqir Həkim Ayətullah Sədrin nümayəndəsi qismində xalqla danışsın. Həm Ayətullah Sədr, həm də Ayətullah Həkim bunun bir hiylə olduğunu düşünürdülər. Elə gözlənildiyi kimi, Ayətullah Həkim xalqın yanına doğru hərəkət edən kimi Nəcəf valisi onu dərhal həbs etdirdi və məhkəməsiz şəkildə ona ömürlük həbs cəzası verildi.

 

Həmin günün axşamçağı güclü yağış yağdı və bu, Prezident Qvardiyası qüvvələrinin irəliləməsinə mane oldu. Lakin xalq irəliləməkdə davam edirdi. Digər istiqamətlərdən də insanlar Kərbəlaya 30 kilometr məsafədə yerləşən Müsəyyib şəhərinə qədər çatmışdılar. O dövrdə rəsmi olaraq vitse-prezident olsa da, əslində ölkənin əsas hakimi sayılan Səddam təyyarələrə əmr verdi ki, “MiQ” qırıcıları xalqın başı üzərində uçsun və onları qorxutsun, həmçinin, bir zirehli briqadanın insanların üzərinə yeridilməsini tapşırdı. Müxtəlif hərbi qüvvələrin iştirakı ilə onlar xalqın üstünə atəş açdılar və qadınlı-qocalı olmaqla çox sayda insanı qanına qəltan etdilər.

 

O illərdə İmam Xomeyni Nəcəfdə sürgündə idi və Hacı Ağa Mustafa Xomeyninin bu yürüşdə iştirakı, bu hərəkatın onun tərəfindən təsdiqi sayılırdı. Hacı Ağa Mustafa xurma bağları arasından keçərək Kərbəlaya çatmağı bacardı və Ərbəin günü axşamçağı, planlaşdırılandan daha gec vaxtda Kərbəlada göründü. Bu müddət ərzində onun şəhid olduğu xəbəri İmama çatmışdı və yalnız müəyyən vaxt keçdikdən sonra onun salamat şəkildə Kərbəlaya yetişdiyi aydın oldu.

 

Bu qiyam xalqın yaddaşında “Səfər (ayı) hərəkatı” və ya “Ərbəin hərəkatı” kimi qaldı. Onlarla insanın şəhid olması ilə nəticələnən bu qiyamda bir çox alimlər də həbs olundu. Ayətullah Seyid Məhəmməd Baqir Həkim ömürlük həbsə məhkum edilərək Əbu Qureyb zindanına göndərildi. Döyüş meydanından çıxmağı bacaran bəzi alimlər isə qiyabi şəkildə edama məhkum edildilər. Onların arasında o dövrün görkəmli simalarından olan Seyid Məhəmməd Hüseyn Fəzlullah, Şeyx Məhəmməd Mehdi Asifi və Seyid Mürtəza Əskəri də var idi. Bu qətliam və repressiya Səddam hakimiyyəti sona çatanadək Ərbəin yürüşünün keçirilməsinə mane oldu, lakin bu hərəkatın kökünü quruda bilmədi.

 

Səddamın 2003-cü ildə devrilməsindən dərhal sonra hələ ABŞ qoşunlarının İraqda hərbi əməliyyatlar apardığı və Bəəs rejiminin tamamilə aradan getmədiyi günlərdə xalq Ərbəin yürüşünə başladı. Ziyarətçilər məhv edilmiş hərbi texnikanın yanından, başları üzərində gurultu ilə uçan Amerika helikopterlərinin altından keçərək irəliləyirdilər. Onlar əllərində anti-Amerika şüarları yazılmış bayraqlar tutmuş, Səddama lənət və ondan bezarlıq elan etməklə yanaşı, işğalçıları da məhkum edirdilər. Anbarlardan nəzir bişirmək üçün olan qazanlar çıxarıldı, gülab səpənlər çadralı qadınları qarşıladılar. Təxminən iki milyon nəfər əllərində şəhidlərin şəkilləri ilə hərəmin istiqamətində hərəkət edərək Beynülhərəmeyni doldurdu. “Səfər ayı hərəkatı” şəhidlərinin qanı bu mərasimin ildən-ilə daha coşqulu keçirilməsinə səbəb oldu və bu gün sizin şahidi olduğunuz bu böyük ruh yüksəkliyinə qədər gəlib çatdı.