Niyabəti müharibə o şəraitə deyilir ki, böyük bir güc öz düşməni ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, başqa qruplardan və ya dövlətlərdən niyabət və proksi kimi istifadə edərək öz maraqlarını irəli aparır. ABŞ İkinci Dünya Müharibəsindən sonra öz rəqiblərinin əleyhinə dəfələrlə bu üsula əl atıb. Latın Amerikası və Afrikada üsyançı qrupları dəstəkləməkdən tutmuş Orta Şərqdə təkfirçi terrorçuları gücləndirməyə qədər müxtəlif addımlar atıb. Bunların hamısı göstərir ki, Vaşinqton başqalarını daim öz alətinə çevirməyə çalışır.
“Oğru elə bilər hamı oğrudur”. Bu, bir atalar sözüdür ki, müəyyən dünyagörüşünə malik olan şəxsin digər insanları da həmin zehniyyət əsasında qiymətləndirməsi mənasını verir. Başqa sözlə, məsələn, özü xəsis olan bir adam, başqalarını da xəsis hesab edir və ya bədbin adam, digərlərinin əməllərini də bədbinliklə yozur. Bu atalar sözü insanlarda olan bir növ idrak xətasını ifadə edir, yəni insanlar əksər hallarda başqalarının davranışını öz şəxsi xüsusiyyətlərinə və düşüncə tərzinə əsaslanaraq təhlil etməyə meyillidirlər.
Beynəlxalq səviyyədə də bu baxış açıq şəkildə müşahidə olunur. Amerika daim dünyada öz məqsədlərini həyata keçirmək üçün niyabəti (proksi) qüvvələrdən istifadə edən müstəmləkəçi bir güc olaraq, düşünür ki, digər ölkələr də eyni yolu seçirlər. Məhz buna görə də Amerika İranın bölgədə müqavimət qruplarını dəstəkləməsini müşahidə etdikdə, dərhal onları “Niyabəti qüvvələr” adlandırır. Çünki özü tarix boyu başqa ölkələrə hökmranlıq etmək üçün məhz bu üsuldan istifadə edib.
Niyabəti müharibə və ABŞ-ın Beynəlxalq münasibətlərə baxışı
Niyabəti müharibə o şəraitə deyilir ki, böyük bir güc öz düşməni ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, başqa qruplardan və ya dövlətlərdən niyabət və proksi kimi istifadə edərək öz maraqlarını irəli aparır. ABŞ İkinci Dünya Müharibəsindən sonra öz rəqiblərinin əleyhinə dəfələrlə bu üsula əl atıb. Latın Amerikası və Afrikada üsyançı qrupları dəstəkləməkdən tutmuş Orta Şərqdə təkfirçi terrorçuları gücləndirməyə qədər müxtəlif addımlar atıb. Bunların hamısı göstərir ki, Vaşinqton başqalarını daim öz alətinə çevirməyə çalışır.
Lakin problem burasındadır ki, ABŞ dünyaya “Meşə qanunu” (güclünün haqqı) ilə baxır və düşünür ki, bütün ölkələr də məhz bu yanaşmaya malikdir. Bu baxış ABŞ-ın beynəlxalq münasibətlərdə iman, ideal və müstəqillik uğrunda mübarizə amilini görməzdən gəlməsinə səbəb olub. İran Livandakı Hizbullah, Fələstindəki Həmas və Yəməndəki Ənsarullah kimi qrupları dəstəkləyəndə, Vaşinqton hesab edir ki, bu dəstəyin səbəbi sadəcə siyasi alverdir. Halbuki bu qruplar dini etiqad və anti-müstəmləkəçilik idealı əsasında mübarizə aparırlar.
ABŞ-ın Müqavimət Cəbhəsini dəyərləndirməsindəki idrak xətası
Son zamanlar bölgədə, xüsusilə Suriyada baş verən hadisələrdən sonra Qərb mediası İranın öz niyabəti qüvvələrini itirdiyini təlqin etməyə çalışdı. Lakin İslam İnqilabı Rəhbəri bu iddialara cavab olaraq buyurdu:
“Müxtəlif təbliğat kampaniyalarında tez-tez belə deyirlər ki, İslam Respublikası bölgədə öz niyabəti qüvvələrini itirib. Bu da növbəti səhv düşüncədir. İslam Respublikasının heç bir niyabəti qüvvəsi yoxdur. Yəmən döyüşür, çünki iman sahibidir. Hizbullah döyüşür, çünki iman gücü onu meydana çəkir. Həmas və İslami Cihad döyüşür, çünki əqidələri onları bu mübarizəyə sövq edir. Onların bizdən heç bir niyabəti yoxdur. Əgər bir gün biz hərəkətə keçmək istəsək, niyabəti qüvvəyə ehtiyacımız yoxdur. Yəməndə, İraqda, Livanda, Fələstində və inşallah, yaxın gələcəkdə Suriyada şərafətli və imanlı insanlar var və olacaqlar. Onlar özləri zülmə və cinayətə qarşı vuruşurlar...”
Bu fikirlər bir daha sübut edir ki, Müqavimət Cəbhəsi imana və ortaq ideallara əsaslanır, keçici maraqlara deyil. Müttəfiqlərinə yalnız bir alət və öz müstəmləkəçi məqsədlərinin vasitəsi kimi baxan Amerikadan fərqli olaraq İran öz birliyini islam dəyərləri və anti-imperialist prinsiplər üzərində qurur.
Bəlkə də Qərbin Müqavimət dəstələrinə “Niyabəti qüvvə” damğası vurmasına ən yaxşı cavab Ənsarullahın Qəzza xalqını müdafiə yolunda göstərdiyi mövqeyə nəzər salmaqla verilə bilər.
Əgər Yəmən İranın niyabəti qüvvəsidirsə, bəs Yəmənin Qəzzanı müdafiəsi nə ilə izah olunur? Onların məntiqinə görə Qəzza Yəmənin niyabəti qüvvəsidir, yoxsa Yəmən Qəzzanın? Yəmən xalqı artıq bir aya yaxındır ki, Fələstini müdafiə etdiyi üçün ən ağır bombardmanlara məruz qalır. Amma bütün çətinliklərə rəğmən Qəzzanın müdafiəsini davam etdirir və sionist rejimə qarşı iqtisadi blokadanı gücləndirir. Dünyada hansı ölkə yalnız başqa bir dövlətin göstərişi ilə bu cür fədakarlıq göstərər? Amerikanın müttəfiqlərindən hansı Amerikanın əmri ilə belə ağır hücumlara sinə gələr? Bu sualların cavabı gün kimi aydındır. Bunun üçün yalnız müstəmləkəçilik gözlüyünü çıxarmaq, məsələlərə iman və müqavimət gözü ilə baxmaq lazımdır.
Müttəfiqlik anlayışına fərqli baxış: maddi mənafe müqabilində əxlaqi öhdəlik
Müqavimət cəbhəsi ilə Qərb bloku arasındakı ən mühüm fərqlərdən biri müttəfiqlik anlayışına nisbətdə olan fərqdir:
Qərbin baxışı:
Qərbdə müttəfiqlik dəyişən maraqlara uyğun olaraq asanlıqla ləğv edilə bilən müvəqqəti bir müqavilə kimi dəyərləndirilir. Bunun nümunəsini ABŞ-ın əvvəllər dəstəklədiyi terrorçu qruplar, məsələn, İŞİD ilə münasibətində görə bilərik, yəni ABŞ bu qrupların rolu bitdikdən sonra onları rahatlıqla tərk etdi. ABŞ dəfələrlə göstərib ki, hətta ən yaxın müttəfiqləri ilə belə bir anlıq maraqlar əsasında davranır. Məsələn, Türkiyəyə qarşı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün sanksiyalar tətbiq etməsi, yaxud neft asılılığı azaldıqdan sonra Səudiyyə Ərəbistanı ilə münasibətlərin gərginləşməsi bu yanaşmanın nümunələridir. Həmçinin, bu istiqamətdə qeyd etmək olar ki, Birləşmiş Ştatlar son iki onillikdə demək olar ki, hər bir müharibədə ABŞ-ın maraqları naminə hərbi iştirak edən müttəfiqlərinə — xüsusilə Kanada, Avstraliya və Yaponiyaya qarşı tariflər tətbiq edib. Bu isə ənənəvi müttəfiqlərin iqtisadi mənafelərinə zərbə vurmaqla sadəcə bir neçə trilyon dollarlıq borcunun ödənilməsinə xidmət edir. Bu yanaşma nəticəsində ABŞ-a olan etimad hətta ən yaxın müttəfiqləri arasında da azalıb. Çünki heç kim bilmir ki, vəziyyət dəyişsə, ABŞ yenə də ona dəstək verəcəkmi, yoxsa yox.
Müqavimət cəbhəsinin baxışı:
Müqavimət cəbhəsi isə müttəfiqliyə dini və əxlaqi öhdəlik kimi baxır. İran ən çətin şəraitdə belə, Yəmən, Fələstin və digər məzlum xalqları dəstəkləyib və onları heç vaxt tərk etməyib. Burada müttəfiqlik siyasi alver yox, dini və əxlaqi məsuliyyət kimi qəbul olunur. Bu səbəbdən, İran kimi ölkələr ağır təzyiqlərə baxmayaraq öz müttəfiqlərindən əl çəkmir. Bu yanaşmanın bariz nümunələri isə bundan ibarətdir. Fələstinə qeyd-şərtsiz dəstək: beynəlxalq təzyiqlərə və müxtəlif bəhanələrə baxmayaraq, İran dəstəyini heç vaxt azaltmayıb. Bosniya və Herseqovina müharibəsində (1992-1995) serbiyalılara qarşı Bosniya müsəlmanlarına siyasi, iqtisadi və hərbi dəstək göstərdi. 90-cı illərdə Sovetin Əfqanıstana hücumundan sonra İranın Əfqan mücahidlərinə dəstəyini göstərmək olar, halbuki İran özü o vaxt İraqdakı Bəs partiyası ilə müharibədə idi.
Suriya ilə birlikdə terrorizmə qarşı mübarizə: Qərb terrorçuları dəstəklədiyi halda, İran və Hizbullah Suriya hökumətinin yanında dayandı və ölkənin parçalanmasına imkan vermədi. Nəticə etibarilə, bu dəstəklər sayəsində Qərb ölkələri İran İslam Respublikasına qarşı nüvə proqramını bəhanə edərək sanksiyalar tətbiq etdilər.
Bu fərqli yanaşma ABŞ-ın müqavimət cəbhəsini düzgün dərk edə bilməməsinə səbəb olub. Bütün iqtisadi və hərbi təzyiqlərə baxmayaraq, hələ də möhkəm dayanmaqdadırlar. Çünki ABŞ düşünür ki, bütün ittifaqlar maddi maraqlar üzərində qurulub və iqtisadi təzyiqlərlə bu münasibətləri poza bilər. Başqa sözlə, əsas səbəb budur ki, Vaşinqton anlaya bilmir ki, bəzi ittifaqlar maddi mənafelər əsasında deyil, iman, ortaq ideallar və zülmə qarşı mübarizə ruhundan qaynaqlanır. ABŞ düşünür ki, sanksiyalar və iqtisadi təzyiqlərlə İranı müttəfiqlərindən dəstəyi kəsməyə məcbur edə bilər, lakin bu hesablamalar ittifaq anlayışına olan köklü baxış fərqinə görə uğursuzluğa düçar olub.
Halbuki bölgədəki müqavimət ruhu nə Tehranın göstərişi ilə, nə də maddi maraqlar üzərində formalaşıb. Əksinə, bu birlik iman, azadlıq və zülmə qarşı mübarizə prinsipləri üzərində qurulub.
Nəticə:
ABŞ müqavimət cəbhəsini analiz etməkdə niyə uğursuzluğa düçar olub?
Amerika beynəlxalq münasibətlərə alət baxışına görə heç vaxt müqavimət hərəkatının mahiyyətini başa düşə bilməyib. Bu ölkə bütün ölkələrin özləri kimi yalnız mənfəət əsaslı və siyasi alverçi olduqlarını zənn edərək strateji səhv edir. Lakin həqiqət odur ki, regiondakı müqavimət Tehranın göstərişi ilə deyil, iman, müstəqillik və zülmə qarşı mübarizə əsasında formalaşıb. Nəticə etibarilə, bu baxış fərqi göstərir ki, müqavimət davamlı prinsiplər və dəyərlər əsasında qurulub, bu halda isə Qərb yalnız müvəqqəti güc tənliklərinə fikir verir. Bu səbəbdən müqavimət bütün təzyiqlərə baxmayaraq, nəinki zəifləyib, hətta hər keçən gün daha güclü və möhkəm olur. ABŞ və müttəfiqləri bilməlidirlər ki, xalqların iman və iradəsi silahlar və sanksiyalardan çox daha güclüdür.
“Oğru elə bilir hamı oğrudur” atalar sözü yaxşı izah edir ki, niyə Amerika heç vaxt müqavimət ruhiyyəsini başa düşə bilməyəcək. Çünki onlar dünyanı yalnız hərbi və iqtisadi güc pəncərəsindən görürlər, halbuki region xalqları dəmir iradə və imanla onları heç bir silah və sanksiyanın dayandıra bilməyəcəyi bir yolu davam etdirirlər.
Fərzad Soltani