İmam Sadiqin (əleyhissəlam) səhabələri haqqında “Dörd min nəfər” deyildikdə, bu adamlar haradan çıxdılar? Onları kim yetişdirdi? Sizin deyiminizlə desək, kim dörd yüz nəfəri dörd min nəfərə çevirdi? Mən bu məclislərdə İmam Sadiqdən (ə) olan bu rəvayəti dəfələrlə oxumuşam: «İmam Hüseynin (ə) şəhadətindən sonra yalnız üç nəfər istisna olmaqla, insanlar hamılıqla dindən döndülər. Bəzi rəvayətlərdə “Yalnız üç nəfər”, bəzilərində isə “Yalnız beş nəfər” deyilir.

 

Yəni Aşura hadisəsi İslam dünyasında elə bir qorxu yaratdı ki, insanlar gördülər bu hökumət nə qədər zalımdır, nə qədər amansızdır ki, Peyğəmbər övladına da güzəşt etmir, onunla və Peyğəmbər ailəsi ilə bu şəkildə rəftar edir! Buna görə də qəlblərə o qədər vahimə düşdü ki, İmam Səccadın (ə) ətrafında yalnız üç, ya dörd, ya da beş nəfərdən başqa heç kim qalmadı. Onların da hamısı Mədinədə deyildi, biri-ikisi, məsələn, Kufədə idi. Bu üç-dörd nəfəri Həzrət (ə) təqribən otuz beş il ərzində topladı və asta-asta şərait yaratdı.

 

Sonra növbə İmam Baqirə (əleyhissalam) çatanda bu cəmiyyətin (insanların) sayı artır, elə həmin rəvayətdə (də) var ki, “Sonra insanlar İmama qoşuldular və sayları çoxaldı”. Yəni asta-asta qoşuldular və gəlib birləşdilər. Bəs, kim idi bu insanları birləşdirən? İmam Baqir. Çünki insanların qəlbindən qorxunun çıxması üçün təkcə dini və fiqhi məsələlərin açıqlanması kifayət etmir, başqa şeylər də lazımdır. Görürsünüz ki, bu gün dünyada başqa cür hərəkət etmək, başqa cür danışmaq lazımdır ki, insan o üç-dörd nəfər azlığı yüzlərlə, sonra isə minlərlə nəfərə çevirə bilsin. Bu işi İmam Baqir görüb.

 

Bu deyilən ki, guya İmam Sadiq və İmam Baqir Bəni-Üməyyə ilə Bəni-Abbas arasındakı ixtilafdan istifadə ediblər, İmam Baqirin dövrünə aid deyil. O vaxt heç bir ixtilaf olmayıb. Həzrət 95-ci ildən 114-cü ilə qədər – on doqquz il çətinlik içində yaşayıb, yəni o, Hişamla və Hişamdan əvvəl Bəni-Üməyyə və Bəni-Mərvandan olan bir neçə xəbis, zalım və hörmət sındıran insanla müasirdir. Həzrət bu şəxslərin müqabilində olub və onların mövcudluğuna baxmayaraq bu işləri görüb, yəni bu təsir gücü, bu təfəkkürü yaymaq gücü və bu meydana daxil olan insanların sayını artırmaq işi İmam Baqirin (əleyhissalam) işidir. Heç bir digər imamlar barədə belə bir vəziyyət yoxdur. Əlbəttə, sonrakı axırıncı imamlar, yəni İmam Hadi, İmam Cavad və İmam Əsgəri haqqında başqa bir formada bu mövzu mövcuddur, amma İmam Baqirin dövründəki formada deyil. Onun vəziyyəti elə olub ki, onu sürgün ediblər, yəni Şama çağırıblar. Bilirsiniz ki, İmam Baqir (əleyhissalam) yeganə imamdır ki, iki dəfə Şama əsir aparılıb; bir dəfə dörd yaşında Yezid zamanında, bir dəfə də Hişam dövründə ki, o zaman İmam Sadiqlə (əleyhissalam) birlikdə aparılıblar və bu səfərdə çox mühüm hadisələr baş verib. İmam Baqirin (əleyhissalam) həyatında bu məqamlara diqqət yetirmək lazımdır.

 

Nəticədə, bununla kifayətlənmirlər. Bu aparılan mübarizənin davam etməsi lazımdır, buna görə də tapşırır ki, Minada mənim üçün on gün əzadarlıq keçirilsin! İmamın əzadarlığa ehtiyacı yoxdur, amma bunu istəyir. Minada insanlar asudədirlər, dünyanın hər yerindən gəliblər, sonra görürlər ki, əzadarlıq məclisi qurulub, soruşurlar ki, bu kim üçündür, niyə əzadarlıq edirsiniz, niyə burada, nə baş verib? Bu şəkildə İmam Baqirin mesajı İslam dünyasının hər tərəfinə çatır. Elə bu, çox mühüm bir siyasi təşəbbüsdür.