Müəllimlərlə görüş İslam İnqilabı Rəhbərinin diqqət yetirdiyi təbəqələrdən biridir və onun təhsil işçiləri ilə keçirdiyi müxtəlif görüşlər daim ölkədə təhsil sisteminin inkişafı istiqamətində mühüm qeydlər, tövsiyələr və tələbləri ehtiva edir.

Ötən illərdə bu görüşlər, adətən, şəhid Mütəhhərinin şəhadət gününə və Müəllim Gününə təsadüf edirdi, lakin bu il zəvvarların Həcc ziyarətinə getməsi və Həcc məsullarının görüşü ilə üst-üstə düşdüyünə görə görüş may ayının ortalarında keçirildi.

Ayətullah Xamenei müəllim və təhsil işçiləri ilə görüşündə Təhsil və Tərbiyə Nazirliyi barədə belə buyurdu:
"Təhsil və Tərbiyə Nazirliyində yeni quruluş elə şəkildə planlaşdırılıb dəyişdirilməlidir ki, nəticədə alim, imanlı, İransevər, çalışqan və gələcəyə ümidvar bir nəsil yetişsin".

Müəllim barədə danışan İnqilab Rəhbəri belə qeyd etdi:
"Müəllimin təqdir olunması və obrazının yaradılmasının nəticəsi elə olmalıdır ki, cəmiyyət müəllimi cəlbedici, fəal, çalışqan, qürurlu və başıuca bir şəxsiyyət kimi görsün və müəllimlik peşəsi gənclərin sevimli peşələri siyahısında başda dursun".

O Həzrət müəllim haqqında belə bir obrazın yaradılmasını dastan kitabları, filmlər və cizgi filmləri kimi media və bədii fəaliyyətlərə ehtiyac duyduğunu bildirərək dedi:
"Bu işləri yerinə yetirmək təbliğat qurumları, məsələn, radio-televiziya və Mədəniyyət Nazirliyinin üzərinə düşür, təbii ki, Təhsil və Tərbiyə Nazirliyi də bu işi izləməlidir".

Ayətullah Xamenei cənabları müəllimin xüsusiyyətləri haqqında belə açıqladı:
"Müəllim təkcə dərs kitabını öyrədən biri deyil, onun əxlaqı, rəftarı, dərsə gəliş tərzi, dərs keçmə keyfiyyəti və təvazökarlıq ya təkəbbür, şən ya ruh düşkünlüyü kimi şəxsi xüsusiyyətləri şagirdin şəxsiyyətinin formalaşmasında rol oynayır və bəzən valideynlərdən belə daha çox təsir göstərir. Əgər müəllim bu anlayış və dərk ilə sinifə gəlsə, sözünə və davranışına xüsusi diqqət yetirəcək".

Təhsil barədə dövlətin vəzifələrindən danışan İnqilab Rəhbəri belə buyurdu:
"Yeni nəslin fikri və mədəni baxımdan tərbiyəsi dövlətin vəzifəsi və haqqıdır. Təhsil və Tərbiyə Nazirliyi də dövlətə məxsusdur. Dövlət bu vəzifəni yerinə yetirmək qarşısında cavabdeh olmaqla yanaşı, təhsilə, tərbiyə və onun inkişafına sərf etdiyi vəsaitlə fəxr etməlidir".

O Həzrət dərsliyi tərtib edənlərin hansı xüsusiyyətlərə malik olmasını belə vurğuladı:
"Dərsliklərin tərtibi ilə məşğul olan müəssisə və məsul şəxslər tam şəkildə dini və siyasi iman, həmçinin İslamın və inqilabın əsaslarına və dəyərlərinə bağlılıq baxımından zəruri öhdəliyə sahib olmalıdırlar".

Ayətullah Xamenei çıxışının son hissəsində Amerika Prezidentinin bölgəyə son səfəri zamanı səsləndirdiyi fikirlərə toxunaraq bildirdi:
"Amerika Prezidentinin bu səfərdəki bəzi sözləri o qədər səviyyəsiz və həm deyən şəxs, həm də Amerika xalqı üçün utancvericidir ki, ümumiyyətlə cavab verməyə dəyməz".

İnqilab Rəhbəri Trampın “Qüdrətdən sülh üçün istifadə etmək istədiyi” yönündəki bəzi sözlərini yalan adlandıraraq əlavə etdi:
"O və Amerika hökumətləri nə vaxt gücdən sülh naminə istifadə ediblər? Onlar gücdən Qəzzada qətliam törətmək, mümkün olan hər yerdə müharibə alovlandırmaq və öz muzdlularını dəstəkləmək üçün istifadə ediblər".

Həzrət Ayətullah Xamenei gücdən sülh və təhlükəsizlik naminə istifadə etməyin mümkün olduğunu bildirərək buyurdu:
"Elə bu əsasla da, düşmənlərin acığına İslam Respublikası hər gün öz gücünü və ölkənin qüdrətini artıracaq. Amma onlar gücdən istifadə edərək sionist rejimə 10 tonluq bombalar göndərirlər ki, bu bombaları Qəzzada uşaqların, xəstəxanaların, insanların evlərinin, eləcə də Livan və bacardıqları hər yerin başına yağdırsınlar".

İnqilab Rəhbəri Amerika Prezidentinin daha əvvəl səsləndirdiyi “Region ölkələri Amerika olmasa, on gün belə yaşaya bilməz” sözlərinə işarə edərək bildirdi:
"O, hazırkı anlaşmalar və təkliflər vasitəsilə bu modeli (yəni region ölkələri Amerika olmasa, on gün belə yaşaya bilməz) onlara sırımaq istəyir, halbuki bu model mütləq şəkildə iflasa uğrayıb və bölgə xalqlarının iradəsi ilə Amerika bu bölgədən çıxmalıdır və çıxacaq da".

Ayətullah Xamenei sionist rejimi bölgədə fəsadın, müharibənin və ixtilafın mənbəyi adlandıraraq vurğuladı:
"Xərçəng şişi, təhlükəli və ölümcül olan sionist rejimi bu bölgədən, mütləq, silinməlidir və silinəcək də".

 

İslam Respublikasının gələcəyinə və gənclərinə ümidvarlığını bildirən İnqilab Rəhbəri belə buyurdu:
"Bugünkü İran keçmişlə müqayisə olunası deyil və İlahi tövfiq (uğur) və lütf sayəsində, düşmənlərin acığına və onların istəyinin əksinə olaraq, əziz İran inkişaf edib. Bundan sonra da gənclərimiz öz həmrəylikləri ilə şahid olacaqlar ki, ölkə bundan da qat-qat artıq inkişaf edəcək".