Bağışlayan və mehriban Allahın adı ilə

 

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

 

Xoş gəlmişsiniz, əziz Həcc ziyarətinin zəvvarları və xidmətçi bacı-qardaşlar! Həm Həcc səfərinə yola düşməkdə olan (böyük tövfiqdir, böyük nemətdir və bu, Allahın sizə bəxşişidir, qədrini bilməlisiniz, inşallah, bu səfər sizin üçün mübarək olsun) və həm də Həcc ziyarətinin məsul şəxsləri olan sizlərin hər birinizə, istər adlarını çəkdikləri dövlət qurumları, nazirliklər, orqanlar, təşkilatlar və bu işdə hər növ iştirak edən dövlətin müxtəlif sektorları olsun, istərsə də karvan məsulları, icraedici orqanlar, Həcc, BESƏ və digər təşkilatların hər birinə təbrik deyirəm. Sizə də təbrik deyirəm, çünki Allah-təala sizə Həcc ziyarətinin zəvvarlarına  xidmət göstərməyi lütf edib. Bunun qədrini bilməli və inşallah, bunu ən gözəl şəkildə yerinə yetirməlisiniz.

İndi hazırladığım və sizin üçün qeyd etməli olduğum mətləbə başlamazdan öncə Bəndər-Abbasda baş verən faciəvi hadisəyə bir dəfə də toxunmağı, eləcə də bu hadisədə ölən və zərər çəkənlərin ailələrinə başsağlığı və təsəlli verməyi zəruri hesab edirəm. Həqiqətən də, acı bir hadisə idi və ailələrinin başına gələnlərə görə bu hadisə hamımız üçün müsibət oldu. Orqanlar üçün müxtəlif hadisələr qabağa gəlir, məsələn, istər bilərəkdən və istərsə də bilməyərəkdən zəlzələ, yanğın, dağıntı və s. kimi hadisələr, lakin təlafi olunur. Burada da əgər orqanlar üçün bir problem yaranıbsa, inşallah, bizim gümrah, bacarıqlı və gənc icraedici orqanlarımızın güc və qüdrəti ilə təlafi olunacaqdır. İnsanın ürəyini yandıran ailələrdir, yəni öz əzizlərini itirmiş ailələr. Onlara başsağlığı verir və deyirəm ki, əgər bizlər həyatın müxtəlif müsibətlərinə səbir etsək, Allahın bu səbrə görə bizə verəcəyi əcrin dəyər və əhəmiyyəti o müsibətin acısından minlərlə dəfə çoxdur.

"Onlara öz Rəbbləri tərəfindən salam və rəhmət vardır". ("Bəqərə", 157)

Səbir edənlərə Allah-təala salavat göndərir və bu, çox mühümdür. İnşallah, Allah onların qəlblərini aram etsin, onlara hüzur əta eləsin.

Lakin Həcc mövzusuna gəlincə də, bizim Həccin təşkil olunmasına dair tövsiyələrimiz vardır, yəni istər hacılarla bağlı olsun, istərsə də Həcc ziyarətini təşkil edənlərlə. Biz bunları dəfələrcə demişik və inşallah, yenə də təkrar edəcəyik. Mənim bu gün demək istədiyim bunlar deyil, yerinə yetirmək istədiyiniz bu əmələ olan mərifətdir, yəni Həccin özünü tanımaqdır. Siz ki hacısınız və hacı olmaq istəyirsiniz, onda nə etdiyinizi bilin.

Bu, adi bir ziyarət və gəzinti səfəri deyil. Sizin Həccə səfər etməyiniz, Həcc əməliniz və belə bir hərəkətdə iştirak etməyiniz çox önəmlidir və Allah-təala bəşəriyyətin idarəçiliyi üçün (təkcə mömin və müsəlmanların idarəçiliyi deyil) bu sistemi, bu təşkilatı təyin edib. Həcc bəşərin idarəçiliyi üçündür. Ona görə də özünüz görürsünüz ki, Qurani-Kərimdə İbrahimə xitabən buyurulur:

"Və insanları ümumi şəkildə Həccə çağır".

"Fin-nas, yəni bütün insanlar, dünyanın bütün insanları. Bu insanların əksəriyyətinin o gün İbrahimə imanları yox idi, lakin Həccə dəvət bütün bəşəriyyətə şamildir.

"Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi".

Allah-təala bu mübarək evini bəşəriyyətin qalıcılıq və qiyam məkanı təyin etmişdir, bəli, belədir.

"Şübhəsiz, insanlar üçün bərəkət kimi tikilən ev Məkkədəki (Kəbədir)". ("Ali-İmran", 96)

Məkkədə təyin etdiyimiz bu ev "İnsanlar üçün təyin edildi", yəni bütün bəşəriyyətə aiddir. Həccə bu gözlə baxın. Sizin əməliniz, getməyiniz, təvafınız və bu evə nisbətdə ziyarətiniz elə bir əməldir ki, bunun faydası bütün bəşəriyyətə qayıdır. Əlbəttə, düzgün yerinə yetirilməsi, şəraitlərinə düzgün formada əməl olunması şərtilə və bu şəraitləri də söhbətlərdə dəfələrlə qeyd etmişik. Düzgün fomrada olan Həcc bütün bəşəriyyətə xidmətdir, təkcə özünüzə, öz ölkənizə və İslam ümmətinə xidmət deyil, bütün bəşəriyyətə xidmətdir. İndi görün ki, Həccin nə qədər əhəmiyyəti vardır və siz bu işdə iştirak edirsiniz. Bu, bir mətləb.

İkinci mətləbə gəldikdə isə bu vacib olan Həcc ziyarəti, bəlkə də, deyə bilərik ki, zahiri görünüşü və tərkibi yüz faiz siyasi olan bir vacib hökmdür. İnsanları hər il eyni zamanda və eyni məkanda (qüdrəti olan hər kəsi) bir yerə yığalar, bunun mənası nədir? İnsanların toplanması, bir-birilərinin ətrafında yığılmaları kimi bu işin özü siyasi bir mahiyyət kəsb edir. Yəni, beləliklə də, Həccin mahiyyəti bəzilərinin çalışaraq, səy göstərərək bu sözlərə xələl gətirmələrinin əksinə olaraq, siyasi mahiyyətdir. Həccin zahiri forması siyasidir, tərkibi siyasi tərkibdir və bu da bir xüsusiyyət.

Bir xüsusiyyət də budur ki, bu siyasi tərkib və formanın məzmunu yüz faiz ibadətdir. Bu formanın məzmunu mütləq şəkildə ibadətdir. Ehramın əvvəlindən "Ləbbeyk" deyib, Allahdan hacət diləməklə, ona ehtiram göstərməklə başlayırsınız. "Ləbbeyk Allahummə ləbbeyk". Daha sonra ehrama daxil olursunuz, bu ehramdır, duadır, zikrdir, ibadətdir, hər nə varsa, mənəvi ibadi cəhətdir. Yəni bu siyasi tərkib mütləq ibadətə sahibdir. Diqqət edin ki, bunlar Həccin müxtəlif cəhətlərini göstərir və yenə də bunun davamı vardır.

Başqa bir xüsusiyyət də budur ki, indi həmin ibadi məna, ibadi məzmunun hər birinin insan həyatına simvolik bir işarəsi vardır. Həcdə olan bütün bu ibadi işlərin hər biri simvolik bir cəhətdir (adətən, bəyan etmədyimim və fransız dili ilə desək, simvolik) və insani, bəşəri bir mətləbə işarəsi vardır.

Məsələn, sizin etdiyiniz təvafda olan dərs tövhid mərkəzinin ətrafında fırlanmaqdır. Bəşəriyyətə öyrədir ki, sənin yaşayış hərəkətin bu formada tövhid mərkəzinin ətrafında olmalıdır. Yaşayış, hökumət, iqtisadiyyat, qardaş və bacılarla rəftar, ailə və bir sözlə, həyatın bütün işləri tövhid mehvərinə əsasən olmalıdır. Təvafın bu işarəsi bir həyat dərsinəd işarədir, bu bir dərsdir. Əlbəttə, bizim fasiləmiz çoxdur, indi biz ki müsəlman və möminik və öz düşüncəmizdə Allah yolunda hərəkət edirik, çox fasiləmiz vardır və onlar ki Allahı tanımırlar, daha heç! Əgər bəşəriyyət tövfiq tapsa ki, həyatı, hökuməti, dərsi, müharibəsi, sülhü, dostluğu və düşmənliyi tövhid əsasında olsun, dünya gülüstana çevrilər. Əgər tövhid meyar olarsa, bu eqoistliklər, qəddarlıqlar, qəsavətlər, qətllər, uşaq öldürmələr, istismarçılıqlar və başqa ölkələrə müdaxilə etmələr aradan gedəcəkdir. Təvaf sizə bunu öyrədir və deyir ki, həyatın dərsi tövhiddir və bu da təkcə möminlərə deyil, bütün bəşərə aiddir.

"Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi".

Səfa və Mərv arasında səy etmək ibadətdir, orada zikr deyir, dua edirsiniz, lakin bunun simvolik işarəsi vardır. Yəni həmişə həyatın problemlər dağında hərəkət edin, çalışın. "Səy" sürətlə yol getməyə deyilir.

"Və şəhərin ən ucqar tərəfindən bir kişi sürətlə gəldi..." ("Yasin", 20)

Yəni qaçırsınız. Səy, yəni sürətlə hərəkət etmək. Həyatda mövcud olan problemlər dağında heç zaman dayanmayın, gözləməyin, hərəkət edin, sürətinizi artırın. Səy etmənin dərsi və səyin simvolik işarəsi budur. Ərəfata, Məşər və Minaya hərəkət etməyin mənası da budur ki, siz ki Məkkəyə gəldiniz, Məkkənin özündə də bir neçə gün sakin olmayın. Dayanmaq, hərəkət etməmək Allah Mütəalın bəşəriyyət üçün istədiyi şeyin əksinədir. Bəşər hərəkət etmək üçün yaradılıb. Əliniz var, ayağınız var, ağlınız var, bacarıq və qüvvətiniz var, bəs, hərəkət etməlisiniz. Ərəfata, Məşər və Minaya hərəkət etmək bu mənadadır.

Qurbanlığın simvolik işarəsi vardır ki, bəzən insan gərək ən əziz yaxınından da keçsin, qurbanlıq etsin. Bunun ən tam və kamil nümunəsi övliyaların, İbrahimin İsmayılı qurbanlıq etməsidir.

"Hər ikisi Allahın əmrinə tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman". ("Saffat", 103)

Məgər zarafatdır? Allah dediyi üçün öz gənc və ya yeniyetməsinin əl-ayağını bağlayıb, yerə yıxsın və bıçağı boynuna dirəsin. Qurbanlıq, yəni bu. Bəzi yerlərdə qurbalıq etməlisən, qurban verməlisən və bəzi yerlərdə də qurbanlıq olmalısan. Bunun simvolik mənası vardır.

"Rəmyi cəmərat" yəni harada olmasından asılı olmayaraq şeytanı vur. Şeytanı hər yerdə gördün, onu vur, tanı və vur. Şeytan mövzusunda da həm insanlardan olan şeytan vardır, həm də cinlərdən.

"Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər qərar verdik. Bunlar camaatı aldatmaq məqsədilə bir-birlərinə zahiri gözəl, lakin batil sözlər təlqin edirlər". ("Ənam", 112)

Yəni şeytanı vurmaq. Baxın, bunların hamısı dərsdir. Bütün bu hərəkətlərin, Həcdə olan bu işlərin, Həccin məzmununu təşkil edən qeyd etdiyimiz bu ibadətlərin hamısı dərsdir.

Ehram dərsdir. Ehram Allahın qarşısında xuşudur. Həyatın növbənöv geyimlərini, zinət və bəzəklərini kiçicik bir parça ilə kənarlaşdırmaq ibadətdir, xuşudur, eyni zamanda da dərsdir. Bu işi Həcdə olan dünyanın ən varlı insanı ilə varlıq aləminin ən yoxsul şəxsi eyni formada yerinə yetirməlidirlər və aralarında heç bir fərq yoxdur. Padşah da olsa eynidir, rəiyyət də. Kim olursa, olsun, eynidir, yəni Allahın müqabilində insanları eyniləşdirmək.

Baxın, bu qeyd etdiyimiz üçüncü məqam budur ki, hamısının ibadət olduğu bu məzmunun hər biri bir formada olmaqla eyni zamanda insan həyatının məsələləri üçün işarə və simvoldur. İndi mən bunları qısa formada dedim.

Sonrakı məqama da gəlincə, bu toplanma, ümumiyyətlə, insanların xeyrinədir.

"Öz mənfəətlərinin şahidi olsunlar". ("Əl-Həcc" surəsi, 28)

"Liyəşhədu" kəlməsindəki "lam", böyük ehtimalla, təlil, yəni səbəb və məqsəd hərfidir. İnsanlar Məkkədə, Beytul-Həramda, və Həccin müxtəlif yerlərində toplansınlar, nə üçün?

"Öz mənfəətlərinin şahidi olsunlar".

Öz mənfəətlərini tapmaq üçün. İndi bəziləri düşünürlər ki, bu mənfəət təkcə ticarətdir, xeyr, adı mənfəət olan hər bir şeydir. Bu gün bu mənfəət nədir? İslam ümmətinin vəhdəti. Mənim fikrimcə, İslam ümməti üçün vəhdətdən üstün bir mənfəət yoxdur. Əgər İslam ümmətində vəhdət olsa, əl-ələ versələr, həmkarlıq etsələr, Qəzza hadisəsi, Fələstin hadisəsi baş verməz, Yəmən bu cür təzyiq altında qalmaz. Biz bir-birimizdən ayrı olduğumuzda istismarçı rejimlər (Amerika bir cür, sionist rejim bir cür, Avropa və - qeyri-Avropa ölkələri də başqa cür) öz mənafelərini başqa millətlərin mənafeyilərindən öndə tuturlar, eynilə onların təzyiqi altında qalmış ölkələr kimi. Özünüz də görürsünüz ki, Qəzza hadisəsi kimi necə hadisələr baş verir. Vəhdət olduqda isə əmniyyət yaranır, inkişaf olur, həmkarlıq olur. Biz filan müsəlman ölkəsinə onlarda olmayan köməkliklər edə bilərik. Biz o ölkəyə və o ölkə də bizə kömək edə bilər, bir-birimizin imkanlarında isitfadə edə, bir-birimizə kömək edə bilərik. Bu, mənfəətdir.

"Öz mənfəətlərinin şahidi olsunlar". Həccə bu gözlə baxın.

Hər halda Həcci tanıyaq. Mənim bu qeyd etdiklərim Həcci tanımaq üçün bəzi məqamlardır. Hara getdiyinizi, nə etmək istədiyinizi bilin. Əlbəttə, İslam dövlətlərinin böyük rolu vardır, Həcc ziyarətinə ev sahibliyi edən dövlət böyük rola sahibdir, böyük və ağır vəzifələri vardır. Ölkə rəsmiləri, alimlər, ziyalılar, yazıçılar, danışanlar, xalq arasında təsiredici qüvvəyə malik olan və sözlərinin təsirli olduğu şəxslərin hamısının böyük rolu vardır. Bunlar Həccin həqiqətini insanlar üçün açıqlaya, ictimai rəydə təsir yarada bilərlər.

Allah-təaladan kömək istəyin. Həqiqətən, elə hərəkətə başlayandan etibarən deyin :

"Ey Rəbbim! Məni hər bir işə düzgün şəkildə daxil et və hər bir işdən də düzgün şəkildə çıxart".

Allahdan istəyin ki, sizin bu böyük işə girişiniz Allahın köməyi və çıxışınız da Allahın razılığı ilə olsun. Düzgün hərəkət edin, inşallah, Allah da bərəkət verəcəkdir.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.