İmam Sadiqin (əleyhis-salatu vəs-səlam) dövründə Allahın labüd qəzasında deyil, qədərində, yəni dəyişməsi mümkün olan bir yazıda hidayət imamlarının (əleyhimus-səlam) xeyrinə bir dəyişiklik baş verməli idi. Bu məsələni insan daxil olmuş çoxsaylı rəvayətlərdən anlayır. İmam Sadiqdən (əleyhis-salam) bir rəvayət var ki, buyurur: “Allah bu işi 70-ci il üçün təqdir etmişdi”, yəni imamət məsələsini, imamətin həqiqi mənasını hicri 70-ci il üçün təqdir etmişdi.

 

Baxın, İmam Həsən Müctəba Müaviyə ilə sülh bağladığı zaman bir dəstə insan gileylənirdi, etiraz edirdi. Həzrət buyururdu: “Siz nə bilirsiniz, bəlkə bu sizin üçün bir imtahan və müəyyən bir zamana qədər fürsətdir.” Yəni bu bir zamana qədərdir, müvəqqətidir. İmam Həsən Müctəbanın (əleyhis-salam) sözlərində işarə olunur ki, bu hadisə, yəni bu küfr və nifaqın hökmranlığı əbədi olmayacaq, Allahın təqdirində bu hal müvəqqətidir. Nə vaxta qədər? Hicri 70-ci ilə qədər. Yəni rəvayətə əsasən hicri 70-ci ildə Əhli-beytdən həyatda olan kəs qiyam etməli və hakimiyyəti ələ almalıdır. Beləliklə də imamətin həqiqi mənası gerçəkləşməli idi. Daha sonra Həzrət buyurur: “İmam Hüseyn (əleyhis-salam) şəhid olduqda Allahın yer əhlinə olan qəzəbi şiddətləndi və Allah bu işi 140-cı ilə qədər təxirə saldı.” Kərbəla hadisəsi xalqın dini əsaslara biganəliyi və onların etirazlarının nəticəsi olaraq, İlahi təqdirdə 140-cı ilə qədər təxirə düşdü. 140-cı il artıq İmam Sadiqin (əleyhis-salam) dövrüdür ki, Həzrət 148-ci ildə dünyadan köçdü. Bunu şiələr bilirdilər. Yəni şiələrin xüsusi təsirə malik şəxsləri bu məsələni bilirdilər. Zürarə İmama yaxınlardan sayılırdı, məsələn, bir rəvayətdə deyilir ki, Zürarə öz ətrafındakılara deyir: “Minbərin sütunlarında yalnız Cəfəri görəcəksiniz.” Minbərin sütunlarından məqsəd, yəni xəlifəlik minbəri. Yəni mən, Cəfəri bu minbərdə oturmuş halda görürəm. Məsələ bu cürdür.

 

Yaxud başqa bir rəvayətdə yenə həmin Kufədə yaşayan Zürarə İmam Sadiqə (əleyhis-salam) bir ismarıc göndərir və deyir ki, bizim şiələrdən olan dostlarımızdan biri borca düşüb və borc sahibləri onu axtarırlar. O da pulu olmadığından şəhəri tərk edib, avara-sərgərdan olub. Əgər bu məsələ, yəni xilafət məsələsi elə bu bir-iki il ərzində baş tutacaqsa (rəvayətdə “Hazəl-əmr” ifadəsi işlədilir), yəni əgər bu iş elə bu bir-iki il içində gerçəkləşəcəksə, onda siz iş başına gəlib məsələlər həll olunacağa qədər o (şəxs) qalsın. Amma əgər bu, uzun çəkəcəksə, dostlar pul yığıb onun borcunu ödəsinlər. Yəni Zürarə kimi biri də gözləyirdi ki, bu məsələ bir-iki ilə yekunlaşsın. Ona görə də görürsünüz ki, gəlib Həzrət Sadiqin hüzurunda davamlı olaraq deyirlər: “Ağa, nə üçün qiyam etmirsiniz? Niyə qiyam etmirsiniz?” Bu, onların intizar vəziyyətində olmalarından irəli gəlir, yəni nəsə eşitmişdilər, nəsə bir xəbər qulaqlarına çatmışdı.

 

Sonra həmin (hicri) 140-cı ilin təyin edildiyi rəvayətin davamında buyurur: “Siz bu sirri ifşa etdiniz, Allah da onu təxirə saldı.” Yəni əgər şiələr ağızlarını möhkəm saxlasaydılar və bu xəbəri yaymasaydılar, bəlkə də həmin vaxt məsələ həll olunardı. Siz təsəvvür edin, tarix nə qədər dəyişə bilərdi! Ümumiyyətlə, bəşəriyyətin yolu tamamilə fərqli bir yol olardı və bu gün dünya başqa cür bir dünya olardı. Yəni bizim səhlənkarlıqlarımız, bir yerdə dilimizi saxlaya bilməməyimiz, bir yerdə kömək etməməyimiz, bir yerdə yersiz etirazlarımız, bir yerdə səbir göstərməməyimiz, bir yerdə vəziyyəti yanlış təhlil etməyimiz bəzən öz təsirini göstərir. Bu dediyim də tarixi təsiridir. Yəni bu cür yolu dəyişir. Ona görə də çox diqqətli olmaq lazımdır.

 

Əlbəttə, İmam Sadiqin (əleyhis-salam) həyatı qeyri-adi və qəribə bir həyatdır. İlahi hökmlərin yayılması baxımından və o böyük şəxs və onun səhabələrindən bizə çatan çoxsaylı rəvayətlər baxımından olduqca uğurlu bir həyatdır. Əlbəttə, o dörd min şagird haqqında deyilənə gəlincə, bəziləri elə təsəvvür edirlər ki, İmam bir dərsə başlayırdı və dörd min nəfər onun dərsində otururdu, bu, belə deyil. Bu böyük şəxsiyyətin ömrü boyu dörd min nəfər ondan rəvayət nəql edib, o kitabda qeyd olunduğu qədər. Yəni onun dörd min hədis nəql edəni var idi. Dörd min şagird ifadəsi bu mənadadır. Yoxsa elə deyildi ki, dörd min nəfər onun dərsində otururdu və o da dərs keçirdi.

 

Biz imamların həyatından uzaq düşmüşük; onların sözlərindən, bəyanatlarından, rəvayətlərindən və həyatlarından az məlumatımız var.

 

Bu rəvayətlər ki, bizim mənbələrdə nəql olunur və deyilir ki, onu Mənsurun yanına apardılar, Mənsur ona qarşı qəzəbləndi, o da dedi: “Ey əmioğlu! Böyük şəxsiyyətlər, peyğəmbərlər zülmə düçar oldular,amma onlar bağışladılar, sən də bizi bağışla.” Mən qəti şəkildə deyirəm ki, bunlar yalandır. Qəti şəkildə bunların heç bir həqiqəti yoxdur. İmam heç kəslə belə danışmaz. İstər ölüm təhlükəsi olsun,istərsə də olmasın, fərq etməz. İmam, ümumiyyətlə, bu cür danışmaz. Bu sözü nəql edən kimdir? Rəbi. Rəvayəti nəql edən sarayda xadimlik edən Rəbidir! Rəbi Mənsurun xidmətçisidir, yəni onun bütün işlərini görən adamdır, tamamilə saraya bağlı, yalançı bir adam. Bu şəxs gəlib deyir ki, İmam Sadiq belə deyir. Bu isə şiənin ruhiyyəsini məhv etmək üçün yaxşı bir vasitədir. Ona görə də belə rəvayətlərin nəqlindən tamamilə çəkinmək lazımdır. Bəziləri bunu boş-boşuna nəql edirlər, halbuki bu rəvayətlər doğru deyil. İmamlar müqavimət, dayanıqlıq və məntiq dərsi verirdilər, danışarkən də məntiq, dəlil və qarşı tərəfi aciz qoymaq üslubundan istifadə edirdilər.

 

Baxın, Xanım Zeynəb İbn Ziyadın və Yezidin məclisində necə danışır! Bax, bu, doğrudur. O xətt imamların doğru yoludur. Kim müqavimət göstərirsə, bu böyük şəxsiyyətlərin xəttində hərəkət edir. Bu gün Qəzzada və Livanda müqavimət göstərənlər, əslində, bu din imamlarının, hidayət imamlarının yolunda hərəkət edirlər.