Üç orqan rəhbərliyi olan Prezident, parlament sədri və Ali Məhkəmənin sədri, məsul şəxslər və bir qrup yüksək rütbəli hərbi və dövlət rəsmisi bu gün axşam tərəfi 08.03.2025-ci il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین و صحبه المنتجبین و من تابعهم باحسان الی یوم الدّین.
Xoş gəlmişsiniz, əziz bacı və qardaşlar. Bu məclis çox ürəyə yatan, şirin və səmimi bir məclisdir və əlhəmdulillah, insan burada müxtəlif simaları müşahidə edir. Ümid edirik ki, inşallah, qəlblər olduqca artıq bir-birinə yaxınlaşsın.
Ötən il bu məclisdə şəhid Rəisi də (Allah ona rəhmət eləsin) var idi və etdiyi xidmətlər, çəkdiyi zəhmətlər haqda hesabat vermişdi və bu gün, inşallah, İlahi lütf və rəhmət süfəsinin kənarında bu zəhmətlərin mükafatından yararlanır. Siz əziz müdirlər bu xidmətlərə bu gözlə baxın. Ömür Allahın əlindədir, sabah harada və necə olacağımız bəlli deyil. Bu baxışla baxın ki, bu gün öhdənizə götürdüyünüz bu xidmətləri ixlasla, bacarıqla və möhtərəm Prezidentin açıqladığı və göstərdiyi həmin tərz ilə yerinə yetirəsiniz. Onun əcr və mükafatı o qədər böyükdür ki, bu dünyada onun mükafatını vermək olmaz. Allah-təala öz rəhmətində, öz behiştində və o biri aləmdə, inşallah, sizlərə bu xeyrin əvəzini verəcəkdir. Əlbəttə, yaxşı işin dünyada da təsirləri vardır.
Mən ilk öncə möhtərəm Prezident cənab doktor Məsud Pezeşkiyana etidiyi çıxışa görə təşəkkür edirəm. O, müfəssəl, faydalı və yaxşı bir bəyanat verdi. Mənim diqqətimi özünə cəlb edən və dəfələrlə özünə də bildirdiyim amil onda olan ruhiyyə və maraqdır. Bu, çox dəyərlidir. “Biz bacararıq, mütləq yerinə yetirərik, (işlərin) ardınca olarıq, Allaha söykənərik, Allahdan savayı heç kəsə arxalanmarıq” kimi onda olan ruhiyyə və halətin çox dəyəri vardır və inşallah, Allahın köməyi ilə bu işləri görə biləcəkdir. İnşallah, o, çox da uzaq olmayan bir fasilə içərisində cəm qarşısında dayanıb, xalqa bu böyük istəklərin icra olunma müjdəsini versin və xalqı sevindirsin.
Mənim burada qeyd etmək üçün hazırladığım mətləb Ramazan ayı barəsində söhbətdir və bəzi qeyd edəcəklərim sözlər də bu cəmə aid olan həddə ölkənin aktual məsələləri barəsindədir.
Ramazan ayına gəlincə, Ramazan ayı zikr ayıdır, Quran ayıdır. “Hicr” surəsi, “Ənbiya” surəsi və bir çox ayələrdə buyurulduğu kimi Quran zikr kitabıdır:
“Şübhəsiz ki, Zikri biz nazil etdik, əlbəttə, biz də onu qoruyacağıq”. (“Hicr”, 9)
“Bu, nazil etdiyimiz mübarək bir Zikrdir (Qurandır). Siz onu inkar edirsiniz?” (“Ənbiya”, 50)
Quran zikrdir, zikr mənbəyidir, zikr kitabıdır. Zikr nə deməkdir? Zikr qəflət və unutqanlığın müqabilində olan bir şeydir.
Bəşərin üzləşdiyi problemlərdən biri unutqanlıqdır. İnsan lazımi bir işi, mühüm bir mətləbi unudur. Lakin iki növ unutqanlığın daha çox xəsarəti var və sonradan əvəzi də edilə bilmir. Bunlardan biri Allahı, digəri isə özünü unutmaqdır. Bu iki növ unutqanlıq gələcəkdə insana vuracağı zərbə baxımından vəsf olunası deyildir. Allah-təala bu iki unutqanlığın hər birinə dair Quranda toxunmuş və bəyan etmişdir. Bir yerdə belə buyurur:
“Onlar Allahı unutdular, Allah da onları unutdu”. (“Tövbə”, 67)
Bunlar Allahı unutdular və Allah da bunları unutdu. Allahın kimisə unutmasının simvolik bir mənası vardır, çünki Allah ki kimi və nəyisə yaddan çıxarmır. Bunun simvolik mənası budur ki, Allah-təala onu öz rəhmət və hidayət dairəsindən çıxarır. Allahın unutmasının mənası budur. “Allah da onları unutdu”, yəni onu daha öz lütfünün şüasında saxlamır, bu şüanın dairəsindən çıxardır, “Xəzələhullah” (Allah onu özbaşına buraxır). Ən mühüm nifrinlərdən biri “Xəzələhullah”, yəni bir nəfəri özbaşına buraxmaq, etina etməmək, kömək göstərməmək, onun barəsində düşünməməkdir. Bu, xezlandır, “Allah da onları unutdu”, yəni bu. Buna görə də “Səhifeyi-Səccadiyyə” duasında şiddət və israrla Allah-təaladan istənilən məşhur dua budur:
“Onda heç bir xeyiri olmayan birini tərk etdiyin kimi, məni lütfündən kənarda qoyma”. (“Səhifeyi Səccadiyə”, 47)
Ersal ərəb lüğətində bu yerdə kənara qoymaq mənasındadır. Yəni məni dəyəri olmayan və dərdə dəyməyən bir əşya kimi öz əlindən kənara qoyma.
“Onda heç bir xeyiri olmayan birini tərk etdiyin kimi məni lütfündən kənarda qoyma”.
Bu, Allahın unutmasıdır və Allahın unutması budur ki, Allah onun üçün belə bir halət, belə bir vəziyyət yaradır və bu da ən böyük xəsarətdir. İnsanın özünü unutması da mübarək “Həşr” surəsində gəlmişdir:
“Allahı unutduqlarına görə Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın!” (“Həşr”, 19)
Onları özlərinə unutdurdu. Onlar Allahı yaddan çıxardılar, Allah da onları özlərinə unutdurdu. Yəni özlərini unutmağa düçar oldular.
İnsan daim yaşayışın gündəlik məsələləri ilə məşğuldur və bunları yadından çıxarmır. Bu özünü unutmaq, yəni Allahın insanı özünü unutdurmasının həm fərdi miqyasda dərin mənası vardır, həm də ictimai miqyasda. Fərdi miqyasda insanın özünü unutması insanın öz yaradılış hədəfini yaddan çıxarmasıdır. Təbii ki, biz Allahın hikmət əsasında iş görməsinə etiqad bəsləyirik. Bizi nə üçün yaradıb? Niyə xəlq edib?Bu, önəmli bir sualdır. Allahın özü, onun peyğəmbərləri, övliyaları və hidayət imamları da deyiblər ki, Allah bizləri nə üçün yararıb. Allah insanı varlıq aləminin ən ali fəzilət mərhələsinə çatdırmaq, onu "Xəlifətullah", yəni öz xəlifəsi etmək üçün yaradıb. İnsanın yaradılış hədəfi budur. Yaradıb ki, onu böyük etsin, onu ali məqama çatdırsın. Quranda, hədislərdə, məsumların və övliyaların kəlmələrində bu bəhs dəfələrcə təkar olunub. Özünü unutmaq, yəni insanın bu şeylərdən qəflət etməsi, bu hədəf üçün yaradıldığından qafil olmasıdır.
Dünya həyatının keçici və ötəri olmasını yaddan çıxarmaq da özünü unutmaqdır. Onsuz da bu dünya həyatı ötəridir, lakin insan qəflət edir. Məlumdur ki, bizim hamımızın bir axırımız vardır:
“Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər”. (“Zumər”, 30)
Bu axırın ərəb lüğətindəki adı əcəldir, təbii ki. Bizim bir əcəlimiz vardır. Bu əcəli yaddan çıxarırıq. Bu əcəl mümkündür ki, bir saat sonra, bir gün sonra və mümkündür ki, bir il sonra olsun. Xülasə, özümüzü bunun üçün hazırlamalıyıq. Özünü unutmağın bir nümunəsi də budur. Mübarək “Əbu Həmzə” duasında belə oxuyuruq:
“Yatağımı (qəbrimi) hazırlamadım və onu saleh əməllə bəzəmədim...”
("Misbahul-mütəhəccid və silahul-mütəəbbid", c, 2. səh, 592)
(İndi təbiri budur) Məni indiki vəziyyətimlə, özümü hazırlamadığım halda dünyadan aparsan (özümü və öz qəbrimi hazırlamadığım halda), bu, müsibətdir! İnsan özünü hazırlmaqdan, öz gələcəyini görməkdən və özünü Allahla görüşmək üçün hazırlamaqdan qafil edə. Bəs, bunlar şəxsi qəflətlərdir. İnsan dua, yalvarış, oruc tutmaq və oruc tutmaqda mövcud olan təqva ilə zikr və diqqət ələ gətirə, özünü unutmaqdan xilas edə bilər. Əgər bu qəflət aradan gedərsə, o zaman İlahi sual yadına düşər və yadımıza düşər ki, İlahi sualın müxatəbi olacağıq. Mübarək Quran ayəsində buyurulur:
“Biz, şübhəsiz, həm peyğəmbər göndərilən ümməti və həm də o ümmətə göndərilən peyğəmbərləri sorğu-suala tutacağıq”. ("Əraf",6)
Biz həm aralarına peyğəmbər göndərdiyimiz millətə suala verərik və onlarla nə iş gördükləri, (həmin peyğəmbərlə) necə rəftar etdikləri haqda gərək cavab versinlər və həm də o peyğəmbərin özündən də sual soruşarıq. “Peyğəmbərləri sorğu-suala tutacağıq”.
Peyğəmbərin əzəmətli məqamını nəzərə alın və Allah-təala sual soruşacaq ki, nə etdiniz? Necə rəftar etdiniz? Biz bu məqamdayıq.
Əgər insan bu vəziyyəti yadına salsa, o zaman onun rəftarında dəyişiklik yaranacaqdır. “Əbu Həmzə” duasında oxuyuruq:
“İlahi, dəlilim və höccətim tükənən zaman, dilim sənə cavab verməkdə aciz və gücsüz qaldığı vaxt, ağlım isə sənin məni sorğu-suala tutduğunda çaşdığı zaman mənə rəhm et”
Qiyamət günü Allahın hüzurunda insandan sual soruşulduqda insan bəhanə gətirər. Sual verilər ki, o iş nə məqsədlə yerinə yetirildi? O iş nəyə görə tək edildi? İnsan cavab verməlidir, lakin bəhanə gətirir, dünyada bir-birimiz üçün gətirdiyimiz bəhanələrdən. Məsələn, bu səbəbdən olmadı, o səbəbdən baş vermədi və s. Bizi susdurur və qane edirlər ki, xeyr, bu bəhanə düzgün deyil, bu arqument doğru deyil. Orada mənim gətirdiyim dəlil, arqument və bəhanələrim kəsilir.
“Dəlilim və höccətim tükənən zaman, dilim sənə cavab verməkdə aciz və gücsüz qaldığı vaxt”.
İnsanın dili İlahi sual qarşısında bağlanır.
“Dilim sənə cavab verməkdə aciz və gücsüz qaldığı vaxt”.
İnsanın zehni bu sualların müqabilində dağılır, pərakəndə olur. Zikr hasil olduqda və bu halət insan üçün meydana gəldikdə məsuliyyət daşıyırıq, rəftarımızda təsir qoyur. Özünü unutmaq budur. Bəs, bu, fərdi miqyasda özünü unutmaq barədə olan mətləb idi.
İndi mən burada bildirmək üçün bir məqamı qeyd etmişəm. Hamıdan soruşulan bu İlahi sual (“Biz, şübhəsiz, peyğəmbər göndərilən ümməti sorğu-suala tutacağıq”) biz məsullardan daha çox soruşulacaqdır. Çünki biz öz ixtiyarımızla məsuliyyət öhdəmizə götürmüşük. Bizə bir təklif etdilər, biz də qəbul etdik, bu məsuliyyətin altına girdik və buna görə də bizim üçün daha ağırdır, biz daha çox ehtiyat etməliyik. Əgər görürsünüz ki, adi camaat, gənclər və möminlər günahdan filan qədər çəkinirlər, Quran və ibadətə filan qədər əhəmiyyət verirlər, siz onlardan daha çox günahdan çəkinməli, vacib və mübah (icazəli) işlərə onlardan daha artıq rəğbət göstərməlisiniz. Siz daha çox məsuliyyət hiss etməlisiniz.
Amma ictimai miqyasda özünü unutmağa gəlincə də, bu mövzuda özünü unutmaq daha mühümdür. Quranın "Tövbə" surəsində mübarək bir ayə vardır (əlbəttə, bu ayə münafiqlər barəsindədir) və bu ayəyə çatdıqda, onu oxuduqda çox mənim diqqətimi özünə cəlb edir. Mənim bu ayədə diqqətimdə olan məqam budur:
“Beləliklə, onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu”. ("Tövbə", 69)
Bu mətləb insanı sirkələyir. İslam Respublikasından öncə bu ölkənin hakimi, idarə edən və müdirləri olmuşdur, onların pis əməlləri, xilaf işləri var idi. Bu inqilab bütün zəhmət və əziyyəti, İmam Xomeyni (Allah ona rəhmət eləsin) kimi bir möcüzəsi (həqiqətən, bu zaman çərçivəsində onun varlığı, onun mövcudluğu möcüzəyə bənzər bir şey idi), çoxlu fədakarlıqlarla, dəyərli, görkəmli və yaxşı gəncləri əldən verməklə və bir sözlə, bütün bunların hamısı ilə qələbə qazandı, hifz oldu və bu İslam Respublikası hökuməti ərsəyə gəldi. Əgər bizdə tağut dönəminin müdirlərinin yaratdıqları həmin vəziyyət və gördükləri həmin iş istiqamətinə doğru getsək, bu çox böyük bir cinayətdir. Sözü gedən ayə bunu deyir. “Beləliklə, onlar öz (dünya) paylarından bəhrələndilər”. Onlar ki sizdən öncə idilər, özləri üçün bir nəsib, bir bəhrə düşündülər və həmin nəsibi və həmin bəhrəni apardılar. “Beləliklə, onlar öz (dünya) paylarından bəhrələndilər”. Siz də özünüz üçün bir nəsib və bəhrə təsəvvür etdiniz və həmin bəhrəni də götürdünüz.
“Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz”. Siz də eynilə onlar kimi əməl etdiniz
“Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu” Onların getdiyi həmin yolu siz də getdiniz. Əgər belə oldu, bu, nigarançılıq üçün çox böyük bir səbəbdir. Əgər belə bir şey baş verərsə, bu, misilsiz bir xəsarətdir. Əlbəttə, Allah-təala öz lütfü, fəzli və hidayəti ilə indiyə kimi qoymadı ki, İslam Respublikası belə bir vəziyyətlə üzləşsin. Amma yenə də qorxmalı və ehtiyatlı olmalıyıq.
İctimai baxımdan özünü unutmaq, yəni öz kimliyimizi və İslam Respublikasının mövcudiyyətinin fəlsəfəsini unudaq. Necə ki, bizdən öncə bu ölkənin xarici və daxili siyasətində, ölkənin ümumi idarəçiliyində, ölkənin imtiyazları və resursları haqda qərar verdikdə əməl edirdilər, biz də o cür əməl etməyək. Onların yolu başqa bir yol idi, bizim də yolumuz başqa. Bizim kimliyimiz başqa bir kimlikdir. Əgər bunu unutsaq, bu, ictimai miqyasda özünü unutmaq olacaqdır ki, xəsarəti də olduqca böyükdür; yadlara söykənmək, (başqalarının haqqına) təcavüz və fəsad əsasında, qüdrət və mövqedən sui-istifadə etmək əsasında yaşayış, qeyri-qanuni yollarla yararlanmaq və s. Bizim öncə və indi də qurmaq ardınca olduğumuz İslam sivilizasiyası və hökumətinin quruluşu bununla kökündən fərqlənir. Biz bu zəmində başqalarının ardınca gedə bilmərik.
İndi mən bu barədə bir neçə kəlmə qeyd edim. İslam hökumətinin quruluşu Quran prinsipləri və Quranın idial hədəfləri əsasındadır. Quran heç bir şeyi gözardına vurmayıb, Quran təfsirində, Quran məfhumlarının bəyanında, hədislərimizdə, məsumların kəlmələrində, qiymətli Nəhcül-bəlağənin özündə heç bir məqam gözardına alınmayıb. İslam hökuməti, İslam ölkəsi və İslam cəmiyyəti kitab və sünnədə qeyd olunan bu meyarlar və bu hədəflər əsasında müəyyən olunmuşdur. Biz bu ideal hədəflərə doğru hərəkət etməliyik. Tərif olunmuş dəyərlər, ediləsi və edilməməsi gərəkən məsələrə və s. doğru. Gərək bu ediləsi və edilməməsi gərəkən məsələlərə doğru irəliləyək, səylərimizi bu istiqamətdə göstərək.
Biz müxtəlif siyasi, iqtisadi və digər sahələrdə Qərb sivilizasiyasının prinsiplərinin ardınca gedə bilmərik. Əlbəttə, Qərb sivilizasiyasının üstünlükləri vardır və bunda şübhə yoxdur. Dünyanın hər bir yerində, istər Qərbdə olsun, istər Şərqdə, istər yaxında olsun, istərsə də uzaqda olan üstün cəhətləri biz öyrənə bilərik, onlardan istifadə edə bilərik və gərək də istifadə edək. Bunda şübhə yoxdur, lakin o sivilizasiyasının əsaslı prinsiplərinə söykənə bilmərik. O sivilizasiyasının prinsipləri yanlışdır və İslamın əsas prinsipləri ilə ziddiyyət təşkil edir. O sivilizasiyasının dəyəri başqa cürdür. Ona görə siz görürsünüz ki, qanuni cəhətdən, ictimai və media baxımından onlar sizin (siz müsəlman və Quranla tanışlığı olanların), hətta düşünməyə belə xəcalət çəkdiyi şeylərə çox rahat şəkildə çatırlar. Ona görə də nəbadə Qərb sivilizasiyasının prinsiplərinin ardınca getməklə Quranın “Allahın da onları özlərinə unutdurduğu” ayəsi bizə şamil olsun.
Əlbəttə, xoşbəxtlikdən, Qərb sivilizasiyası öz həqiqi iç üzünü müddət ərzində aşkar etdi. 19-cu əsrdə və 20-ci əsrin ilk yarısında Qərb sivilizasiyasına xas olan və uzaqdan baxanların gözlərini qamaşdıran o cilvə artıq bu gün mövcud deyil. Qərb sivilizasiyası istismarçılıqla, öz istək və tələblərini başqa ölkələrə zorla yetirməklə, başqa ölkələrin və millətlərin sərvətlərini ələ keçirməklə, genişmiqyaslı qətliamlarla, ikili standartları ilə, yalandan insan haqlarınının, qadın hüquqlarının iddiaçısı olmaqları ilə rüsvay oldu. Bunlar Qərb sivilizasiyasını rüsvay etdilər və Qərbin iç üzü aşkar oldu. Qadın və kişi arasında ixtilaf sərhədini aradan qaldırdılar. Dəyərlərə qarşı bitərəf olduqlarını və bu ixtiyarı hər kəsə verdiklərini iddia edirlər. Sekulyarizm bu deməkdir. Sekulyarizm, yəni bu dövlət, bu hökumətin heç bir dəyərin tərəfində olmamasıdır. Bu ixtiyarı hər kəsə verir ki, öz bildikləri və öz dəyərləri əsasında yaşasınlar. Təbii ki, yalan deyirlər! Çadralı bir xanım Avropa ölkələrinin birində hücuma məruz qalaraq, yaralanır və sonra məhkəməyə müraciət edir, məhkəmə də mühakimə işlərinə başlayır. Həmin məhkəmə iclasında əvvəlcə ona (həmin qadına) zərbə vuran adam yenə zərbə vurur və onu öldürür, amma bir nəfərin belə, tükü tərpənmir. Yəni Qərbdə mövcud olan ikili standartlar, həqiqətən də, Qərb sivilizasiyasının abrını aparır, onların iddialarını rüsvay edir.
Azad informasiya dövriyyəsinin olduğunu iddia edirlər, həqiqətən, belədir? Qərbdə informasiya dövriyyəsi azaddır? Siz Qərbə məxsus sosial şəbəkələrdə Hacı Qasimin, Seyid Həsən Nəsrullah və şəhid Haniyənin adını çəkə bilərsiniz? Sionistlər tərəfindən Fələstində, Livanda və bu kimi yerlərdə törədilən cinayətlərə etiraz edə bilərsiniz? Hitler Almaniyasının yəhudilərə qarşı həyata keçirdikləri hadisənin iddiasını inkar edə bilərsiniz? Budur azad informasiya dövriyyəsi? Yəni bu sivilizasiya bu gün özünü, daha doğrusu, öz həqiqi iç üzünü aşkar edib. Özünüz görürsünüz ki, Qərb ölkələrinin başçılarının danışdıqları sözləri. Şəxsən (bu sözü mən demirəm, Qərbin dərin və dəqiq bilgili sosioloqu deyir) Qərb sivilizasiyası günbəgün tənəzzülə uğrayır. Vəziyyət belədir.
Beləliklə də, bizim Qərb sivilizasiyasının prinsiplərinin ardınca getməyə haqqımız yoxdur. Bizim öz kimliyimiz vardır və xoşbəxtlikdən, bu kimlik dünyada günü-gündən daha da iftixarla görünür. Əlbəttə, bu kimliyə qarşı bu qədər təbliğat aparılır, bu qədər təbliğat! Bu ikili standartların və bu azad informasiya dövriyyəsinin nümunələrindən biri budur ki, siz görün xarici medialardan hansı birinin İran haqda dedikləri həqiqətlə uyğundur. Sizin əldə etdiyiniz elmi inkişafınız, xalqın ictima yaratması və müxtəlif sahələrdə böyük mövqelər əks olunmur, lakin bir yerdə məğlubiyyətiniz olub, bunu on dəfə artıq bəyan edirlər. Azad informasiya dövriyyəsi budur? Müxtəlif məsələlərə və müxtəlif fərdlərə qarşı davranışları eyni şəkildə deyil, fərqlidir.
Buna görə də mühüm olan budur ki, biz İslam hökumətinin rəsmiləri İslam hökumətinin əsl kimliyini tanıyaq, yadımızdan çıxmasın və bunun ardınca olaq. Cənab Prezidentin dediyi həmin mətləblər Quran, sünnə, Nəhcül-bəlağə və sarilə tanış olan kəslərin qəbul etdikləri sözlərdir. Elə bunlar proqramlaşdırılmalı, bunların ardınca olmalı və bunların həyata keçməsi üçün fəaliyyət göstərilməlidir. Bu, ölkənin işini yuxarı qaldıracaq, İranı mövcud vəziyyətindən daha da izzətli, əziz edəcəkdir. Əgər biz düzgün hərəkət etsək və düzgün irəliləsək, bu, bir çox ölkələri ötüb keçərək bütün millətlərin və hətta bütün dövlət məmurlarının müqabilində bir örnək və ülgü olacaqdır. İndi mənim bu hərəkət etmək və irəliləmək haqda deyəcəyim iki-üç mətləb vardır ki, qeyd edəcəyəm. Xülasə, bu, Ramazan ayı haqqında bir mətləb.
Ölkə məsələləri fonunda birinci dərəcəli əhəmiyyət daşıyan məsələ iqtisadiyyat məsələsidir. Hamımız bu gün bu məsələni bilirik, yəni bu son illər, təqribən 2010-cu illərin əvvəllərindən bu tərəfə olan bu bir neçə ildə ölkəni iqtisadi problem əhatə edib. Bu gün bu məsələ həm iqtisadi, həm də önəmli bir məsələdir. Buna da diqqət edək ki, düşmənin etdiyi təhdidlər, adətən, xalqın məişəti ilə əlaqədardır. Adətən, təhlükəsizlik və kəşfiyyat xarakterli təhdidlər xalqın məişəti ilə bağlı təhdidlərdir. Yəni onların məqsədi və ümumi planı İslam Respublikasının xalqın məişətini idarə edə bilmədiyini göstərsinlər və bunun da zərərləri olacaqdır. Onlar bunun ardıncadırlar. Buna görə də məişət məsələsi önəmli bir məsələdir və ciddi şəkildə bu məsələnin düzəlməsi üçün çalışılmalıdır. Cavabdeh orqanlar əsas və ümdə səylərini bu məsələnin üzərinə yönəltsinlər. Əlbəttə, bu problemin amillərindən biri xarici sanksiyalardır. Şübhə yoxdur ki, böyük güclərin tətbiq etdikləri sanksiyaların bizim hazırkı iqtisadi durumumuzda və xalqın məişətində təsiri vardır, lakin bütün məsələ də bu deyil. Amillərin bir hissəsi sanksiyadır və bəzi amillər vardır ki, sanksiya ilə, ümumiyyətlə, əlaqəsi yoxdur. İndi bunlardan bəzilərini mən söhbət əsnasında qeyd edəcəyəm.
İndi biz nə etməliyik? İlk öncə görülməsi gərəkən işlərdən biri müxtəlif orqanların daxildə möhkəm əməkdaşlığıdır. Həm Ali Məhkəmənin daxili orqanları bir-birilə tam şəkildə birləşməli və həmkarlıq etməlidirlər, həm də üç qüvvə (Prezident Administrasiyası, İslam Şurası Məclisi və Ali Məhkəmə) bir-biriləri ilə birləşməli və Silahlı Qüvvələr də bunların kənarında həmkarlıq etməlidir. Birinci şərt möhkəm əməkdaşlıq və həmkarlıqdır. Əgər işlərin irəliləməsini istəyiriksə, onda bu əməkdaşlıq sözün həqiqi və əsl mənasında həyata keçməlidir. Bu gün, xoşbəxtlikdən, bir çox həddə bu vəziyyət belədir. Yuxarı səviyyələrdə belədir, lakin aşağı səviyyələrdə də həmin bu əməkdaşlıq olmalıdır.
İşlərimizdə və o cümlədən iqtisadi məsələdə əsaslı təsirə malik önəmli məqamlardan biri də işin sürətidir. Biz yavaş hərəkət edirik, işləri ləng görürük. Əməl olunması gərəkən bir fikir ağlımıza gəlir, məsələn, təsəvvür edin Şimal-Cənub yolu kimi bir fikir və bu fikir zehnimizə gələn zamandan bu işi görmək qərarını verənə kimi böyük bir fasilə yaranır. Halbuki bu fasilə onda birə qədər azala bilər, lakin gec qərar veririk. Qərar verdikdən sonra da icra edənə qədər yenə də fasilə düşür. Yaxşı, qərar vermişiksə, onda əməl edək. Onda ki başa düşdük, qərar verdik və bildik ki, bu iş gərək görülsün, dərhal əməl etməyə başlayaq. İş görməyə başladıqdan sonra da nəticə hasil olana qədər yenə fasilə meydana gəlir. Bu yavaş hərəkətin də ümdə səbəbi, adətən, işlərin ardınca olmamaqdır. Mənim, əsasən, möhtərəm məsullara, müdirlərə və prezidentlərə etdiyim tövsiyə budur ki, işlərin ardınca olsunlar. Siz bir qərar verirsiniz, fəaliyyətə keçirsiniz, hər hansı bir məsul şəxsə məsuliyyət verirsiniz və o da deyir ki, baş üstə. O məsul da bunu yalandan demir və o da bu işi başqa bir nəfərə tapşırır, lakin işin ortasında ləngiyir, dayanır. Ona görə də gərək gedəsən, yaxından görəsən, gərək işlərin başını buraxmayasan. Bu fasiləni azaltmaq lazımdır. Fikir və qərar arasında, qərar və icra arasında və icra ilə nəticə arasında fasilə olduqca çoxdur. Bunu sürətlə etmək gərəkdir və bu da növbəti bir məqam.
Təəssüf ki, bizim müdirlərdən bəzilərindən görünüb ki, onlar ən xətərsiz və ən təhlükəsiz işin qərar verməmək olduğunu düşünürlər. Çünki qərar verməkdə səhvə düşmək, xətər, yaxadan yapışmaq, irad tutmaq və sair məsələlər var axı. Buna görə də (onların nəzərində) xətərsiz iş budur ki, insan qərar verməsin, işlərin ardınca olmasın. İndi biz təsəvvür edək ki, başımız rahat olsun deyə çox çalışmayaq, fəaliyyət göstərməyək, işin ardınca getməyək, yəni oldu, lap yaxşı, olmadı da problem yoxdur, bu düşüncə ən təhlükəli bir düşüncədir. Allah-təala işlərin tərk olunmasından da soruşacaq. Allahın sualı təkcə işlərin yerinə yetirilməsindən deyil, işlərin tərk edilməsinə də aiddir.
İqtisadiyyat mövzusunda bir mətləb də budur ki, ölkə məsulları ölkənin mövcud imkanlardan xəbərdar olsunlar, çünki bizim çoxlu imkanlarımız vardır. Dəfələrlə "İmkanlar, istedadlar və şəraitlər" haqda demişik, lakin hələ də işin dərinliyinə varmamışıq.
İmkanlarımızdan biri, adətən, gənclərimizdir ki, bəzən, iqtisadi, elmi, təhqiqi, yenilik gətirən sahələrdə, həqiqətən də, insanı heyrətə gətirən işlər görürlər. Bu bizim ən önəmli imkanlarımızdan biridir.
Bu imkanlardan biri bizim təbii sərvətlərimizdir. Sərvətlərimiz dünyanın ən üstün sərvətlərindəndir. Bizim neft sərvətlərimiz, mədəni daş və filiz sərvətlərimiz və sair dünyanın ən yaxşı sərvətlərindəndir. Mən bir dəfə bir statistikaya əsaslanıb bir söz dedim ki (əlbəttə, indi yadımda deyil, lakin o zaman dəqiq bir statistika görmüşdüm), cəmiyyətimiz dünya cəmiyyətinin yüzdə bir hissəsini təşkil edir. Yəni səkkiz milyarddan təsəvvür edin ki, biz səksən milyon cəmiyyətik. Halbuki bizim əksər təbii sərvətlərimiz dünyada mövcud olan sərvətlərin yüzdə ikisi, yüzdə üçü, yüzdə beşi və ya yüzdə səkkizidir. Beləliklə də, təbii sərvətlər baxımından dünyanın bir çox ölkələrindən irəlidəyik. Bu sərvətləri tanıyaq. Bizim əlimizə hesabatlar gəlir ki, bəzi sərvətləri hələ də müvafiq məsullar kəşf etməyiblər, hələ də xəbərləri yoxdur ki, bizim ölkənin filan nöqtəsində belə bir sərvətimiz vardır. Bu, çox önəmlidir, yəni həm sərvətlərin növü, həm də miqdarı. Bu da mövcud imkanladan biridir.
Üçüncü imkan da elm və texnologiya baxımından inkişafdır. Bizim öz vəziyyətimizə nisbətdə elmi və texnoloji inkişafımız yaxşı vəziyyətdədir. Əlbəttə, bir neçə il bundan öncə daha yaxşı idi, yəni bundan, təqribən, on-on iki il əvvəl. O zaman xarici mənbələr deyirdilər ki, İranın elm və təhqiqat sahəsindəki tərəqqi sürəti dünyanın orta göstəricisindən on üç dəfə artıqdır (inkişaf sürəti) və mən o zaman dedim ki, biz bu sürətin azalmasına imkan verməyək, çünki geri qalacağıq. Dünya da hərəkət etməkdədir, təbii ki. Ola bilsin, indi o ölçüdə olmasın, amma yenə də inkişafımız yaxşı həddədir.
İqtisadiyyatımızın həqiqi problemlərindən biri qaçaq məsələsidir, iki tərəfli qaçaq. Bir sıra şeylər buradan xaricə qaçaq yollanır ki, yüz faiz ölkənin zərərinədir və bir sıra şeylər də xaricdən bura gəlir və bu da yüz faiz ölkənin ziyanınadır.
İndi mənim bu dediklərimin heç birinin sanksiya və bu kimi bir şeyə aidiyyəti yoxdur. Əgər bizim işlərimiz sürətli deyilsə, əgər biz lazımi meyar və ölçü əsasında işlərin ardınca qaçmırıqsa, bunun sanksiya ilə bir əlaqəsi yoxdur, özümüzlə bağlıdır. Əgər biz qaçaq mövzusunda ciddi bir iş görmürüksə, bunun düşmənlə, sanksiya tətbiq edənlə heç bir əlaqəsi yoxdur. Biz qaçaqçılığa imkan verməməliyik, imkan verməməliyik. Bunun da həll yolu vardır və qaçaqçılığın qarşısını almaq qeyri-mümkün deyil. Əlbəttə, iş çətin olsa da (biz bunu bilirik), mümkün bir işdir. Bu mümkün olan iş həyata keçməlidir. Mən illər öncə eşitdim ki, qaçağı tanıtdıran vətəndaşlara (polis tərəfindən ) verilən zəhmət haqqını götürüblər. Bu da qaçağı tanıtdırma ruhiyyəsini azaldır, yaxud da sərhəd bazarları və sair məsələlər.
İqtisadiyyatla bağlı önəmli mövzulardan biri ölkənin valyuta sisteminin islahıdır. Birinci növbədə milli pulun gücləndirilməsidir. Artıq bunun siyasətini, proqram və iş keyfiyyətini mütəxəssislər özləri seçsinlər. Milli pul gücləndirilməlidir. Bunun da həqiqətdə həm xalqın məişətində təsiri vardır, həm də ölkənin abır və heysiyyətində. Hətta, məsələn, deyirlər ki, bir formul vardır ki, ona əməl etməklə inflyasiya aşağı enir və hətta pul tək rəqəmə də düşür, lakin valyuta qiyməti filan qədər olur, bu düzgün deyil. Buna görə ki əgər milli pulun dəyərinin yuxarı qalxması ilə valyutanın qiyməti aşağı düşürsə, infilyasiya nə qədər də aşağı olsa, daha bu pulun qiyməti olmur, həmçinin xalqın zəif və kasıb kütləsinin alış-veriş qüdrəti yaranmır. Əgər xalqın alış-veriş qüdrətinin yuxarı qalxmasını istəyirsinizsə, milli pula əhəmiyyət verməlisiniz. Ən əsaslı işlərdən biri budur.
Valyuta məsələsində xarici valyuta ilə ixrac gəliri olanların valyutaların qaytarılması çox önəmlidir. Mən eşitdim ki, mərhum cənab Rəisinin (Allah ona rəhmət eləsin) zamanında deyildi ki, bəzi böyük şirkətlər, yəni dövlətə məxsus böyük və mühüm şirkətlərin ixracları vardır, valyuta gəlirləri vardır ki, bu valyutalar Mərkəzi Banka qayıtmır. O bir şey fikirləşmişdi, çarə yolu tapmışdı və o da bu idi ki, bu şirkətlər birləşib ölkədə böyük bir iş görsünlər, məsələn, fərz edin ki, içməli və əkin suaları az olan bir məntəqədə bunu təmin etsinlər və ya filan neft emalı zavodunu tiksinlər, yaxud da iki yüz, üç yüz meqavatlıq elektrik stansiyası düzəltsinlər. Buna söz vermişdilər. İki-üç ay sonra mən ondan soruşdum ki, bu şirkətlərin görməli olduqları işin axırı nə oldu? Onun məlumatı yox idi və dedi ki, mən soruşub sizə deyərəm. Məsələn, bir-iki həftə sonra o mənə bir hesabat verdi və dedi ki, bu hesabatı onlar veriblər. Mən baxıb gördüm ki, bu hesabatlar mənasızdır, puçdur! Bu hesabat, ümumiyyətlə, heç bir fəaliyyətdən xəbər vermir, sadəcə, ard-arda bir neçə rəqəm və ədəd düzüblər. O bu işlərin arxasınca idi. Deməli, bunlar görülməsi lazım olan işlərdir. Valyuta gəliri əgər dövlətə məxsus bir şirkətə aiddirsə, necə olur ki, bu, dövlətin ixtiyarında olmur? Mərkəzi Bankın əlində olmur? Axı, nə üçün? Bunun üçün düşünmək lazımdır, əsaslı iş görülməlidir. Yəni bütün bunların hamısı xalqın məişətinin qaydaya düşməsində effektiv işlərdir.
İstehsal məsələsi (mən bunun üzərində çox israr etmişəm) olduqca mühümdür. İstehsala qanuni dəstək olunmalıdır, istehsal üçün resurslar təchiz olunmalıdır. İstehsalın qarşısını alan amillər (yersiz maneələr olur ki, bunlar bəzən təşkilati maneələrdir və heç bir lüzumu da yoxdur) aradan qaldırılsın.
Daxili istehsaldan daxili ehtiyaclar təmin olunmalıdır. Kim öz ehtiyaclarını daxili istehsaldan təmin etsin? Xalq. Bəs, dövlət necə? Xalqın hamısından daha çox dövlət xərc edir. Bir çox istehsallardan dövlət istifadə edir. Dövlətə məxsus qurum və orqanlar daxildə istehsal olunan heç bir şeyin xaricdən gəlməməsinə və istifadə olunmamasına etiqad bəsləsinlər. İşlərdən biri də budur. İstehsal sahəsində texnologiya və yeniliyin yüksəlişi mühümdür.
Bir kəlmə də xarici siyasətlə bağlı deyək. Əlhəmdulillah, bizim Xarici İşlər Nazirliyimiz fəaldır, aktiv və fəal nazirliklərdən biridir. Onun buyurduğu həmin qonşu ölkələr məsələsi əhəmiyyətli məsələdir. Qonşu olmayan ölkələr də həmçinin. Lakin burada bir-iki məqam vardır.
Bəzi quldur dövlətlərin (həqiqətən, mən bəzi xarici şəxslər və başçılar üçün bu quldur kəlməsindən daha münasib bir kəlmə tapa bilmirəm) israrla danışıqlara çağırması problemləri həll etmək üçün deyil, istədiklərini diktə edib qəbul etdirmək üçündür. Deyirlər ki, müzakirə edək və bununla da istədiyimiz şeyi müzakirə etdiyimiz tərəfə (masanın o biri tərəfində oturan tərəfə) qəbul etdirək. Əgər qəbul etdi, nə gözəl, əgər qəbul etmədilər, biz də qalmaqal və cəncəl yaradarıq ki, müzakirə masasından uzaqlaşdılar, masadan qalxdılar! Bu öz istədiklərini diktə etməkdir. Müzakirə onlar üçün yeni tələblər üçün bir vasitədir. Məsələ təkcə nüvə məsələsi deyil ki, indi nüvə məsələsi haqda söhbət etsinlər. Yeni tələblər irəli sürürlər ki, bu tələblər İran tərəfindən qətiyyən yerinə yetirilməyəcək. Onlar ölkənin müdafiə imkanları, beynəlxalq gücü ilə bağlı yeni tələblər irəli sürürlər. Məsələn, deyirlər ki, filan işi görməyin, filan şəxslə görüşməyin, filan yerə getməyin, filan şeyi istehsal etməyin, raketlərinizin mənzili filan məsafədən çox olmasın. Bunu kimsə qəbul edə bilər? Müzakirə bu kimi şeylərdən ötrüdür. Əlbəttə, müzakirənin adını da təkrar-təkrar dilə gətirirlər ki, ictimai rəydə təzyiq yaratsınlar və onlar da desinlər ki, bəli, bu tərəf müzakirəyə hazır olduqları halda siz nə üçün hazır deyilsiniz? Bu, müzakirə deyil, diqtə etməkdir, öz tələblərini qəbul etdirməkdir. Əlavə başqa cəhətlər də vardır ki, indi burada açıqlamağın yeri deyil və mənim də bu mövzulara girmək niyyətim yoxdur. İndi bir zaman mümkündür ki, bir yerdə bunun da bəhsini edək. Lakin ümumilikdə məsələ budur.
İndi üç Avropa ölkəsi bəyan edir ki, İran öz nüvə öhdəliklərini JCPOA-da yerinə yetirməyib! Bu tərəfdən bir nəfər onlardan soruşsun ki, bəs siz öz öhdəliklərinizə əməl etdiniz? Siz deyirisniz ki, İran öz nüvə öhdəliklərini JCPOA-da yerinə yetirməyib, lap yaxşı, siz necə? Siz öz öhdələrinizi JCPOA-da yerinə yetirdiniz? Siz ilk gündən əməl etmədiniz. Sonra Amerika (sazişdən) çıxdıqda, bir şəkildə bu zərərin qarşısını alacağınıza dair söz verdiniz, amma verdiyiniz sözü tutmadınız. Yenə də başqa bir şey dediniz, verdiyiniz ikinci sözü də tutmadınız. Hər halda üzsüzlüyün də bir həddi var! İnsan özü öhdəliyə əməl etməsin, sonra da qarşı tərəfə desin ki, nə üçün öhdəliyə əməl etmirsən! O zaman iş başında olan hökumət bir il gözlədi, sonra İslam Şurası Məclisi meydana daxil oldu və bir qərar qəbul etdi. Bundan başqa bir yol yox idi və indi də belədir. İndi də zorakı söz qarşısında zorakılıqdan başqa bir yol yoxdur.
Pərvərdigara! səni Muhəmməd və onun ailəsinə and verirəm ki, bizi Ramazanın feyzindən yararlandır. Pərvərdigara! Alicənab İmam Xomeyninin pak ruhunu və bu yolu bizim üçün açan, bu yolu saxlayan və bu yolda canını fəda edən saleh şəhidlərin ruhunu bizlərdən şad elə. Dərəcələrini daha da ali elə. Pərvərdigara! Məntəqənin müqavimətçi mücahidlərinin bədənlərində yaranmış yaralara öz həqiqi və İlahi məlhəmini lütf elə. Pərvərdigara! Muhəmməd və onun ailəsinə xatir İsam Respublikasının düşmənlərini xar və zəlil elə. İran millətini, İranın müsəlman millətini öz həqiqi şan və məqamlarına çatdır. İslam ümmətini başıuca et. Dünyanın bütün zəiflədilmiş məzlumlarını, məhrumlarını öz feyzindən bəhrələndir. Öz razılığını bizim halımıza şamil elə. Eşitdiyimiz və dediyimiz nə var idisə, hamısını öz yoluna qərar ver və duamızı qəbul elə. Bizləri bu mübarək gecələrdə və bu dəyərli günlərdə öz məğfirətinə şamil elə, ana-atalarımızı və dünyadan köçənlərimizi əfv elə.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.