İslam İnqilabının Ali Rəhbərinin 22 fevral 2025-ci il tarixində keçirilən Beynəlxalq "Təsnim" Təfsiri Konfransının təşkilatçıları ilə görüşdəki çıxışı bu gün səhər 24.02.2025-ci il tarixdə Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.
Xoş gəlmişsiniz, möhtərəm cənablar. Cənab Ərafi və cənab Hacı Səid Cavadiyə minnətdarlığımızı bildiririk ki, bu dəyərli kitab haqqında gözəl izah verdilər və biz də bundan bəhrələndik. Bu kitabın təqdimatında deyiləcək hər nə var idisə, cənablar qeyd etdilər və bundan artıq deyiləcək bir şey də yoxdur.
Mən iki-üç məqama toxunuram. Bir cəhət şəxsən Ayətullah Cavadinin özü haqdadır, bir cəhət də "Təsnim" təfsiri haqda. Başqa bir cəhət də elmi hövzələrdə (Quran elmləri və Quran təfsirindən əlavə olaraq) Quran təfsirinin geniş yayılması barəsindədir.
Ayətullah Cavadi haqda deyə bilərik ki, mənim zənnimcə, hövzə, həqiqətən də, ona borcludur, çünki o, böyük bir iş gördü. İnsanın Quran təfsirini kiçik bir yerdən başlayıb qırx il davam etdirməsi asan bir iş deyil. Yəni insan düşünsə, görər ki, bu çox böyük bir işdir, bu işdə dayanmadan irəliləmək, bu işdə yorulmamaq, işin davam etdirilməsində şəkkə düşməmək (çox ehtimal, möhtərəm müfəssirin Quran ayələrinə şövq və zövqü keçmişdəkindən daha da çox artıb), bu işdən məmnun olmaq çox dəyərlidir. Təfsiri haqqında onun özü ilə söhbət edilmişdi və o özü bu işdən çox məmnun idi və deyirdi ki, bu təfsir bu günün bir "Əl-Mizan" ıdır. Onun təbiri belə idi, bu təfsirə "Əl-Mizan" deyirdi, amma bu günün "Əl-Mizan"ı. İnsan baxdıqda görür ki, bu bir həqiqətdir. Beləliklə də, onun işi, həqiqətən, dəyərli bir işdir. Təbii ki, onun əqli və nəqli elmlərdəki fəaliyyətləri mühümdür və çox təqdirəlayiqdir, lakin, məncə, bunlardan heç biri bu təfsir işi ilə müqayisə olunacaq deyildir. Zənnimcə, bu iş həm onun fəlsəfi, həm irfani və həm də fiqhi fəaliyyətlərindən daha əhəmiyyətli və daha üstündür. Allah-təala, inşallah, ona əcr versin, ömürü uzun etsin və bu işi bu uzun zamanda görməsinə səbəb olan ruhiyyə və enerjini onda qoruyub-saxlasın. Bəlkə də, o, müraciət etmək istəsin və bəzən belə bir şey qabağa gəlir ki, insan müraciət edir və həmin şey haqda nəzəri dəyişilir, bir şey artırmaq istəyir, inşallah bu ruhiyyə onda həmişəlik qalsın.
Lakin "Təsnim" təfsirinə gəldikdə isə, zənnimcə, bu təfsir şiənin iftixar səbəblərindəndir. Mən, həqiqətən, belə ifadə edə bilərəm ki, bu təfsir şiənin iftixarlarındadır. Təfsir özünəməxsus mənada bu kitabda çox gözəl yerinə yetirilib, yəni ayə açıqlanıb, izah olunub və müəllifin əqli təfəkkürünün gücü kömək olub ki, ayələrdə bəzi zərif, incə və əlçatmaz məfhumlar başa düşülsün. Əlbəttə, bu təfsirə müraciət etməkdə mənim çox da tövfiqim olmayıb, bəzi vaxtlar isə buna müvəffəq olmuşam. Lakin dünən axşam və bu gün zehnimdə bu barədə mətləblər olsun deyə dedim ki, bir cildini gətirin baxım. Təsadüfən gətirdikləri qırxıncı cild, "Yusif" surəsi idi. İnsan baxdıqda görür ki, həqiqətən, bu təfsir bilinməsi gərəkən mətləblərə doludur ki, insan bunları görməzlikdən gələ bilərdi. Məsələn, təsəvvür edin ki, "Röya" nə olması, yəni röyanın həqiqəti və bu haqda bəhs. Mərhum cənab Təbatəbainin “Əl-Mizan”da tətbiq etdiyi üslub, yəni fəlsəfi və ya ictimai məsələlərə toxunmaq bu böyük təfsirdə daha geniş şəkildə yer almışdır. Yəni əgər fərz edək ki, “Əl-Mizan” üzərində aparılan iş, yəni qeyri-təfsiri mövzuların çıxarılıb ayrıca toplanması, məsələn, bir ayədə işlədilən bir söz əsasında axtarış aparmaq bu əsər üçün də həyata keçirilsə, nəticədə müstəqil bir ensiklopediya yaranar, müxtəlif mövzularda faydalı ola biləcək böyük bir maarif toplusu meydana gələr.
Bu yararlanmanın yaxşı baş tutmasından ötrü, zənnimcə, bu təfsirin kamil və dəqiq bir mündəricata ehtiyacı vardır. İndi mən bilmirəm ki, bu zəmində iş görülüb, ya yox. Təfsirin mündəricata ehtiyacı vardır. Bu təfsirin dəqiq mündəricata ehtiyacı vardır ki, həm mövzular bəyan olunsun, həm hərflərin ardıcıllığı əlifbaya uyğun tənzimlənməlidir ki, məsələn, kimsə hər hansı mövzu barədə burada nəyin olduğunu bilmək istəyirsə, tez tapa və yararlana bilsin. Buna görə də bu həm təfsirdir, həm də ensiklopediya. Beləliklə də, insafən, "Təsnim" təfsiri şiənin və hövzənin iftixarlarından biridir və biz bu işin baş tutduğuna görə Allaha şükür edirik.
Mən eşitdim ki, bəziləri bu təfsirin uzun olmasından (səksən cild olmasından) şikayətlənirlər və deyirlər ki, yaxşı olardı ki, bu təfsiri qısaldaq, xülasələşdirək. Mənim fikrimcə isə, bu iş nə mümkündür, nə də düzgün. Yəni bu iş o təfsiri öz həqiqətindən aşağı salacaq. Təfsir kitabı (məxsusən də bu genişliklə) elə bir kitab deyil ki, insan oturub əvvəldən axıra kimi oxusun və desin ki, səksən cilddir, uzundur və oxuya bilmirik. Bu kitab müraciət olunası kitabdır, insan bir ayəni, bir surəni və bir mövzunu başa düşmək üçün ona müraciət edir. Bunun səksən cild, yüz cild və yüz səksən cild olmasının fərqi yoxdur. Buna görə də təfsiri qısaltmaq düzgün deyil. İndi, zənnimcə, mənə dedilər ki, hər ayənin başlanğıcında qeyd olunan qısa təfsirlərdən bəzi qisimləri çıxarsınlar. Bununla bir şey olacaqdır, lakin zehnimə gələn budur ki, bu işlərlə cənab Cavadinin və bu təfsirin adını kiçiltməyək, icazə verək, təfsir olduğu kimi də qalsın. Lakin mündəricata ehtiyac vardır, mündəricat lazımdır. Təfsir mütləq surətdə mündəricatsız çox da yararlı olmayacaqdır. Mündəricat olmalıdır. Bu da "Təsnim" haqda bir mətləb.
Lakin hövzələrdə təfsirlə bağlı sahəyə gəldikdə isə, insafən, hövzələr bu sahədə az iş görüblər. Bizim müxtəlif hövzələrimizin bu uzun müddət ərzində bu sahədə çox az fəaliyyətləri olmuşdur. Mərhum Əllamə Təbatəbai böyük fəaliyyət göstərdi və halbuki (o zaman) heç bir nəticə yox idi, o gəlib təfsir dərsi deməyə başladı və məhz bu da hövzələrdə Qurana, Quran məfhumları və bu kimi məsələlərə əhəmiyyət verilmənin başlanğıcı oldu. O, Höccətiyyə Mədrəsəsində təfsir dərsi deyirdi. Əlbəttə, mənim o dərsə getməyə tövfiqim olmadı, lakin cənab Cavadi o zaman Höccətiyyədə idi və zənnimcə, həmin dərsə gedirdi. Bir dəstə onun dərsinə gedirdi, lakin dərs kiçik formada idi, yəni Höccətiyyə Mədrəsəsinin məscidində bir dəstə (bəlkə də, qırx-əlli, yaxud otuz-qırx nəfər olardı) oturardı, lakin bunun başlaması mühüm idi. Əllamə Təbatəbai (Allah ona rəhmət eləsin) böyük bir iş başlatdı və bu işin əsasını təşkil etdi. Ondan öncə Qum hövzəsində belə bir şey yox idi və Nəcəf hövzəsində isə, ümumiyyətlə, bu haqda söhbət belə getmirdi. Nəcəf hövzəsində özünüz bilirsiniz ki, mərhum Bəlaği və başqaları bu zəmində kiçik və xülasə formada bir şey deyirdilər. Lakin İslam elmlərini bəyan etmək istəyən bir hövzədən gözlənilən (böyük miqyaslı) bir iş həddində deyildi və ümumiyyətlə, bizim hövzə ilə o hövzə arasında olan məsafə olduqca çoxdur.
Bunun nəticəsi nədir? Nəticəsi bu olur ki, bizim böyük və məşhur alimlərimizin bir çox hallarda Quran məfhumlarından xəbərləri yox idi. Mən çox yaxşı alimlərdən birini, fəzilətli, (elmi cəhətdən) dolu və çox yaxşı bir nəfəri (gənclik dönəmində) tanıyırdım. O deyirdi ki, biz Nəcəfdə olduğumuzda dərslə-bəhslə, öz işlərimizlə, yazmaqla, danışmaqla, mübahisə etməklə, get-gəl ilə məşğul idik. Nəcəfdən İrana gəldikdə mən təsadüfi olaraq "Safi" təfsirini tapdım və (bunu o cənab deyirdi ki) "Safi" təfsirinə baxdıqda maraqlı mətləblərin olduğunu gördüm. İndi siz görün ki, "Safi" təfsirində məgər nə qədər mətləblər mövcuddur ki, Nəcəfdə illərlə dərs oxumuş molla (elmi cəhətdən dolu) bir müctəhidin təəccübünə səbəb olsun. Bizim hövzələrimizin vəziyyəti belə idi.
Mən inqilabdan öncə bir qədər Quran işləri ilə məşğul idim, (o zaman) tələbələrə deyirdim ki, bizim hövzələrimizin vəziyyəti belədir ki, "Bil, Allah səni müvəffəq etsin" dən (din tələbələrinin ərəb dili qramatikasını öyrənmələri üçün olan "Camiul-müqəddəmat" kitabının girişində tələbələrə üçün tövsiyədir) başlayırıq, ta ictihad etmək icazəsinə qədər davam edirik. Bu illər ərzində ola bilər ki, hətta bir dəfə də olsun, qalxıb taxçanın üzərindən Quranı götürüb baxmağa ehtiyac duymayaq. Yəni Ərəb ədəbiyyatında (qrammatikasında), məna (Ərəb qrammatikasına dair kitab) Siyuti və bu kimi kitablarda Quran ayələrinin olması istisna olmaqla, bizim bu dərslərimizin Quranla heç bir əlaqəsi yoxdur. Yoxsa, istər fiqhimizdə, istər ədəbiyyatımızda (Ərəb qrammatikasında), istərsə də üsul elminin təhqiqlərində ehtiyac duymuruq ki, ayağa qalxıb Qurana baxaq və görək ki, bu mövzu haqda Qurandan hansı ayəni tapmaq olar və ya Quran bu mövzuda nə deyib. Bu, hövzənin nöqsanıdır, eybidir.
Xülasə, indi bu iş başlanılıb. O deyirdi ki, hazırda hövzədə iki yüz təfsir dərsi var. Bu, çox yaxşıdır, olduqca yaxşıdır, yəni bu bir müjdədir. Mən indi hövzədə iki yüz təfsir dərsinin olduğunu bilmirdim, amma elə bir iş görün ki, bu təfsirə və bu dərsə müraciət sabit bir mədəniyyət olaraq qalsın, bu iş nöqsan hesab edilməsin. Fiqhdə molla olmaq (əli dolu olmaq) və ondan sonrakı dərəcədə fəlsəfədə molla olmaq bir iftixardır, lakin təfsirdə də molla olmaq elə sözün əsl mənasında molla olmaq sayılsın. Yəni ən azı fiqhdə molla olmaq qədər hesab edilsin, yəni belə olmalıdır. İndi, təbii ki, insanın yaşayış sistemi fiqhə əsaslanır və buna görə də insanın fiqh barədə işlətdiyi təbir də bir qədər ehtiramlı şəkildə olmalıdır. Lakin indi, məsələn, üsul elminin bu geniş və müfəssəl olması ilə yanaşı, bir nəfər üsulda molla olursa, hövzədə ümumi zehnlərdə bir rütbə kimi canlanır. Görəsən, təfsirdə, Quran ayələrində, ayələrin mənaları, məfhumları və işarələrində molla olan şəxsin hövzədə həmin ümumi zehnlərdə dəyər və üstünlüyü vardırmı? Bu zehniyyəti düzlətmək lazımdır.
Əhli-sünnə qardaşların Qurana müraciət etmələri yaxşıdır, lakin onlar ya təfsirdən daha çox və yaxud da ən azı təfsir qədər Quranın çox da əhəmiyyətli olmayan haşiyə bəhslərinə diqqət ayırırlar. Quran qiraətində "Vəqf və İbtida" babında nə qədər kitab vardır. Məsələn, təsəvvür edin ki, təcvid haqda nə qədər kitab var və s. Quran haqda məsələlər bunlar deyil. Quranın məsələsi Quranın mübarək ayələrini anlamaqdır ki, bu zəmində biz, insafən, az iş görmüşük və şiədə bu iş az yerinə yetirilib. Əlhəmdulillah, bu gün bu iş həyata keçdi. İndi Allaha şükür edirik ki, bu dönəmdə "Təsnim" təfsiri ərsəyə gəldi və iftixara səbəb oldu. "Təsnim" təfsirini ələ alıb İslam dünyasına belə bir şeyə sahib olduğumuzu göstərə bilərik.
İşlərdən biri təfsirin ərəb dilinə tərcümə edilməsidir ki, bu iş də lazımi bir məsələdir. İndi bu işin əsas farsca yazılmasının bir fəlsəfəsi olub və eybi də yoxdur, yaxşıdır, lakin İslam dünyası, əsasən, ərəb dili ilə tanışdırlar. Belə olmaz ki, biz yaxşı bir kitaba sahib olaq və bu kitab da ərəb dilində olmasın, amma bununla yanaşı, İslam dünyasından gözləntimiz olsun ki, onu başa düşsün, bilsin və tanısınlar. Bu, düzgün bir gözlənti deyil. Zənnimcə, öz ana dili ərəb olan və ərəb qrammatikasına əhatələri olan bir qrup, bir dəstə əgər (indiyə qədər tərcümə olmayıbsa) tədricən tərcümə etməyə başlasınlar. Çox yaxşı, bəs, bu iş lazımi bir işdir. Əgər iş yaxşıca həyata keçərsə, yəni ərəb müxatəb üçün dil münasib dil olarsa və ruhi cəhətdən mühüm olan bəzi xüsusiyyətlər yerində olarsa, təfsir tez bir surətdə yayılacaqdır. Yəni ərəbdilli hövzələrdə bu sürətlə vüsət tapacaqdır. Bundan istifadə edəcək nəzər sahibi olan insanlar da mövcuddur.
Ərəbistan alimlərindən olan mərhum Ağa Şeyx Fəzli (Allah ona rəhmət eləsin) mənə dedi ki, hazırda Hicaz universitetlərində Hicazın böyük ustadları şiə fiqhinin kitablarını ələ gətirib oxuyurlar, yəni həmin çap olunan kitabları. Bunların üzərində iş görüldüyünə, redaktə və çap olunduğuna görə təşəkkür edirdi. Çünki həmin qədim forması ilə Riyaz kitabının axırını kiminsə açıb baxmağa meyli yoxdur, lakin təsəvvür edin ki, həmin Riyazı çap ediblər və ya Cəvahir kitabını bu indiki formaya salıblar, o zaman, təbii olaraq, həmin şəxsdə maraq yaranacaq. O deyirdi ki, onların (əhli-sünnə qardaşların) maraqları yarandı və şiəyə etiqadları oldu. Mərhum cənab Fəzlinin universitetdə dərsi var idi və deyirdi ki, əhli-sünnə dünyasında böyük ustadların hamısı onun tədris etdiyi yerdə (Şərqiyyə məntəqəsinin universitetlərində və s.) cəzb olublar. Bu kitab da elə olacaqdır, yəni əgər yaxşı formada tərcümə olunsa və bu kitab onların əlinə çatsa, daha onu əldən verməzlər. Yəni əldən-ələ keçəcək və inşallah, İslam dünyasında gəzəcəkdir.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.