Bağışlayan və mehriban Allahın adı ilə.[1]

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Bu gün bu hüseyniyyəni öz tövhidə bürünmüş səmimi və məhəbbət dolu duyğuları ilə zinətləndirən, xüsusilə də digər şəhərlərdən təşrif buyuran qardaş və bacılarımızın hamısına xoş gəldiniz deyirəm.

Bizim məntəqəmiz dünyanın birinci dərəcəli həssas və mühüm məntəqələrindən biridir. Bu gün bu məntəqədə müəyyən hadisələr baş verməkdədir. Həm bu hadisələri doğru dərk etmək, həm də ki onlardan dərs və ibrət götürmək lazımdır. Ölkəmizin ictimai fikri də bu məsələlərlə məşğuldur. İnsanların bu məsələlərlə bağlı sualları, sözləri və nəzərləri var. Ona görə də qaranlıq məqamlar aradan qaldırılmalıdır.

Bu gün mən Suriyadakı məsələləri təhlil etmək niyyətində deyiləm. Çünki, analiz və təhlil başqa şəxslər tərəfindən edilir. Mənim məqsədim bu gün "Təbyin (aydınlaşdırmaq) və təsvir etməkdir". "Aydınlaşdırmaq" dedikdə məqsədim baş verən, lakin müəyyən hallarda gizli saxlanılmağa çalışılan hadisələri bizim gördüyümüz və anladığımız qədər aydınlaşdırmaqdır. "Təsvir etmək" dedikdə isə məqsədim söhbət əsnasında öz vəziyyətimizi, hərəkətimizi, habelə regionun hərəkətini və regionun gələcəyini bizim anlayışımıza və dərkimizə əsasən təsvirə çəkməkdir. Bu, inşallah, bu gün qeyd edəcəyim söhbətlərimin ümumi məzmunu və xülasəsidir.

Əvvəla, heç bir şübhə və tərəddüd yoxdur ki,  Suriyada baş verənlər Amerika və Sionist rejiminin ortaq planının məhsuludur. Bəli, Suriyanın qonşu dövlətlərindən biri də bu məsələdə açıq rol oynayıb, indi də oynamağa davam edir və bunu da hamı görür, lakin əsas amil onlardır. Əsas amil, əsas planlayıcı, əsas əməliyyat otağı Amerikada və sionist rejimindədir. Bunu sübuta yetirən dəlillərimiz var və bu dəlillər insanda heç bir şübhə yeri qoymur.

Bu dəlillərdən biri də onların bu hadisəyə münasibətidir. Yaxşı, tutaq ki, sizin hökuməti ilə müvafiq olmadığınız bir ölkədə bir müharibə baş verib və iki tərəf bir-birinə qarşı döyüşür, belə hadisə dünyanın hər yerində baş verir, bəs, siz niyə müdaxilə edirsiniz? Verilən xəbərlərə görə, sionist rejimi Suriyanın 300 - dən çox nöqtəsini bombardman edib. Niyə? Əgər bu hadisədə sizin müdaxiləniz yoxdursa, bu hadisənin planı sizə aid deyilsə, yaxşısı budur ki, oturub tamaşa edəsiniz. İki qrup bir-biri ilə döyüşür, bəs, siz niyə müharibəyə daxil olub 300 - dən çox nöqtəni bombardman edirsiniz? Amerikalılar da özləri açıqlayıblar ki, onlar da 75 nöqtəni bombardman ediblər! Əlbəttə, bu xəbər dünənə qədər olandır, bəlkə, sonra daha çox olub. Onların bombardman etdiyi bəzi nöqtələr Suriyanın infrastruktur mərkəzləridir. Bu yerlər elə-belə, asanlıqla bərpa edilə bilən yerlər deyil və bir ölkə üçün zəhmət tələb edən prosesdir. Aeroport tikmək, tədqiqat mərkəzləri qurmaq, alim yetişdirmək asan işlər deyil. Niyə sionist rejimi və Amerika bu məsələdə iştirak edib, müharibənin bir tərəfində qərar tutdular və ölkəni bombardman etməyə başladılar? 300-400 nöqtənin bombardman edilməsi kiçik bir məsələ deyil!

Sionist rejim bununla yanaşı, Suriya torpaqlarını da işğal etdi. Tankları Dəməşqin yaxınlığına qədər gəldi. Dəməşqə məxsus olan Colan bölgəsi illərlə onların əlində idi və indi digər bölgələri də işğal etməyə başladılar. Başqa məntəqələrdə buna bənzər hadisələr baş verəndə həssaslıq göstərən, hətta, bir metr və ya on metr üçün həssaslıq nümayiş etdirən Amerika, Avropa və dünyanın başqa ölkələri nəinki susur, nəinki etiraz etmir, əksinə, kömək də edirlər. Bu işlər onların öz işidir.

Bundan başqa, bu son günlərdə bəzi yardımların, buradan oraya suriyalılar üçün və ya Suriya ərazisindəki bir bölgədəki camaata, xüsusən də məsələn Zeynəbiyyə ətrafına lazım olan yardımların, təhcizatların, qüvvələrin çatdırılması nəzərdə tutulsa da, sionist və Amerika qırıcıları bütün yolu bağladılar. F-15-lər havaya qalxdı və heç bir təyyarəyə keçid icazəsi vermədilər. Ancaq bizim bir təyyarəmizin pilotu şücaət göstərdi, risk etdi və oraya eniş edə bildi. Ancaq daha çox iş görülməli idi. Halbuki buna mane oldular. Əgər bu məsələnin arxasında siz dayanmamısınızsa, əgər, məsələn, hansısa terror qruplaşması və ya silahlı dəstə adı ilə Suriya ilə döyüşənlər siz deyilsinizsə, bəs, niyə bu işləri görürsünüz? Niyə müdaxilə edirsiniz? Niyə kömək edirsiniz? Niyə Suriyaya yardımların çatdırılmasına mane olursunuz?

Təbii ki, dediyim kimi, bu hücum çəkənlərin hər biri fərqli məqsədlər güdür. Onların hədəfləri bir-birindən fərqlənir. Bəziləri Suriyanın şimalında və ya cənubunda torpaq işğal etmək niyyətindədir. Amerika isə bölgədə mövqeyini möhkəmləndirmək istəyir. Onların məqsədi budur. Lakin zaman göstərəcək ki, inşallah, onların heç biri bu məqsədlərinə nail olmayacaq. Suriyanın işğal olunmuş bölgələri Suriyanın qeyrətli gəncləri tərəfindən azad ediləcək, heç şübhəniz olmasın, bu baş verəcək. Amerikanın da mövqeyi möhkəmlənməyəcək və Allahın verdiyi tövfiq və köməyi ilə, müqavimət cəbhəsi vasitəsilə Amerika da bu bölgədən çıxarılacaq.

"Müqavimət cəbhəsi”demişkən, bir neçə kəlmə də bu haqda danışmaq istəyirəm. Suriya hadisələrindən sonra hegemonların ünsürləri sevinc hissi keçirirlər. Onlar elə düşünürlər ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə müqavimət cəbhəsi zəifləyib. Onlar buna sevinirlər və deyirlər ki, müqavimət cəbhəsi artıq zəifləyib. Mənim zənnimcə, onlar çox yanılırlar. Müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimət və onun mahiyyəti haqqında düzgün anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin nə olduğunu anlamırlar. "Müqavimət cəbhəsi" nin nə olduğunu bilmirlər. "Müqavimət cəbhəsi" adi bir texnoloji vasitə deyil ki, qırılsın və ya dağılaraq aradan getsin. "Müqavimət" bir iman, təfəkkür, habelə qəlbi və qəti verilmiş dəyişməz bir qərardır. Müqavimət bir məktəbdir, etiqada söykənən bir məktəbdir. Bu, bir qrup xalqın imanını özündə əks etdirir və bu, sadəcə formal bir anlayış deyil. Bunun niyə xalqın imanı olduğunu izah edəcəyəm. Bu iman təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir.

Müqavimət cəbhəsinin üzvlərinin və ünsürlərinin ruhiyyəsi gördükləri ədalətsizliklər qarşısında daha da artır və müqavimət cəbhəsinin əhatəsi daha da genişlənir. Müqavimət belə bir şeydir. İnsanlar düşmənin vəhşicəsinə törətdiyi cinayətləri görəndə, əvvəllər müqavimət göstərib-göstərməməkdə tərəddüd edən insanlar, anlayırlar ki, zalım, zorakılıq göstərən və qəddar güclər qarşısında yalnız sinə gərərək irəliləməkdən başqa bir yol yoxdur. İnsan öz yolunu davam etdirmək istəyirsə, dayanmalı, müqavimət göstərməlidir. Müqavimət, yəni bu.

Livan Hizbullahına, HƏMAS-a, İslami Cihada[2] və Fələstinin mübariz döyüşçülərinə baxın, onların üzərinə bu qədər təzyiqlər gəldi. Məgər, Hizbullaha baş verən müsibətlər zarafat idi? Hizbullah Seyid Həsən Nəsrallah kimi bir şəxsiyyəti itirdi. Bu az bir şey idimi? Amma nəticədə Hizbullahın hücumları, Hizbullahın gücü və möhkəm yumruğu əvvəlkindən də güclü oldu. Bunu düşmən də anladı və qəbul etdi. Onlar elə düşündülər ki, vurduqları zərbələrdən sonra Livana girəcək, Hizbullahı, məsələn, Litani çayına qədər geri otuzduracaq və irəliləyəcəklər, ancaq irəliləyə bilmədilər. Hizbullah qüdrətlə dayandı və elə bir iş gördü ki, onlar özləri gəlib atəşkəs istədilər. Bax, müqavimət budur.

Qəzzaya baxın! Artıq bir ildən çoxdur ki, Qəzza bombalanır. Qəzzanın dəyərli şəxsiyyətlərini, habelə Yəhya Sinvar kimi bir şəxsiyyəti öldürdülər, şəhid etdilər. Amma bu qədər təzyiqlərə baxmayaraq, xalq müqavimət göstərir. Onlar elə fikirləşirdilər ki, bu qədər təzyiq göstərməklə, xalqı HƏMAS-a qarşı qaldıracaqlar, ancaq əksinə oldu. Xalq daha çox HƏMAS-ı dəstəklədi. İslami Cihad və digər Fələstin müqavimət qrupları üçün də eyni şey baş verdi. Müqavimət budur, müqavimət cəbhəsi budur. Nə qədər təzyiq göstərsəniz, bir o qədər güclənəcək, nə qədər cinayət törətsəniz, bir o qədər ruhiyyəsi artacaq, nə qədər onlarla vuruşsanız, daha genişlənəcək. Mən sizə deyirəm, Allahın köməyi ilə müqavimət cəbhəsi əvvəlkindən də çox genişlənəcək və bütün məntəqəni əhatə edəcək. O cahil və nadan təhlilçi müqavimətin əsil mənasından xəbərsiz halda belə düşünür ki, əgər müqavimət zəiflədisə, İran İslam Respublikası da zəifləyəcək. Mən isə deyirəm ki, Allahın güc və qüvvəsiylə, Allahın izni ilə, İran güclüdür, daha da güclü olacaqdır.

Müqavimət barəsində əlavə olaraq başqa bir söz də deyim. Ümumiyyətlə, birinci, müqavimətin nə olduğunu deyim. Müqavimət Amerika və hər hansı bir zorakı güclərin hökmranlığına qarşı durmaq deməkdir. Bu, müqavimətin mənasıdır. Müqavimət bu güclərə olan asılılıqla mübarizə deməkdir. Müqavimət xalqların Amerika və bu kimi üstün güclərin qulu olmamaları deməkdir. Bu, müqavimətin mənasıdır. Müqavimətin bu mənası məntəqədə olan xalqların inancında və inamında dərin kök salıb. Hökumətlərlə işim yoxdur. Xalqlar müqavimətə əhəmiyyət verirlər. Müqavimətin kökü xalqların imanında və inamındadır. Region xalqlarının başına Qəzzaya dəstək verdikləri üçün nə açdıqlarını gördünüz? Onların dilini anlamayan, məntəqələrini görməyən və ya onların özlərini tanımayan insanlar, region boyunca başqa bir vəchlə dünyanın hər yerində sionist rejiminə qarşı çıxdılar və Qəzza xalqı üçün ayağa qalxdılar. Bu, regiondakı xalqların ortaq inancıdır. Səbəbi də məhz budur.

Baxın, indi Fələstinin işğalından təxminən 75 il keçib. 75 il əvvəl baş verən bir hadisə, zamanla əhəmiyyətini itirməli, yaddaşlardan silinməli və aradan getməlidir. Amma bu gün region xalqlarının və fələstinlilərin Fələstin məsələsi üçün göstərdikləri müqavimət başlanğıcda olduğundan, bəlkə, on qat daha güclənib. Zamanla sönmək yerinə daha da şiddətlənib. Bu, ortaq bir inancın xüsusiyyətidir və bu, əlbəttə ki, davam edəcəkdir.

Sionist rejimlə həmrəylik millətlərin qırmızı xəttidir. Hökumətlərlə işim yoxdur, onlar başqa cür danışırlar. Siz xalqlardan soruşsanız, onlar buna qarşıdırlar. Əksər xalqlar buna qarşıdırlar. Əlbəttə, sionist rejim cinayət də törədir, amma cinayət heç kimi qələbəyə aparmaz. Sionist rejimin nə Livanda, nə Qəzzada, nə də fələstinli qrupların mübarizə apardığı Qərb Sahilində törətdiyi cinayətlər onları qalib etməyəcək. Orada çoxlu cinayətlər baş verir. Ancaq heç bir cinayət qələbəni təmin etməz. Bu, İlahi qanundur və bu gün Qəzza və Livanda həyata keçən bu tarixi təcrübə gözlərimizin qarşısında baş verir.

Belə bir sual yaranır: Biz Suriyadakı məsələlər haqqında bu qədər danışdıq, bəs bu illər ərzində biz Suriyada olmuşuq, ya yox? Hamı bilir ki, bəli! Hərəm müdafiəsi şəhidləri bizim Suriyada olduğumuzu göstərir. Lakin necə? Bunun izaha ehtiyacı var. Mühüm bir məsələ bundan ibarətdir ki, bizim orada olduğumuzu hamı bilir, hamı şəhidlərimizin dəfn mərasimində iştirak edib. Ancaq bir neçə məsələ var ki, bunu çoxları bilmir və ya ən azından gənclərimizdən bir çoxu bundan xəbərsizdir. Biz Suriya hökumətinə yardım etdik, amma biz Suriya hökumətinə kömək etməzdən əvvəl kritik bir anda Suriya hökuməti bizə həyati əhəmiyyət daşıyan bir yardım etdi. Bunu çoxları bilmir. Müharibənin qızğın dövründə, yəni Müqəddəs Müdafiə dövründə o zaman hər kəs Səddam Hüseynə kömək edirdi və bizə qarşı fəaliyyət göstərirdi. Bu əsnada, Suriya hökuməti bizim xeyrimizə böyük bir addım ataraq, Səddamın əleyhinə bir qərar verdi. Bu o idi ki, Suriya höküməti Aralıq dənizinə və Avropaya netf daşıyan boru xəttini bağladı. Halbuki o pul Saddamın cibinə gedirdi. Dünyada böyük bir əks-səda doğurdu. O, Saddamın neftinin axışını dayandırdı. Nə qədər neft gedirdi? Gündə bir milyon barel. Gündə bir milyon barel neft bu boru xətti ilə Aralıq dənizinə gedirdi. Halbuki Suriya hökuməti bu tranzitdən müəyyən qazanc əldə edirdi. Buna baxmayaraq, bu pullardan imtina etdi. Təbii ki, bunun əvəzini bizdən aldı. Yəni İslam Respublikası bu xidməti əvəzsiz qoymadı. (Deməli) əvvəl onlar bizə kömək etdilər. Bu, birinci məsələ

Amma (iki dövlət arasındakı münasibətlər) İŞİD fitnəsi məsələsində. İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək. Əsas və son məqsəd bu idi. Bu, İŞİD-in əsil siması idi. Biz ora getdik və qüvvələrimiz həm İraqda, həm Suriyada iki səbəbə görə var idilər. Birinci səbəb "Müqəddəs məkanların hörmətini qorumaq" idi. Çünki o mənəviyyat, din və imandan uzaq düşmüşlər müqəddəs məkanlara düşmən kəsilmişdilər. Oraları dağıtmaq istəyirdilər, dağıtdılar da! Samirada buna şahid oldunuz. Sonra amerikalılarla birlikdə Samiradakı ziyarətgahın müqəddəs günbəzini dağıtdılar. Eyni işi Nəcəf, Kərbələ, Kazimeyn və Dəməşqdə də etməyə çalışırdılar. İŞİD-in məqsədi bu idi. Aydındır ki, qəlbləri iman və Əhli-Beyt sevgisi ilə dolu olan qeyrətli gənclər heç vaxt belə bir şeyə razı olmaz və buna icazə verməzlər. Bu, bir səbəb.

Başqa bir səbəb "Təhlükəsizlik məsələsi" idi. Rəsmi şəxslər çox tez və vaxtında başa düşdülər ki, əgər bu əmniyyətsizliyin qarşısı orada alınmasa, sonda bura da gəlib çıxacaq. Bununla da bu böyük ölkəmizin hər tərəfini əmniyyətsizlik bürüyəcək. İŞİD - in fitnəsi adi bir şey deyildi. Baş verən hadisələrin hər biri sizin yadınızdadır. Şahçıraq hadisəsi[3], Kirman hadisəsi[4], Parlament hadisəsi[5] və sair. Hər yerdə bacardıqları qədər bu cür faciələr törətdilər. Bu fitnə buraya da gələcəkdi. Əmirəlmöminin (əleyhissalam) buyurur:

"Evində düşmənlə mübarizə aparan millət zəlil olar. Elə isə, düşmənə evinizə gəlməsinə icazə verməyin."[6]

Buna görə də, bizim qüvvələrimiz və seçilib sayılan generallarımız getdilər, bizim əziz şəhidimiz Süleymani və yoldaşları, həmkarları getdilər. Onların öz gənclərini həm İraqda, həm də Suriyada, əlbəttə, birinci İraqda, sonra Suriyada təşkilatlandırdılar və silahlandırdılar. Beləcə, İŞİD-in qarşısında dayandılar, belini sındırdılar və qələbə qazandılar. Beləliklə, bizim həmin məsələlərdə orada olmağımız bu formada baş verdi.

Bu məsələyə diqqət yetirin. Suriya və İraqda bizim hərbi varlığımız o demək deyildi ki, biz öz ordumuzu, qoşunumuzu götürüb ora aparacağıq və həmin ölkənin ordusunun yerinə bizim ordumuz vuruşacaq. Xeyr, bunun mənası yoxdur. Nə məntiqi cəhətdən, nə də ictimai fikir bunu qəbul edər ki, buradan bir ordu qalxıb gedib onların ordusunun yerinə vuruşsun. Xeyr, müharibə o ölkənin öz ordusunun öhdəsindədir. Bizim qüvvələrimizin edə biləcəyi və etdikləri iş, sadəcə, hərbi müşavirlik həddində idi. Müşavirlik nə deməkdir? Bu, əsas və mühüm qərargahların qurulması, strategiyaların və taktikalıların müəyyənləşdirilməsi və lazım olduqda döyüş meydanına girmək deməkdir. Ancaq hər şeydən önəmlisi həmin məntəqənin öz gənclərinin bəsic (özü könüllü toplaşması) olmasıdır. Təbii ki, bizim gənclərimiz və bəsicilərimiz də çox səbirsizlik edirdilər. Həmçinin müştaq və israrlı idilər. Bizim razı olmamağımıza rəğmən, bir çoxları getdilər. Dəfələrlə mənə müraciət edirdilər, soruşurdular, yazırdılar, mesaj göndərirdilər, yalvarırdılar ki, icazə verin Suriyaya gedək və düşmənin qarşısında dayanaq. Təbii ki, bu o zaman üçün məsləhət deyildi. Ancaq yenə də müxtəlif yollarla gedirdilər ki, sizlər də bunu bilirsiniz. Onların bəzilərinin hekayələri məşhurdur. Bəziləri şəhid oldular, bəziləri isə həmd olsun Allaha ki, sağ qayıtdılar. Əsas iş isə hərbi məsləhətçilik işindən ibarət idi. Bizim oradakı varlığımız sadəcə, məsləhətçi xarakter daşıyırdı. Bəzən lazım olduqda bizim qüvvələrimiz də iştirak edirdilər, ancaq bizim qüvvələrimiz də könüllülərdən və bəsicilərdən ibarət idi.  Onlar yerli qüvvələrlə birlikdə idilər. Şəhid Süleymani Suriyada minlərlə gəncə təlim keçdi, onları silahlandırdı, təşkilatlandırdı, hazır vəziyyətə gətirdi və beləcə onlar da döyüşdülər. Sonra onlardan bəziləri, həmin ölkənin bəzi hərbi rəsmiləri bu işin onların xeyrinə olduğunu bilə-bilə, təəssüf ki, bundan üz döndərdilər.

İŞİD fitnəsi aradan getdikdən sonra qüvvələrin bir hissəsi geri qayıtdı, bir hissəsi isə orada qaldı. Gedən qüvvələrdən bəziləri orada qaldılar və bu məsələlərdə yaxından iştirak edirdilər. Lakin dediyim kimi, əsas döyüşü həmin ölkənin ordusu aparmalıdır. Həmin ölkənin ordusunun yanında başqa yerdən gələn könüllü qüvvələr də döyüşə bilərlər. Əgər həmin ölkənin ordusu zəiflik göstərsə, bu qüvvələrin əlindən heç bir şey gəlməz. Bu, təəssüf ki, baş verdi. Dözüm və müqavimət ruhu azalanda, nəticəsi bu olar. Bu gün Suriyanın başına gələn faciələr orada göstərilən həmin zəifliklərin nəticəsidir. Allah bilir nə vaxtadək davam edəcək və nə vaxtadək suriyalı gənclər, inşallah, meydana çıxıb bunun qarşısını alacaqlar.

İran milləti öz ordusuyla, SEPAH-ı ilə fəxr edir. Silahlı qüvvələrin yüksək rütbəli şəxsləri, ölkənin silahlı təşkilatları Livan məsələsi və Hizbullahla bağlı mənə məktub yazırlar ki, artıq dözə bilmirik, icazə verin biz gedək. Bunu dözə bilməyən və qaçan bir ordu ilə müqayisə edin! Bizim ordumuz da şah rejimi dövründə, təəssüf ki, belə idi. Onlar da müxtəlif müharibələrdə düşmənin və xarici qüvvələrin hücumlarına qarşı dözə bilmədilər, o cümlədən İkinci Dünya müharibəsində döyüşmədilər. O zaman düşmən gəldi, hətta Tehranın özünü belə ələ keçirdi, yenə də döyüşmədilər. Döyüşməyəndə, mübarizə aparmayanda, nəticəsi belə olur. Müqavimət göstərməli və Allahın verdiyi qüdrətdən istifadə etmək lazımdır.

Biz bu çətin vəziyyətdə belə hazır idik. Gəldilər buraya və mənə dedilər ki, bu gün suriyalılar üçün lazım olan bütün imkanları hazırlamışıq. Hazırıq getməyə. Ancaq hava və quru yolları bağlı idi. Sionist rejimi və ABŞ həm Suriyanın hava yollarını bağladılar, həm də quru yollarını, getmək mümkün deyildi. Məsələlər belədir. Əgər həmin ölkə daxilində ruhiyyələr olduğu kimi qalsaydı və düşmənə qarşı mübarizə aparmağa qadir olsaydılar, düşmən nə hava, nə də quru yollarını bağlaya bilərdi. Onlara kömək edilə bilərdi. Bu, hadisələrin icmalıdır.

Bir neçə başqa məsələlər də var ki, onları da deməliyəm. Birinci məsələ budur ki, hamı bilsin, bu vəziyyət belə qalmayacaq. Bu gün bir qrup gəlib Dəməşqdə və ya başqa yerlərdə sevinib rəqs edirsə, camaatın evinə hücum edirsə, sionist rejim gəlib bombalayırsa, tank və top gətirirsə, bu vəziyyət belə davam etməyəcək. Şübhəsiz ki, Suriya gəncləri ayağa qalxacaq, müqavimət göstərəcək, fədakarlıq edəcəklər, itkilər verəcəklər, amma bu vəziyyətə qalib gələcəklər. Necə ki, İraqın qəhrəman gəncləri bunu etdilər. İraqın qəhrəman gəncləri, əziz şəhidimizin rəhbərliyi, köməyi və təşkilatçılığı ilə düşməni küçələrdən və evlərindən çıxardılar. Yoxsa, amerikalılar da İraqda eyni şeyləri edirdilər. Evlərin qapılarını sındırırdılar, evin kişisini qadın və uşaqlarının gözü qabağında yerə uzadırdılar və çəkmələri ilə üzünə basırdılar. Bu hadisələr İraqda da baş vermişdi, ancaq onlar ayağa qalxıb müqavimət göstərdilər, əziz şəhidimiz də bütün imkanlarını bu yolda səfərbər etdi. Onlar da eyni şeyi edəcəklər. Əlbəttə, bu, zaman ala bilər, uzun çəkə bilər, amma nəticə mütləq və qətidir.

İkinci məsələ budur ki, Suriya hadisəsi bizə (hər birimizə, məsul şəxslərə) həm dərsdir, həm də ibrət. Dərs götürməliyik. Bu dərslərdən biri "Qəflət" məsələsidir. Yəni düşməndən qafil olmaq. Bəli, bu hadisədə düşmən sürətlə hərəkət etdi, amma bunlar hadisə baş verməzdən əvvəl bilməli idilər ki, düşmən hərəkət edəcək, həm də sürətlə hərəkət edəcək. Biz onlara kömək də etmişdik. Bizim kəşfiyyat qurumlarımız bir neçə ay əvvəl, Suriya rəhbərlərinə xəbərdarlıq raportları göndərmişdi. Əlbəttə, mən bilmirəm, həmin hesabatlar o yüksək vəzifəli şəxslərə çatmışdı, ya yox?! Yaxud da orta rütbəli məsulların arasında itib-batmışdı! Ancaq bizim kəşfiyyat rəhbərləri onlara bildirmişdilər. Nə zaman? Avqust, sentyabr, oktyabr aylarında ard-arda hesabatlar verilmişdi. Qafil qalmaq olmaz, düşməndən qəflət etmək olmaz, düşməni kiçik görmək olmaz, düşmənin təbəssümünə də inanmaq olmaz. Bəzən düşmən insanla xoş tərzdə, təbəssümlə danışır, amma arxasında xəncər gizlədib və fürsət gözləyir.

Başqa bir məqam isə budur ki, müqavimət cəbhəsi nə zəfərlə məğrur olmalı, nə də məğlubiyyətlə məyus və naümid. Zəfər və məğlubiyyət hər zaman olacaqdır. İnsanların şəxsi həyatında da belədir. Şəxsi həyatda da müvəffəqiyyət də var, uğursuzluq da. Qrupların həyatında da belədir. Orada müvəffəqiyyət də var, uğursuzluq da. Bir gün hansısa bir güc hakimiyyətdədir, bir gün isə həmin güc hakimiyyətdən kənarda qalır. Hökumətlər də belədir, ölkələr də. Həyatda eniş-yoxuşlar var. Eniş-yoxuşlardan çəkinmək olmaz. Lazım olan isə odur ki, biz yüksəklikdə olanda məğrur olmamalıyıq. Çünki məğrur olmaq nadanlıq gətirir və məğrur olmaq insanı qafil edir. Enişə uğradıqda və bir yerdə uğursuzluğa mübtəla olduqda isə iztiraba, ümidsizliyə və qəlb qırıqlığına qapılmamalıyıq.

İslam Respublikası bu 40 ildən çox müddətdə böyük və çətin hadisələrlə qarşılaşıb, böyük hadisələrlə! Gənclər o günü görmədilər. Elə Tehranıın özündə insanlar evlərində otururdular, Saddamın tabeçiliyindəki Sovet istehsalı olan MiQ-25 döyüş təyyarəsi gəlib bizim başımızın üstündə hərəkət edirdi. Nəcabətlik nümayiş etdirsəydilər (zərrə qədər insanlıq hissi keçirirdisə), bombalamırdılar. Ancaq ürəklərə qorxu salırdılər, qorxudurdulər. Biz isə heç bir şey edə bilmirdik. Nə Hava Hücumundan Müdafiə sistemimiz var idi, nə də onu istehsal imkanlarımız. Biz bunlarla üzləşmişik. Bir gün Tehranın özündə hamı evində otururmuşdu, birdən Saddamın təyyarələri gəldi, Tehranı, hava limanını, başqa yerləri bombaladılar. Mən o gün bir fabrikin yaxınlığında, Tehran hava limanına yaxın bir yerdə çıxış edirdim. Birdən səs-küy oldu, pəncərədən başımızı qaldırıb baxdıq, mən özüm gördüm ki, bir iraqlı təyyarə aşağı səviyyədə uçaraq, bombalarını hava limanına atıb getdi. Biz bunları gördük. İslam Respublikası bu müxtəlif hadisələrlə, acı hadisələrlə qarşılaşıb. Amma bu baş verənlərdə bir an belə özünü hadisəyə təslim etməyib. Mömin şəxs hadisəyə təslim olmamalıdır. Bəzən hadisə müqabilində təslimiyyət hadisənin özündən daha təhlükəlidir. Təslimiyyət o deməkdir ki, insan baxır və hiss edir ki, heç nə edə bilmir, ona görə də təslim olur! Bu, təslim olmaqdır. Deməli, uğurlarda və müvəffəqiyyətlərdə "məğrur olmaq" zəhərdir. Uğursuzluqlarda və çətinliklərdə "Təslimiyyət" də zəhərdir. Bu iki şeyə qarşı ehtiyatlı olmalıyıq. Qurani-Kərimdə belə deyilir:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ

وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا[7]

“Allaha şüküt et və məğrur olma!  Etdiyin qüsurlara görə " وَاسْتَغْفِرْهُ " (İstiğfar et!)”

Bir qrup insanın səyi xalqın ümidsizliyə salmaqdır. Bu baş verməməlidir. Bəzi insanlar xaricdə bunu edirlər. Xarici televiziya kanalları, xarici radiolar, xarici qəzetlər insanlarla fars dilində danışır və məsələləri elə bir şəkildə təqdim edirlər ki, xalqı qorxudub onları ümidsiz etməyə çalışırlar. Ancaq onların məsələsi başqadır və onlara fərqli şəkildə yanaşılmalıdır. Lakin daxildə heç kəs bunu etməməlidir. Əgər daxildə bir kəs təhlil və ya çıxış edərkən elə danışarsa, bunun mənası xalqı ümidsizlə sürükləməkdir. Bu, qanunsuzluqdur və belə şəxsi təqib etmək lazımdır.

Şübhəsiz, İran xalqı iş görməyə hazırdır və əlbəttə, hər hansı bir yerə getmək üçün oradakı hökumətin razılığı və dəstəyi lazımdır. Biz İraqa da gedəndə İraq hökuməti daha öncə bunu bizdən istəmişdi. Suriyada da olanda Suriya hökuməti bizdən bunu istəmişdi. Biz yalnız onların istəyi və razılığı ilə ora gedə bildik. (Əgər) istəməsələr, təbii ki, yol bağlanacaq və onlara yardım göstərmək mümkün olmayacaq. Lakin, inşallah, Allah kömək edəcək, sionizmin və qərbin xəbis ünsürlərinin bu regiondan kökü kəsiləcəkdir, Allahın fəzliylə.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.


[1] Suriya müxalifət qruplarının hərəkətləri və onların müxtəlif şəhərləri və bölgələri ələ keçirməsi, həmçinin Dəməşqə doğru irəliləməsi, Suriya ordusunun müdaxilə etməməsi və müqavimət göstərməməsi nəticəsində Suriya hökuməti devrildi və Bəşar Əsəd (bu ölkənin prezidenti) Suriyadan çıxmaq məcburiyyətində qaldı. Bu görüş regiondakı vəziyyəti və müqavimət cəbhəsini izah etmək məqsədilə təşkil edildi.

[2] Fələstin İslam Cihadı Hərəkatı

[3] 4 noyabr 2021-ci il tarixindəki terror hücumu

4 noyabr 2021-ci ildə, İŞİD-in məsuliyyətini üzərinə götürdüyü, Həzrət Əhməd ibn Musanın (ə) ziyarətgahına edilən terror hücumunda ziyarətçilərə və ziyarətgahın xidmətçilərinə atəş açıldı, nəticədə on üç nəfər şəhid oldu və otuz nəfər yaralandı.

[4] 7 yanvar 2024-cü ildə Kirmandakı partlayış

7 yanvar 2024-cü ildə, Şəhid General Qasim Süleymaninin (İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandiri) şəhid olmasının dördüncü ildönümü mərasimi ilə eyni vaxtda Kirmanın Şəhidlər xiyabanında kütlənin arasında iki bomba partladı, nəticədə təxminən yüz nəfər şəhid oldu və bir neçə nəfər yaralandı.

[5] İran Parlamentinə İŞİD hücumu

17 iyun 2017-ci ildə İŞİD üzvü olan bir neçə terrorçu Baharistan meydanında yerləşən İran parlamentinin inzibati binasına hücum etdi, nəticədə bir neçə müraciət edən və parlament işçisi şəhid oldu və yaralandı.

[6] Nəhcul-Bəlaghə, Xütbə 27

"Allaha and olsun ki, hər hansı bir xalq öz evində hücuma məruz qalsa, zəlil olacaqdır."

[7] Nəsr surəsi, 1-3-cü ayələr

  1. (Ey Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman,
  2. İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman,
  3. Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!