Məhəmməd Peyğəmbər (s.ə.v.a) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə bir qrup dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və 38-ci Vəhdət Konfransının qonaqları İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə İnqilab Rəhbəri peyğəmbərliyin ən böyük dərsinə işarə edərək buyurdu:
"Ən böyük peyğəmbərlik dərslərindən biri ümmət quruculuğu və İslam ümmətinin formalaşmasıdır. İslam dünyasının bu gün bu dərsə ehtiyacı var".
Ayətullah Xamenei sionistlərin utanmadan və gizlətmədən cinayət etdiklərini vurğuladı:
"Bu gün sionist rejim utanmazcasına və gizlətmədən cinayət törədir; Qəzzada və Qərb sahilində bir cür, Livan və Suriyada isə başqa cür. Müqabil tərəfləri hərbçilər deyil, adi camaatdır".
Daha sonra o Həzrət İslam ümmətinin öz gücündən istifadə etmədiyini bildirdi:
"Sionist rejimin cinayətləri buna görədir ki, biz İslam ümməti olaraq öz gücümüzdən istifadə etmirik. Bu daxili güc sionist rejimi, bu xəbis xərçəng şişini İslam cəmiyyətinin qəlbi, yəni Fələstindən qopara və bu regionda Amerikanın müdaxiləsini aradan apara bilər".
Ayətullah Xamenei sözlərinin davamında müsəlman ölkələrin edəcəyi ən az işi vurğuladı:
"Bu gün Fələstin torpağını qəsb etmiş bu cinayətkar və terrorist bandaya qarşı İslam dünyası birliyinin ilk addımı İslam ölkələrinin bu cinayətkar dəstə ilə iqtisadi əlaqələrini tamamilə kəsmələridir. Bu onların edə biləcəyi ən az işdir".
İslam dünyasının boynunda olan vəzifəni bəyan edən İnqilab Rəhbəri belə buyurdu:
"İslam dünyası sionist rejimlə siyasi əlaqələrini zəiflətməli, media hücumlarını gücləndirməli və məzlum Fələstin xalqının yanında olduqlarını açıq formada göstərməlidirlər".
Ayətullah Xamenei peyğəmbərliyin əsas işlərindən birinin ümmət formalaşdırmaq olduğunu vurğuladı:
"Bizim üçün ən böyük peyğəmbərlik dərslərindən biri ümmət formalaşdırmaqdır. Məkkədəki 13 illik mübarizə İslam ümmətinin təməlini qoyan hicrətə səbəb oldu. Peyğəmbər dövrünün mücahidlik və fədakarlıqları ilə ümmət təsbit oldu. Bu əzəmətli şəxsin vəfatından sonra olan güzəşt və fədakarlıqlarla bu ümmət sabit qaldı".
O Həzrət İslam ölkələrinin nümayəndələrinə xitabən belə buyurdu:
"Bu gün İslam ümmətini qurmağa ehtiyacımız var. Bu məsələdə kim kömək edə bilər? Hökumətlər təsir edə bilər. Təbii ki, hökumətlərdə daxildən gələn istək o qədər də güclü deyil. Bu daxili istəyi gücləndirə biləcək kəslər İslam dünyasının xüsusi təsirə malik olan şəxsiyyətləridir".
İnqilab Rəhbəri İslam aləminin xüsusi təsirə malik şəxsiyyətlərinin dövlətlərə təkan verə biləcəyini qeyd etdi:
"Siyasətçilər, alimlər, universitet adamları, düşüncə sahibləri, şairlər, yazıçılar, siyasi və ictimai təhlilçilər dövlətlərə İslam ümmətini təşkil etmək üçün təkan verə bilərlər".
Millətlərin vəhdətindən danışan İnqilab Rəhbəri xalqların oyanışı təqdirində dövlətlərin onlara tabe olacağını bildirdi:
"Əgər İslam dünyası mətbuatının hamısı müsəlmanların birliyi haqda yazsalar, şairlər şeir desələr, universitet müəllimi baş verənləri açıqlasa və din alimi də hökm etsə, şübhəsiz, vəziyyət tam şəkildə dəyişiləcəkdir. Millətlər oyansalar, dövlətlər o istiqamətdə hərəkət etməyə məcbur olacaqlar".