Müqəddəs Məşhəd şəhəri, cümə günü, səfər ayının 20-si (Ərbəin günü), hicri-qəməri 1394-cü il
İmam Həsən Müctəbanın məscidində olan çıxışdan bir hissə (15.03.1974)
Şiənin ruhiyyəsi Kərbəladan qaynaqlanır
İmanın əlamətlərindən birinin də Ərbəin ziyarəti olduğunu bilirsinizmi? Mən bu hədisin nə dərəcədə düzgün olduğunu bilmirəm və bu hədisin mənasının da zehnimə gələn mətləb olduğunu söyləməkdə israrlı deyiləm. Həqiqəti də budur ki, məncə, onun mənası bu mövzuda ifadə olunan digər ehtimallardan biridir. Amma mən dediyim ehtimal olsa, bunu təsdiqləyəcək çox mətləb vardır.
“Ərbəin ziyarəti”
Şiə pərakəndə bir toplum idi, yəni vahid bir nöqtədə sakin olmayan bir cəmiyyət idi. Mədinə, Kufə, Bəsrə, Əhvaz, Qum və Xorasanda – bir sözlə, dünyanın hər yerində idilər. Amma bu ayrı-ayrı bədənlərə və bu səpələnmiş hissələrə bir ruh hakimdir. Eynilə bir ipdə olan təsbehin dənələri kimi. Bu ip bütün bunları bir-birinə bağlayırdı. O ip nə idi? Vahid şiə mərkəzinə, şiənin ali rəhbərliyinə, yəni imama itaət etmək və tabe olmaq. Bütün bu iplər oraya bağlıdır. İmam bütün üzvlərə göstəriş verən bir qəlbdir. Şiəlik bu şəkildə olan bir təşkilat və quruluşdur. Ola bilərdi ki, bir-iki nəfərin vəziyyətdən xəbəri olmasın, amma hamının vəziyyətindən xəbəri olanlar da var idi. Onların itaət edib, tabe olmaları hesab üzündən, fəryad çəkmələri verilən göstərişə uyğun, susmaları plan əsasında və bir sözlə, hər şey hesab-kitabla idi. Onların işinin yalnız bir çatışmazlığı var idi və o da bir-birlərini daha az görmələri idi. Bir şəhərin camaatı və eyni bölgənin şiələri, təbii ki, bir-birilərini görürdülər, lakin hər bir İmamın (əleyhimussalam) zəmanəsində yaşayan şiələr üçün ümumdünyəvi bir yığıncaq lazım idi. Bu ümumdünya yığıncağı müəyyən etdilər, vaxtını da təyin etdilər və dedilər ki, bu təyin olunmuş tarixdə hər kəs bacarsa, həmin yığıncaqda iştirak etsin. Həmin tarix Ərbəin günü, iştirak ediləcək yer isə Kərbəla torpağıdır. Çünki şiənin ruhu Kərbəla və Aşuradan qaynaqlanan bir ruhdur. Şiənin bədənində Aşura gününün nəbzinin döyüntüsü aydın şəkildə görünür.
Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. Biz bunun səbəbini hər yerdə şiələrdə gözəçarpan bu nəbz döyüntülərinin o müqəddəs ziyarətgahdan qaynaqlandığında görürük. Bunlar o müqəddəs, o pak ruhdan və o dəyəri uca olan türbətdən (qəbirdən) qaynaqlanaraq şölələnib, ruhlara və canlara yayılıb, insanları isə qaynar güllələrə çevirərək, düşmənin ürəyinə sancıb.
Hüseynin (ə) Aşurasından sonra yaranan ilk hərəkat Təvvabin hərəkatı oldu. Tarix kitablarında yazılıb ki, gəlib o müqəddəs ziyarətgaha toplaşdılar, çox göz yaşı axıtdılar. Bəziləri bu ağlamağı ürək boşaltmaq kimi başa düşürlər. Bəli, ağlamaq təfəkkürlə yanaşı deyilsə, elə ürək boşaltmaqdır. Əgər yalnız hisslər ağlamağa, göz yaşı axıtmağa gətirib çıxarırsa, o elə deyildiyi kimidir, amma fikirlər, düşüncələr insanı ağladırsa, insanın gözündən yaş axıdırsa, bu, (manqalda) odu daha da alovlandıran və sürətləndirən kababın yağı kimidir. Bu daha ürək boşaltmaq deyil, bir silahdır. Elə buna görə də ağlamaq İslamın əvvəlindən mübarizə yolunda olan və Aşura yolunda addımlayan şiələrin adi işlərindən olubdur. İmam Cəfər Sadiq, İmam Rza (əleyhissalam) ağlamaq əhlidirlər. Şairləri vadar edib, deyirdilər ki, bu uzun-uzadı qəsidələri desinlər, gedib dəstələri şiəliyin keçmişini yada salmaqla ağlatsınlar ki, bu ağlamaqla onların atəşi daha çox alovlanıb yansın. Təvvabin buraya (Kərbəlaya) gəlib həddən – ziyadə çox ağladılar. Tarixdə yazıblar, lakin mənim dəqiq yadımda deyil, düşünürəm ki, bir gecə-gündüz və ya iki sutka dayanmadan göz yaşı tökdülər. Məhz bu ağlamaqlardan sonra onlar əl-ələ verib, Allah yolunda canlarından keçməyə və şəhid olana qədər döyüşü dayandırmamağa, bu müharibədən sağ qayıtmamağa qərar verdilər. Elə istədikləri də oldu. Böyük insanlar: Süleyman ibn Surəd Xuzai, Əmirəlmömininin səhabəsi, İmam Həsənin köməkçisi və bunun kimi başqaları gedib orada can verdilər və öldürüldülər. Başlanğıc Kərbəladan idi. Görün o günlərdə bu həqiqət necə təsiredici və gözə çarpan idi! Əlbəttə, bu gün xalqımızın şüurunda bu həqiqət o qədər də gözəl və möhtəşəm formada deyil, başqa bir formada qalıb. Buna görə də Ərbəin məsələsi mühüm bir məsələdir.
Ərbəin şiələrin ümumdünyəvi yığıncaqda xatirələrlə dolu bir yerdə toplanması deməkdir. Ərbəin xatirələr diyarıdır; şanlı və böyük xatirələr yurdu, şəhidlər yurdu, Allah yolunda şəhid olanların məzarı!
İmam tərəfdarı olan şiələr bura toplaşıb, bacardıqları qədər bir-birilərinə qardaşlıq əli uzadıb, vəfadarlıq əhd-peymanı bağlamalıdırlar. Ərbəin budur.
Təvvabindən əlavə də gəlib oradan ilham alanlardan xəbərimiz vardır. Abbasi xəlifələrinin zamanında ən böyük şiə hərəkatlarından biri də “İbn Təbatəba” hərəkatıdır və bu möhtərəm Təbatəbai seyidləri, zahirən, Məhəmməd ibn İbrahim ibn İsmayıl Təbatəbanın nəslindəndir. Bu Muhəmməd ibn İbrahim ibn İsmayıl Təbatəba qəribə bir hərəkat başlatdı, fəthlər etdi və qalib gəldi. Onlar İslam dünyasının mühüm bir hissəsini ələ keçirərək, şiə hökuməti və Ələvi hökuməti qurdular. Belə bir haqqın imamzadələrə verilmədiyini düşünənlərin dediklərinin əksinə olaraq bu hüquq onlara verilmişdir. Öz böyüklərindən icazə aldılar, nəticəyə də çatdılar və uğur da qazandılar. Lakin, təəssüf ki, bu möhtərəm insan hökumət ərəfəsində xəstələnib dünyasını dəyişdi və bu, sonradan həmin uğur və nailiyyətin qalmamasına bir vasitə oldu və təbii ki, bir neçə ildən sonra hərəkat iflasa uğradı. Buna baxmayaraq, onlar bir neçə il iş başında qaldılar.
Bu böyük şəxsiyyətlər də işə başlamaq istəyəndə Kərbəlaya gəldilər. İşə başlamanın lap əvvəlində Əbus-Səraya və onlarla birlikdə olan bütün şiələr Kərbəlaya gəldilər və Hüseyn ibn Əlinin (əleyhissəlam) qəbri başında qardaşlıq və vəfa əhdi bağladılar.
Əlbəttə ki, Cabir ibn Abdullah Ənsarinin də (Kərbəlaya) gəldiyini eşitmisiniz. Məncə, bu möhtərəm şəxs Hüseyn ibn Əlinin (Allahın salam və salavatı ona olsun) qəbrini ziyarət etməyə gələn üçüncü şəxsdir. Ziyarətə gələn üçüncü dəstə Cabir və Ətiyyənin dəstəsidir. Ondan əvvəl də kimlərsə ziyarətə gəlmişdilər. Bəlkə də, bu müqəddəs yeri ilk ziyarət edənlər Hüseyn ibn Əlinin (əleyhissalam) müqəddəs cənazəsini dəfn etməyə gələn Bəni Əsəd qəbiləsidir. Bu türbəti ilk ziyarət edənlər onlar idilər. Cabir də ziyarət qəsdi ilə gəldi və bu (tarixi) hadisənin təfərrüatını eşitmisiniz və qəbir üstündə söylədiyi sözləri də xətiblər indi deyirlər. Siz məclislərdə, yığıncaqlarda olmusunuz, bunu dəfələrlə eşitmisiniz və əvvəllər də eşitmişdiniz.
Bir sözlə, Aşura və oradakı cihadın xatirəsini yad etmək və böyük fədakarlığı və candan keçməyi xatırlamaq Ərbəində və Kərbəlada baş verirdi. Əgər bu gün də şiələr o pak və müqəddəs torpağı belə bir vədələşmə məkanı qərar versələr, bu, şübhəsiz ki, çox münasib və təsirli bir iş olacaq və hidayət imamlarının (əleyhimussalam) bizə təqdim etdiyi yolun ardınca getmək də elə məhz bu yoldur.